Millətin zərrələri...

 

İnsanı başqa varlıqlardan, canlılardan fərqləndirən onun qəlbi, düşüncəsidir. Ancaq təbii ki, hər insanda da böyük fərəhlə axtardığımız o işıqlı qəlbi, o məhrəmanə düşüncəni tapmaq bizə nəsib olmur. Amma bütün hallarda insanla hansısa günəşli bir məqamda, hansısa lal, zülmət gecənin işıq tapdığımız bir guşəsində barışmaq olur. Yetər ki, insan böyük mənəviyyata üz çevirməsin, yerət ki, insan namərdliyi, xəyanəti özünə həyat yolu seçməsin, yetər ki, yaşadığı ömürdə bircə kərə sevgi çırağı yandırsın, yetər ki, insan açdığı kasıb süfrəsindən utanmasın, ürəyi, qəlbi ilə qürrələnsin. Onda bütün hallarda insan haqqında danışmaq əzaba çevrilməz.

 

Bu düşüncələrimi aydın siması olan, emosiyaları az qala çırpına-çırpına qəlbindən boylanan Çərkəs Aydınoğlunun şeirləri ilə əlaqələndirmək istəyirəm. Çünki onun yazdıqlarında, yaratdıqlarında böyük insanın özünü gördüm. İnsanın xırda hisslərlə son nəfəsinədək mübarizəsini, insanın yalanla, hiylə ilə barışmaz mövqedə dayandığını duydum, hiss etdim. Əlbəttə, Çərkəs Aydınoğlu hər şeydən öncə yurd ağrısı ilə yazıb-yaradır. Azərbaycan adlı məmləkətin bütövlüyü yolunda onun şeirləri bir savaş örnəyidir. Görünür, şairin içindəki mənəvi savaşlarıdır onu poeziya meydanına dartıb gətirən. Lal axan suların səsi uzaqlardan yolçunu çağırmadığı, özünə qonaq edə bilmədiyi kimi, səsini içinə salmış insanların da yeri cəmiyyətdə görünmür, bəlkə də çox nadir hallarda görünür. Çərkəs Aydınoğlunun daxili dünyası, onun ruhu, mənəvi aləmi daşlara-qayalara meydan oxuyan çılğın dağ çayları kimidir. Nəğməsi ilə, dağlara əks-səda salan, qıjov axan, çağlayan zümzüməsi ilə oxucusunu haraylayır: “Odu sönmüş gəl sinəmdən od apar” deyir. Doğrudan da kifayət qədər həyat təcrübəsi, elmi fəaliyyəti, dünya görüşü, həyata baxışının zənginliyi ilə seçilən Çərkəsin sinəsi odun-atəşin Vətənidir. O başqa məsələdir ki, o, duyğularını hansı ədəbi-bədii səviyyədə poetikləşdirir, hansı peşəkarlıqla düşüncələrini sözə çevirib öz oxucusuna çatdırır. Əsas odur ki, o, ürəyinin mənzərəsini çəkə bilir. Bu mənzərədə təbii ki, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Məmməd Araz poetikası ola bilməz. Amma biz bu mənzərədə yurd eşqi ilə yaşayan, Azərbaycan torpağının qüdrətli nəfəsini duyan, onu bir həyat iksiri, dirilik suyu kimi içinə çəkən bir cəfakeş söz adamının, Azərbaycan ziyalısının mövqeyini oxuyuruq.

Şeirlərindən hiss olunur ki, Çərkəs hədsiz dərəcədə hiss, emosiya adamıdır. İnsan təbiətini formalaşdıran mürəkkəb hisslərin, ziddiyyətlərin toqquşması, çaxnaşması, arınması, durulması var Çərkəsin yazdıqlarında. Və qeyd etdiyim kimi, onun ən müxtəlif adda yazdığı şeirlərinin nüvəsində Azərbaycan məni, azərbaycançılıq, doğma yurdun sevinci-iztirabı, hərarəti dayanır.

Bir təsadüf nəticəsində onunla tanış oldum. “Adiloğlu” nəşriyyatını soraqlayırdı. Mərtəbəmizdəki “Təknur” nəşriyyatının yerini nişan verdim. Dedim ki, şeirlərində həyat işığı varsa, hansı nəşriyyatın olması önəmli deyil. Şeir yazan şairdir, nəşriyyat deyil. Nəşriyyat olsa, olsa kitabın tərtibatı üçün texniki bir vasitədir. Hələ bir neçə dəqiqəlik ayaqüstü söhbətimizdə redaksiyamızdakı yaradıcı insanlarla Çərkəs Aydınoğlunun bir mübahisəsi də oldu. O, Qarabağ adına etiraz edirdi. Mən onu ilk baxışdan anladım, demək istəyirdi ki, ad bədbinlik yaradanda, taleyə də müəyyən qədər təsir göstərir. O, Qarabağa “Yaşılbağ” deyirdi. Bu, Çərkəs Aydınoğlunun Azərbaycanın itirilmiş dilbər guşəsinə- Qarabağımıza olan içdən gələn sevgisi idi. Həm də düşüncəsinin dərin qatlarında, bəlkə də uzaq xəyallarında Qarabağı yaşıl bağ kimi görür, təsəvvür edirdi. Sonradan onun “Yaşılbağ” adlı şeirini oxuyanda ilk söhbətimizdən duyduqlarımın yanlış olmadığını bildim. “Yaşılbağ” şeirində müəllif yazır:

...Bu adda elə bir tilsim var,

Pozurlar bu yurdun rahatlığını.

Xocalı qırğının de kim unudar,

Ana fəryadını, övlad dağını?

 

Qəlbən inanıram, o gün gələcək,

Torpağım yadlardan azad olacaq.

Gəlin bu diyara düzgün ad seçək,

Dəyişək adını, qoyaq- Yaşılbağ

 

“Yaşılbağ”ı şairin ümidləri kimi görürəm. “Yaşılbağ” şeiri insan iztirablarının sonuncu həddini nəğməyə çevirən bir mahnını da yadıma salır:

Ayrılıq bir dənizmiş,

Sən uzaq, yaşıl ada...

Təkrar edirəm, “Yaşılbağ” şeiri Qarabağ ayrılığının, həsrətinin ağrısından doğulub. Bu ədəbi nümunədə Azərbyacan övladlarını mübarizəyə, düşməndən intiqam almağa, Xocalı qisasını qiyamətə saxlamamağa çağıran notlar var. Çərkəs Aydınoğlu bu tip şeirlərində yurdu düşmənlər tərəfindən tapdalanmış, altı üstünə çevrilmiş hər bir vətəndaşımızı mənəvi olaraq səfərbər edir. Şeirlərindəki poetik vüsətlə insanı ayağa qaldırır.

Respublikanın tanınmış ziyalılarından biridir Çərkəs Aydınoğlu. Geologiya, minerologiya elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aparıcı elmi işçisidir. Uzun müddət neft sahəsində çalışıb və bir tədqiqatçı kimi bu sahədə çoxlu uğur sahibidir. Bir neçə şeir kitabının müəllifidir. “İlahi duyğular” adlı şeirlər toplusuna tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova ön söz yazıb. O maraqlı bir məqama, müəllifin iç dünyasını sərgiləyən nüanslara toxunub: “ Şairin lirik-psixioloji şeirlərindən onun təcümeyi-halını öyrənmək mümkündür. Haqq və ədaləti hər şeydən üstün tutan, yalanla, riyanı qəbul etməyən müəllif vəzifə və var-dövlətin dəyişdirdiyi insanların yeni “əxlaq”ına, zamanın qəribə gərdişinə öyrəşə bilmir. Bu daxili həyəcan, bu etiraz və üsyan Çərkəs Aydınoğlunun şeirlərindən ana xətt kimi keçir. O, oxucunu düşündürməyə, həyatda fəal mövqe tutmağa çağırır...”

Bütün şairlər kimi, Çərkəs də gözəllik aşiqidir. İnsanı heyrətləndirən təbiət möcüzələri qarşısında diz çökərək qəlbinin kövrək, həzin tellərini ehtizaza gətirir. İnsanı həyata bağlayan duyğular, misralar ortaya qoyur. Təbiətə sevgi də şairin ayrıca bir ilham mənbəyidir. Əslində bu da müəllifin yurd sevgisinin bir hissəsi, çəkilmiş bir tablosudur. Təbiətə bağlı, təbiəti sevən şairlər həm də millətçiliyi, yurdçuluğu təbliğ edən insanlardır. Təbiətə sevgi əslində torpağa, yurda sevginin başqa bir adıdır. Çərkəs Aydınoğlu Quba torpağında doğulub, amma o, yurdun gözünə dəyən bütün gözəlliklərini, elə Quba torpağına olan məhəbbəti qədər ucada bilir, uca hisslərlə tərənnüm edir. Qaxda bahar lövhələrindən danışan şair ezackar bir tablo yaradır. Sanki bu məqamda o, həm də bir mahir rəssamdır. “Qaxda bahar lövhələri” həm təbiət təsvirləri ilə diqqət çəkir, həm də şeirdə insan-təbiət təzadları, insan-təbiət vəhdəti, ekoloji tarazlıq, bu tarazlığın insan tərəfindən pozulması, insanın təbiətə kobudcasına müdaxilə etməsi kimi hallar oxucunu düşündürməyə bilməz.

Gözəl yaz havası, sakit meh əsir,

Gölün səthi ilə süzür ləpələr.

Gördüm ki, ovçular yaman tələsir,

Sən demə üç ördək gölə eniblər.

 

Dedim, qoy üzsünlər, gözlərim doldu,

Vurmayın, gör necə yaraşır gölə.

Üç ördək atəşin qurbanı oldu,

Qismətdir- söylədi, o gülə-gülə.

 

Şair ovçunun göllər sonasına, yaşılbaş ördəklərə uf demədən qıydığını ürək ağrısı ilə dilə gətirir və bu yaşantını Qaxdakı bahar lövhələrinin bir epizodu kimi qələmə alır. Əslində bu nəhəng bir həyat tablosudur. Bu tablonun sinəsində insan tərəfindən qanına boyanmış gözəlliklər də çırpınır. İnsan əməllərinin rəngi dağ döşündəki lalələrin qan rəngi ilə üz-üzə gətirilir. Tanrının yaratdığı lalələr öz rəngində, öz çalarında gözəldir. Amma insan əməlindən qan sıçrayırsa, insanın törətdikləri qan axıdırsa, bu dəhşətdir. Şairi yazmağa vadar edən də belə ürək ağrıdan səhnələrdir. Məncə, Çərkəs Aydınoğlu hisslərini, emosiyalarını sərgiləyə bilir. Onun hər bir şeirində təbiilik var. Hiss olunur ki, o, narahat dünyasından qopub gələn ağrını, əzabı, qəmi poetik məcraya yönəltməyə çalışır.

Bir dostumuz onun ötən illərdə çap olunmuş “Qan qardaşım” poemasını xatırlatdı. Poemanı mən də oxudum. Açığı, deməliyəm ki, “Qan qardaşım” Çərkəs Aydınoğlu yaradıcılığının güzgüsüdür. Poema həzin bir dildə, rəvan bir gedişlə, özü də sanki birbaşa yazılıb, əfsanəyə oxşayır. Elə bil ki, müəllif onu min illərin o tayından bu günümüzə gətirərək, müasir poeziya dili ilə bizə çatdırıb. Poemada Azər ağrısı var. Poema yaddaşı titrədir, biz kimik, hardan gəlmişik, hara gedirik, suallarına cavab axtarmağımızı bir tələb kimi qarşıya qoyur. “Qan qardaşım” yurdun poetikcəsinə uzaq keçmişini xatırladır. “Qan qardaşım”ız nisgilli Araz lövhələrini yada salır. Araz üstündəki həsrət körpülərini dillləndirir. Xüdafərin harayını bizə yenidən oxutdurur, eşitdirir. Təkcə elə o poemasına görə şairin Azərbaycan poeziyasında yaşamaq haqqı var. Bəzən bir bənd, bir misra da şairi tarixiləşdirə bilir. Onu gələcək nəsilllərə istinad verir, tapşırır. Bir sözlə, Çərkəs Aydınoğlu özünün poetik görüşləri, duyumları ilə cəmiyyətin yükünə çiyin verən bir ziyalıdır. O özü ilə daha çox ağrı daşıyır. Bu yurdun ağrısı bir insanın, bir adamın qəlbinə sığmaz; Çərkəs Aydınoğlular ürəyində Vətən ağrısı, Vətən eşqi daşımaqla bu millətin zərrələrinə çevrilirlər. Zərrələr bir yönə üz tutanda, bir məcraya axanda güc-qüdrət kəsb edir. Şairlərimiz Azərbaycanın mənəvi gücü-qüdrətidir...

Bəli, bir vaxt gələcək ki, biz şairin dediyi kimi Qarabağı azad görəcəyik. Qarabağ bizim həm də yaşıl bağımız olacaqdır. Murdar erməni nəfəsi, erməni ayağı bu torpaqlardan birdəfəlik üzüləcək. Qarabağın qara baxtı açılacaq. Bir şair demiş, gün gələr qurtarar dava, dağılar buludlar, açılar hava.

Şairə yeni yaradıcılıq arzusu ilə...

Fariz Çobanoğlu

Təzadlar.- 2014.- 18 dekabr.- S.15.