İKİ QƏRİNƏ

 

Tanınmış yazıçı-publisist Ə.Şimşək bu yaxınlarda ömrünün 66-cı pilləsinə çatdı. Bu münasibətlə yazıçının qələmə aldığı "İki qərinə" adlı şeirini təqdim edirik. Qeyd edə ki, Ə.Şimşək 7 kitab müəllifidir.

 

İki qərinəni 

Arxada qoydum.

Yaşamaqdan doydum?!

Həyatdan doydum?!

Bəs nədən nigaran

Yaşayıram mən?!

İlham pərisimi

Yoxa çıxıbdır?!

Gəlmir əlimdən

Özüm gileyliyəm

Bilmirəm nədən

İşimdən,

Gücümdən,

Əməllərimdən.

 

Yaş tutub əlimdən

Bir uşaq kimi

"Qocalıq" deyilən

Məkana çəkdi.

Qara tellərimin

Yerində mənim

Gümüştək bərq vuran

Ağ saçlar əkdi.

Əlimə əsanı verdi

Bilmədim,

Gözümə eynəyi taxdı

Gülmədim.

Məni bu məkanda

Ağlar qoyanda

Gənclik səsləmədim.

Gec idi,

Çox gec.

Qocalıq dördəlli

Tutub yaxamdan

Geriyə dönməyə

Qoyarmıdı heç!?

    

Huşsuzluq izləyir

Hər qədəm başı.

Qocalıq

Yaddaşı

Qum yaddaşıdır,

Qocalıq

Yaddaşı

Qəm yaddaşıdır.

Ay ellər, deməyin

Şair naşıdır.

Ömür sona yetir

Mənzil başıdır.

Cavanlıq

Yaddaşı

Məhək daşıdır,

Sözü sözdən seçib

Tumarlayır da, 

Yonur,

Cilalayır,

Hamarlayır da.

Bu günkü yaşantım

Sabaha çıxmır,

Təbim korşalıbdır

Əlimi sıxmır.

Dostlar yavaş-yavaş

Uzaqlaşıblar,

Yaxın qohumlar da

Lap yadlaşıblar.

 

İki qərinəni

Yaşadım bu gün.

Kədər qəribə,

Sevinc qəribə.

 

musiqi vardır,

çal-çağır.

yada salan var,

düşünən,

Salam da,

Kəlam da,

Şöhrət ,

Şan da

Sanki,uzaqlaşıb

çıxıb əlimdən.

 

Razıyam,

Ana təbiətdən

Çox razıyam mən.

Sevinc ,

Kədər ,

Qəm ,

Ələm

Məni bürüyəndə,

çulğalayanda

Tutan yalnız odur

Mənim əlimdən.

Bu gün yağış yağır,

Ağlayır

Yer,

Göy.

 

Bəlkə, göz yaşı yox,

Bu yağış nurdur,

Təmizlik,

Paklıqdır,

Uğurlu yoldur?!

Bir şam işığını

Əli Şimşəyə

Artıq sayanlara,

Qıymayanlara 

Qəzəblə gurlayır

Ana təbiət.

Bu gün ildırımlar

Çaxır dalbadal,

İldırım

Zərbəsi,

İldırım

Səsi

Oynadır,

Tərpədir

Yeri

Yerindən,

Vahimə gətirir

Bütün aləmə,

Günəş görünməzə

Çəkilir bəzən.

Onun işığında,

Onun odunda.

Təbiət şairə

Yaz-yarat deyir,

Şimşək

İşığında,

Şimşək

Odunda.

 

 

Təzadlar.- 2012.- 24 yanvar.- S.15.