XX yüzilin Ağdamı

 

 

“XX yüzilin Ağdamı” kitabı işıq üzü görüb. Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqlinin müəllifi olduğu bu kitab Qarabağ mövzusuna həsr olunub.

Kitabda Qarabağın giriş qapısı sayılan Ağdam şəhərinin XX əsrdə keçdiyi tarixi inkişaf prosesləri öz əksini tapmışdır. Tədqiqatda şəhərin mədəniyyəti, iqtisadiyyatı, insanları, tarixi inkişaf prosesləri ayrıca bölümlərdə təhlil edilmişdir.

Xatirələrlə zəngin olan tədqiqatın hazırlanmasında həm elmi mənbələrdən, həm də Ağdam rayonunda nəşr olunanLenin yolu” qəzetinin arxiv materiallarından istifadə edilmişdir. Qeyd edək ki, “XX yüzilin Ağdamı” kitabı müəllifin Qarabağa həsr etdiyi üçüncü müəllif kitabıdır. Bundan əvvəl “Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı “ adlı tədqiqat, “Qarabağın damı” adlı publisistik yazılar toplusu işıq üzü görmüşdür. 2013-cü ildə V.Tofiqlinin ideya müəllifiliyi və redaktorluğu ilə “Qarabağ muzeyləri” kitabı da işıq üzü görmüşdür.

Tədqiqata ön sözü Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yazmışdır. Tədqiqatın məsləhətçisi əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva və Söz Azadlığını Müdafiə Fondunun sədri, şair Musa Yaqubdur.    

“XX  yüzilin Ağdamı” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

 

E.ŞİRİNOV

Təzadlar.- 2014.- 25  fevral.- S.15.