Bütövləşmiş son türk şairi

 

Zirvədən enmədin, vətən,

Kədərə sinmədin, vətən

Sən gördün, dinmədin, vətən,

Səndə məni öldürdülər.

 

Deyən - kövrək səsli, şirin ləhcəli, incə ruhlu, pərişan könüllü, ağırtaxtalı, bütövləşmiş türk kişisi Akif Səməd yaşasaydı 55 yaşı tamam olacaqdı. Düz on il bundan öncə bu gidi dünyanın qapısını birdəfəlik çırpıb getdi Akif Səməd. Keçmişdən gəlmişdi, Adəm babamızın yadigarı idi.

 

Çox da yollar buz qarıymış,

Fələklər bizə yarıymış,

Bircə qarış yol varıymış

Adəmdən Akif Səmədə.

 

Bu dünyaya sözü olmadı, ürəkdən getdi, ürəynən getdi Akif Səməd. Getdi, getdi gələcəyə. Gələcəkdə gözləyəcək bizi. İndi oğul istəyirəm varsın o gələcəyə. Varsın da sofu suların salamını çatdırsın Akif Səmədə. Bir də aralı Təbrizin, yaralı Şuşanın... müjdəsini versin Ona.

 

Şuşasız evim evdimi?

Dözən mənəmmi, devdimi?

Kimə söyləyim dərdimi?

Şuşaya gedə bilmirəm.

 

Sağlığında özü gedə bilmədi Şuşaya, ruhu gedər, inşallah. O ruhu ki, artıq ona əbədilik verdi. O ruhu ki, artıq onu ram etmək mümkün deyil. O ruhu ki, bir göz qırpımında İncəni, Şuşanı, Borçalını, Təbrizi, Göyçəni, Dərbəndi, Kərkükü, Saxanı... dolaşmağa qadirdir. Ölümünü bilə-bilə yaşadı. Bir göstərdi ki, “öləndə son dəfə gülmək necolur”. Çox yaşamağı yox, yaşamağı üstün bildi. Bəlkə elə bu səbəbdən birinci boylandı qırxıncı qapıya. Ölüm ömürdə bir olardeyib ölənə kimi heç ölmədən gəldi, uca haqqın yolunda Nəsimi taleyinə hazır oldu.

 

Nəsimi olmadım,

Nəsibim olmadı...

 

 

 

***

 

Onun haqqında söz demək çox çətindir. Cahilin dəlilik adlandıracağı, aqilin həsəd aparacağı bir ömür yaşadı. Fikrində zərgər idi. Ütülü geyinib, ütülü salamlar verib, qoruq-qaytaq daxilində ziyalılıq eləmədi. Azmı görmüşük su görəndə balıq, dağ görəndə keçi olanları. Haşa, min haşa indiki üzündən, heç kəsə irişmədi, qırışmadı, əyilmədi. Ona gör əyilməz oldu, ucalaşdı, xocalaşdı Akif Səməd. Biləmmədik ozandımı, ocaqdımı, pirdimi?

 

 

***

 

Türkü sevdi, insanı sevdi. O, türkü sevmək məktəbiydi. mutlu türkəm deyənəmisrası sanki boyuna biçilmişdi. Akifi bilmək üçün Mövlananı, Yunusu, Füzulini, Dadloğlunu, Xətaini, Ələsgəri, Vaqifi, Vurğunu bilmək vacibdir. Akif onlardan yol almışdı. Akifi bilmək üçün ürəyindən keçirməlisən. Keçirsən biləcəksən böyük türkün sadəliyini bu sadəliyin əzəmətli sufi qeyrətini.

 

 

***

 

Akif ruh adamıydı. O, möhtəşəm türk ruhunun varılmamış qatlarına vara bildi. Onun gizli kodlarını açdı. Sonra da şeirlərində bizə çatdırdı. O şeirlərində ki, türk olmasan, onları duymazsan, duymasan qavramazsan. O şeirlərində ki, onlar insanı paklaşdıra ucalda bilir. Akifin elə şeirləri var ki, onlara hələ vaqif ola bilmirik. Ancaq oxuduqca ruhun dincəlir, könlün rahatlıq tapır.

Kəskin mübahisələri kəsən dəmir məntiqi var idi. Yəqin ki, hamının yadında olar. Adı özündən qorxulu türkün ərgənəkon bayramı məhərrəmliklə üst-üstə düşəndə mollaların səməniyə qara bağlayaraq bayramsız keçinmək təklifinə Akif Səməd aşağıdakı şəkildə məntiqli susdurucu cavab vermişdi: “Mən dindar deyiləm, dini hisslərə hörmət edən adamam. Xahiş tələb edirəm, onlar da mənim bayramıma hörmət etsinlər. Yaşıl səmənimə qara bağlamaq fikrinə düşməsinlər. Onsuz da bacarmazlar. Dünya yaşıllaşır. Yer, göy, çöl, çəmən. Sizdə o qədər qara hardandı ki?”

Akif Səmədin fəhminin, mütaliəsinin, səmimiyyətinin, halallığının gücü ilə çatdığı nöqtələr vardı ki, hələm-hələm heç birmənəmdeyən şair çata bilib, siyasətçi. Heç kəs müasirimiz olan heç bir şairin Akif Səmədin halallığı ilə, qeyrətli vətəndaş mövqeyi ilə, millət sevgisi ilə, vətən sevgisi ilə müqayisədə üstünlüyündən danışa bilməz. Qarabağa da, hakimiyyətə yol halallıqdan keçir deyirdi Akif Səməd. Etirazı olan varmı? Ölkədə cərəyan edən bütün hadisələrə anındaca açıq münasibətini sərgiləyirdi. Vətəni canından çox sevirdi. Təbrizdən, Şuşadan, Dərbənddən, Tiflisdən... Narahat getdi. Ancaq bizə - türk gəncliyinə umudlanırdı. Hərbi xidmətdə olanda mənə ünvanladığı məktubunda yazırdı: “Həmid bəy! İnan yaradanın birliyinə, mən özümdən (“mənəm-mənəm deyən Xuruşşov nəslindən”) , bizim nəsildən (qarğışa gəlmiş durğunluq keçid dövrü nəsli) sonra gələn sizin nəsli (azadlıq, müstəqillik dövrü) çox sevirəm umudluyam. Bizlər bacardığımızı etdik. Sizlər istədiyinizi edəcəksiniz. Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı davamı olmalıdırlar. Həmid, sənin qopub gəldiyin Borçalı da Azərbaycandır. Durduğun sərhəddən beş addım o yandakı Dəmirqapı Dərbənd , yaralı Qarabağ da, aralı Təbriz sizi gözləyir. Bu gün dünyanın diqqət mərkəzinə dönən Kərkük . Harda Kərkük gəlir yadıma, boğazlanan bir türk gəlir yadıma”. unutmayaq ki, bu böyüklükdə Azərbaycan çox böyük türk dünyasının ATA yurdudur. Baba yurd Doğu Türküstan da, Ana yurdu Türkiyə , bala yurd Kıbrıs da sizlərə bel bağlayıb, Sizlərə güvənib ayağa qalxıb ayaqdadır. Tanrı bu yolda yar yardımcı olsun. Əmin Akif SƏMƏD”.

Bir Akif Səmədin mənə bir sözü qaldı. Bu gün mən həmin sözü mürşidin müridinə olan son tapşırığı kimi qəbul edirəm. Mütləq edəcəm. Ruhun şad olsun mürşidim, başın sağ olsun, millətim!

 

 

Həmid ORMANLI

 

Təzadlar.- 2014.- 22 iyul.- S. 15.