Mənəvi zənginlik və ləyaqət timsalı

 

Zaman hiss olunmadan ötüb keçir, amma onun rəngləri hadisələrə və insan talelərinə hoparaq qalır. Tanınmış jurnalist həmkarım, professor Qulu Məhərrəmlinin ötən il çapdan çıxmış “Zamanın rəngləri” kitabını oxuyandan sonra bu qənaətin doğruluğuna heç bir şübhəm qalmadı. Kitabda toplanmış publisistik yazılar son 15-20 ilin dramatik hadisələrini, xüsusən Qarabağ problemi və Cənubi Qafqazda gedən geosiyasi savaşı əks etdirir. Biz burada təsvir olunan bir çox hadisənin şahidi, bir çoxunun isə iştirakçısıyıq. Ona görə də kitabı ararm-aram vərəqlədikcə, xəyal adamı gərgin hadisələrin cərəyan etdiyi həmin illərə qaytarır və mən neçə il əvvəl həmkarım haqqında yazdıqlarımı xatırlayıram...

Jurnalistika fəaliyyətində mənimlə Qulu müəllimin yolu əvvəllər nadir hallarda kəsişirdi. Mən Rusiyaxarici ölkələrin kütləvi informasiya vasitələrində, o isə Azərbaycan televiziyasında çalışırdı. Biz yalnız 90-cı illərin əvvəllərində prezident Heydər Əliyevi müşayiət edən jurnalist briqadasının tərkibində xarici ölkələrə səfərlər zamanı tanış olub dostlaşmışıq.

Məhz həmin vaxtlar bu zahirən qaradinməz, hətta bir qədər utancaq, lakin içi dolu və təvazökar görünən insanda, şəxsən özümün bəyəndiyim keyfiyyətləri kəşf etdim. Məlum oldu ki, zövqümüzdə, buya digər məsələyə münasibətimizdə ümumi cəhətlər az deyil. Bizi, istər ortodoksal - müti sadiqlik, istərsə də qatı müxalifət mövqeyibu mövqeləri bayağılıqla təbliğ edən mətbuatı qəbul etməməyimiz yaxınlaşdırırdı. Bir sözlə, Qulu Məhərrəmlinin simasında ən müxtəlif məsələləri asanlıqla və könül xoşluğuyla müzakirə edə biləcəyim məsləkdaşıma rast gəlmişdim. Buya digər mövzuya müxtəlif cəhətlərdən yanaşmamıza baxmayaraq, bizi əsas amil - dünyanı eyni cür dərk etməyimiz yaxınlaşdırırdı.

O, bizim jurnalistika mühiti üçün çox vacib olan daxili zənginlik, peşəkarlıq və yüksək ləyaqətlilik kimi keyfiyyətləri özündə birləşdirir. Hətta sırf rəsmi, hökumət tədbirlərindən olsa da, Qulunun apardığı veriliş və reportajları xatırlayanda, ilk növbədə, onun yüksək peşəkarlığını, danışığındakı təmkin və ölçü hissini qeyd etmək istəyirəm. Sirr deyil ki, bu ölçü hissi bizim rəsmi KİV nümayələndələrində tez-tez itir. Qulu Məhərrəmliyə isə bu hiss heç vaxt xəyanət etmir. Mən hələ onun yüksək peşəkar səviyyəsi, öz müəllif proqramlarını apardığı gözəl, qibtə ediləsi ədəbi, obrazlı dilini demirəm. Məhz bu keyfiyyətlərinə və parlaq publisistikasına görə mən onun apardığı “7 gün” və “Təfsilat” verilişlərini çağdaş telejurnalistikamız üçün əsl hadisə hesab edirəm.

Qulu uzun müddət Azərbaycan Televiziyasında “Səhər” proqramına rəhbərlik edib və ən tələbkar tamaşçıların da etiraf etdiyi kimi, bu proqram AzTV-də ən maraqlı, cəlbedici verilişlərdən biri olub. Bu proqrama Qulunun özünün şəxsiyyətini səciyyələndirən xüsusiyyət - əsl ziyalılıq xas idi. Şadam ki, dəfələrlə bu proqramın qonağı olmuşam və “Səhər” redaksiyasının mehriban kollektivi, istər Rusiya qəzetlərində uğurlu məqaləm, istərsə də növbəti kitabımla bağlı nailiyyətimi mənimlə birlikdə qeyd edib.

Qulu gözəl müəllim, alimdir, bir xeyli sanballı kitab yazmış parlaq jurnalistikateleviziya nəzəriyyəçisidir. Amma mənimçün o, həmişəlik, ilk növbədə, jurnalist olaraq qalacaq. Elə bir jurnalist ki, onunla həyatımızın ən gözəl çağlarında ümumi tariximizin - Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixinin xeyli həyəcanlı, bəzən dramatik (və hətta faciəli), bəzənsə sevincli, fərəhli günlərini yaşamışıq. Bu tarixin salnaməsinin yaradılmasına layiqli töhfə verənlərdən biri də məhz Qulu Məhərrəmlidir”.

***

İlahi, vaxt necə tez keçir! Sanki bu qeydləri mən dünən - Qulunun 50 yaşı olanda yazmışdım. Ancaq indi o, 60 yaşa gəlib çatıb. Amma elə bil ki, zaman bu insana heç təsir etməyib: sadəcə, ağarmaqda olan saçları bir az seyrəlib. Ancaq onun üzündən əskik olmayan gülüşü, çöhrəsinə işıq verən təbəssümü, mehriban gözləri əvvəlkitək canlı və parlaqdır.

Ötən 10 il ərzində Qulunun həyatında şirinli-acılı çox hadisə baş verib. O, jurnalistika sahəsində ilk elmlər doktoruprofessor adını qazanıb, respublikanın Əməkdar jurnalisti adına layiq görülüb, bir neçə sanballı kitabı, monoqrafiya, dərslik və lüğətləri çapdan çıxıb. 2005-2008-ci illərdə Mətbuat Şurasının sədr müavini olub, AzTV-ni tərk edərək Xəzər TV-də çalışmağa başlayıb. Bu televiziyadaDost məclisi” və “Gündəm” adlı yeni müəllif proqramları ilə Azərbaycanın hüdudlarından kənarda da məşhurlaşıb.

Ötən onilliyin əsas optimist nəticəsi ondan ibarətdir ki, Qulunun yüksək peşəkarlılığı, az da olsa geriləməyib. O, əvvəlki kimi çoxşaxəli yaradıcılıq fəaliyyətini davam etdirir, müxtəlif sahələrdə özünü sınayır: telejurnalistikada, ssenari yaradıcılığında, sənədli filmlərin çəkilməsində... Bundan başqa qəzetlərdə publisistik məqalələrlə çıxış edir, dərs deyir, elmi məqalələr yazır, izahlı lüğətlər tərtib edir, treninqlər aparır və s. Bəzən onun çoxşaxəli fəaliyyəti və tükənməz enerjisi insanı mat qoyur. Əsas odur ki, bu parlaq və həyatsevər adamın həyata keçirdiyi layihələr, ortaya çıxardığı əsərlər yüksək peşəkarlıq keyfiyyətinə və elmi səciyyəsinə görə fərqlənir. Qulu həmişə bildiyi məsələlər haqqında danışır və yazır.

Milli jurnalistikamızın korifeylərindən biri kimi, professor Qulu Məhərrəmli parlaq fəaliyyətində gənc nəslin təlim və tərbiyəsini ön planda saxlayır. Nə gizlədək, məşhur jurnalistlər pedaqoji və xüsusən də elmi fəaliyyətdən qaçırlar. Əvvəla, maaş az verilir, ikincisi, tələbələrlə çox məşğul olmaq lazımdır, mühazirələr, dərs vəsaitlərinin yazılması çox vaxt tələb edir, həmin vaxtı onlar özlərinə sərf etməyə üstünlük verirlər. Axı illər keçdikcə, yaradıcı insanların vaxtı azalır, planları isə çoxalır.

Qulu müəllim, Balzakın Qobseki kimi, öz vaxtının üzərində əsmir, öz bilik və təcrübəsini səxavətlə tələbələrlə bölüşür. O, tələbələrin və praktik jurnalistikanın ehtiyaclarını xüsusi həssaslıqla duyur. Qərb jurnalistika elminə dərindən bələd olduğu üçün əsərlərində nəzəri ümumiləşdirmələrə geniş yer verir. Onun müəllifi olduğu çoxsaylı kitablar arasında həm tarixi-nəzəri araşdırmalar, həm monoqrafik əsərlər, həm dərsliklər və metodik vəsaitlər, həm də izahlı lüğətlər əsas yer tutur. Jurnalistikadilçilik elmimizin ciddi nailiyyətləri sayılan bu əsərlərdəki elmipraktik kəşflərin dəyəri müəllifin qazandığı praktika ilə zənginləşdirilməsindədir. Təkcə onun yeni kriteriyalara uyğun yazdığı “Jurnalistikanın əsasları” dərsliyini vərəqləmək kifayətdir ki, Qulunun ictimai düşüncəmizə və mediamıza gətirdiyi nəzəri fikirləri, praktikanın tələb etdiyi davranışların zəruriliyini anlayaq. Qulu bir səviyyədir, peşəkarlıq etalonudur.

Professor Qulu Məhərrəmli peşəkar keyfiyyətlərinə görə praktik jurnalistikadaustad”, “metr” adı qazanıb. Amma əldə etdiyi bütün nailiyyətlərə və məşhurluğuna baxmayaraq, Quluya əlçatmaz adam demək olmaz. Mən onun kimi sadə, əlçatan, səmimi və xoşniyyətli, xoşqılıq və ünsiyyətcil insan təsəvvür etmirəm. Mənim üçün vacib olan Qulunun hər şeyə ağılla, bir az da tərəddüdlə yanaşmasıdır. Onun üçün nə həyatda, nə də jurnalistikada tam , yaxud başdan-başa qara rəng yoxdur. O öz həyat əqidəsi haqqında çox səmimi etiraf edib: “Mənim prinsipim heç də həmişə normal başa düşülməyən orta mövqedən çıxış etmək olub. Hesab edirəm ki, bu, həqiqəti dərk etmək və ona yaxınlaşmaq yoludur. Cəmiyyətin də, dünyanın da taleyi məhz bu orta yoldan keçir”. Ona görə də filmləri, reportajları və publisistik materiallarında həyat birmənalı deyil, öz rəngləri ilə görünür. O, heç vaxt tamaşaçılara, yaxud dinləyicilərə öz nüfuzu ilə təsir etmir, heç kimə böhtan atmır. O, balanslaşdırılmış və yoxlanmış məlumatı paylaşmağı üstün tutur, amma nəticələri və mühakimələri oxucunun öz ixtiyarına buraxır.

***

Mənə, onun müəllif verilişlərində dəfələrlə qonaq, yaxud ekspert kimi iştirak etmək nəsib olub. Hər dəfə onun verilişlərində ünsiyyətin ziyalı tərzindən, bir aparıcı kimi yaratdığı sakit, rahateyni zamanda güvənli mühitdən zövq almışam. Onun çox parlaq və obrazlı danışığı, tamaşaçını cəlb edən incə üslubu var. Bu gün ekranda görünən əksər aparıcıya, hətta məşhurlara belə nitq mədəniyyəti baxımından iradlar tutmaq olar: bir qisminin qarışıq diksiyası var, bəziləri mürəkkəb və dolaşıq ifadələr işlədir, üçüncülər isə məhdud zaman kəsiyində daha çox məlumat vermək üçün o qədər tələsirlər ki, onları başa düşmək çətin olur. Bütün bunlarla müqayisədə Qulu Məhərrəmli əsl natiqdir. Əvvəllər onu AzTV-də analitik proqram apararkən dinlədikdə elə bilirdim ki, aktyorluq fakültəsini bitirib. Çünki nitqini çox məharətlə qurur, natiqlik mədəniyyətinin bütün qanunlarını gözləyir, tempi düzgün seçir, fasilələr edir, məntiqi vurğunu dəqiq və yerində işlədirdi. Bu baxımdan, deyə bilərəm ki, Qulu Məhərrəmli, sözün həqiqi mənasında, nitq mədəniyyəti məktəbidir, gənc həmkarlarının onun yüksək səviyyəli dərslərinə ehtiyacı var. Əslində, o bu sahədə dayanmadan çalışır. OnunRadiodramaturgiya dili” (1990), “Audiovizual nitq” (2000), “Televiziya nitqi və ədəbi tələffüz” (1999), “Mediada debatlar” (2009), “Radio verilişlərinin diliüslubu” (2011) kimi kitabları məhz bu ehtiyacları ödəmək üçün yazılıb.

Yazıda və danışıqda Azərbaycan dilinin qaydalarına əməl etmək, efirdə ədəbi tələffüz normalarını gözləmək, düzgün üslub seçməyi öyrənmək baxımından Qulu Məhərrəmlinin “Ekran və ədəbi dil” (2001) kitabının misli yoxdur. Çox az adam bilir ki, Tehranın “Zindegi” nəşriyyatında çap olunmuş bu kitabı Qulu müəllim xüsusi olaraq cənubi azərbaycanlı soydaşlarımız üçün yazıb. Çünki hazırda Tehran, Təbriz, Ərdəbil və başqa şəhərlərdəki yerli radio-televiziya ilə Azərbaycan dilində yayımlanan verilişlərdə dilimizin leksik-qrammatik qaydaları fars dilinin təsiri altına salınır, təhrif edilir. Məhz bu prosesə müqavimət göstərmək və Cənubda da dilimizin düzgün işlədilməsi üçün, əsl ziyalıya xas olan addım ataraq, soydaşlarımıza kömək üçün belə bir praktik vəsait hazırlayıb çap etdirir. Yəni Qulu müəllim qaranlığı söyənlərdən yox, şam yandıranlardandır.

***

Qulu Məhərrəmli hər şeyi öz zəhməti ilə qazanıb, onunnüfuzlu qohumları, nə də başqa əlaqə və vasitələri olub. O, şöhrətinin zirvəsinə halallıqla çatıb, yalnız istedadı və zəhməti sayəsində böyük arenaya çıxıb. Bunun üçün öz üzərində daim işləyib, gecə-gündüz çalışıb, yazı masası arxasında və televiziyanın montaj otağında yuxusuz gecələr keçirib. Şübhəsiz ki, bu zəhməti, yaradıcı istedadı, mənəvi zənginliyi və yüksək ləyaqət hissi onu milli jurnalistikamızın ən tanınmış simalarından birinə çevirib.

Təəssüf ki, bu gün o, televiziyada əvvəlki kimi çox görünmür. Amma bizim onun mehriban təbəssümünə, gülərüz çöhrəsinə, intellektual və ziyalı danışıq tərzinə, tələsmədən, düşüncəli və dərin təhlillərinə ehtiyacımız var. İnanıram ki, onun yenidən yeni proqramların aparıcısı, yaxud müəllifi kimi, televiziya tamaşaçılarının qarşısına çıxacağı gün uzaqda deyil. Həmin günü səbirsizliklə gözləyəcəyik, hələlik isə Qulu müəllimə yeni yaradıcılıq uğurları və müstəqil Azərbaycan jurnalistikasının tərəqqisi naminə tükənməz enerji arzulayıram.

 

Elmira Axundova,

yazıçı-publisist,

əməkdar jurnalist

Təzadlar.- 2014.- 16 dekabr.- S.12.