Sözün divanı

 

"Sözün divanı"... Qazax rayonunun çaylı kəndində doğulub boya-başa çatmış gənc şair Rəşad Mahmudun təzəcə işıq üzü görmüş şeirlər kitabı belə adlanır. Kamal Abdullayevin ön söz yazdığı kitab

 

Şeir elə sənət,

      incə sənətdir.

Şeir dünya boyda

      mədəniyyətdir.

 

- misraları ilə başlayır. Doğrudan da istedad elə bir varlıqdır ki, tutduğu sahədən asılı olmayaraq özünü büruzə verir. O, heçsonradan qazanılmır, Allahın bəxş etdiyi qismətdir. Məhz Rəşad Mahmud da zəhmətkeş, bacarıqlı, peşəsinin öhdəsindən layiqincə gələn gənc şairlərdəndir. Şairin heca vəznində qələmə aldığı şeirlərdə Allaha, vətənə, anaya sonsuz məhəbbət duyulur, gənclərin təlim-tərbiyəsinin inkişafı üçün geniş bir yol göstərilir. R.Mahmudun şeirlərində ustad şairlərə istinadən dediyi fikirlər də böyük əhəmiyyət kəsb edir. O, yaradıcılığında Qarabağ dərdinə də geniş yer vermiş, insanları Qarabağın azadlığına səsləyir. Şeirlərdə təbiətə vurğunluq, insan kimi yaşamaq və həyata məhəbbət hissiləri də geniş işıqlandırılmışdır. Şeirlər o qədər axıcı və məzmunludur ki, oxucu kitabdan ayrılmaq istəmir.

"Gedir ömür qatarı" şeirində şair vəfasız həyatı belə ifadə edir:

 

Gedir ömür qatarı,

Fit çalaraq yolları.

Qarşıdan gələn bəlkə

ömürün son vağzalı.                                       

 

Gedir ömür yolları,

Keçərək çox vağzalı.

Bəlkə də getdiymiz

ömürün son qatarı.

 

 

Yollar uzun, ömür az,

Gedirik gecə-gündüz

Vaxtı saxlamaq olmaz,

Ona bağlı ömrümüz.

 

Bundan əlavə, şairin "Anam qocalır", "Mən sən", "Maral", "Gənclik" digər şeirlərində dəyərli fikirlərdən istifadə edilmiş, şair uzaqgörənliklə oxucusunu xəyallara aparmışdır. Bununla da Rəşad Mahmudun dahi şairlərin poeziyasına yaxından bələd olması kimi qiymətləndirmək olar.

Əlbəttə, "Sözün divanı" kitabı haqqında çox danışmaq mümküdür. Unutmayaq ki, hər bir şairə şeirə oxucu müxtəlif prizmadan baxır. Məhz bu səbəbdən yaxşı olar ki, gənc şair Rəşad Mahmudun ərsəyə gətirdiyi "Sözün divanı" kitabını poeziya həvəskarları oxusun şairin fikirlərinə daha obyektiv yanaşsınlar.

 

 

İlham Hacalı

 

Təzadlar.- 2012.- 31 yanvar.- S.13.