"Mədəni irsin qorunması və erməni saxtakarlıqları"

 

 

Dünən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan MHA-nın sədri Kamran İmanov bildirdi ki, YUNESKO tərəfindən elan olunmuş 23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü hazırda planetimizin əksər ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycanda həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur. O, qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz Onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaradılmış və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul olunmuşdur: "Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açılmışdır. Ulu Öndərin tövsiyələri əsasında Avropa məkanında ilk dəfə olaraq MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" qanun layihəsi hazırlanmışdır. 2002-ci ildə isə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Qanun qüvvəyə minmişdir".

K.İmanov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilmiş və onlara əlavələr olunmuşdur. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşmiş, 2004-cü ildə "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun, 2012-ci ildə isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur: "Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin layiqli davamçısı Prezident Cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq, Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilmiş və nümunəvi sistem kimi qəbul olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır".

K.İmanov Azərbaycan xalqının mədəni irsinin yüz illər boyu ermənilər tərəfindən "Gəldim, gördüm,... mənimsədim" sxemi üzrə oğurlanması məsləsinə toxunaraq bu siyasətin ölkəmizə qarşı ərazi iddiaları ilə sıx bağlı olduğunu bildirdi: "Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün Azərbaycan torpaqlarının həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar. Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırırlar. Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış ermənilər öz siyasətilərini davam etdirilər. Son vaxtlar yenidən Naxçıvan ərazisinə iddialar irəli sürürlər."

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konfransın aktual bir mövzuya həsr edilməsini yüksək qiymətləndirərək, təmsil etdiyi qurum tərəfindən son illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin qorunması və dünyada təbliği istiqamətində görülən işlərdən danışdı. O, qeyd etdi ki, ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışırlar: "Bu məqsədlə ermənilərin hər bir yola, cinayətə əl atırlar. Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününküləşdirilməsinə yol verilməməsi bu gün qarşıda duran ən ümdə vəzifələrdəndir. Keçən il Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldıra bilib. Belə ki, ölkəmiz Haaqa Konvensiyasının müvafiq komitəsinə üzv seçilib və işğal olunan ərazilərdə mədəni irsin vəziyyətini iclasın gündəliyinə daxil edərək bu istiqamətdə müvafiq sənədin qəbul edilməsinə nail olub. Qobustan və İçərişəhərin YUNESKO-nun gücləndirilmiş mühafizə statusunu alması da uğurların davamı kimi qiymətləndirmək olar".

 S.Məmmədəliyevanın sözlərinə görə, erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb: "Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata keçirilən tədbirlər sistemli və davamlı xarakter daşımalıdır".

 Konfransda YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva YUNESKO-nun baş direktoru İrina Bokovanın 23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciətini oxudu. Müraciətdə qeyd olunurdu ki, çap edilmiş sözün tarixi insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Ona görə də hər kəs dünyamızda sülhün təmin olunmasını istəyirsə, kitaba üstünlük verməlidir.

Tədbirdə "Qız qalası və ermənilərin saxtalaşdırma iddiası", "İlk Qriqorian kilsəsi, "Azərbaycana qarşı mənəvi təcavüzün forma və xüsusiyyətləri" və digər mövzularda məruzələr dinlənildi.

Sonra mövzu ətrafında müzakirələr aparıldı. Qeyd edək ki, konfrans iştirakçıları foyedə son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilən çap məhsulları ilə tanış oldular.

 

 Xalq Cəbhəsi.- 2014.- 24 aprel.- S.15.