Onun ziyalı missiyası

 

AMEA-nın müxbir üzvü, professor (Əziz dostum, professor Qulu Məhərrəmlinin 60 illiyinə)

 

...Hər insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Bu ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən, belə adamlar ümumi məqsəd naminə çalışan, milliictimai düşüncəyə xidmət edən və təbiətcə alicənab olurlar. Mənim üçün Qulu Məhərrəmli məhz öz alicənablığı ilə seçilən, üzərinə ictimai missiya götürən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran və hər cür hörmətə layiq olan parlaq şəxsiyyətlərdən biridir.

***

Bənzərsiz insan, istedadlı alim, jurnalistikamızda yüksək yaradıcılıq standartları yaratmış, bir çox “ilk”lərə yiyələnmiş Qulu Məhərrəmli mənalı ömrünün təxminən 40 ilini xalqına xidmətə, Azərbaycan elminin və jurnalistikasının inkişafına sərf edib. Onun səsi böyük auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla olan müzakirələrdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlir. Qulu müəllimin keçdiyi mənalı həyat yolu onu əsl ziyalı, təhsil və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasiictimai təfəkkür sahibi, gözəl şəxsiyyət kimi xarakterizə edir.

Alim-professor, pedaqoq-jurnalist və ən başlıcası, böyük insan Qulu Məhərrəmli gözəl Zəngilan torpağından başlayanuca bir zirvəyə aparan mənalı ömür yolu keçib. Bu yol Qulunun öz yoludur. Bu, daxili-mənəvi zənginliyin yüksək peşəkarlıq və ləyaqətlə qovuşduğu qeyri-adi bir yoldur. Təəssüf ki, Azərbaycan cəmiyyətində bu keyfiyyətləri özündə birləşdirən Qulu Məhərrəmli kimi parlaq şəxsiyyətlərimiz çox azdır.

60 illik yolun 30 ilinə bələd olan bir dost kimi deyə bilərəm ki, seçib getdiyi yol onun üçün hamar olmayıb. O, qızıl güllər içərisindən keçən prospektlə irəliləməyib. Əksinə, ağrılı-acılı, daşlı-kəsəkli bir yol olub, amma bu yol onu Qulu Məhərrəmli zirvəsinə aparıb. O, həmin zirvəyə heç kimin köməyi olmadan, zəhmətinin, ağlının və Allahın verdiyi istedadın sayəsində qalxıb.

Qulu Məhərrəmli harada çalışıbsa, nə görübsə, nə yazıbsa, nəyi araşdırıbsa, hamısını peşəkar səviyyədə edib. AzTV-də çalışaraq “7 günkimi analitik proqram hazırlamaq, “Gerçəklik” kimi müəllif verilişi üzə çıxarmaq, “Səhər” kimi tamamilə yeni tipli proqram yaradıb uzun illər ona rəhbərlik etmək, rəsmi dövlət tədbirlərindən saatlarla çəkən canlı reportajlar aparmaq, bir sözlə, həmişə üzdə olmaq və həm də bütün bunlarla yanaşı, öz mənəvi simanı qoruyub-saxlamaq, içindəki həqiqət hissinə sadiq qalmaq hər adamın işi deyil.

Hər addımında milli düşüncəyə fayda verməyə çalışan Qulu müəllim təkcə teleaparıcı və şərhçi deyil, həm də gözəl publisistdir. Sadə, duzlu, obrazlı dili, detalları mənalandırmaq, yaxşı ümumiləşdirmələr aparmaq məharəti və ictimai mətləbləri özünəməxsus şəkildə təqdim etmək qabiliyyəti var. Yazılarındakı dərin sətiraltı mənalar, incə eyhamlar, bəzən də açıq sarkazm onun publisistik qələminə ayrıca güc veriroxucuda fərqli ovqat yaradır. Hələ mən Qulu Məhərrəmlinin jurnalistikadilçilik elmimizin hüdudlarını genişləndirən, bu sahələrdə yeni istiqamətlər açmış araşdırmalarını, nəzəri düşüncələrini, fundamental monoqrafik əsərlərini, çoxsaylı kitablarını, izahlı lüğətlərini, dərsliklərini demirəm.

***

Mənim çoxlu jurnalist dostum, ziyalı, alim həmkarlarım var və onların hamısı Qulu Məhərrəmli haqqında həmişə ciddiyyət və hörmətlə danışır. Çünki Qulu müəllim bizim mətbuat aləmimiz üçün nümunə olan şəxsiyyətlərdən biridir. Onun həm elmi yaradıcılığı, həm ictimai, həm də jurnalist fəaliyyəti bunu açıq-aydın təsdiq edir. Mənim jurnalistdə görmək istədiyim və tələbələrimə dönə-dönə dediyim birinci şərt odur ki, jurnalist operativlik şəraitində belə obyektivlik meyarını itirməməlidir. Bəllidir ki, qısa bir zamanda baş vermiş hadisə, müstəsna olay haqqında ictimaiyyətə dəqiq məlumat çatdırılmalı, az müddət sonra təfərrüat açıqlanmalı, yalnız bundan sonra hansısa şərh verilməlidir. Bütün bu prosesdə kiminsə haqqı tapdana, taleyi ilə oyun oynanıla bilər, günah səviyyəsində addımlar atıla bilər. Bu mənada, jurnalist sənətindən ağır sənət tanımıram. Mənə belə gəlir ki, tanıdığım jurnalistlər içərisində, xüsusilə iqtidar mətbuatında işləyən jurnalistlər içərisində vicdanı qarşısında təmiz olan ən yaxşı söz adamlarından biri Qulu Məhərrəmlidir. O, yaşadığımız bu qarışıq dövrdə, ölkənin daxilində yaranan mürəkkəb vəziyyətlərdə heç vaxt mizanı, ölçünü pozmayıb və obyektivliyini saxlayıb. Hətta demək mümkün olmayan yerdə də haqqı söyləməyə cəhd göstərib və bu haqqı söyləyib. Eyni zamanda elə məsələlər var ki, orada neytral qalmağın özüböyük cəsarət istəyir. Bəzən tələm-tələsik, məqsədli mövqe bildirməkdənsə, daha çox səbir etmək, susmaq gərək olubsa, Qulu susmağı, səbir etməyi bacarıb və çəkingənlik səbəbindən yox, obyektiv olaraq susub.

Gördüyü bu qədər dəyərli işlərin müqabilində Qulu müəllim nə qədər sadə və təvazökardır... Bəlkə də, bu təvazökarlığına və səmimiyyətinə görə onunla ünsiyyətdə olmaq bir başqa aləmdir. Zəngin daxili mədəniyyəti, güclü yumor hissi olan çox həssas, eyni zamanda prinsipial, mübariz və əzmkar bir adamdır. Haqsızlığı, riyakarlığı və yaltaqlığı qəbul edən deyil. Qulu müəllim düşüncəsində və davranışında, elmipublisistik yaradıcılığında, bütün həyat fəaliyyətində çox müstəqildir. O, millət, dövlət və ictimai əxlaq məsələsində heç bir kənar diktələri, mənasız çərçivələri qəbul etməyən, yalnız vicdanının səsinə qulaq asan iradəli şəxsiyyətdir. Məhz bu keyfiyyətlərinə görə ictimaiyyət içində, elm və təhsil dairələrində, mətbuat əhli arasında onu yaxşı tanıyır və hörmət edirlər.

***

Qulu müəllimin adı da, imzası da cəmiyyətdə bir dəyər kimi qarşılanır, insanlar bu imzanın arxasında vicdanlı bir şəxsiyyət görürlər. Belə şəxsiyyətlərlə bağlı hər hansı davranış həmişə geniş rezonans doğurur. Yaxşı xatırlayıram ki, 2-3 il əvvəl onun imzasından ziyalılara qarşı istifadə etmək cəhdi olanda cəmiyyət necə bir-birinə dəymişdi. Mən onda bir daha əmin oldum ki, insanın əsl xarakteri dar ayaqda, böhran anında üzə çıxır. Bax, belə bir böhranlı şəraitdə, bu xoşagəlməz kampaniyada Qulu Məhərrəmli heç nədən çəkinmədən, böyük təmkinlə ziyalı ləyaqəti nümayiş etdirdi, ortaya böyük cəsarət və mənəviyyat nümunəsi qoydu, əsl ziyalının hansı mənəvi gücə sahib olduğunu göstərdi...

Əlbəttə, əxlaqlı davranışına görə o, müəyyən itkilərlə də üzləşdi. Amma baxmaq lazımdır ki, həmin itki deyilən şeylərin müqabilində bu insanın tarix qarşısında qazancı nə oldu?.. Bu qazanc itki ilə əsla ölçüyəgələn deyil. Mən elə bir ziyalı tanımıram ki, öz zəmanəsində onu daşlamamış, haqqını pozmamış olsunlar. İtki, ola bilsin ki, hər hansı ziyalı üçün müvəqqəti itkidir. Məncə, tarix qarşısında Qulunun qazancı daha böyükdür. Bu qazanc ona XXI əsrdə Azərbaycan ziyalılığında ətalət buzunu qıran ziyalı imici gətirdi. Bax, buna görə vicdanlı adamlar Qulunu sevir, ona bu qədər ehtiram göstərir, dəyər verirlər.

Əziz dostumuz Qulu Məhərrəmli kimi əsl ziyalıların və qələm sahiblərinin ömrü çox uzun olur, söhbət bioloji yaşdan getmir, dünyanın astronomik sonu yoxdur. Mən istəkli dostuma və dəyərli ziyalımıza dünya ömrü arzulayıram!

 

 

Rafiq Əliyev

Təzadlar.- 2014.- 6 dekabr.- S.5.