Şəhidlər... şahidlər...

 

 

 

Gülarə Munis “Son dayanacaq” kitabını təqdim etdi

“Son dayanacaq” şairə Gülarə Munisin on beşinci kitabıdır. Müəllif şəhid və əlil olanların ailə üzvləri ilə görüşüb, onların xatirələrini ürək ağrısı ilə dinləyib və qələmə alıb. G.Munis yeni kitabına vətənin mərd övladlarına həsr etdiyi qəzəl və heca vəznli şeirlərini də daxil edib. Kitabın redaktoru xalq şairi Nəriman Həsənzadə, məsləhətçilər ehtiyatda olan polkovnik, şair, jurnalist Ramiz Duyğun və Qarabağ döyüşləri iştirakçısı, mərhum polkovnik Səməd Əliyevdir. 

Sentyabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Gülarə Munisin “Son dayanacaq” kitabının təqdimat mərasimi oldu. Şəhid ruhlarının, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin, ziyalıların, yazıçıların, şairlərin, mədəniyyət və incəsənət adamlarının, media nümayəndələrinin bir araya gəldiyi tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra şair, publisist Ötərxan Eltac təqdimat mərasimini açaraq G.Munisin yaradıcılığı haqqında qısa məlumat verdi, şairənin vətənə, torpağa məhəbbət ruhunda qələmə aldığı əsərlərinin, həmçinin “Son dayanacaq” kitabında Qarabağ uğrunda döyüşlərdə şəhid və əlil olan oğullarımız barədə sənədli hekayə və miniatürlərin yer aldığını bildirdi. G.Munisin qadın şairələr arasında Azərbaycan türkcəsində ilk “Divan” müəllifi olduğunu xüsusi vurğulayan aparıcı qeyd etdi ki, G.Munis saflığın, paklığın, milli dəyərlərin, birliyin, bütövlüyün və müstəqilliyimizin qarantı olan ordumuzun gücünə güvənir, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən oğullarımızın rəşadəti, qorxmazlığı şairənin qəlbini riqqətə gətirir: “Müəllifin qəhrəmanlıq hekayələrinin hər birində sanki bir çağırış var. O çağırış ki, hər bir vətən ovladını yurdumuzun azadlığına səsləyir. O çağırış ki, ruhları inləyən, qanı axıdılan igidlərin gömüldüyü vətən torpağını düşməndən geri qaytarmağa səsləyir”.

Gularə Munisin yaradıcılığına yaxından bələd olduğunu deyən tanınmış diktor Eldost Bayramın söylədiyi “Hanı ayağın, əsgər?!” miniatürü hamını kövrəltdi.

Şairə, publisist Nəcibə İlkin, Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi Dilarə Nağıyeva, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova, rejissor Kəmalə  Musazadə, şair Musa Ələkbərli, şair Fəxrəddin Meydanlı, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının baş müəllimi İlhamə Qəsəbova, yazıçı Gülzar İbrahimova, şairə, publisist Nəzakət Məmmədova, “Məhsəti” şairlər məclisinin üzvü, şairə Güləmayıl İsayeva, tədqiqatçı, yazıçı Paşa Yaqub, şairə Fərqanə Mehdiyeva, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova G.Munisin əsərlərinin bir sıra məziyyətləri barədə söz açdılar, ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladılar. Çıxışlarda vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş insanların qəhrəmanlıqlarının, Qarabağın azadlığı, milli istiqlaliyyət yolunda canından keçən və şəhidlik zirvəsinə yüksələn vətən övladlarının adlarının həmişə tarixdə qalacağı vurğulandı.

“Son dayanacaq” kitabında haqqında bəhs olunan şəhid Hatəm İskəndərovun qardaşı Hüseyn İskəndərovun, anası Xanım ananın, Milli Qəhrəman Cavanşir Rəhimovun bacısı Aidə xanımın və qardaşı oğlu Cavanşirin, yazıçı, publisist mərhum Məhərrəm Zamanın bacısının, şəhid Elmar Mirzəyevin anası Natella xanımın, Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş İlham Məhərrəmovun və həyat yoldaşı Vüsalə xanımın müəllifə minnətdarlıq dolu çıxışları tədbir iştirakçılarına duyğulu anlar yaşatdı.

Sonda G.Munis çıxış edərək təqdimat mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirdi, vətənpərvərik ruhunda bundan sonra da əzmlə yazıb-yaradacağını söylədi.

 

 

 

E.ŞİRİNOV

Təzadlar.- 2013.- 24 sentyabr.- S.15.