Ay vətən oğlu...

 

(Martın 7-də Laçin rayonunun və ətraf ərazilərin müdafiəsində xüsusi qəhrəmanlıq göstərmiş polis serjantı şəhid Gəray Məmmədovun doğum günüdür)

 

Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər!

(M.A.Ərsoy)

 

Qarabağ savaşında vətənin, torpağın müqdafiəsinə qalxıb son nəfəsinəcən onu müdafiə edən, döyüşən və şəhidlik kimi müqəddəs bir zirvəyə ucalan oğullarımız haqqında düşünəndə böyük türk şairi Mehmet Akif Ərsoyun bu misaralarını xatırlayıram. Azərbaycan həmişə belə qeyrətli oğulları ilə fəxr edib. O oğullar ki, Qarabağ müharibəsi başlayanda heç nə düşünmədən vətənin müdafiəsinə qalxdılar. Çünki torpaq, vətən və bir də ana-bacılarımızn namusu onlar üçün çox dəyərli idi.

Belə qeyrətli eloğlularımızdan biri də laçınlı şəhidmiz Gəray Məmmədovdur. Onun haqqında bir qəzetdə təsadüfən oxudum. Məlum oldu ki, ölümündən 199 ay sonra onun qəhrəmanlığına rəsmi qiymət verilib. 2010-cu ilin iyununda Prezident şəhidimizi "İgidliyə görə" medalı ilə təltif edib. Bu məqam diqqətimi çox çəkdi. Düşündüm ki, gec-tez həqiqət üstün gəlir. Nə qədər gec olsa da, amma öz yerini tutur. Və heç şübhəsiz ki, bu, bəlkə hələ də oğlunun ölümünə inanmayan anasına, dərddən beli əyilmiş atası Azad müəllimə bir təsəllidir. Qısa bir araşdırma aparıb şəhidimizin həyatı ilə tanış oldum. Əslində mən onun haqqında çox eşitmişdim. Bilirdim ki, Gəray müharibə başlayan andan torpaqlarımızın müdafiəsinə qalxıb və şərəfli bir döyüş yolu keçib. İstərdim oxucularımı da Gərayın qısa ömrü və şərəfli döyüş yolu ilə tanış edim.

1969-cu il martın 7-də Laçının Güləbird kəndində Azad müəllimin ailəsində daha bir oğlan uşağı dünyaya gəldi. Adını Gəray qoydular. Bu uşaq böyüdükcə, həmyaşıdlarından seçilirdi. Cəsarəti, emosionallığı ilə diqqət çəkirdi. Evdə onu çox sevirdilər. Əzizləyirdilər. Amma nə biləydilər ki, bu istəkli övladın ömür yolu çox qısa olacaq? Nə biləydilər ki, əsrlərdən bəri erməni xisləti hər zaman olduğu kimi, yenə də özünü göstərəcək. Çörəyimizi yeyə-yeyə torpaqlarımıza qarşı iddia qaldıracaqlar bu nankor qonşular.

Gəray 1976-cı ildə kəndlərindəki məktəbə gedir, 1986-cı ildə orta məktəbi bitirir. Şox keçmir ki, onu əsgəri xidmətə çağırırlar. İki il keçmiş SSRİ-nin Petropavloski, Simferopol, Sevaostopol və Krım vilayətlərində hərbi xidmət keçir. Orda da fəallığı, yüksək bacarığı ilə komandanlığın diqqətini çəkdi. Ona starşina rütbəsi verildi. Gəray rabitəçi rota komandiri - starşina kimi ordudan tərxis olunur. Laçın rayon Milis İdarəsində starşina kimi işə başlayır.

Amma çox keçməyəcək, doğma Azərbaycanın, doğma Laçının, düşmənin burnunun lap dibində olan doğma Güləbirdin üstünü qara buludlar alacaq. Öz çirkin niyyətlərini həyata keçirmək istəyən erəmilər çox keçməyəcək, planlarını reallaşdıracaqlar. Düşmən iti caynaqlarını uzadırdı. Həmvətənlərimiz əsrlər boyu yaşadıqları dədə-baba torpaqlarından silah gücünə çıxarılır, başlarına min oyun açılır, əsir götürülür, dinc əhali qətlə yetirilirdi. Azğın düşməni yerində oturtmaq lazım idi. Bunu isə bütün qəlbi, ürəyi, vicdanı ilə xalqına, torpağına bağlı olan, onu ürəkdən sevən Gəray kimi sədaqətli oğullar edə bilərdilər. Düşmənin qəddarlığına, özbaşınalığına dözə bilməyən Gəray Məmmədov torpağını müdafiə etmək, ana-bacılarımızın namusunu qorumaq üçün döyüşə atıldı. Bir-birinin ardınca hərbi əməliyyatlarda iştirak etdi. Heç şübhəsiz ki, döyüş zamanı onun gözünə heçgörünmürdü, geridə olan vətənini, doğma kəndini, ana və bacısını düşünürdü Gəray. Bu, ona daha da güc verir, Gəray bir-birinin ardınca döyüşlərdə düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarırdı. Qorxu hissi onadöyüş dostlarına yad idi.

Gərayın ağlına gəlməzdi ki, bir gün doğma Laçını da düşmən tərəfindən işğal olunacaq. Bu, onunçün çox dəhşətli idi. Amma nə yazıq ki, erməni daşnakları din qardaşlarının və xaricdən gələn muzdlu döyüşçülərin köməyi ilə 1992-ci il mayın 25-də Azərbaycanın ən gözəl, səfalı, dağlar qoynunda, yaşıllıqlar içində üzən Laçını işğal etdi. Döyüşçü dostlarının dediyinə görə, bunu eşidən Gəray hönkür-hönkür ağlamışdı. Sonra yumruqlarını düyünləyərək düşməndən torpağının qisasını alacağına, son nəfəsinə qədər torpaq uğrunda döyüşəcəyinə and içmişdi. Andına sadiq qaldı qəhrəman, igid eloğlumuz. 

1992-ci ilin iyununda igid döyüşçülərimiz Malxələf istiqamətində irimiqyaslı hücuma keçirlər. Gəray bu döyüşdə də fərqlənir və şəxsən özü düşmənin xeyli canlı qüvvəsini məhv edir. "Xəlifə qəbri" deyilən yerdə düşmən postlarını darmadağın edir. Onun bu igidliyi Azərbaycanın hər yerinə yayılır. Gəraya pul mükafatı verirlər. Azərbaycan Dövlət Televiziyasında onun haqqında xüsusi bir veriliş hazırlanır. Ancaq Gəray hələ də sakit deyildi. Laçın düşmən əlində idi. Üstəlik, doğma Güləbirdi də təhlükə gözləyirdi. Gəray və güləbirdlilər bunu ağıllarına gətirmək istəmir, son nəfəslərinə qədər vuruşacaqlarına söz vermişdilər.

Laçının işğalından ruhlanan azğın düşmən dağlar qoynunda yerləşən, bulaqları diş göynədən, yaylaq havası olan səfalı Güləbirdi ələ keçirmək üçün plan hazırlayırlar. Çox keçmir ki, güclü texnika ilə silahlanmış düşmən kəndə daxil olur. Qüvvələr yenə də qeyri-bərabər idi. Amma buna baxmayaraq, başda Gəray Məmmədov olmaqla   güləbirdli gənclər torpaqlarını qeyrətlə qoruyub düşməni geri oturdurlar. Həmin döyüşdə onun başçılıq etdiyi dəstə düşmənin 20-yə qədər əsgərini və iki tankını məhv etdi. Şəhidlərimiz də oldu. Bəlkə də Gərayın gözü qarşısında, qolları üstündə şəhid oldu güləbirdili gənclər... Gəray dostlarının qisasının alacağına and içir. Geri çəkilən düşmən təslim olmur, yeni döyüş planı hazırlayır. 1992-ci il oktyabrın 12-də erməni daşnakları bu dəfə daha geniş çaplı əməliyyatla Güləbirdə hücum edirlər. "Qız Qəbri" istiqamətində çox ağır döyüş gedir. Yenə də Gərayın və bir neçə yoldaşının döyüş təcrübəsi və uzaqgörənliyi ilə düşmənin planları alt-üst olur. Gərayın təcrübəsi və cəsarəti burada da özünü göstərir; bir neçə döyüşçü yoldaşı ilə düşmənin arxasına keçərək onlara ağır zərbə endirir. Başını itirən düşmən döyüş zolağında bu dəfə 30-a qədər canlı qüvvəsini itrərək geri çəkilməyə məcbur olur.

Qabaqda çox ciddi bir döyüş də vardı... Gəray həmin gün evdən çıxanda atasına deyir:

- Hələlik, ata! Tezliklə qayıdacam.

Lakin o qayıtmadı. Tanrı onu şəhidiyin ən uca zirvəsinə hazırlayırmış.

Sənə dedim, dön bu yoldan, ürəyimin parası Gəray, gözlərimin qarası, Gəray! - deyən atası Azad müəllim inanmayacaqdı oğlunun ölümünə.

1993-cü il avqustun 27-də olan döyüşdə Gəray xüsusi qəhrəmanlıq göstərirdi. Düşmən onu hədəfə almışdı artıq. Bu qəhrəman azərbaycanlı balasının cəsarətindən heyrətə gəlirdi düşmən. Son nəfəsinəcən vuruşdu Gəray. Amma hiyləgər düşmən Gərayı nişan ala bildi. Həmin gün son gün oldu Gəray üçün.

 

Dövran başımıza nələr gətirdi,

Doğma Qarbağda kədər bitibdi.

Laçın, Güləbirdim əldən gedibdi...

Gəl, boyuna qurban, ay vətən oğlu!

 

Bu da bir tale, bir qismətdir. Hərdən düşünürəm ki, yaxşı ki, bu cür oğullarımız olub, yoxsa digər bölgələrimizin taleyi necə olacaqdı, Allah bilir. Həmin qeyətli oğullar bu gün var heç şübhəsiz ki, vaxt gələcək, elə bu qeyrətli oğulların sayəsində torpaqlarımıza qayıdacağıq! Baxmayaraq ki, cəmi 24 yaşı vardı, hələ gənc idi, ailə qurmamışdı, həyatı qabaqdaydı, amma Gəray üçün vətən, torpaq anlamı daha güclü idi.

Gəray Məmmədov onun kimi qeyrətli oğullarımız öz cəsarəti, qeyrəti, şəhidliyi ilə çox söz demək istədi bəzi qeyrətsiz keçəl Həmzələrə... O keçəl Həmzələr ki, tarixən olub, bu gün var! Onlar hər zaman təkcə öz mənafelərini düşünüblər. Vətən, torpaq onlar üçün ikinci, bəlkə beşinci, onuncu plandadır. Sabir demişkən: "Millət necə tarac olur-olsun, işim var! Düşmənlərə möhtac olur-olsun, işim var!"

Düşünürəm ki, Gəray kimi oğulların qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Tarixə qızıl hərflərlə yazıldı artıq onun qəhrəmanlığı. 

Deyirlər, şəhidlərin yeri Tanrının yanındadır. Gəray Məmmədovun müqəddəs ruhu heç şübhəsiz ki, göylərdə pərvazlanır. Amma hələ narahatdır. Çünki uğrunda canını fəda etdiyi doğma Qarabaq- Laçın, doğulduğu əziz Giləbird, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl... hələ düşmən əlindədir...

Düşünürəm ki, o torpaqlar qayıdanda, əsir torpaqlar geri alınanda, Gərayın da narahat ruhu o zaman rahat olacaq!

 

Dağlar, sizdə nəyim qaldı?

Doğma Qarabağım qaldı,

Doğma Laçınım qaldı,

Doğma Güləbirdim qaldı...

 

Məzarın nurla dolsun, Azərbaycanın qəhrəman oğlu!      

 

 

Südabə SƏRVİ,

yazıçı- publicist

 

Təzadlar.- 2013.- 7 mart.- S.11.