"Diaspor Komitəsinə ya millətini sevməyən, ya da naşı adamlar rəhbərlik edir"

 

Qalib Ağayev: “Diaspor təşkilatlarımız özbaşına, istədikləri kimi, plansız, proqramsız fəaliyyət göstərən, bir-biri ilə uzlaşmayan, koordinasiya olunmayan təşkilatlar yığınından ibarətdir"

 

Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti təşkilatının sədri və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Təşkilatının (“AzerRos”) vitse-prezidenti Qalib Ağayevin “Təzadlar”a müsahibəsi

 

- Rusiyadakı diaspor təşkilatlarımızın vəziyyətini, soydaşlarımızın təşkilatlanmasını necə qiymətləndirirsiniz?

- Rusiya diasporuna əgər bu işlərdən naşı adam kimi məlumat verəsi olsam, deyərdim ki, qənaətbəxşdir. Mən diaspor təşkilatlarında çalışdığım üçün mütəxəssis qiyməti belədir: diaspor təşkilatlarımız özbaşına, istədikləri kimi, bir-biri ilə alaqələri zəif olan, plansız, proqramsız fəaliyyət göstərən, çoxlu sayda istiqamətləri fərqli olan, bir-biri ilə uzlaşmayan, koordinasiya olunmayan təşkilatlar yığınından ibarətdir. Və bunların hamısına təşkilat demək də günahdır. Biz ildə bir dəfə Xocalı soyqrımına istiqamətləndirilirik, bir dəfə də Novruz bayramını keçirməyə köklənirik. Əgər bununla təşkilatın işini bitmiş hesab etmiş olsaq, belə təşkilatlarımız az deyil. Şəxsən məni diaspor təşkilatlarının vəziyyəti qane etmirçox əfsuslar olsun ki, bu gün bu vəziyyətin dəyişməsi üçün heç kəs bir görmür. Soydaşlarımızın təşkilatlandırılması çox ləng gedir, soydaşlarımız təşkilatlanma məsələsinə maraqlı deyillər, çünki indiyə kimi hər kəs öz problemlərini həll etmək yollarını bir şəkildə tapıb. Üzvlük haqqı məsələsi həmvətənlərimiz üçün həlli mümkün olmayan məsələyə çevrilib. Mövcud təşkilatlarımız da iki-üç nəfərin hesabına yaşayır və fəaliyyət göstərir.

- Diasporla İş üzrə Dövlət Komitəsinin azərbaycanlıların təşkilatlanmasında oynadığı rolu qənaətbəxş saymaq olarmı?

- Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) azərbaycanlıların təşkilatlanmasında oynadığı rolu qənaətbəxş saymaq olmaz. O zaman yuxarıda yazdıqlarımı inkar etmiş olaram. DİDK rolunu mən Moskvada olaraq hiss etməmişəmsə, ucsuz-bucaqsız Rusiya regionlarında heç bir komitə barədə danışmağa dəyməz desəm, yanılmaram. Çünki onlardan fərqli olaraq mən Rusiyanın 64 subyektində olmuşam, diaspor fəaliyyətindən, millətimizin nümayəndələrinin təşkilatlanma saviyyəsindən məlumatım var. Çox əfsuslar olsun ki, Diaspor Komitəsinə ya millətini sevməyən, ya da bu işlərdən uzaq, naşı adamlar rəhbərlik edir. Əgər onların işi beş ildə bir dəfə Dünya Azərbaycanlılarının qurultayını təşkil etməkdirsə və ora diaspor təşkilatlarını dəvət etməkdirsə, onlar heç bu işinormal yerinə yetirə bilmirlər, elə tasadüfi adamları qurultaya göndərirlər ki, onlar heç öz regionlarında tanınmırlar. DİDK-nin başqa işini isə biz görmürük.

- Rusiyada ermənilərə qarşı mübarizədə daha effektli nəticələr əldə etmək üçün hansı cəhdlər göstərmək lazımdır?

- Belə məsələni normal prinsiplərinə söykənən, diaspor təşkilatı qarşısında qoymaq olar. Kiminləsə mübarizə aparmaq üçün güclü orqanizmə çevrilməlisən. Bizdə bu gün bu yoxdur. Bu gün bizim hər birimizə kimsə sataşanda fərdi olaraq mübarizə aparırıq, başqa təşkilatlar kənarda qalmağı özlərinə rəva bilirlər. Məsələn, “AzərRos” təşkilatının rəhbəri Söyün Sadıxov bir neçə il ərzində Rusiya Dövlət Dumasının sədr müavini V.V.Jirinovskini Azərbaycan xalqına qarşı böhtanlarına görə məhkəməyə vermişdi, əfsuslar olsun ki, Azərbaycan diaspor təşkilatlarına dəfələrlə müraciətimizə baxmayaraq, onlar məhkəməyə adicə məktubla muraciət etməkdan boyun qaçırdılar. Bizim bəzi təşkilatlarımız erməni təşkilatları ilə daha effektiv işlər görür, nəinki Azərbaycan təşkilatları ilə. Məsələn, biz bir neçə ildir ki, intellektual konkurs keçiririk, Azərbaycan Rusiya məktəbli və tələbələrin gözü ilə. Bu konkursu Rusiyanın 8-9 subyektində keçirmişik. Bizə bu tədbirin keçirilməsində mane olanlar ancaq Azərbaycan təşkilatları olublar. Başqa milli təşkilatlar açıq-açığına bizə mane olmağa cürət etməyiblər. Belə düşünürəm ki, yuxarıda dediklərimi aradan qaldıra bilsək, mərkəzləşmiş təşkilata (burada da qohumbazlıq oyunları oynamasaq) çevrilə bilsək, planlı işləməyi bacarsaq, adamları ilə təşkilatlar arasında mövqe birliyi yaransa, dövlət qulluqçularının diaspor taşkilatları ilə əlaqəli işləmək imkanları yaransa, bir-birimizin mövqelərini müdafiə etsək, Dövlət Komitəsi ilə daha yaxından əlaqələr qura bilsək və bilsələr ki, onların maaş alaraq görə bilmədiyi işləri bizim bir hissəmiz pulsuz-parasız görürük, o zaman biz nəyəsə nail ola bilərik.

- Dəfələrlə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını yaşadıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olmağa səsləyib. Bu baxımdan, Rusiyada, konkret olaraq Moskvada vəziyyət necədir?

- Fərdi olaraq azərbaycanlıların içərisində aktivlər var, çox əfsuslar olsun ki, onların təşkilatlar tərəfindən dəstəklənməsi paxıllıqla qarşılanır, əlaqələr lazımi səviyyədə qurula bilmir. Biz qurultaya bu mövzuda təklif də vermişdik:

1. Regionlarda Azərbaycan diasporunun işində peşəkar çalışan 5-10 nəfər var, onlara gələcəkdə Azərbaycan dövləti tərəfindən pensiyalar ayrılsın.

2. Diaspor rəhbərləri ilə ildə heç olmasa bir dəfə onların işi barədə məqsədli tədris planı hazırlansın, görüşlər təşkil edilsin.

3. İş adamları ilə diaspor təşkilatlarının birgə yığıncaqlarını təşkil etmək.

4. Azərbaycan Diaspor qəzetləri və redaktorlarla aparmaq, onlara yardımçı olmaq.

5. Azərbaycan diaspor təşkilatlarını həvəsləndirmək üçün konkurslar təşkil etmək, onlara Azərbaycan dövləti tərəfindən xüsusi qrandlar təklif etmək. Qrandların qazanılma qaydalarının tədrisini təşkil etmək və s.

Bizim daha bir neçə konkret təklifimiz var, ancaq istərdik ki, bu təkliflərimiz təklif kimi qalmasın. Bu gün bizim təklifimizi eşitmək istəyən məmur tapa bilmirik. Çox nadir halda biz öz həmyerlilərimizə təmənnasız olaraq kömək edirik. Məsələn, 2011-ci ilin dekabrında Dövlat Dumasına seçkilər vaxtı həmyerlilərimizdən biri Tver vilayətindən namizədliyini vermişdi. Biz Moskva vilayəti təşkilatı olaraq öz təcrübəmizi bölüşmək məqsədilə, oradakı həmyerlilərimizlə və müxtəlif təşkilatlarla görüşlər təşkil etdik, “AzerRos” qəzetinin xüsusi buraxılışını təşkil edib təbliğat xarakterli aksiyalar keçirdik. Bu ilk dəfə idi ki, Azərbaycan diaspor təşkilatı deputatlığa namizədə köməklik etməyə təmənnasız qoşulmuşdu. Perm vilayətinda diaspor təşkilatımız azərbaycanlı çinovnikləri pisləyən material dərc etmişdi, bununla da orda işləyən azsaylı çinovniklərə başağrısı gətirmiş və lazımsız yoxlamalara səbəb olmuşdur. Mən ora səfər etdim və səfərin nəticələri barədə Rusiya Azərbaycan Konqresinə məlumat verəndə onlar nəticə çıxarmaq, ölçü götürmək əvəzinə,  bu məsələnin qaldırılmasını məsləhət görmədilər. Buya digər səhvlər və ya düşmənçiliklərdən sonra diasporun hansı hörməti ola bilər və hansı təşkilatlanmadan söhbət gedə bilər? Bu sahədə də vəziyyət acınacaqlıdır. Bu gün Azərbaycan dövləti Rusiyaya investisiyalar yatırır və çox əfsuslar olsun ki, bu investisiyalarda Azərbaycan diasporunun əli ilə yatırılmır və ya onların iştirakı olmadan həyata keçirilir. Biz bu məsələdə də region hakimiyyət orqanları ilə birgə iştirak edib çox vacib xallar qazana bilərdik. Barnaul şəhəri Azərbaycan diaspor təşkilatımızın başçısı 14 oktyabrda şəhər deputatlığına namizədliyini irəli sürüb, bu günlərdə biz Moskvadan Barnaula həmyerlimizə kömək məqsədilə ezam olunacağıq, çünki hər bir azərbaycanlını müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur. Çox əfsuslar olsun ki, imkanlı təşkilatlarımız bu işlərdən özlərini kənarlaşdırıb, hər bir şəxsi öz problemləri ilə üzbəüz qoyublar, kömək əlini uzatmaq ya yadlarına düşmür, ya da onlara belə işlər maraqlı deyil. Bəs bizim Dövlət Komitəmiz haradadır?

- Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyevin çıxışı və onun diaspor təşkilatlarının qarşısında qoyduğu vəzifənin yerinə yetirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Cənab Prezidentin çıxışı qarşımızda diaspor xəttinin çox aktual məsələlərini qaldırmasına baxmayaraq, çox əfsuslar olsun ki, təşkilatların bu amorf, bir-birinə düşmən vəziyyətində olan bir şəraitdə hansısa məsələləri həll etmək mümkün deyil. Qurultayın səhəri günü biz konkret təkliflərlə qarşımıza qoyulan məsələlərin həlli istiqamətində təkliflərimizə Dövlət Komitəsi qulaq asmaq istəmədi, onlar öz sözünü deyib getdilər, bizi eşitmək istəyən tapılmadı.  Məsələlər birtərəfli qoyulmalı deyil, onların müzakirəsi olmalıdır. Bizdə Dövlət Komitəsi elə hesab edir ki, biz onlara tabeyikbizim heç bir məsələ qaldırmaq, müzakirə etmək ixtiyarımız yoxdur. Biz ancaq icra etməliyik. Müzakirəsiz-filansız. Allaha şükulər olsun ki, indiyə qədər istər Azərbaycanda, istər Rusiyada təşkil etdiyimiz hər hansı bir tədbirimizi, heç bir layihəmizi maliyyələşdirməyiblər. Özümüz maliyyələşdiririk vətənimizin xətrinə. Biz bir neçə layihə hazırladıq və həyata keçirdik ki, (Prezidentin III qurultaydakı çıxışına istinadən) bütün təşkilatları bərabərhüquqlu bu layihəin həyata keçməsinə dəvət etdik. Baxmayaraq ki, şifahi olaraq proyekti dəstəklədiklərini bildirdilər ancaq proyekt zamanı arxadan zərbələr gördük Azərbaycan təşkilatları tərəfindən. Bu azmış kimi, hətta onların bəziləri bizim bu proyekti baykot etmək üçün erməni diasporuna müraciətlər etmişdilər. Bunlar bugünkü Azərbaycan diasporunun həqiqətləridir. Prezidentimiz demişdir ki, Mədəniyyət Mərkəzləri açılmasına dövlət orqanları köməklik etsinlər. Keçən il Yaroslavl vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyət təşkilatı belə bir mədəniyyət mərkəzi alıb təmir etdilər, bu günə kimi onlara bir manat da olsun kömək olunmayıb. Təşkilatın rəhbəri kreditlərə görə bu gün banklarla üz-üzə qalıb. Ancaq bunun gözəl həll yolu vardı ki, Azərbaycanın Beynəlxalq Bankı faizsiz kredit verə bilərdi, məsələ də öz həllini tapardı. Diasporalarımız arasındakı çəkişmələr Moskvadan idarə olunur. Ona görə də ən acınacaqlı vəziyyətlər buradadır. Bizim təşkilatımız çətinliklərə baxmayaraq, Moskva vilayətində təşkilatlanma məsələsinə xüsusi yer verir. 2003-cü ildə Moskva vilayətində İstra rayonunda Milli Mədəni Muxtariyyat təşkilatı olaraq yarananda biz Moskvada ilk Azərbaycan təşkilatı idik. Bu gün Moskva vilayət təşkilatları müəyyən məsələlərin həllini mərkəzləşmiş formada həll edə bilir, çoxlu tədbirlər keçiririk, təşkilat rəhbərləri və aktivlərin planı, proyektlərin, qarşıda duran vəzifələr barədə tədris planı hazırlanıb həyata keçirilir. Şükürlər olsun ki, bu gün Moskva vilayətində 10 qeydiyyatdan keçmiş təşkilatımız var. Rusiyanın heç bir vilayətində 10 qeydiyyatdan keçmiş Azərbaycan təşkilatı yoxdur, heç 5 rayon təşkilatı olan da yoxdur. Bu gün Moskva vilayəti dörd azərbaycanlı rayon deputatı olan yeganə vilayətdir. Bunlar 100 minlik Azərbaycan diasporu üçün çox azdır. Ancaq bunların hamısına Moskva Azərbaycan təşkilatları ilə vuruşa-vuruşa 2003-cü ildən buna nail olmuşuq. Azərbaycan idmançılarını dünya səviyyəli yarışlara və turnirlərə çıxarmışıq. Moskvada yaşayan şair və yazıçılarımızla, Böyük Vətən müharibəsi iştirakçısı olan azərbaycanlı veteranlarla dəfələrlə görüşlər keçirmişik, abituriyentlərimizin tanınmış ali məktəblərdə təhsil alması üçün konkret işlər görmüşük. Qarabağ müharibəsi veteranlarını ictimaiyyətdə layiqli yer tutması üçün onların işini təbliğ etmiş, müharibə veteranlarının təşkilatını yaratmışıq, onları tədbirlərimizə dəvət edib, təbliğ etməkdə də davam edirik. Nəticə olaraq Azərbaycan iqtidarına çatdırmaq üçün söyləyirəm. Diaspor təşkilatımız xəstədir və xəstəliyi də çoxdur. Onu müalicə etmək istəyən yoxdur və müalicə ilə səriştəsiz, xalqımızı sevməyən, dövlət başçısının qərarlarını həyata keçirməkdən boyun qaçıran insanlar məşğul olur. Əvvəla, bu təşkilatı müalicə etmək, ondan sonra problemlərin həllinə yönəltmək lazımdır.

 

 

Elnur ELTÜRK

 

Təzadlar.- 2012.- 25 oktyabr.- S.7.