Novruz bayramı M.H.Təhmasibin araşdırmalarında

 

(Əvvəli ötən sayda)

 

...Toy və yas adətlərinin, eləcə də onlarla əlaqədar olan məişət nəğmələrinin mərasim və mövsüm nəğmələrinə nisbətən daha sonrakı dövrlərə aid olduğunu göstərən M.H.Təhmasib bunlarda animist baxışın və magik münasibətin öz şəklini dəyişmiş, məişət məsələləri ilə uyuşdurulmuş bir halda qalıqları əlamət və izlərinin yaşadığını qeyd edir. Bunu həmin bu su üstünə getmək adətində və orada oxunan nəğmələrdə də gördüyünü ehtimal edir. Yeni ilin ilk günü səhər tezdən suyun kənarına getmək, suyun kənarında xüsusi nəğmələr oxuyub qardaşa cansağlığı arzulamaq, toy arzulamaq, uzunboy, qarabirçək nişanlı arzulamaq, onun həsrətilə gözlənən toyunun süni bir bənzərini yaratmaq, çalıb-oynamaq, şənlik etmək və s. hadisəyə füsunkar münasibətin özünəməxsus bir təzahürü kimi qiymətləndirir. “Vəsfi-hal”ın məişət nəğməsi olduğunu, bunun Novruzla əlaqələndirilməsinin təsadüfi olmadığını söyləyir.

M.H.Təhmasib mövsüm bayramlarının ikinci şəklinin hər bir mövsüm qurtarıb yeni mövsümün başlanmasını göstərən müəyyən bir bitkinin, heyvanın və ya quşun xariqüləşməsi və mövsümün özünə olan münasibətin ona həsr edilməsi yolu ilə ifadəsindən ibarət olduğunu ehtimal edir. Mövsüm nəğmələrinin bu şəklini totemizmdən fərqləndirən müəllifə görə, bunlar bir-birlərinə nə qədər yaxın olsalar da aralarında müəyyən fərqlər də vardır. Belə ki, birincilərdən fərqli olaraq ikincilər sadəcə olaraq müəyyən bir mövsümü təmsil edirlər.

Bu qəbildən olan bayramlardan birinin “Səməni” bayramı olduğunu, bu mərasimin öz əvvəlki şəklini və məzmununu çox dəyişmiş bir halda olsa da, bu gün hələ də yaşamaqda olduğunu göstərir və müxtəsər şəkildə məzmununu qeyd edir: “Novruz bayramına az qalmış evlərdə taxıl göyərdilir. Onun bir hissəsi öz yaşıllığı ilə baharı təmsil etdiyi üçün bahar bayramı olan Novruz bayramının süfrəsinə qoyulur. Əsasən “Səməni”, yaxud “Suman” halvası bişirilir...

Səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edir. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılır. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə, sındırılmış fındıq salırlar. Hər evə verilən paya bundan da mütləq bir dənə salınmalıdır. Lakin bir adət olaraq bunu yeməzlər, gələn il səməni vaxtına qədər saxlayarlar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxır.

Artıq qatılaşmağa üz qoyan səməni qaynamağa başlayanda dəvəciklər atır ki, buna səməninin fındıq atması deyirlər. Bu zaman səməni bişirən qoca qarı ona fındıq, yaxud badam salır. Mərasim də bu zaman başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı gedib və səs-səs verib oxuyurlar.

Səməni, saxla məni, İldə göyərdərəm səni. Səməniyə saldım badam, Qoymurlar bir barmaq dadam Səməni bezanə gəlmişəm, Uzana-uzana gəlmişəm.

Müəllif göstərir ki, hər şeydən qabaq burada gözəçarpan xüsusiyyət bunun sehr və əfsun xasiyyəti daşımasıdır. Taleyi və bütün gələcəyi baharın vaxtında başlamasından, təbiətin vaxtında oyanmasından, yerə səpdiyi taxılın yaxşı göyərməsindən asılı olan qədim əkinçi, torpağın oyanmağa başladığı günlərdə evdə, süni surətdə taxıl göyərdir. Bununla o, bənzər hadisələr arasındakı daxili əlaqədən istifadə edərək, təbiətə, onun tabe olmaq istəməyən əsrarəngiz qüvvətlərinə təsir etməyə çalışır. O, evdə süni surətdə səməni göyərtməklə geniş əkin yerlərinə səpmiş olduğu taxılın da beləcə göyərməsi üçün sehr edir.

Müəllifin fikrincə, xalqın səməniyə nə dərəcədə müqəddəs bir amil kimi baxdığı nəğmənin ilk misrasından da açıq-aydın görünür, belə ki, “səməni saxla məni!” misrasında, xalqın açıqdan-açığa  səməniyə qatıldığı, onun mərhəmətinə sığındığı aydın olur.

M.H.Təhmasib o məsələyə də diqqəti çəkir ki, bir fəslin bitib, digər bir fəslin başlaması ilə əlaqədar olan mərasimlər müxtəlif şəkillərdə olmuşdur ki, bunlardan biri də fəslin gəlməsini, onun başladığını müjdə verən bir əlamətin - çiçəyin, quşun müqəddəsləşdirilməsindən ibarətdir. Müəllifin fikrincə belə müqəddəsləşdirilmiş çiçəklərdən biri qədim Azərbaycanda “həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyidir. Bu çiçək təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilmişdir. Müəllif bu barədə belə yazır:

“...Qədim azərbaycanlı səmi, yazın başlanması, təbiətin “dirilməsi” simvolu olmaq mənasında “həyat və əbədiyyət” çiçəyi adlandırmış, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi “xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad etmişdir. Bütün bu proses xüsusi bir mərasim şəklini almışdır ki, istər bu mərasimin özü, istərsə də buna məxsus nəğmənin qalıqları da son zamanlara qədər yaşamışdır. Bu qalıq məzmun və şəkilcə çox dəyişmişsə də, hər halda öz qədim “səməni” bayramı adını mühafizə edib saxlamışdır. Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni”.

 

M.H.Təhmasib xalqımızın mənəvi mədəniyyətinin mühüm hissəsi olan adət, ənənə, mərasim və bayramlarımızın çoxçeşidli, çoxşaxəli, həm də mürəkkəb olduğunu, burada ən qədim dövrlərin ibtidai görüşləri ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta əsrlərin siyasi, ictimai, fəlsəfi, dini görüşləri ilə əlaqədar, habelə bugünki həyatımızın yaratdığı adət, ənənə və mərasimlərin də olduğunu qeyd edir. Bunlardan bəzilərinin unudulduğunu, bəzilərinin hələ yaşamaqda olduğunu, bəzilərindən isə müəyyən izlər, əlamətlər qaldığını yada salır, bir çox nümunələrin, o cümlədən bayatıların bunları özündə saxlamaqda olduğunu göstərir. Müxtəlif folklor nümunələrində, o cümlədən idiomatik ifadələrdə, atalar sözü və məsəllərdə, tapmacalarda da belə inam, etiqad, adət, ənənə izlərinin qalldığını, bir xatırladan müəllif bu baxımdan “Kitabi - Dədə Qorqud”un çox gözəl material verdiyini diqqətə çəkir. “Kitabi - Dədə Qorqud” boyunda əks olunmuş iki mərasimi-evin yağmalanması və nəsil artırmaqla bağlı keçirilən mərasimləri xatırladan müəllif bunların öz dövrü üçün çox gərəkli olduğunu, vacib tədbirlərlə bağlı olduğunu, lakin əsaslarını itirdiklərindən, ya tamamilə unudulub yaddaşlardan silindiyini, ya da məzmun və şəkilcə yeniləri ilə əvəz edildiklərini ehtimal edir.

Görkəmli folklorşünasın mərasim və mövsüm nəğmələri ilə bağlı ilk sistemli əsəri - namizədlik monoqrafiyası və çoxsaylı məqalələri mərasim folkloru sahəsində sonralar tədqiqatların aparılmasına yol açmışdır. Mərasim folkloru mövzusu f.e.d., prof. B.Abdullanın, f.e.n. A.Xürrəmqızının araşdırmaları ilə davam etdirilmişdir.

 

 

Xəyalə Orucqızı,

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu “Folklor və

yazılı  ədəbiyyat” şöbəsinin böyük elmi işçisi

 

Təzadlar.- 2013.- 16 mart.- S.11.