Məmməd Arazın dəhşətli həyat hekayəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

(Əvvəli ötən saylarda)

 

 

 

4 dekabr - Yarımçıq misralar:

 

 

 

Qayalara, daşlara söykəncək olun,

 

 

 

Qıvraq qalın, oynaq qalın son günəcən.

 

 

 

Özünüzü saxlayın, səsinizi axlayın,

 

 

 

Qılıncınızı saxlayın...

 

 

 

- İnsan payız ölə, yazda dirilə; Zimistanda boran, qarı çəkməyə - insanda arzuya bax, - dilləndi Məmməd.

 

 

 

- Nə olub, Ələsgər hardan yadına düşdü?

 

 

 

- Nə bilim. Hüseyn Arif həmişə mənə deyirdi ki, sənin şeirlərin kəşfdir, məsələn, “Sən kimə gərəksən, mən kimə gərək”. Bunu heç kim deyə bilməyib, ancaq sən demisən. Rəhmətlik şeirlərini gəzə-gəzə beyninə yazardı. Musa Yaqub da elədi. O da gəzərkən yazır.

 

 

 

 

 

 

Özünə həsr olunmuş şeiri mənə  verdi. Başlıq belə idi:  Xalq şairimiz Məmməd Arazın “Bəlkə bu yerlərə bir də gəlmədim” şerinə cavab:

 

 

 

Daha gəl-gəl demir güllər, çiçəklər,

 

 

 

Nidamı yarımçıq kəsir küləklər.

 

 

 

Yaman nisgillidir indi ürəklər,

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

 

 

 

 

Qıy vuran qartallar yoxdur, köçübdür,

 

 

 

Əliklər, ceyranlar, bizdən hürkübdür,

 

 

 

Kimsəsiz bənövşə boynun bükübdür,

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

 

 

 

 

Buludlar su səpmir, quruyub gözü,

 

 

 

Ocaq tüstülənmir sovrulub közü,

 

 

 

Aşıq oxumur tükənib sözü,

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

 

 

 

 

Düşmənlər toxtayıb bizim oylağa,

 

 

 

Aranı, elatı qalxır yaylağa.

 

 

 

Alagöz pəri də düşüb girova,

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

 

 

 

 

Yarpızın, nanənin dəyişib təmi,

 

 

 

El köçüb yurdunda yoxdur həmdəmi.

 

 

 

Gəlsən çox olacaq, artacaq qəmin,

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

 

 

 

 

Ay elin nəhəngi, ay Məmməd Araz,

 

 

 

Ay şeir çələngi, ay Məmməd Araz.

 

 

 

“Özü yıxılanın özü ağlamaz”

 

 

 

Dağlar yetim qalıb, dağlara gəlmə.

 

 

 

Xeyrulla Culfa rayonu, Qazançı kəndi, müəllim.”

 

 

 

Səmimi şeirdir, sənin sözlərini tərsinə çeviriblər.

 

 

 

- Hə, işə göndərmişdi.

 

 

 

7 dekabr - İlyas Tapdıq zəng çaldı:

 

 

 

- Gülxanım, Məmmədin tələbə vaxtı Moskvadan mənə yazdığı məktublarını tapmışam. Ancaq Gültəm qızımın dovşanı ora-burasını didişdirib.

 

 

 

- Oxunurmu?

 

 

 

- Hə, bərpa etmək mümkündür.

 

 

 

Axşam İlyas məktubların əslini və surətini gətirdi. Cavanlıq vaxtlarımızdan xeyli danışdıq. Söhbətarası İlyas bildirdi:

 

 

 

- Münəvvərin şeir və hekayələrini çap etdirirəm. Qoy onun da zəhməti heç olmasın.

 

 

 

- Çox sağ ol İlyas, vallah, açığı paxıllığım tutdu.

 

 

 

13 dekabr - Axşam Sevda xanım telefonla danışdı:

 

 

 

- Gülxanım bacı, sizi nə vaxtdan arayırdım. Cavab yox idi, indi də cavab verməsəydiniz Yazıçılar Birliyindən soruşacağdım. Burada yox idim. 6 aydan yuxarıdır ki, yoldaşım infarkt keçirib, az qala onu itirəcəkdim. Mahnılardan xəbərim yoxdur. Yaqubu görmüsünüzmü?

 

 

 

- Yaqub kaseti göndərdi, Sevda xanım, mahnılar bir o qədər də mənə çatmadı.

 

 

 

- Mənsiz işləyib, ona görə. Mahnılarımı mən müğənnilərlə özüm işləyirəm. Kaseti göndərin. 60 illiyimi keçirəcəyəm. İstəyirəm zalda siz də olasınız.

 

 

 

- Gələrəm Sevda xanım, mütləq gələrəm. Amma Məmməd gələ bilməz.

 

 

 

Yaqubun telefonunu Sevda xanıma verdim. Axşam Yaquba dedim:

 

 

 

- Yaqub sənə 20 dənə kitab verəcəyəm, apar Amerikaya. Oradakı azərbaycanlılara payla. Bilsinlər ki, onların Məmməd Araz kimi şairləri var.

 

 

 

- Allah razı olsun, xanım. Sabah adam göndərərəm kitabları verərəsən, sən məni çox sevindirdin.

 

 

 

17 dekabr - Axşam “Ayırılıq” klipinin “Azərbaycan” kinoteatrında keçirilən təqdimatına getdik. İştirak edən cavanlı-qocalı adamların hamısı Məmmədə bir təbəssüm göstərməyə, xidmət etməyə çalışırdılar. Tədbirin aparıcısı Səyyad Ağbabalı idi. Rejissor Nizami və Rövşənə suallar verildi. Bundan da yaxşı çəkə bilərsənmi, bu mövzuda - sualına Nizami belə cavab verdi:

 

 

 

- Sualınıza cavab verməmişdən əvvəl qoy həmin sualla söz nəhəngimiz Məmməd Araza müraciət edək:  Məmməd müəllim, siz Araz haqqında yazdığınız şeirlərinizdən daha yaxşısını yaza bilərsinizmi?

 

 

 

- Yazmaq olar, yaza bilərəm, ancaq o olmaz - dedi Məmməd.

 

 

 

Rövşən isə sözünü belə yekunlaşdırdı:

 

 

 

- Əgər təzyiqlə üzləşməsək, daha təsirli, daha yaxşısını çəkəcəyəm.

 

 

 

18 dekabr - “Səsləmələr, söyləmələr” başlığı altında yazdığım şeirləri köçür. Görək Qorqud bizi nəyə səsləyir, nə söyləyib. Dastanda ağaclardan çox bəhs olunur, bunu heç kim tutmayıb, bu, gələcəyə böyük yol deməkdir.

 

 

 

- Yaşıllığın qorunması, eləmi?

 

 

 

- Bir növ hə.

 

 

 

  İsa bayramı təbrikə gəldi:

 

 

 

- Nə yazırsan, bacı?

 

 

 

- Məmmədin məqalələrini toplayıram. Bilirsən də Məmmədin katibəsiyəm.

 

 

 

- Məmməd Araz dövlətinin katibi. Axı Məmməd Araz bir dövlətdir. Burada onun kiçik ərazisi, sən də onun katibi.

 

 

 

Sonra “Naxçıvan albomu” ssenarisini götürüb oxudu.

 

 

 

- “Mənim Naxçıvanım”, - eqoizmə bax ha, niyə tək sənin, bizim demirsən, mənim Naxçıvanım, ancaq mənim - zarafat etdi İsa.

 

 

 

Deyəsən, yeni ili xəstəliklə qarşılayacağam.

 

 

 

7 yanvar - Hələ bir müddət “2000” sayına əlim yatmayacaq. Dünən Məmmədlə görüşmək istədiklərini bildirən türklər gəlib çıxdılar:

 

 

 

- Türk vəqfinin türk araşdırmalar mərkəzindənik. Istəyirik ki, bir “Şükran günü” keçirək. Məmməd müəllimdən icazə almağa gəlmişik. Əsas məqsədimiz Məmməd Arazı türk dünyasına yaxından tanıtmaqdır. Bu görüş türk telekanallarında da göstəriləcək. Mənim adım Hüseyn Adıgözəldir. Görüş yaxşı olacaq. Məmməd müəllimin hər bir şeiri bir abidədir. Türk dünyası bu abidələrlə yaxından tanış olmalıdır.

 

 

 

İkinci həmkarı, Elman həkim Məmmədin xeyli təzə şeirlərini əzbərdən dedi və əlavə etdi:

 

 

 

- “Ulu şahım, qılıncına söykənim”. Bunu ancaq Məmməd Araz deyə bilər. Bacım, vaxt dardır, Məmməd Arazın bütün yaradıcılığını əzbər deyə bilərəm, axı onun elə gözəl şeirləri kölgədə qalıb ki! Bir də hamısını demək də mümkün deyil.

 

 

 

 - “Şükran günü” martın 15-də keçiriləcək, -  deyib getdilər.

 

 

 

10 yanvar - Məmməd, məni də mətbəənin direktorunun yanına aparacaqdın?

 

 

 

- Gec gəldi, ona görə.

 

 

 

- Nə qədər tirajı olacaq, qiyməti necədən hesablanır?

 

 

 

- Dedim ki, hər cildi 13 çap vərəqindən götürsün.

 

 

 

- Axı bu, çox azdı?

 

 

 

- Karlo Kaladzenin böyük bir zal otağı vardı, - söhbətə başladı Məmməd. Bizim otağın ikisi boyda. Mirzə İbrahimov, arvadı Sara xanım, mən və bir neçə başqa yazıçı onun qonağı olduq. Karlo bizdən mahnı oxumağı xahiş etdi, biz oxuya bilmədik.

 

 

 

Soruşdum:

 

 

 

- Niyə oxuya bilmədiz?

 

 

 

 - Babadan ayıbdı, atadan ayıbdı, böyükdən ayıbdı - bizi bu günə qoydu. Ona görə də oxuya bilmədik. Elə məclislər olur ki, yeri gələndə oxumaq da lazım gəlir. Karlo deyirdi ki, gürcülər mahnı oxuyanda çığırırlar, ermənilər quruldanırlar, amma azərbaycanlılar oxuyurlar.

 

 

 

- Məmməd, artıq 42-ci ili haqlayırıq ki, bir yerdəyik. Bu, 42 ildə bir dəfə belə sənin mahnı oxumağın bir kənara, heç mızıldandığını belə görməmişəm.

 

 

 

- Şeir yazmaqla deyil ki... Mənim musiqiyə meylim, səsim, tutumum yoxdur. Mən yazanda daxilimə çəkilirəm, danışıram, kövrəlirəm, ağlayıram. Amma oxuya bilmirəm. Atam haqsız tutulandan sonra ailənin bütün yükü anamın üstünə düşmüşdü. Gündüz işlərini qaydaya salandan sonra cəhrəsini sazlar, əlçimi iyə ilişdirər, cəhrə ilə birlikdə nəğmələrinə başlardı.

 

 

 

Anamın nəğməsi tez-tez ahəngini dəyişər, kövrələr, məni dağdan arana, arandan dənizlər arxasına, qəriblər sorağına, nakamlar toyuna, kasıblar qapısına aparardı. Bir də görərdim ki, anamın gözləri dolub ağlayır.

 

 

 

Mənim də kövrəkliyim, yəqin ki, mənə anamdan keçib.

 

 

 

Soyuq qış günlərində anamın nəğmələri həmdəmim olardı.

 

 

 

Aşıq Ələsgər mənim ilk poeziya əlifbam, ilk ədəbiyyat müəllimim olub:

 

 

 

Axşamdan yağan qar çıxıbdı dizə,

 

 

 

Kəsilib bulaqdan yolu qızların...

 

 

 

Pəncərədən boylanardım. Doğrudan qar qurşağa çıxıb, yol-riz bağlanıb. Bu soyuqda bulaqdan su gətirən qızlara yazığım gələrdi.

 

 

 

 Sən və bacıların qaş-qabaqda atanıza oxşamısınız. Ananız şən, deyən-gülən, mahnı oxuyan idi.

 

 

 

- Yox, atam da mahnı oxuyardı, ən çox da dağlara aid sözlər oxuyardı. Düz deyirsən, qaşqabaqlı idi, xasiyyətcə anamla fərqli idilər.

 

 

 

Əslində bütün adamlar uşaqlıqda bir cür yaşayırlar. Böyüdükcə onların müəllimi olan mühit hərəsinin qulağına bir şey pıçıldayır. Onun bütün gələcək əməllərinin baisi o “müəllim” mühitdir. Hər yerdə onun dərs cədvəli, çubuğu, yazı taxtası asılıb.

 

 

 

15 yanvar - Ay xanım, xanım, salam

 

 

 

- Yaqub, xoş gəlmisən, çoxdan burdasan?

 

 

 

- Xanım, elə gələn kimi sizə zəng etdim, gəlib şairlə görüşəcəyəm.

 

 

 

- Amerikadakı söydaşlarımızdan bizə söhbət açarsan...

 

 

 

Məmməd yazılarını saf-çürük edir.

 

 

 

- Məmməd, məqalələri saf-çürük eləmə, bütün məqalələrində yaxşı fikirlər var. Hamısını yığsaq 50 çap vərəqindən çox olar, ona da pulumuz çatmaz. İki yerə bölərik, allah kərimdi.

 

 

 

19 yanvar - Məmməd, yadındadı, bir vaxtlar - Bakı Bakılılarındır - devizi vardı. Deyəsən, Vəli Axundovun dövrünə düşürdü.

 

 

 

- Hə, Bakıda, demək olar ki, bütün vəzifələr erməni, yəhudi və rusların əlində idi.  Başqa millətlər bakılılarda belə bir fikir formalaşdırmışdılar ki, rayonlular  Bakıya gəlməsinlər. İmam Mustafayev vəzifələrə azərbaycanlıları çəkməyə başladı, koopirativ  evlər tikməyə icazə verildi və beləliklə, nisbət deyişilməyə başladı. Amma sonra ona elə özmüzkülər xələf çıxdılar.

 

 

 

20 -22 yanvar - Gündəlik hadisələrə baxan Məmməd dedi:

 

 

 

- Axı xalq qurbansız azad ola bilməz, ağlamaq qəti olmaz. Mübarızəsiz heç nə əldə etmək olmaz... Məqalələri oxuyub qurtarmaq lazımdır, çox hissəsini çıxaraq, bölmələrə ayıraq. Məsələn: “Sənət eşqi”, “Xoş gördük, təbiət” və s. bölmələrə - göstəriş verdi Məmməd.

 

 

 

26 yanvar -Elman soruşdu:

 

 

 

-Ana, Məmməd evdədirmi, Zöhrab onunla görüşmək, buraxdırdığı kaseti hədiyyə etmək istəyir.

 

 

 

Gəldilər. Zöhrab dedi ki, bu kasetdə Məmməd əminin də iki şeiri var. “Məndən ötdü, qardaşıma deydi”, “Hardasan”, kaseti dinlərsiniz, görün necə oxumuşam. Davam gətirməyib maqnitafonu qoşdu, oxuduğu şeirləri dinlədik. Zöhrab əlavə etdi:

 

 

 

 - Məmməd  müəllimin hər şeiri bir kinodur, kinoya mövzudur.

 

 

 

(Ardı var)

 

 

Təzadlar.- 2014.- 10 aprel.- S.6.