Həyatı bahasına xalqına xidmət edən alim

 

 

 

Xəbər verdiyimiz kimi, oktyabrın 14-dü dünya şöhrətli alim Xudu Məmmədovun xatirə günüdür. Tanınmış neftçi-alim Yusif Səmədov Xudu Məmmədovla uşaqlıq dostu olub, həm də qohumdurlar. Aşağıda Y.Səmədovun Xudu Məmmədovla bağlı xatirələrini təqdim edirik:

 

 

 

(Əvvəli ötən sayda)

 

...Mən yay tətilindən qayıdandan sonra Xudu məmmədovla yenidən yataqxanada yoldaşlarının əhatəsində görüşdüm... Ona təsəlli verdim, bir qohumeloğlu kimi dəstək olmağa çalışdım. Həqiqətən də o, məlum problemləri sakitcə, təmkinlə yola verdi... Bir müddət sonra isə Xudu institutun elmi şurasının qərarı ilə Moskvaya aspiranturaya getmək üçün hazırlaşırdı. Moskvada aspiranturada onun elmi işləri rəvan getmədi. Çətinliklərlə üzləşdi, ona görə də aspiranturanın vaxtı uzadılmalı oldu. Amma gecə-gündüz çalışan Xudu bəhrəsini gördü, nəticə isə çox parlaq oldu. Bu da səbəbsiz deyildi. Bu bir təbii qanunauyğunluq idi. Çünki Xudunun möhtəşəm elmi nailiyyəti və elmi işi yüksək qiymətini almalı idi. Ona görə də Allah-Təala Con Bernar kimi dahi şəxsiyyəti gətirib Xudunun işi ilə tanış etdi. Con Bernarın vasitəsilə Xudu dünya kristallorafları arasında öz layiq olduğu yerini tapmış oldu, bütün Azərbaycan elm ictimaiyyətinin qürur yerinə çevrildi... O dövrlərdə Azərbaycanda nəşr olunan qəzetlər bu möhtəşəm elmi nailiyyəti öz səhifələrində mütəmadi olaraq işıqlandırırdılar. Azərbaycanın hər yerindən yüzlərlə məktublar gəlirdi, Xudu Məmmədovu təbrik edirdilər. Hamı Xudunu dünyanın ən xoşbəxti sayırdı. Ancaq onların heç biri təsəvvürlərinə gətirə bilməzdilər ki, onların dünyanın xoşbəxti saydıqları bu nəcib, sakit təbiətli insanın nə yaşamağa evi, nə də yüksək maaşlı bir əsas yeri yoxdur.

Mən o zamanlar Bakı Neft Emalı Zavodunda mühəndis işləyirdim. Tez-tez Xudu ilə görüşməyə gəlirdim. O, “5 mərtəbə” adlanan ərazidə yarımzirzəmi, darısqal və rütubətli bir evdə kirayədə yaşayırdı. Növbəti dəfə onlara gələndə dedi ki, mənə təklif ediblər, evə dəvət ediblər, gəl birlikdə gedək... Mən onunla böyük ümidlə indiki Bakı Univermağı yaxınlığında olan bir ünvana getdik. Amma evin həyət darvazasını bağlı gördük. Ümidlərimiz yerə çırpıldı... Qapını nə qədər döydüksə də açan olmadı. Kim onu dəvət etmişdi, nə qədər soruşsam da əvvəl demədi. Sonra təkidlə soruşdum ki, axı, bu ev kimindir? Yenə də heç nə danışmadı. Kor-peşiman geri qayıtdıq. Lakin Xudu yol boyu Mirəli Qaşqay haqqında çox gileyli söhbətlər etdi. Sonralar başa düşdüm ki, sən demə, həmin ev M.Qaşqayın evi imiş... Elmi təfəkkürü ilə dünya elminin qapılarını taybatay açan Xudunun üzünə ona vəd etmiş bir evin sahibinin darvazası bağlı idi...

 

 

***

 

 

Onu da deməliyəm ki, Xuduya xarici ölkələrdən dəvətlər gəlirdi, ona işlə yanaşı mənzillə də təmin edəcəklərini yazırdılar. Belə bir məktubu o, Özbəkistandan almışdı. Həmin məktubu özümoxumuşdum. Ancaq o, Azərbaycandan hansı bir yerə getməyi heç yaxınına da buraxmırdı. Hətta Azərbaycanda yaşayışı olduqca çətin olsa da.

Xudu müəllim Azərbaycanı çox sevirdi. Onun təbiətinin vurğunu idi. Mən çox müddət onunla təmasda olan bir yaxını kimi deyə bilərəm, Azərbaycanın hüdudlarından kənarda sanatoriyalarda müalicəyə getdiyini görmədim. Onun sanatoriyası Murovdağ, Kəpəz dağı, Dəlidağ, Şuşanın dağları, bir də Mərzili kəndi idi. O, özünüvaxt yorğun hiss edirdisə, deyirdi ki, kömək elə, Mərziliyə getməliyəm, mən orada özümü yaxşı, sağlam hiss edirəm. Ona görə o, Mərzilidə kəndin giriş hissəsində özünün xüsusi zövqü əsasında ev tikdirmişdi. Özübu evi özünün layihəsi ilə 1941-45 illərdə II Dünya müharibəsində həlak olmuş Mərzililərin abidəsi ilə yanaşı tikdirmişdi. Mən sonralar Sovet hökumətinin tapşırığı ilə bir müddət Kuba Respublikasında neft sənayesində işləməyə göndərildim. O, mənə yazdığı məktubların birində Mərzilini, Dəlidağ yaylasına səyahətini belə təsvir edirdi: “Dəlidağ yaylağının dünyada tayı-bərabəri yoxdur, bu yerlər ölüb qalmalı yerlərdir...”

Dəlidağ yaylasinı çox sevdiyinə görə orada bulaq da tapıb üstünü düzəltdirmişdi. Mərzililər onaXudu bulağı” adını vermişdilər. Dəlidağda möhtəşəm 8 guşəli Çoban eviXudunun təşəbbüsü və layihəsi, Ağdamın o vaxtkı 1 katibi Sadıq Murtuzayevin köməkliyi ilə tikdirilmişdi. Binaya xüsusi gözəllik verən zövqlə işlənilmiş ornamentlər tətbiq edilmişdi. Çox böyük uzaqgörənliklə gələcək nəsillərə tarixi həqiqəti çatdıran bu binanın özülünə isə Xudu şüşə butulkada məktub da yazıb qoymuşdu. Nə yazmışdı, hələ də mənə sirr olaraq qalır. Çünki o yerlər 20 ildən çoxdur ermənilərin işğalı altındadır, gedə bilmirik.

Xudu müəllim bizə tez-tez gələrdi, deyirdi ki, buna mənim ehtiyacım var. Ünsiyyəti çox sevirdi. Təbii ki, ürəyi istəyən adamlara meyl salardı, dərdini həmişə mənimlə bölüşürdü. O vaxtlar mənim də başım qalmaqallı idi. Rəhbər vəzifədə işlədiyim neftayırma zavodunda əsas vəzifələri tutan ermənilərin yerli kadrlarla əvəzlənməsi təşəbbüsüm mənə baha başa gəlmişdi, bu addım Sovet hökumətinin məlum siyasətinə qarşı çıxmaq demək idi... Mənə çox təzyiqlər, təxribatlar oldu, amma tab gətirə bildim.

 

 

***

 

 

Xudu əsasən Azərbaycan EA-da, institutda baş verən bütün maraqlı hadisələri mənə danışardı. Onu da qeyd etməliyəm ki, Xudu ömrünün son 14-15 ilində işindən çox narazı idi. Elmlər Akademiyasındakı institutda mühit onu sıxırdı. Sevimli işinə getmək son illər onun üçün əziyyətə və əzaba çevrilmişdi. Onun özünün dediyinə görə, heç bir elmi şuranın üzvü deyildi. Qısqanclıq edirdilər və buna imkan vermirdilər. Elmi kəşfi dünyanı gəzən alimin Azərbaycanda-öz ölkəsində belə qarşılanması faciə idi... Müxtəlif bəhanələrlə nə işlədiyi institutda və nə də geologiya institutunda onu elmi şurada yaxına buraxmırdılar.

Çoxları Xudu müəllimi yumşaq, həlim təbiətli kimi tanıyırdı, amma o, çox qətiyyətli, prinsipial, cəsarətli şəxsiyyət idi, onu müəyyən məsələlərdə fikrindən döndərmək çox çətin idi. Bununla əlaqədar iştirakçısı olduğum bir hadisəni nəzərə çatdırmaq istəyirəm. Sevimli müəllimi olan Heydər Əfəndiyevin rəhbərliyi altında elmi Şura keçirilirdi. Mənim çox yaxşı tanıdığım bir nəfər elmlər doktoru alimlik dərəcəsi almaq üçün məruzə ilə çıxış edirdi... Məruzə qurtardıqdan sonra Xudu müəllim ona bir sualla müraciət etdi. Müsbət cavab almadığı üçün növbəti 10-a qədər sual verdi ki, bəlkə vəziyyətdən çıxarda. Amma onların heç birinə bu elmlər doktoru cavab verə bilmədi. Buna baxmayaraq məsələ elmi şuranın səs verməsinə çıxarıldı. Yeganə Xudu müəllim onun əleyhinə səs verdi. Şuranın qalan 18 nəfəri lehinə səs vermişdi. Buna baxmayaraq şura sədri elan etdi ki, çoxluğun səs verməsinə baxmayaraq Xudu müəllim rəyini dəyişməsə dissertasiya böyük elmi şuraya təqdim edilməyəcək. Çoxlu insanlar Xudu müəllimdən fikrini dəyişməsini xahiş etmələrinə baxmayaraq o, fikrindən dönmədi. Dedi ki, elm güzəşt etməyi sevmir, onda saxtakarlıq başlayır... Amma mənim Xudu müəllimlə münasibətimin yüksək dərəcədə olduğunu bilən həmin “başıbəlalı” elmlər doktoru gecə-gündüz mənə rahatlıq vermədi. Mənim Xudu müəllimdən uzun müddətli xahişlərimdən sonra Xudu buna razılıq verdi. Amma əlavə etdi ki, Yusif, müdafiə vaxtı mən gərək Bakıdan gedəm o, müdafiə edib qurtarana qədər Bakıya gəlməyəcəyəm. Rəhmətlik Xudu müəllim öz iradəsinin əksinə olsa da, həqiqətən də müdafiə başlayanda Bakını tərk etdi, müdafiə başa çatandan sonra Bakıya qayıtdı.

Xudu müəllim elmdə prinsipiallığı sevirdi, o, saxtakarlığı qəbul etmirdi. Təsəvvür edin, yeganə oğlu Toğrul instituta imtahan verəndə də Bakıdan çıxıb getmişdi. Deyirdi, əgər biliyi varsa, daxil olacaq, yoxdursa, daxil olmasa yaxşıdır.

Xudu heç bir kəsin onun haqqında narahatlıq keçirməsini istəməzdi. Xəstələnəndə də çalışardı ki, ən əzizlərinə də hiss etdirməsin.

1968-ci il idi. Bizə gəlmişdi. Söhbət əsnasında dedi ki, vətəni yaman könlüm istəyir, sabahdan Mərziliyə gedəcəyəm... Dedim, yaxşı yol, amma qayıdanda xəbər elə.

Bu söhbətdən 4-5 gün sonra mərhum Bəxtiyar Vahabzadə (Bəxtiyar Vahabzadəni ilk dəfə mənimlə Xudu müəllim tanış etmişdi) mənə telefon zəngi etdi. Sualedici formada dedi ki, Yusif, sən bilirsənmi qardışımız Xudu hardadır? Mən Xudunun Mərzilidə olduğunu dedim. Bəxtiyar müəllim isə təəssüf hissi ilə onun Semaşko xəstəxanasında yatdığın dedi. Sonra dedi ki, tez gəl, gedib ona dəyək...

Bəxtiyar müəllimlə birlikdə xəstəxanaya gəldik, Xudunu 10-12 nəfərlik bir palatada, xəstələrin arasında tapdıq. Bəxtiyar müəllimin buraya gəlişi ilə bağlı bütün xəstəxana heyəti başımıza yığışdı. Bəxtiyar müəllim isə onu o ki var danladı: “Ay sənə Allah kömək eləsin, belə toz-torpaqlı, çirkli, səliqəsiz yerdə nə edirsən, burdavaxt sağalacaqsan?”.

Bu vaxt Xudu heç bir şey olmamış kimi özünəməxsus tərzdə dedi:

- Bəxtiyar, heç bilirsən mən bu xəstəxanada nəyi kəşf etmişəm?

Xəstəxananın rəhbərliyi də təəccüb qalmışdı ki, görəsən Xudu Məmmədov bu tökülüb-dağılan, səliqəsiz palatada nəyi kəşf edib?

Xudu əlavə etdi:

- Bəxtiyar, mən burada kəşf etmişəm ki, sən demə, sağlamlığın, sağalmağın tərtəmizliklə heç bir əlaqəsi yox imiş... Bax bu palatanı görürsən, çirkin-çirkabın içindədir, amma buna baxmayaraq buradan hər gün 1-2 xəstə sağalıb evlərinə gedir...

Xudu müəllim Qarabağın ilk şəhidlərindəndir. O, ermənilər Xankəndidə Azərbaycandan ayrılmaq iddiası ilə mitinq keçirəndə mən Xuduya zəng edib, əhvalatı ona xəbər verdim. O, məndən təcili Ağdama getməyi xahiş etdi. Mən xidməti işimlə əlaqədar onunla gedə bilmədim və ondan üzr istəyib bir neçə gündən sonra gələcəyimə söz verdim. Bir neçə gündən sonra mən Ağdama getdim. Səhər çox tez olmasına baxmayaraq saat 08:00 radələrində onu bir neçə tanınmış ziyalılarla- tarixçi Süleyman Əlyarov, Kamal Abdullayev, Famil Mehdis. Ağdam rayon partiya komitəsinin katibinin yanında, təlaş içində tapdım. Xudu müəllimlə belə məsləhətləşdim ki, onlar ilk şəhidlərimizin Baxtiyar və Əlinin məzarlarını ziyarət edib Mərziliyə getsinlər, biz Mərzili məktəbində görüşək. Elə də etdik. Mərzili məktəbində görüşüb məsləhət üçün mənim Mərzili kəndindəki evimdə gələcək tədbirlərimizi müzakirə etdik. Belə qərara gəldik ki, hadisələrin gedişatından daima xəbərdar olmaq üçün mütəmadi Ağdamda olaq. Beləliklə, biz vaxtaşırı Ağdamda görüşürdük. Növbəti dəfə mən onunla Ağdamda görüşəndə onu təmamilə üzülmüş vəziyyətdə gördüm. Xudu müəllim özü çox istirab içində: “Məni sarsıdan özünü vətənpərvər adlandıran bəzi adamların xalqın faciəsindən faydalanmaq istəkləridir...” dedi və əlavə etdi ki, mənə ermənilərin hərəkətlərindən daha ağır təsir edən budur... Xudu belə xəyanətlərə tab gətirmədi və onun millət üçün yanan ürəyi dayandı. Həyatını təqiblərlə yaşayan həqiqət carçısı böyük alimin son mənzilə yola salınması da problemsiz ötüşmədi... Allah butun şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

Yusif Səmədov,

neftçi-alim

Təzadlar.- 2013.- 12 oktybar.- S.12.