Məmməd Arazın 80 illik yubileyi qeyd olundu

 

Məmməd Arazın 80 illik yubileyi qeyd olundu

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında xalq şairi Məmməd Araza həsr olunmuşMilli qüruru, milli qeyrəti tərənnüm edən şairmövzusunda tədbir keçirildi

Dekabrın 5-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında XX əsrin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, fəlsəfi fikir daşıyıcısı xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr edilmişMilli qüruru, milli qeyrəti tərənnüm edən şairmövzusunda tədbir keçirildi. Tədbirdə böyük şairin ömür-gün yoldaşı Gülxanım Məlikməmmədova, qələm dostları və ziyalılar, Bakının müxtəlif rayonlarının orta məktəb şagirdləri iştirak edirdi. Xüsusi zövqlə tərtib edilən, şairin fotoları və kitabları sərgilənən oxu zalında tədbir Məmməd Arazın 80 illiyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlandı. Ardınca məktəblilər şairin uşaqlar üçün yazdığı “Sinif otağı” şeiri əsasında hazırladıqları kompozisiyanı təqdim etdilər.

Sonra tədbiri giriş sözü ilə açan Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları rəhbərlik etdiyi kollektiv adından  salamladı. O, şairin həyat və yaradıcılığının müxtəlif dövrlərindən danışaraq, onun yaradıcılığının öyrənilərək, təbliğ edilməsinin vacib olduğu bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən bir çox müəssisələrdə şairin yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xalq şairi Məmməd Arazın anadan olmasının 80 illik yubileyinə həsr etdiyi bu tədbiri yüksək qiymətləndirən V.Bəhmənli kitabxananın rəhbərliyinə, kollektivinə, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi.

M.Arazın Azərbaycan ədəbiyyatının çox böyük simalarından biri olduğunu vurğulayan V.Bəhmənli onu özündən əvvəlki milli poeziyamızda müxtəlif mərhələlərdə yaranan boşluqları tamamlayan dahi şair adlandırdı: “Məmməd Arazın şeirləri sanki bizim ruhumuzu, varlığımızı, ədəbiyyat haqqında təsəvvürlərimizi formalaşdırır”. 

Məmməd Araz şəxsiyyətinə və yaradıcılığına həmişə xüsusi önəm verdiyini, hörmət və ehtiramla yad etdiyini deyən “Təzadlar” qəzetinin əməkdaşı, tədbirin aparıcısı Elçin Məmmədli şairi quş dilini bilən Süleyman peyğəmbərlə müqayisə edərək, daşları, qayaları, quşları danışdıraraq, cansız təbiəti oxucuya canlı bir varlıq kimi təqdim etdiyini söylədi. Məmməd Arazın və Bəxtiyar Vahabzadənin “Təzadlar”ın redaksiya heyətinin üzvü olduğunu xatırladan E.Məmmədli bildirdi ki, qəzet haqsız təhdid və problemlərlə üzləşdiyi zaman M.Araz Bəxtiyar müəllimlə birlikdə köməyini, dəstəyini əsirgəməyib:Bu barədə sonralar səhhətində böyük problemlər olan şairin 30 il xəstə vəziyyətində qayğısına qalan ömür-gün yoldaşı, fədakar Azərbaycan qadını Gülxanım müəllimə “Ömürdən yarpaqlar” adlı kitabında bəhs edib”.

Məmməd Araz yaradıcılığından söhbət açan filologiya elmləri doktoru, ədəbi tənqidçi Vaqif Yusifli onun yaradıcılığını XX əsr Azərbaycan ədəbiyyatında mühüm bir mərhələ adlandırdı: “Azərbaycan ədəbiyyatını, poeziyasını Məmməd Arazsız təsəvvür etmək mümkün deyil. Bu da Məmməd Araz poeziyasının qüdrətindən irəli gəlirdi. O, şeiriyyətə şeir dili gətirdi. Azərbaycan dilinin zərifliyini, incəliyini, gözəlliyini, şəhdini-şəkərini açıb ortaya qoydu. Şeirlərində dialek sözlərlə ədəbi sözlər elə qaynayıb-qarışır ki, onun şairlik qüdrətinə heyran olmaya bilmirsən. Məmməd Araz tarixlə müasirliyi qovuşduran bir şairdir. Yəni onun şeirlərində bizim tariximiz, tariximizə aid olaylar, tarixən xalqımızın başına gətirilən müsibətlər, fəlakətlər, eləcə də qəhrəman, mübariz oğullarımızın şücaəti öz əksini tapır. O, bəşəri şair, böyük şəxsiyyət idi. Məmməd Arazı oxuculara sevdirən başlıca cəhətlərdən biri onun vətənpərvərlik duyğusudur. O, vətənpərvər, qeyrətli bir oğul kimi bütün həyatını xalqına qurban verdi. OnunAyağa dur, Azərbaycan”, “Bizi vətən çağırır”, “Vətən mənə oğul desə...” və bu kimi ruhlu digər şeirlərini oxuyanda vətənin azadlığı naminə ölümə də hazır olan bir azərbaycanlının ürək çırpıntılarını duyursan. Odur ki, bugünkü gənclik vətəni sevməyi Məmməd Arazdan öyrənməlidir. O, təkcə şair olaraq kifayətlənmirdi. Çünki o, ədəbi proseslərin içində idi. Onun klassiklərə, müasir şairlərə aid fikirləri, yazdığı məqalələr də son dərəcə diqqət çəkirdi”.

Şairin torpaq sevgisini, zəhmətə bağlılığını vurğulayan V.Yusifli onun bu keyfiyyətlərinin “Atamın kitabı”ı poemasında canlı və bədii boyalarla əks olunduğunu qeyd etdi: “Onun təbiətə münasibətinin necəliyini bu poemada görmək mümkündür. Bu poemada Məmməd Araz Azərbaycan mənəviyyatının tarixini, ruhunu, gözəlliyini tərənnüm edib. Ona görə poema böyük əhəmiyyətə malikdir. Bu poemada Məmməd Araz Azərbaycan mənəviyyatının tarixini, ruhunu, gözəlliyini tərənnüm edib. Ona görə poema böyük əhəmiyyətə malikdir”.

V.Yusifli onu da qeyd etdi ki, Məmməd Araz poeziyasının mayası həyatdan yoğrulduğu, rəngləri, boyaları təbiətdən götürüldüyü üçün onun poeziyası əbədiyyət qazanacaq.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Musa Yaqub Məmməd Arazla bağlı xatirələrini danışdı, öz həyat və yaradıcılı ilə böyük şairin yaradıcılığını qoşa qanad adlandırdı. “O, Naxçıvanda, Şahbuz rayonunun Nurs kəndində doğulub, mən isə İsmayıllı rayonunun Buynuz kəndində. Ancaq bu doğmalıq, bu mehribanlıq, bu müqəddəs hiss və duyğularımız harda qovuşub, özüm də bilmrəm. Ancaq bu eyniliklə yanaşı, şerlərində poetik tapıntılar və qəribə bənzətmələrlə ifadə olunan fikir tərzləri baxımından bir Məmməd Araz özünəməxsusluğu var.

Məmməd Arazın təsvir etdiyi ağaclar, meşələr, qayalar, bir sözlə, təbiət adi deyil, bu, bizim ömrümüzdü, günümüzdü, sevgimiz, xatirəmizdi ki, yenidən cana gətirilib bizə qaytarır. Məmməd Araz Azərbaycanımızı qarış-qarış gəzib dolanan şairlərimizdəndir. Şair İsmayıllıya da çox gəlib. Növbəti gəlişlərinin birində qədim sənətkarlar diyarı Lahıca baxmaq arzusunda olduq. Mən istəyirdim ki, yol boyu o gözəlliyi, əzəmətli qayaları şair yaxşı görsün, duysun. Hər dəfə də deyirdim, Məmməd əmi (biz ona belə müraciət edirik həmişə), bu bulağın suyundan , bu suyun rənginə bax, ağappaqdır. Bir yerdə də dedim, bu suyun rənginə bax, gör necə qırmızıdır. Elə bunu demişdim ki, Məmməd özünəməxsus təbəssümlə gülümsündüdedi ki, “a Musa, şəhərdən gələndə nə olar? Mən də elə belə qayalıqlı yerlərdə böyümüşəm. Həm də APİ-nin coğrafiya fakültəsini bitirmişəm. Heç suyun da rəngi qırmızı olar? Daşlar qırmızıdır, su da bu rəngdə görünür”. Hamımız gülüşdük. Bundan sonra Məmməd əmi həmişə məni görəndə soruşurdu: “Musa, İsmayıllıda suların rəngi necədir?”

Biz yolumuza davam elədik. O vaxt Lahıca kimi maşın yolu yox idi. Yarı yolda atlara minəsi olduq. Məmməd əmi ilə mən nəyəsə baxıb söhbət edirdik. Gördük yoldaşlarımız atların ən yaxşılarını miniblər. Bizim ikimizə də yeşiklə yüklü bir arıq at qalıb. Mən narahat olanda, Məmməd əmi dedi ki, narahat olma, şairlərin taleyi belədi, gərək işin çətinini görsün ki, onu duya bilsin.

Biz elə həmin atla Lahıca getdik də, qayıtdıq da. Amma o günlər bizim üçün xoş xatirələrə, bəlkə də şerə çevrildi. Bunlar Məmməd əmiylə bağlı olduğu üçün mənimçin çox əzizdir”.

Milli Məclisin deputatı, yazıçı-jurnalist Aqil Abbas şairin ailə üzvləri adından Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə, tədbirin təşkilatçılarına Məmməd Araz irsinə xüsusi önəm verdiklərinə və yubileyi yüksək səviyyədə qeyd etdiklərinə görə minnətdarlığını bildirdi. A.Abbas Məmməd Arazla bağlı fikirlərini də bölüşdü: “Bir dəfə Mərkəzi Komitədən zəng gələndə telefonu mən götürdüm. Məmməd Arazı telefona çağırırdılar. O, gəlib dəstəyi götürdüxeyli dinlədi. Gördüm ki, onun əhvalı dəyişdi. Səhər tezdən mənə bir şeir verib dedi ki, apar bu şeiri qəzetdə çap elətdir. Bundan sonra bildim ki, telefonda mükafat almaq üçün ondan Leninə, partiyaya şeir yazmasını istəyiblər. Səhərisi qəzetdə çap olunan şeirində isə bu misralar vardı: “Ürəyimsiz kəlmə yazan deyiləm, nə qədər ki, öz əlimdi yazanım”. Çünki o, heç bir mükafat arzulayan adam deyildi”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Sevinc Ayazqızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq şairi Məmməd Araza verdiyi yüksək qiyməti vurğulayaraq, tədbir iştirakçılarına dövlət sərəncamından bəzi məqamları xatırlatdı və vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığının Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildirdi. Qeyd etdi ki, şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən alıb. O, ana dilimizin bütün incəliklərini özündə toplamış Məmməd Araz yaradıcılığının gəncliyin mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı.

Tanınmış naşir, şair Qəşəm İsabəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi və şairlə bağlı xatirələrini söylədi. Və Məmməd Arazın zəngin, həddi-hüdudu olmayan yaradıcılıq imkanlarına malik böyük Azərbaycan şairi olduğunu bildirdi. Qeyd etdi ki, Məmməd Araz poeziyası haqdan gələn ilahi bir duyğunun, ilahi bir səsin, sözün məcmusudur, o, ömrü boyu vətənin keşiyində durmuş, vətəndən, onun vüqarlı dağlarından, büllur bulaqlarından, torpağından, daşından yazıb-yaratmışdır.

Şair Zahid Xəlil Məmməd Araz yaradıcılığına bir daha nəzər salaraq, şairin Azərbaycan poeziyasına göstərdiyi əvəzsiz xidmətlərdən söz açdı və ona mənən borclu olduğunu bildirdi.

Şair Oqtay Rza Məmməd Araz poeziyasının yüksək poetik xüsusiyyətlərindən bəhs edərək, şairlə Moskvada keçirdikləri günlərdən  danışdı.

Tədbirdə əməkdar artist, qiraət ustası Ağalar Bayramov şairin şeirlərindən nümunələr səsləndirdi.

Sonra xalq şairinin 80 illik yubileyi münasibətilə noyabr ayında keçirilmiş şeir müsabiqəsinin qaliblərinin adları açıqlandı. Müsabiqədə paytaxtın 47 nömrəli orta məktəbinin şagirdi Fidan Məmmədli birinci, 189 nömrəli məktəbin şagirdi Nuray Cəfərova ikinci, 160 saylı məktəbin şagirdi Tural Məmmədli isə üçüncü yerləri tutmuşlar. Tədbir qaliblərin mükafatlandırılması ilə başa çatdı.

 

 

Elbar ŞİRİNOV

Təzadlar.- 2013.- 7 dekabr.- S.10.