Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

 

26 oktyabr - Prezident aparatından soruşdular:

- Biz sizi Hüseyn Cavidin məqbərəsinin açılışına gedən nümayəndə heyətinin tərkibinə salmışıq, etiraz etmirsiniz ki?

Məmməd razılıq verdi, mənim də adımı yazıb götürdülər. Dedilər ki, 29-u gedəcəyik.

- Bilirəm, söhbətlərim üçün darıxırsan, otur, sənə danışım. Bu söhbəti Vahidin özü mənə danışıb:

- Cavan vaxtlarımız idi, içmək istəyirdik, amma pulumuz yox idi. Kommunist küçəsi ilə üzü yuxarı gedirdik. Xoşbəxtlikdən Cəfər Cabbarlı ilə rastlaşdıq, ona şikayətləndik:  Cəfər, ölmüşük, bizi yerdən götür.

Cabbarlı ərinmədən qoltuğundan “Bakinskiy raboçiy” qəzetini çıxarıb yerə atdı, üstünə də bir üçlük tulladı və dedi:

- Gedin, özünüzü yerdən götürün.

Məmməd Əkbər həmişə deyərdi:

- Vahid böyük şairdir. Mənim dostum idi. Məni görəndə həmişə zarafatla deyərdi:

Həmi şöhrətlisən, həmi adlısan,

    Dostumsan, hayıf ki, ordubadlısan.

Süleyman  Rüstəmin Vahidə aid gözəl bir lətifəsi vardı:

- Vahid it saxlardı. İtin quyruğunu kəsdirir. Bunu lotular eşidir və içmək məqsədilə gəlirlər Vahidgilə:

- Vahid, eşitmişik iti kəsdirmisən, gəlmişik təbrik edək.

Vahid özünü itirmir, arvadını çağırır:

- Ay qız, dur bir süfrə aç,  itin qohum-əqrəbaları yığışıb gəliblər.

27 oktyabr - Səhər əlimə Məmmədin yarımçıq misraları düşdü:

İki il ömrümün iki varağı

Yazılıb əbədi çevrildi artıq (ili yazılmayıb)

Yazı masana bir neçə şer yazmısan. “Yazı masama” kimi məşhur şerindən sonra yenə də yazı masana şer yazmaq  istəmisən...

 

 

YAZI MASAMA

 

 

Biz iki ocaq kimi,

Sinə-sinəyə yandıq.

Odumuz öpüşəndə

Közümüzə inandıq.

 

 

 

 

 

Dərd eləmə desəm ki,

Yazı masam, ölürəm.

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm...

 

 

Və ya​

 

 

Yazı masam, söz bəhrəli planetim,

Bir əmrimlə  hər uçuşa hazır idi.

Neçə dostun yaddaşında adım itib,

Mən bir zaman düşmənə də lazım idim..

 

 

Yarımçıqdı. Bir də bitkin bir şer Şuşada yazmısan. O da “Yazı masam” adlanır.

Bu cansız masa nə vaxtsa ağac olub, boranla-qarla, yağışla döyüşüb, canlı təbiətlə üz-üzə durub, indi evin bir küncündə, əli-ayağı bağlı, heç yana tərpənə bilmir. Onu danışdıra bilən sənətlə nə üçün ünsiyyətdə olmasın. Yəqin ki bunları demək istəmişəm... Bir də şər deməsən xeyir gəlməz, əgər məndən sonra ölsən bütün yarımçıq misralarımı yığıb çap etdirərsən...

29 oktyabr - Səhər saat 9-a işləmiş evdən çıxdıq, gedənlər yığışmışdılar. Təyyarəyə minəndən sonra çox gözləməli olduq. Darıxan Məmməd başını söhbətlə qarışdırmağa üstünlük verdi:

- 1981-ci ildə Moskvaya qurultaya mən də nümayəndə salınmışdım. Təyyarədən düşəndə ayaqlarım yerimədi. Dayandım. Yazıçıların çoxu dedi ki, yeriyə bilmirsən, niyə gəlmisən? İsaq İbrahimov əl atıb çamadanımı götürdü. Dedi ki, Məmməd, bunların sözünü ürəyinə salma, insanlıqları yoxdur ki, sənə elə söz deyirlər. Yavaş-yavaş gedək. İndi yenə iki fikirli idim. Naxçıvana getmək istəmirdim. İndi gördüm ki, gəlməyimlə yaxşı iş görmüşəm.

Nəhayət, uçduq. Təyyarə Naxçıvana enəndə 1230 idi. Məmməd ayaq üstə dura bilmədiyi üçün ətrafa boylananda, bizi axtardıqlarını gördüm. Yol uzunu camaat Məmmədi alqışlayır, onu görüb  sevinirdilər. Bizi qonaq evində yerləşdirdilər.

Saat 3-də ardımızca maşın gəlməli idi. Ancaq gecikmişdi. Narahat olduq. Axır ki, maşın gəlib çıxdı. Eyvanlarda, məqbərənin ətrafında olan camaat Məmmədi görən kimi: - Məmməd Araz! Məmməd Araz! - deyə alqışlayırdılar. Prezident stul təşkil etdirib Məmmədi oturtdu. Məqbərənin açılışı başa çatdı.

Axşam saat 7-də banket verildi. Biz - Cabir Novruz, Fikrət Qoca, Musa Yaqub, Xeyrəddin Qoca bir stolun ətrafında oturduq. Maraqlı söhbətlər, sağlıqlar oldu. Aparıcı Fərəməz Maqsudov idi. Çıxışının bir yerində özünün şeir yazdığını, mahnı bəstələdiyini, hətta özü oxuduğunu söyləyən Fərəməzin sözünə Qabil yerindən replika atdı:

- Fərəməz rəqs eləsin.

Zal gülüşdü. Şahmar Ələkbərzadə Müşgünaz xanıma həsr elədiyi şeiri oxudu. Bir misrası belə idi:

 

Müşkünaz məzardan məzara gəlin köçübdü...

Qabil şeirə də münasibətini bildirdi.

Mikayılın çıxışı daha maraqlı idi:

 

 

- Hörmətli Heydər Əliyev, Hüseyn Cavidi lap çox istədiyinizdən nəvənizin adını da Azər qoymusunuz.

Mikayıl sözünə davam etdi: - Naxçıvan torpağı möcüzəli torpaqdı. Məmməd Arazın bu vəziyyətdə bura gəlməsi, adamları yara-yara məqbərəyə çıxması özü də möcüzə idi. Sizin, Naxçıvan və Məmməd Arazın  da sağlığına içək və sözümü “Azər” poemasından bir parça ilə bitirmək istəyirəm.

Danışanlar çox oldu. Arada fasilədən istifadə edərək ətrafımda oturanların hamısı yazıçı olduğu üçün  belə bir sual verdim:

- Mən neçə dəfə televerilişlərdə tanınmış və ya tanınmamış şair və nasirlərdən eşitmişəm ki, onlara şeri də, nəsri də tanrı pıçıldayır, onlar da hazırını kağıza köçürürlər. Siz necə? Sizə də kimsə pıçıldayır?

Cabir:

- Mən, ümumiyyətlə, inanmıram ki, elə bir qüvvə var və o da şeir pıçıldasın. O insan beyninin məhsuludur.

Fikrət Qoca:

- Həyatda elə bir şey ola bilməz ki, kimsə sənə diktə edib yazdırsın.

Musa Yaqub:

- Mən inanıram, nəsə bir şey var, yoxsa hardan gəlir bunlar insan beyninə?

Xeyrəddin Qoca:

- Şairlər şeirlərini ürəklərinin qanı ilə yazırlar.

Fasilədən sonra Heydər Əliyev çıxış etdi:

- 5 yaşımda olanda məni böyük qardaşım Həsən Əliyev bağçaya aparardı. Bağçamızın pəncərəsi Mömünə xatun məqbərəsinə baxırdı. Çox heyranlıqla məqbərəyə baxar, onun rəsmini çəkərdim...

Çox gözəl bir gecə idi. Yəqin ki, Cavidin ruhu da razı qalardı.

30 oktyabr - Səhər yağış yağırdı, hava tutulmuşdu. Qonaq evinin həyətində tanış adamlarla salamlaşdıq. Təntənəli keçirilən yığıncağa getmədik, çünki Məmməd otura bilmirdi.

Axşam düşəndə abidəyə baxmağa çıxdıq, mədəniyyət evinə yaxınlaşdıq, lakin içəri girmədik.

Qonaq evində tanış naxçıvanlılarla söhbətləşirdik ki, arxamızca maşın gəldi və biz konsertə getdik. Lap arxada oturduq ki, oxuyanlara maneçilik etməyək.

Məmmədin “Bu şeytanlar” şeirini Fatma xanıma vermişdim ki, konsertdə ifa etsinlər, çünki şeir Hüseyn Cavidə həsr olunmuşdu. Fatma xanım Abdullazadə şeiri oxuyandan sonra çox bəyənmiş və ifaçı artistə vermiş, vaxt az olduğuna görə ifaçı şeiri tam əzbərləyə bilməmişdi. Onu ayrı şeirlə, “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri ilə birləşdirib ifa etmişdi. Yenə də uzun alqışlarla qarşılanmışdı şeir.

Arada operatorlar gəlib Məmmədi vaxt-vaxt çəkirdilər. Sonra Nizami Xudiyev dedi ki, onları mən göndərirdim, çünki bunlar bir də təkrar olunan hadisələr deyil.

Konsert qurtaranda Möhtərəm prezident camaata təzim edərək qapıya yönəldi və birdən çönüb bizə tərəf gəldi, Məmmədlə görüşdü:

- Nə yaxşı konsertdə iştirak etdin, yorulmamısan ki, yaxşısan?

Sonra görüşüb ayrıldı. Banketə getməyib qonaq evinə qayıtdıq. Gecə Naxçıvanın səması elə aydın, elə gözəl idi ki...

31 oktaybr - Səhər çox gözəl bir hava vardı. Amma yenə Bakının zəhrimar havasına qayıtmalıydıq. Qayıtmaq vaxtını soruşdum. Saat ikidə cavabını verdilər. Bufetdən çay, yemək gəldi. Məmmədi yedirib, həyətə çıxdıq. Nizami Xudiyev Məmmədin əhvalını soruşdu və söhbətə başladı:

- Rəhbərliyə keçən kimi Məmmədə aid veriliş verə bilmədim. Bizim hər işimizə qulp qoyanları görürsünüz, o dəqiqə deyirlər ki, naxçıvanlıdır, ona görə də veriliş verir. Onun haqqında nə çəkilibsə qalsın fondda. İndi yavaş-yavaş çəkilişlər aparaq. Mikayılla söhbətimizdə o Məmmədin bir şeirini oxudu, “qurd mələrtisi, tülkü qaqqıltısı” - ə, bu kişi belə sözləri haradan tapır. Ssenarisini özüm yazacağam. Gözəl bir kino çəkək, qoy qalsın tarixdə.

Məmməd də söhbətə qoşuldu:

- Nizaminin atası ilə bir yerdə oxumuşuq. Sonralar görüşərdik, Nizami ilə nəfəs alardı, Allah rəhmət eləsin.

Gələnlər hərəsi bir tərəfə dağıldı. İşçilərdən bildik ki, geri qayıtmaq saat 4-ə qalıb. Biz İnqilabgilə getməli olduq, çünki Məmmədin dərmanının vaxtı keçirdi, yemək yeməli idi. Həyətdə ancaq Cabir və Musa qalmışdı. Onları da götürüb Mömünə xatun məqbərəsinə getdik. Sonra İnqilabgilə yığışdıq, yemək vaxtı çox maraqlı söhbətlər oldu.

 

 

Musa Yaqub:

 

 

- Tofiq Bayramla Qazaxa getmişdik. O vaxtın dəbi ilə gələn qonaqlara birinci tövlələri göstərərdilər. Bizi də əvvəl ora apardılar. Tofiq dözə bilmədi, üzünü raykoma tutub dedi ki, ə, Qazax ancaq tövlələrdən ibarətdir, restoran yoxdur?

- Olacaq, olacaq, Tofiq müəllim, o da olacaq - dedilər.

Musa söhbətinə davam etdi: - Məmməd əmi bizim kəndimizə gəlmişdi. Dağlara, gəzməli yerlərə çıxmalı idik. Atlar ayrılmışdı. Məmməd mənə dedi:

- Musa, onlar yaxşı atları minib gedəcəklər, bizim payımıza yabı düşəcək, şairlərin taleyi belədir.

Həqiqətən, elə də oldu. Dağ kəndinə çatdıq. Evin divarlarında çoxdan yapışdırılmış qəzet qalmışdı. Gözümüzə iri hərflərlə yazılmış bir başlıq sataşdı: - “Xalq düşməni Mikayıl Müşfiq” - acgözlüklə oxuduq. Məmməd əlavə etdi:

- Məqalənin müəllifi Əkbər Məftun idi. Özünü şair sanırdı, universitetin müəllimi idi. Sonralar boynuna almırdı  məqaləni o yazıb, yalandan deyirdi ki, adımdan yazıblar.

Musa söhbətini məzəli əhvalatlarla davam etdirdi.

- Məmmədi heyrətləndirmək istəyirdim - əmi, bax su burada necə qırmızıdır, bir az o tərəfdə isə ağdır, görürsən?

Əmi isə gülüb cavab verərdi:

- Musa, mənə də yox da, suyun altındakı torpaq hansı rəngdədirsə su həmin rəngdə görünür.

Söhbətlər, sağlıqlar baş alıb gedirdi. Qarabağdan söhbət düşəndə Cabir dilləndi:

- Heydər Əliyev cənabları deyir ki, bu saat  Qarabağda 35 min silahlı rus əsgəri var, mənə təklif ediblər ki, qoşunlarımızı Azərbaycanda yerləşdirsəniz Qarabağ məsələsini həll edəcəyik, ancaq gördüm ki, gürcüləri aldatdılar, Şevarnadzeyə söz vermişdilər ki, rus qoşunları Gürcüstanda yerləşsə, Abxaz məsələsi həll olunacaq. Qoşunları yerləşdirdilər, amma Abxaz məsələsini həll etmədilər.

 

 

Sonra əlavə etdi: - Bu da bir taledir, vallah.  Bir yerdə oturduq, təsadüfə bax.

- Bu bir tarixdir, billah, bunlar tarixin səhifələridir, - dedi, - Musa.

 

 

Saat 4-ə qalmış qonaq evindən əşyalarımızı götürüb aeroporta yollandıq. Hamı yığışmışdı. Yol boyu Niyaməddinin ifasında Məmmədin mahnısı səslənirdi. Yerimizdə oturduq. Vaxt keçir, Prezident gecikirdi. Şairlər təyyarədə ən çox danışanlar idi. Salonun arxa tərəfində qafiyə müzakirəsi gedirdi. Hamısından gur Zəlimxanın səsi çıxırdı. Sən demə, şairlər Cavidə hərəsi bir bənd şeir yazmalı, qafiyə sualla qurtarmalı idi. Məmmədə də təxminən belə məzmunda bir məktub gəldi:

“Ərtoğrulun ruhu məqbərənin içində dolaşır, atasının ruhu ilə danışır, olub-keçənlər haqqında atasına suallar verir. Bəndlər sualları əhatə etməlidir”.

Zəlimxan, Sabir, Musa, Mikayıl, Kamal və s. yazdıqları bəndləri də göndərmişdilər. Məmməd də yazdı:

Bu torpağın ürəyinə çəkildin,

Ürəyinə, bəbəyinə çəkildin.

Barı indi azadsanmı, şairim,

Şimşəklərə qanadsanmı, şairim.

Mikayıl onu belə redaktə etdi:

Bu torpağın ürəyinə çəkildin,

Ürəyinə, bəbəyinə çəkildin,

Dən-dən olub torpağına əkildin

Torpağında azadsanmı, əfəndim

Şimşəklərə qanadsanmı, əfəndim.

Məmməd etiraz etdi ki, torpaq sözü çox olur, bənd yenidən dəyişildi. (Bu bəndlər sonradan hansı qəzetdəsə çap olundu).

Nəhayət, qaranlıq düşəndə Prezident gəlib çıxdı. Təyyarənin sağ tərəfindənboylanan İlanlı dağ da dumana bürünməklə geri qayıdanlar üçün darıxdığını bildirmək istəyirdi. Təyyarə Təbrizin üstündən uçanda Rza İbadov, “Musa Yaqub, gözü yolda Təbrizin” - Təbrizin üstündən uçuruq dedi. Prezident camaat olan salona keçib gecikməsinin səbəbini dedi. Kimlərləsə görüşdü, söhbət etdi, Məmmədi axtardı və onunla da görüşdü:

- Mən çox sevindim ki, tədbirdə iştirak etmisən, gəlib ata yurdunu gördün. Yorulmadın ki, sənə tez-tez Naxçıvana gəlmək lazımdır.

- Düzdür, mənəvi zövq aldım, hər şeyi gördüm, yazacağam.

- Yaz da, niyə yazmırsan, yazsan yaxşı olar...

Sonra Anarı, Fatma xanımı, Elçini öz salonuna çağırdı.

Bununla da Naxçıvan səfərimiz başa çatdı.

 

 

(Ardı var)

 Təzadlar.- 2014.- 1 fevral.- S.6.