“Azərbaycan dövləti xaricdəki diasporalara milyonlar ayırır, amma…"

 

Əbdül Vahab Manafov: "Hələ diasporalara ayrılan pulların istifadəsində baş verən neqativ hallar haqda danışmaq istəmirəm"

 

Müsahibimiz Nazirlər Kabinetində, Ticarət Nazirliyində, “Azərittifaq” kimi dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış, Vəhdət Partiyasının birinci müavini, iqtisadçı ekspert Əbdül Vahab Manafovdur.

- Vahab bəy, qısaca olaraq ölkədə yaranmış son ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz?

- Bu gün elə vəziyyət yaranıb ki, heç bir dövlət və heç kəs dünyada baş verən siyasi vəziyyətlərdən kənarda qalmamalıdır. Ölkədə vəziyyət sabitdir. Lakin son vaxtlar “Milyarderlər İttifaqı” və Gülər Əhmədova ilə bağlı hadisə, Bi-Pi şirkətinin hərəkətləri, həmçinin dövlət büdcəsinin Milli Məclisdə müzakirələri ölkənin KİV və mətbuatında, internet səhifələrində ən çox müzakirə olunan və işıqlandırılan mövzulardır.

Elə birbaşa keçək haqqında çox danışılan və yazılan özünü bəyan etmiş RATİ, yəni “Milyarderlər İttifaqı” haqqında deyilənlərə. Bu qurum Rusiyada yox, dünyanın aparıcı xarici dövlətlərinin birində, məsələn, ABŞ-da, Fransada, İngiltərədə və s yaransaydı, hamı onun yaranmasını və fəaliyyətini bəyənərdi. Lakin bu təşkilatın Rusiyada yaranması hamıda siyasi mənada qıcıq yaradır. Qurum özünü sadəcə olaraq bəyan etməklə qarşısına Rusiyada yaşayan çoxmilyonlu azərbaycanlılara kömək etməyi, həm də güclü Azərbaycan diaspora təşkilatı yaratmaq məqsədi qoyduğunu bildirdi. Gəlin, düzünü deyək. Bu məqsədlə Rusiyada yaranmış çoxsaylı təşkilatların hansı biri öz fəaliyyəti ilə özünü doğruldur? Bu təşkilatın bəyan etdiyinə görə, Azərbaycanda yaradılan siyasi təşkilatlardan fərqli olaraq heç bir siyasi ambisiyası, vəzifə kürsüsünə yiyələnmək arzusu yoxdur. Bu təşkilatın üzvləri öz azərbaycanlılarımızdır. Bu isə qorxulu deyil.

 

“Qorxulu olan xarici dövlətlərdən maliyyələşənlərdir”

 

- Bəs onda bu təşkilat niyə deyək ki, iki-üç il bundan qabaq özünü bəyan etmirdi?

- Məsələni pis yönə yozmaq lazım deyil. 2-3 il bundan qabaq Rusiyada kimin ölkə başçısı olduğunu, bu quruma daxil olanların o zaman iqtisadi fəaliyyətlərinin hansı çərçivədə olmasının yəqin böyük əhəmiyyəti olmuşdur. Qorxulu olan xarici dövlətlərdən maliyyələşən bizim bəzi müxalifət partiyalarıdır. Bu müxalifətin bu təşkilatın pullarından bəhrələnmək istəkləri də istisna deyil. Yeni yaranmış təşkilatı ancaq alqışlamaq lazımdır və onun xeyri çox ola bilər. Nəyə görə dünyada ən güclü diasporalar yəhudi və erməni diasporaları sayılmalıdır? Niyə bizim olmasın? Yəhudi və erməni diasporalarına öz millətlərindən olan milyarderlər və milyonçular rəhbərlik etmirmi? Bu diasporalar ayrı-ayrı ölkələrdə yaşayan öz millətlərindən olan insanlara hər vasitə ilə maddi, mənəvi və s. cəhətdən kömək edirlər. Ən əsası öz dövlətlərinə də kömək edirlər. Elə son vaxtlar Ermənistan prezidenti xarici ölkələrə ABŞ-a, Fransaya səfəri zamanı öz erməni diasporalarından Qarabağ erməniləri üçün iyirmi milyon dollara yaxın pulun yığılmasına nail oldu. Bəs bizdə nə baş verir? Azərbaycan dövləti xaricdəki diasporalarına milyonlarla manat pul ayırır, amma… Mən hələ bu diasporalara ayrılan pulların istifadəsində baş verən neqativ hallar haqda danışmaq istəmirəm.

Əgər bu təşkilatın başqa niyyəti yoxdursa, yaranmasını ancaq alqışlayaraq, müsbət hal kimi baxıram. Bu təşkilatın nümayəndələrinin Rusiya kimi böyük dövlətin birinci şəxsinə və digər vəzifəli şəxslərinə yaxın olmasını da nəzərə alsaq, bu yaxınlıqdan istər ağrılı yerimiz olan Qarabağ məsələsində, istərsə də ölkədə sürətlə inkişaf edən böyük və iqtisadi projelərə, infrastruktura cəlb etməklə faydalanmaq lazımdır. Bu təşkilatın əgər gizli məqamları varsa, qısa zamanda üzə çıxacaq. Bir qədər səbr edək.

Gülər Əhmədova və Elşad Abdullayev məsələsinə isə iki qrup arasında baş vermiş hadisə kimi baxmaq düzgün olardı. Bu məsələ ilə bağlı həmçinin Elşad Abdullayevin digər internetde yayılan videolentlərinə ölkənin prokurorluq orqanları ciddi reaksiya verərək məşğul olmalıdır. Ölkə prezidenti yəqin ki, bunlardan xəbərdardır və hamı da görüləcək tədbirlərin nəticələrinin yaxın zamanlarda müsbət mənada şahidi olacaq.

Bi-Pi neft şirkəti isə çox ölkələrdə dövlət içində dövlətdir. Müxtəlif neft ölkələrində bu şirkətin dövlət çevrilişləri etdiyini də unutmaq lazım deyil. Keçən əsrin 50-ci illərində İranda baş vermiş ixtişaşları və İran dövlətinin bu şirkəti ölkəsindən qovmasını heç kəs unutmayıb. Bu variantın bizim ölkədə  baş verməməsi üçün, daha doğrusu, Bi-Pi özünün qovulmaması üçün çalışmalıdır.

Ancaq məsələyə öz milli prizmamızdan baxmaq, düşünürəm ki, xeyirli olardı. SSRİ Bakı neftinin hesabına Almaniyaya qalib gəlmiş dövlətdir. Mən hələ dünyada ilk neft quyusunun məhz Bakıda qazılmasını və bizim Neft Akademiyamızdan çoxlu sayda dünya şöhrətli görkəmli alimlərin, professorların, neftçilərin çıxdığını demirəm. Bu akademiyada o zaman da, bu gün də yüzlərlə xarici ölkə vətəndaşlarının təhsil alaraq yüksək dövlət postları tutaraq öz ölkələrinə xidmət etdiklərini hamı bilir. Bizim artıq çoxdandır ki, öz neft  təcrübəmiz, oturuşmuş savadımız, kadrlarımız var və olub. Maraqlıdır ki, İngiltərə, Fransa və başqa Avropa ölkələri nefti, qazı olmaya-olmaya ancaq müasir tipli neft avadanlıqları və texnologiyası hesabına bizə ağalıq etmək istəyir. Azərbaycanın təhlükəsizliyini birbaşa bu Bi-Pi şirkətinin təsir mexanizmlərindən, iqtisadi rıçaklarından qorumaq lazımdır. Bu şirkət öz gəlirlərini artıqlaması ilə əldə edib.          

Nəticə olaraq demək istəyirəm ki, ölkəmiz çox güclüdür. Stabillik qorunur, hər hansı siyasi-iqtisadi təzyiqləri ancaq xalqın gücünə arxalanmaqla həll etmək olur. Ümidvaram ki, xalq öz prezidentinin gücünə daha da güc qataraq bütün mövcud daxili və xarici problemlərin öhdəsindən üzüağ çıxacaq.Ayıqlığı isə heç zaman itirmək olmaz.

 

“Sabah bizi neft məhsullarımızın ticarətini Ermənistanla aparmağa məcbur edəcəklər”

 

- Azərbaycana həm ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı), həm də Avrasiya siyasi təşkilatına, MDB-nin Gömrük İttifaqına qoşulmaq üçün siyasi və iqtisadi təzyiqlər edilir. Siz hansı varianta üstünlük verərdiniz? Öz yolumuz varsa, bu nədən ibarətdir?

- Gəlin, belə deyək. Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində BMT-nin dörd qətnaməsi var. O vaxtdan 19 il ötüb... Kimin yadına düşür? ABŞ öz məkrli planlarını dünyanın istədiyi yerində həyata keçirmək üçün yarım saata razılıq kağızını bu təşkilatdan, yəni BMT-dən alaraq öz hərbi gücünü dünyanın istədiyi istənilən ölkəsində işə salır. Nəticə İraq, Liviya, Somali, Misir, Tunis, Yəmən və bugün vətəndaş müharibəsinin qızğın yeri olan Suriya kimi ölkələrdir. Növbə kimindir? Qırılan isə müsəlmanlardır.

Azərbaycan bir çox siyasi və iqtisadi təşkilatların üzvüdür. Niyə Qarabağ məsələsi ilə məşğul olan bu dövlətlərin yaratdıqları təşkilatlar ikili standartlara yol verərək, məsələni həll etmək istəmirlər? ÜTT bizə nə verəcək axı? Ölkəmiz bu təşkilata daxil olan ölkələrlə ikitərəfli, paralel iqtisadi əlaqələq qurmuşdur. Özü də biz bu əlaqələri elə o təşkilatın qanunları, qaydaları çərçivəsində həyata keçiririk. Bu təşkilata tələsik üzv olmaq olmaz. Əks halda, bugünkü uğurlarımızı, siyasi-iqtisadi müstəqilliyimizi itirə bilərik. Deyək ki, üzv olduq. Sabah bizi neft məhsulları ilə bağlı məhsullarımızın ticarətini düşmən Ermənistanla aparmağa məcbur edəcəklər. Onda nə edəcəyik? Deyirlər ki, bəs onun İqtisadi Arbitraj Məhkəməsi var. Nə olsun? Məgər bu məhkəmədə oturanlar elə özləri, həmfikirliləri deyilmi? O boyda Rusiya 20 ildən sonra özünün sərt şərtləri ilə bu təşkilata üzv oldu. Bu təşkilata daxil olan ölkələrlə ancaq ayrı-ayrılıqda, paralel əlaqələr müstəvisində iş görmək, saziş imzalamaq olar. Axı bu Avropa özü iqtisadi böhranın içində üzüb, çapalayırsa bizdən nə istəyir? Bəlkə bu dövlətlər öz problemlərini bizim iqtisadi gücümüzün hesabına həll etmək istəyirlər? Avrasiya İttifaqı, keçmiş SSR-də və bugünkü MDB-yə daxil olan dövlətlərdə yaşayan xalqların əsrlər boyu bir-biriləri ilə yaxın olduqları, tanıdıqları, insani münasibətlərin uyğun olması, nəqliyyat və iqtisadi strukturları və s baxımından daha çox sərfəlidir. İqtisadi baxımdan yanaşdıqda isə, ən azı buraya daxil olan dövlətlər bizim kimi xammal olan ölkələr olduğundan daha sərfəlidir.

- Bir iqtisadçı ekspert kimi qeyri-neft sektorunun ləng inkişaf etməsinin səbəblərini, çıxış yollarını nədə görürsünüz?

 

 

(Davamı var)

 

 

Baba Allahnəzərov

 

Təzadlar.- 2012.- 22 noyabr.- S.15.