"Azərbaycanla Türkiyənin arasına girən özü-özünün əleyhinə getmiş olur"

 

Əkbər Qoşalı: "O qərar istər ermənicə yazılsın, istər fransızca, ən yumşaq ifadə ilə desək, atılan kağız parçası olacaq, zamanın rüzgarı ilə sovrulacaq"

 

Dünya Türk Gənc Yazarlar Birliyinin (DTGYB) başqanı, tanınmış şair-yazar Əkbər Qoşalının "Təzadlar"a müsahibəsi

 

- Əkbər bəy, 2011-ci il artıq arxada qaldı. Ötən il istər qurumunuzun, istərsə də şəxsi fəaliyyətinizlə bağlı hansı əlamətdar hadisələrlə yadda qalacaq. İştirakçısı olduğum - 1-4 dekabr 2011-ci il tarixdə qardaş Türkiyənin Ərzurum şəhərində düzənlənmiş "Müstəqilliyinin 20-ci ilində Azərbaycan-Türkiyə münasibətləri" konfransı və "Ərzurum Azərbaycan şair-ozanlar gecəsi" haqqında oxucularımıza bilgi verməyinizi xahiş edirəm.

- Ərzurum konfransı Azərbaycan və Türkiyə parlamentarilərinin iştirak etdiyi mötəbər bir tədbir idi. EkoAvrasya, Əziziyyə Bələdiyyəsi və Avrasya Sivil Toplum Quruluşları Birliyinin ortaq səyləri və Azərbaycan tərəfdən bizim tərəfdaşlığımız sayəsində gerçəkləşmiş bu konfrans və Əziziyyə Bələdiyyəsi ilə DGTYB-nin ortaq layihəsi olan şairozanlar gecəsi hesab edirəm iştirakçıların çoxunun yaddaşında 2011-ci ilin ən əlamətdar hadisələrindən biri kimi qalacaq. Sözükeçən tədbirə qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu göndərməsi; iqtidar partiyasının baş katibi Haluk İpəyin, digər 4 millət vəkilinin, üçü Ankaradan olmaqla 5 bələdiyyə başqanının iştirakı; Azərbaycan tərəfdən 20 nəfərlik nümayəndə heyətinin, o cümlədən Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri, Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun və AŞPA-dakı parlament nümayəndə heyətimizin üzvü Qənirə Paşayevanın, Qars konsulumuz Ayxan Süleymanovun iştirakı, çıxışı təşkilatçı qurumlara bəslənən etimadın, sayğının göstəricisi idi, - deyə düşünürəm. Bununla belə, heç şübhəsiz, hər birimizin üzərində "bir millət, iki dövlət"in mənsubu olmanın şərəf və məsuliyyəti vardı. Konfransşair-ozanlar gecəsi barədə təşkilatçı qurumların saytlarında, digər mətbu orqanlarda bilgi verildiyi, müvafiq fotovideo materiallar yayımlandığı üçün təkrarçılıq etməmək istərdim. Yalnız onu deyim ki, gərgin çalışmalar sonrası böyük bir tədbiri keçirə bildiyimiz üçün çox məmnunam. Ərzurumda tarix yazıldı. İstərdim əməyi keçən hər kəsə, şəxsən EkoAvrasyanın başqanı Hikmət Ərənə, Əziziyyə Bələdiyyəsinin başqanı Fatih çingizə, "Avrasiya Sivil Toplum Quruluşları Birliyi"nin başqanı, millət vəkili İsmayıl Safiyə bir daha təşəkkürlərimizi yetirim.

Müzakirə olunan məsələlərə gəlincə, deyim ki, öncədən tərtib olunmuş proqrama uyğun olaraq siyasi, iqtisadi və mədəni bloklarda cəm olmaqla üç istiqamət üzrə edilən məruzələrdə iki qardaş ölkə arasındakı münasibətlərin dünəni, bugünü və gələcəyi elmi yöndən ələ alındı. Daha çox son 20 ili vurğulayan məruzəçilər məsələlərə dünya birliyində yerimiz, rolumuz prizmasından, Azərbaycan-Türkiyə qardaşlığı və siyasi partnyorluğunun xaricdə buraxdığı siyasi-ideoloji izlər baxımından yanaşdılar.

- Ozan və şairlərimizin ifası necə qarşılandı?

- İfalar da gözəl idi, ifalara bəslənən münasibət də, alqışlar da... Ən gözəl məqamlardan biri də Ərzurumun küçə və meydanlarında iriplanda vurulmuş elanlar, elanlarda bizimkilərin adı, DGTYB-nin emblemi... bunlar bizə həm duyğusal anlar yaşatdı. Yenidən səhnəyə çağrılmalar, verilən plaketlər, yeni görüş vədləri, yeni planlamaların cızılması, kitab mübadilələri münasibətlərin davamlılıq amili kimi diqqəti cəlb edirdi. Bax, işin bu yönü mənimçün çox dəyərlidir. - Biz əgər bir neçə sənət adamının, elm adamının, sənət adamı ilə tamaşaçıların, dinləyicilərin arasında bağ qura bilmişiksə, bu, bir mənəvi qazancdır.

- Bu gün Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələr də olmamış deyil. Sizin başqanı olduğunuz DTGYB iki qardaş ölkə arasında münasibətlərin daha da yaxınlaşmasında böyük rol oynayır və ümumilikdə, türk dünyasının birliyi istiqamətində önəmli layihələrə imza atır. Sizcə, bu qüvvələr istəklərinə nail ola biləcəklərmi?

- Hesab edirəm ki, haqqında danışdığımız konfransşair-ozanlar gecəsi özlüyündə türk dünyası sevdalılarının qalib gələcəyini, qarşı duranların isə məğlub olacağını göstərən tədbir idi. İki qardaş ölkənin, qardaş xalqın ruh birliyini, can birliyini uzun illər tikanlı məftillər, yabançı ideologiyalar poza bilmədi, indi də və gələcəkdə də pozmağa nail ola bilməyəcəklər. Azərbaycanla Türkiyənin arasına girən özü-özünün əleyhinə getmiş olur. O qərar istər ermənicə yazılsın, istər fransızca, ən yumşaq ifadə ilə desək, atılan kağız parçası olacaq, zamanın rüzgarı ilə sovrulacaq.

- Son illər sizin də əməkdaşlıq etdiyiniz Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Dərnəyin "Ekoavrasiya" dərgisi Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı istiqamətində yeni layihələrə imza atır. Qarşıda yeni layihələrin gerçəkləşməsi gözlənilirmi?

- Əlbəttə. Biz bir toplantının, bir layihənin bitdiyi gün yeni bir layihə haqqında götür-qoy edirik. Hələ görüləcək çox işlərimiz var. Bu il, yəni 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümüdür. XX yüzilin bu insanlıq dramını, sonra digər ortaq ağrılarımızı birgə konfrans, sərgi, aksiyabaşqa tədbirlərlə gündəmə gətirmək, qətnamələr qəbul etmək, dünyaya haqq səsimizi bir dahabir daha duyurmaq niyyətindəyik. İnşallah, niyyətlərimiz əməli müstəvi üzərində öz inkasını tapacaq. Başqa planlar da var, zamanı gəldikcə onlar haqqında da danışarıq.

 

 

Elnur Eltürk

 

Təzadlar.- 2012.- 7 yanvar.- S.11.