Saz - vüqarım mənim”

 

Lətif Həsənov:“Sazın, sözün itirilməsi vətən torpağının itirilməsi qədər dəhşətlidir

 

Bu günlərdə tanınmış musiqi tədqiqatçısı Lətif Həsənovun “Saz - vüqarım mənim” kitabı işıq üzü görüb. Kitaba mərhum tədqiqatçının dövri mətbuatda dərc olunmuş elmi-publisistik məqalələri, müsahibələri daxil edilib. Kitabda həmçinin ənənəvi aşıq sənətinin sinkretikliyi, musiqi ifaçılıq xüsusiyyətləri haqqında olan məqalələr, respublikamızda bu sənətin elmi əsaslarla tədrisinə münasibət yer alıb.

Aşıq sənətinin regionlardakı fərqli inkişafı, eləcə də bu sahədə mövcud problemlərlə bağlı cəsarətli tənqidi fikirləri ilə seçilən professional aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov oxuculara yaxşı tanışdır.

Lətif müəllimlə ilk tanışlığımız “Təzadlar” qəzetinin redaksiyasında olubdostluğumuzun təməli də həmin o görüşdən başlayıb. Çox səmimi, ağır-ağayana, ciddi, eyni zamanda olduqca diqqətcil, dostcanlı bir ziyalı idi. Olduqca savadlı, dünyagörüşlü olmağı ona ətrafındakı insanlarla istənilən sənət və sənətkar barədə həmsöhbət olmağa, fikir mübadiləsi aparmağa imkan verirdi.

Onunla görüşlərimizin birində söhbətimizin mövzusu aşıq sənətindəki saz-balaban müştərəkliyindən olmuşdu. Bu müştərəkliyin qeyri-ənənəvi xarakter daşıdığını iddia edən L.Həsənovun nə dərəcədə haqlı olub-olmadığını sənət bilicilərinin və oxucuların ixtiyarına buraxmışdıq... Sonrakı müsahibəsində isə L.Həsənov mətbuatda ona qarşı yönələn haqsız tənqidlərdən danışdı. Belə demək mümkünsə, tədqiqatçı L.Həsənovun müsahibəsindəki bəzi fikirlər sənətşünasların və sənətşünaslıq üzrə fəlsəfə doktorlarının səbr kasasını daşdırmışdı. Və qarşı tərəf ona tənqidi məqalələrlə cavab vermişdi. Ancaq L.Həsənov qarşı tərəfin mövqeyi ilə razılaşmırdı. Görünür, bu da onun haqlı olmağından irəli gəlirdi. Çünki o, həqiqəti üzə deyirdi, heç nədən və heç kimdən çəkinmədən. Yaltaq, ikiüzlü ola bilmirdi. Bu da çoxlarının xoşuna gəlmirdi. Amma həmin sərt sözü çəkinmədən birbaşa üzə deyən Lətif Həsənovun daxilində çoxlarının görə bilmədiyi başqa biri gizlənirdi - səmimi, ürəyiyumşaq, haqq tərəfdarı. Haqsızlığı, ədalətsizliyi qətiyyən qəbul etmirdi. Qəribəsi bu idi ki, qeyd etdiyim kimi, bəzən haqsızlığa düçar olurdu. Ancaq heçonu dəyişə bilmədi, sınmadı, əqidəsindən dönmədi, əvvəldən necə tanıyırdımsa, elə o cürdünyadan köçdü - əyilməz insan, aşıq sənətinin tədqiqatçısı Lətif Həsənov kimi... Ruhun şad olsun, Lətif müəllim!

Kitabın ön söz müəllifi aşıq, şair, publisist Məhərrəm Hüseynlinin təqdimatından məlum olur ki, Lətif Həsənov 1956-cı ildə Tovuz rayonunun səfalı guşələrindən olan Yekallar kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbdə əlaçı şagird olmaqla yanaşı, atasının, müəllimlərinin və el ağsaqqallarının söhbətlərinə qulaq kəsilib. Xalq ədəbiyyatına dərindən meyil göstərib, canlı aşıq və muğam musiqilərini dinləyib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra İnşaat Mühəndisləri Universitetinə qəbul olub. Burada da əlaçı olsa da, o, musiqi tədqiqatı ilə məşğul olub. Ali məktəbi bitirdikdən sonra təyinatla Kalininqrada göndərilib və üç il ixtisası üzrə savadlı mühəndis kimi çalışıb. Sonra Bakıya qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışıb. Lətif Həsənov 2013-cü il dekabrın 24-də Bakı şəhərində vəfat edib.

M.Hüseynli yazır ki, “Lətif Həsənovun vətənə, millətə, torpağamilli mentalitetinə bağlılığı bir daha onun elmi, publisistik yazılarında öz əksini tapmışdır. Lətif müəllim dünya musiqi korifeylərinin əksəriyyəti haqqında geniş məlumata malik idi. Onun “Təzadlar”, “Elimiz.Günümüz”, “Şərq”, “Mədəniyyət,” “525-ci qəzet”, “Reytinq”, “Xural”, “Türkistan”, “Bütöv Azərbaycan” qəzetlərində, eləcə də “Ozan” jurnalı və digər mətbu orqanlarda dərc olunan elmi-publisistik məqalələri hər dəfə oxucu marağına səbəb olmuşdu. Bu gün L.Həsənovun yüzlərlə məqalələri şəxsi arxivində qorunmaqdadır. Vəfatından bir ay əvvəl Gəncə televiziyasında jurnalist Çiçək Mahmudqızı ilə qurduğu dialoq milyonlarla insanı heyrətləndirmişdir. Həmin veriliş efirə verildikdən sonra İnternet səhifələrində də maraqla izlənilməkdədir.

Lətif Həsənovla şəxsi tanışlığım 1999-cu illərdən başlayıb. Elə o vaxtdan biz doğmalaşdıq. Elə olurdu ki, saatlarla aşıq sənətindən söhbət edirdik. Mənə çoxlu suallar verirdi. Əlbəttə, mən də bu sahənin adamı kimi ona düzgün cavablar verirdim. O isə daim öyrənməkdən, mütaliə etməkdən və axtarışdan yorulmurdu. Folklorşünaslardan yaxın dostu, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli ilə çox oturub söhbətləşərdi. Borçalı aşıqları haqqında Elxan müəllimin tutarlı fikirlərini onun özü də təsdiqləyirdi. Maraqlıdır ki, Lətif müəllim respublikamızda keçirilən bütün aşıq tədbirlərində iştirak edər, orada baş verən neqativ hallarla barışmaz, qeyri-professionallıqla birgə, ənənəvi aşıq ifalarının müəlliflərini xüsusi rəssam kimi təsvir edərdi. Misal üçün, Heydər Əliyev Sarayında keçirilən Aşıq Ələsgərin 190 illiyində əksər aşıqların ifasındakı qeyri-professionallığı haqlı olaraq tənqid edib. Yaxud, Mikayıl Azaflının Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qeyd olunan yubileyindəki Təbriz aşıqlarının çıxışlarını yüksək qiymətləndirib. O, aşıq Əkbər Cəfərovun, aşıq Kamandar Əfəndiyevin, aşıq Aydın Çobanoğlunun, Elxan Məmmədlinin və digər saza, sözə bağlı insanların öz yazılarında sanki heykəlini yaradıb. L.Həsənov jurnalistlərlə müsahibələrində də hazırcavablığı ilə başqalarından seçilirdi. Daha doğrusu, jurnalistlərdən Elbar Şirinov, Bahar Rüstəmova və Təranə Şəmslə müsahibələrində aşıq sənətinin musiqi ifaçılığında, dastan danışığında ənənəviliyin indiki aşıqlar tərəfindən gözlənilmədiyini konkret faktlarla cavablandırmışdır. Oxucular Lətif Həsənovun böyük cəsarətlə qələmə aldığı həlli vacib məsələlərin bu gün də yerində saydığının şahididir. Çox maraqlıdır ki, Lətif müəllim nə aşıq idi, nə şair, nə də xanəndə. O, ixtisasca ali təhsilli mühəndis kimi uzun müddət istehsalatda müxtəlif vəzifələrdə çalışmışdır. Bir həqiqət də var ki, onun doğulub boya-başa çatdığı Tovuz rayonunun Yekallar kəndində (baxmayaraq ki, Tovuz aşıqlar diyarıdır) el məclislərində, toylarda daim xanəndə və müğənnilər iştirak etmişdilər. Ancaq o, gözünü açandan Tovuzun azman sənətkarlarını da dinləmişdir. Əslində, son 20 il ərzində Lətif müəllimin nəinki aşıq musiqisinin, eləcə də muğamlarımızın, xalq musiqimizin tədqiqinə və təbliğinə bağlılığında əsas səbəb onun xalq sənətinə vətəndaş istəyi mühüm rol oynamışdır. Lətif Həsənov ucuz şöhrətin, görə-görə korluğun, eşidə-eşidə karlığın düşməni idi. Cəsarətlə deyərdim ki, onun tələbkar və tənqidi yazılarına dəstək verən kimsə yox idi. Azdan-çoxdan mən istisna olunmaqla. Bizi də bir-birimizə bağlayan həmfikir olmağımız idi. Onun bir sözü yadımdadır. Deyirdi ki, “sazın, sözün itirilməsi vətən torpağının itirilməsi qədər dəhşətlidir”.

Bu səbəbdən də aşıqlığı gözdən salmaq yox, tərəqqiyə aparmaq gərəkdir. Gözlərimiz önündə məhv olan aşıq sənəti hər kəsi düşündürməlidir. Yadellilər (mənfur ermənilər) gözümüz önündə bizim “Sarı gəlin”imizi və digər musiqilərimizi məhz özümüzə laqeydliyimizdən bəhrələnərək özününküləşdirir. Şuşada, Ağdamda, Kəlbəcərdə və bütün itirilmiş torpaqlarımızdakı yüz minlərlə sənət incilərini mənimsədikləri kimi. Bizi qorxudan odur ki, yağı düşmənlərimiz aşıq sənətinə də yiyə çıxa bilərlər.

Lətif Həsənov əsasən aşıq sənətinin elmi şəkildə tədris edilməsinin tərəfdarı idi. Efirdə, səhnədə, el məclislərində müşahidə etdiyi aşıqların saysız-hesabsız nöqsanlarını yazmaqla onların səhvlərini düzəltməyə səsləyirdi. Onun ən çox vurğuladığı aşıq musiqisinin ptofessional şəkildə öyrənilməsi idi. Əsas məqsədi ilk növbədə aşıqlığın sinkretik sənət olduğunu aşkarlamaqla bütünlüklə bunlara riayət etməyi tələb edirdi...

Lətif müəllimin ən çox toxunduğu aşıq sənətində mövcud olan ənənəvi aşıqlığımızdır. Haqlı olaraq göstərir ki, aşıq tək sazla ənənəviliyə yiyələnə bilər. Dədə Qorquddan bu günə qədər gəlib çıxan aşıq havalarında olan hər bir gedişat, güllər, xallar, kədər dolu jestlər, fəlsəfi duyumlar, çoşqunluq xarakterli aşıq havaları bu günnovatorluq” adı ilə sıradan çıxır. Oxuya bilməyən, səsin zərgər dəqiqliyindən istifadə edə bilməyən, ifaçılıqda ardıcıllığı bilməyən, ifanın fəlsəfi həzinliyini dərk edə bilməyən özünü müəllim adlandırır. Fakt odur ki, kədərli bir havanı - “Yanıq Kərəmi”ni oyun havasına çeviriblər. Məhz ona görə Lətif müəllimin hər kəsi düşündürən xüsusi yazısını da bu kitabdan oxuyacaqsınız. Başlıq belədir: “Yanıq Kərəmi”yə oynamaq olarmı? Əlbəttə, Kərəmin, sevdiyi Əslinin, atası Ziyad Xanın, anası Qəmərbanu xanımın dərdini bilən, nisgilini özündə hiss edən, nəhayət, qeyrəti olan adam sanki övladının, atasının cənazəsində qol qaldırıb oynamaz. Özü də bu havanı ölməz sənətkarımız Xındı Məmmədin ifasında dinləyəsən. Düzdür, aşıq Ədalət və digərləri də bu havanı saz-solaçısı kimi ifa edirlər. Əslində, onlar sürətli, mənası və fəlsəfi anlamı dərkedilməz olmuşdur. Çoxları da bunu bu günümüzün novatorları sayırlar. Məlumdur ki, insanın və bütün bəşəriyyətdə canlıların qanı, ürəyi ritmik vurduğu kimi, bütün musiqilər də ritmik olmalıdır. Məgər sazın əvvəlində müğam çalmaq, çala-çala şeir söyləmək novatorluqdur?

Lətif Həsənov tək sazla ifa edilən musiqini qəbul edərək, bu barədə aşıq Kamandarın ifasını hər kəsə nümunə göstərir. Özünü müşayiəti ən böyük şərtlərdən sayır. Sazın böyükpotensial ifaçılığını boğanlar onları bayağılaşdırırlar. Bu, həm də ənənəvi sinxronikliyi pozmaqla başqa bir formadan digər formaya salır. Aşığın yanında sazdan başqa qeyri-musiqi aləti olmamalıdır. O cümlədən, balaban, qarmon, nağara, qoşa nağaras....

Lətif müəllimlə dəfələrlə aşıq havaları haqqında söhbət edərdik. Dediyim kimi, Lətif Həsənovu aşıq tədqiqatçılığına bağlayan əsas meyar onun təmiz vicdanı, saf əqidəsi idi. Qətiyyən ad, şöhrət, özünüreklam kimi yüngül şeylərdən uzaq adam idi. Onda olan utancaqlıq, abırlılıq, mərdlik, saf əqidəliliklə birgə, Azərbaycan xalqının böyük tarixinə, mədəniyyətinə, milli mentalitetinə, sazına, sözünə vurğunluq gendən gəlmə idi. O vaxt da, indimilyonlarla savadlı, dünya görmüş adamlar vardı ki, ozan-aşıq sənətinin düşdüyü gərgin vəziyyəti haqqında düşünürdü. Lakin təəssüflər olsun ki, bu susqunluq davam etməkdədir. Tarixən aşıq sənəti haqqında Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif, Zəlimxan Yaqub kimi daxili zəngin şairlərimiz sinəsini irəli verərək bir görmək istəmişlər. Əgər dövlətimiz bu sahəyə rəsmən diqqət yetirsəydi, böyük irəliləyiş ola bilərdi. Necə ki, muğamın son onillikdəki tərəqqisi dövlət tərəfindən qayğının bariz nümunəsidir. Aşıq sənəti isə bununla müqayisədə ötən əsrin əvvəllərini xatırladır.

Məhz Lətif Həsənovun və bizlərin də istədiyi bu idi ki, dövlətimiz bu sahəni diqqət mərkəzində saxlasın. Bax, onda Lətif Həsənovun narahat ruhuna son qoyular. Düzdür, bu kitabın içindəki tutarlı məqalələr vaxtilə dövri mətbuatda dərc olunub. Hər kəs bu yazıları oxuyub və müəllifi müdafiə edib. Bəzi adamlar bundan nəticə çıxararaq sazda və sözdə etdiyi nöqsanlara son qoyub. Lakin Lətif Həsənovun haqlı səsinə səs verməyiblər. Təkcə aşıqlar yox, jurnalistlər, ziyallılar, folklorşunaslar, ağsaqqallar da bu sahədə susublar. Bu susqunluğa tab gətirməyən dostumun özü əbədi susaraq cismani olaraq bizdən ayrıldı. İnanıram ki, zaman gələcək, Lətif müəllimin arzuları yerinə yetəcək və ona hər birimiz minnətdar olacağıq”.

Qeyd edək ki, kitabın redaktoru Elbar Şirinov, materialları toplayıb, tərtib edəni və ön söz müəllifi Məhərrəm Hüseynli, məsləhətçilər Namazəli Məmmədov, Sünbül Həsənova, rəyçi filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, korrektoru Taleh Lətifoğludur.Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Elbar ŞİRİNOV 

Təzadlar.- 2014.- 1 noyabr.- S.13.