Məmməd Arazlı günlərin kitabəsi: “Ömürdən yarpaqlar”

 

 

 

Ustad Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızının bu kitabı çox gizli mətləblərin açarıdır, bizim kim olduğumuzun güzgüsüdür...

“Təzadlar”ın ötən sayında xəbər verdiyimiz kimi, bu günlərdə ustad Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının şairin həyatı ilə bağlı xatirələrindən bəhs edən “Ömürdən yarpaqlar” kitabını nəşr etdirib. Gülxanım Fətəli qızının Məmməd Araz ömründən bəhs edən “Ömürdən yarpaqlar” kitabının dərsini davam etdiririk:

 

(Əvvəli ötən saylarda)

18 iyul - Xatirəsi:

 

- 1956 - cı il idi. Budaqla mən Ləzə kəndinin kənarında bulaq başında çadır qurmuşduq. Bizi orada gecələməyə qoymadılar, olmaz dedilər, qonaq saxlamağa yerimiz çoxdur. Evə apardılar. Qonaq qaldığımız evdə 100 yaşlı kişi vardı. Adına Ata deyirdilər. Beli əyilmiş bir arvad da gəlib bizimlə görüşdü. Qoca dedi ki, arvadıdır və   yaşda məndən böyükdür. Arvadın 100 yaşdan sonra dişləri çıxmışdı. Dişlər ağ sədəfə oxşayırdı. Ata adlanan qoca söhbətə başladı:

- Çar dövründə dəmir yolu çəkiləndə Bakıda işləyirdim. Məni vərəm tutdu, qayıdıb gəldim. Anam məni təmiz inək südünə tutdu, xəstəlik yoxa çıxdı, mən sağaldım. 100 il yaşadım. Südün qüdrəti çox böyükdür.

Mən də hər səhər süd içirəm, o söhbət yadıma düşdü, sənə danışdım.

26 iyul - Uşaqlar hələ yatırdı. Səhər dünənki verilişin təkrarı gedirdi. Veriliş ağdamlı Zeynal müəllimdən idi. Zeynal müəllim hamıdan çox Bəxtiyar müəllimlə yaxın idi. Soruşdum:

- Görəsən, Bəxtiyar müəllim də çəkilib? Zeynal müəllim gözüaçıq adam idi. Torpağın vurğunu olduğunu görmüşdüm. Turşsuda torpağı qucaqlayıb necə öpdüyünü  görmüşdüm. Belə adamları qorumaq lazımdır, - dedim

Düzdür, - təsdiqlədi Məmməd, - amma bizdə belə bir adət yoxdur.

Hə, o günlərimiz yuxu kimi keçdi, Zeynal müəllim indi xatirələrdə yaşayır.

29 iyul - Dünən Aqillə İsmayıl Şıxlı haqqında nə danışırdın?

- Heç, İsmayılın mənə qarşı hörmətindən danışırdım. Danışırdılar ki,  mənə dövlət mükafatı verilməyində onun rolu olub. O vaxt İsmayıl İttifaqın üçüncü katibi idi, Əməkdar incəsənət xadimi adına da məni o təqdim edib. Yazıçıların rəyasət heyətində Şamil Salmanov haqqında çox qəti çıxışı olub, onun haqqımda yazdığı qərəzli məqaləsini tənqid edib. Mənim və Səməd Vurğunun haqqında danışıb. Onun apardığı şeir dərnəyinə qəbul olunduğum gündən ta ömrünün axırına kimi, mənim haqqımda yaxşı fikirdə olub. Fikrini heç dəyişdirməyib.

İsmayıl müəllim Hüseyn Ariflə də dost idi. Hüseyn Arifin şeirlərini tez-tez “Azərbaycan təbiəti” juranalında verər, şeirlərindən misallar gətirərdik. Ona görə də Hüseynin redaksiyamıza vaxtaşırı yolu düşərdi.

Bir dəfə Hüseyn mənə zəng etdi ki, axşam bizə gəl, qaban ətindən yaxşı kabab verəcəyəm. Getdim, İsmayıl Şıxlı və İsaq İbrahimov da orada idilər. O məclisdəki söhbətlər yadımda deyil, ancaq Hüseyn Arifin oğlunu yadına salıb ağlaması yadımdan çıxmır. Kişinin elə göz yaşı tökməsini birinci dəfə görürdüm. İsaq İbrahimov ona çox misallar gətirdi, lakin əlavə etdi ki, bunlar təskinlik üçündür səni heç nə kiridə bilməz.

31 iyul - Sakit kənd gecələrində Məmməd yatmayıb  söhbət edərdi:

- Yadıma neçə illər bundan əvvəlki bir əhvalat düşdü. Mən və Tofiq Bayram Xasıgilə (Xasməmməd mənim qardaşımdır) düşdük. Xası bizi Xucbaladan aşağı bir kəndə apardı. Yaxşı bir məclis qurdular. Bağçada ot dizə qədər qalxmışdı. Təmiz havada oturduq. Həm Tofiq, həm də Xası içən idilər. Ay işığında səhərə qədər yatmayıb söhbət etdiyimiz yadımdadır. Cavan idik, qayğımız bir o qədər yox idi. Onda cavan şairləri tez-tez görüşə çağırardılar. Biz də elə ona görə getmişdik. Həmin görüşdən gözəl bir gecə yadigar qaldı bizə.

Yasamaldakı evimiz də yadımdan çıxmır. Ay işığında çinarların kölgəsi yataq otağımızın divarına döşərdi. Onda bilirdim ki, sən də yatmamısan, aya baxırsan...

Hə, keçdi yuxu kimi o günlər...

4-10 avqust - Səhər Aqilin qonaqları - Bayram Bayramovun qardaşı oğlu ailəsilə birlikdə  gəldilər. Həyətimizə daxil olan qonaqlar dilləndi:

- Aqilin xoşbəxtliyi bir də ondadır ki, qaynanası belə gözəl kənddəndir.

Aqil bildirdi ki, bu gün yenə qonağım olacaq. İradə etiraz etdi ki, evimiz qonaq qəbul edilməli ev deyil. Mən isə evi təriflədim:

- Bura bizim üçün bağ yeridir. Daimi yaşamırıq ki, hər cür şərait yaradaq. Bir - iki həftə qalıb, çıxıb gedirik, lap yaxşıdır.

Soyuq hava olsa da hamımız Qəçrəşə getdik. Qonaqlardan Adil Minbaşyev dedi:

- Bu süfrə gözəl və tarixi bir süfrədir ki, Məmməd müəllim başda oturub. İçək Azərbaycanın dahi şairi Məmməd Arazın sağlığına, valideynlərin sağlığına, onların sağlığına ki, sağlığında qiymətlərini bilmirik, adam elə bilir ki, belə də olmalıdır. Onları itirdikdə hiss edirsən ki, ölüm yavaş-yavaş sənə də yaxınlaşır.

13 avqust - Artıq təbiətdən şəhərin tüstülü havasına qayıtmışıq. Qardaşxan Əzizxanlı Məmmədə bildirdi ki, təbiətlə əlaqədar bir xeyriyyə cəmiyyəti təşkil etmək istəyirlər. İcazə versən, sənin də adını ora yazarlar. Onda nazirlikdən keçər.

Məsələni sonraya qoydular.

- Məqalələrini yazanda yenə də sənin maraqlı bir birləşmənə rast gəldim.

- Nə demişəm yenə?

- “Kəklik küsəyənliyi” ifadəsi təzədir.

- Hə, “Məhəbbətdə kəklik küsəyənliyi olmaz” misrasını, deyəsən, “Araz axır” poemasında işlətmişəm. Yazıçılar İttifaqında bir çoxlarına sual verdim ki, “Kəklik küsəyənliyi” nə deməkdir? Heç kim cavab verə bilmədi, Qasım Qasımzadədən qeyri. Əslində belədir:  Kəklik yuva qurub yumurtlayır. Əgər həmin kola insan nəfəsi, hənirtisi dəysə kəklik ora qayıtmaz.

Dostu İsa ilə söhbətində Məmməd bir də bu ifadəyə qayıtdı:

- Gülxanımdan başqa stoluma toxunan olsa, məndə də kəklik küsəyənliyi baş verir.

15  avqust -Bəxtiyar müəllimin 71 illiyi ilə əlaqədar “İstiqlal şairi”  adlı veriliş gedirdi:

- Bəxtiyar müəllimi tez-tez yada salırlar - dedim.

- Bəxtiyar müəllim məndən 10 yaş böyükdür, çox yazıb, yaxşı yazıb, gözəl də sənətkardır. Bir ağıllı fransız deyib ki, dahilik kəmiyyətdədir. O, özü də bilirdi ki, yalan deyir. Lakin hər-halda düz də deyirdi. Bir-iki əsərlə dahi olmaq olmaz. L.Tolstoy bir əsər yazsaydı Tolstoy olmazdı.

Hər-halda şərəfli keçmişin çox oğullarına bu günün pasportunu vermək olar. Sənət sarayının yaşı bəşərin yaşı qədərdir.

Sənət hamının anladığı, hamının deyə bilmədiyi qeyri-adilikdir. Hər bir sənətkarın öz yeri, öz yaradıcılıq yolu vardır...

6 avqust - İşdən gətirdiyin “Vaxt” və “Azərbaycan təbiəti” qəzetinə baxıram. Biri səlyanlılara, neftçalalılara və biri də qazaxlılara xidmət edir. Məmməd Araz, bunu bilirsənmi?

- Hiss etmişəm, belədir, nə edim?

25 avqust - Arxivə əl gəzdirirdim. Balaca qız Lemanın yazdığı məktubu ona oxudum. Söhbət Şəhla adlı bir qızdan düşdü:

- O, qızın yazdığı məktublar çox qəribə məktublar idi. Bir məktubunda belə yazmışdı. - Sən insansan, yoxsa Allah? Şeirlərindəki bu fikirlər hardandır səndə?

- Şeirlərimin təhlilini elə verirdi ki, heç bir tənqidçi şeirlərimin tənqidini bu vaxta qədər belə verə bilməyib. Axırda gördüm ki, başı xarab olur, mənə sevgi elan edir. Daha məktublarına cavab yazmadım. Ona yazdığım cavab məktublarımda etikadan kənara çıxmamışdım. Bir dəfə mənə zəng edib dedi ki, rəfiqəmə sizə yazdığım son məktubumu vermişəm. Səhər sənə çatdıracaq. Yadımda deyil, səhər nəyə görəsə işə çıxmamışdım. Səhərisi Şəhlanın məktub verdiyi qız mənə zəng edib bildirdi ki, Şəhla öldü.

 

 

- Məktub sənə çatdımı?

 

 

- Yox heç maraqlanmadım da. Bilmədim qız həqiqətən ölüb, yoxsa ərə verdilər. Sənə  deyirəm, arxivdə mənim adıma böyük bir papka var. Orada xeyli sevgi məktubları da var ki, hərəsi bir sevgi dastanıdır. Gələcəkdə onları da işlərsən, mən istəyirəm ki, onları sən işləyib çapa verəsən.

- Bəs niyə arxivə verdin?

- Evimiz darısqal idi, həm də sən cavan idin, ürəyinə xal salmaq istəmədim.

- Vaxtım olanda gedib onlara baxacağam. Bu saat sənin haqqında çəkilmiş kinolentləri yığmaqla məşğulam.

- Kinostudiyada xeyli çəkilişlər olduğunu sən də bilirsən. Faiq Dərgahov xeyli çəkiliş aparıb. Mənim çəkildiyim kadrları da salnamə adlandırıb. Ümumiyyətlə, “Ədəbiyyat salnaməsi” adı ilə orada yazıçılara aid xeyli çəkilişlər olmalıdır. Yəqin baxımsızlıq üzündən lentlər çürümüş olar.

-  Pulum olanda düşəcəyəm üstünə, hər iş pula bağlıdır.

- Bütün bunlar sən qalana kimidir. Sonra arxiv kimə lazımdır, hamısını atacaqlar, itib-batacaq hər şey...

- Yox, elə demə, iki qızın, üç nəvəndən biri necə olsa, bu işi öhdəsinə götürər.

26 avqust - Nazim Hikmət çox içən rus şairlərinə zəng edərmiş.

- Monoqo denqi poluçil, idi beri.

Pulu çox olduğuna görə rus şairlərinə paylayardı. Pyesləri xaricdə tamaşaya qoyulurdu, pul hər tərəfdən üstünə axırdı, o da paylayırdı.

- Bu sözlər birdən niyə yadına düşdü?

- Elə-belə.

Telefonda İsa Həbibbəylinin səsi eşidildi.

- İsa, nə əcəb səndən?

- Niyə elə deyirsiniz, Sabir Rüstəmxanlının yubileyinə gəlmişdim, sizə zəng edə bilmədim. Hacı Heydəri gözləyirəm, onunla gəlib şairlə görüşək.

 

- Yox, Hacını gözləmə, xanımını götür, gəl bizə.

27 avqust - Fikrət Qoca haqqında nə danışa bilərsən?

- Fikrət insan kimi yaxşı insandır.

- Şair kimi yox?

 

 

- İnsafla demək lazımdır, şair kimi də təkrarsız şairdir. Bəzən elə şeirlər yazır ki, bənzəri olmur. Deyirsən, hardandır bunlar? Çox səxavətli idi, qəpiyi də olsa onu yoldaşları ilə bölüşərdi. Əkrəmlə dost idilər. Əkrəm ona Kotanarxlı deyərdi.   Fikrət həmişə mənim haqqımda yaxşı fikirdə olub.

 

 

Sonra söhbət 1947-ci ildə Vedidən köçürülən azərbaycanlılardan düşdü:

 

 

- Mənimlə söhbətlərində Samvel Qriqoryan danışırdı ki, ermənilər mənə azərbaycanlılara satılmısan, azərbaycanlılar da erməni satqını deyirlər. Ermənilərə başa salmağa çalışıram ki, Orta Asiyadan tutmuş böyük bir zolaq türk xalqlarınındır. Bu reallıqla hesablaşın. Avatik İsaakyan mənə söyləyərdi ki, Samvel, elə bilirsən bizim babalarımızın ağlı olub. Babalarımız müsəlman dinini qəbul eləsə  idi, indi Qafqazda adam kimi yaşayardıq. Nə itirərdik...

Poeziya görüşləri olanda həmişə Paryur Sevak mənimlə mübahisə edərdi ki, Məmməd, Naxçıvan bizim olub...

Cavab verərdim ki, Ay Sevak, mən babamdan, babam babasından, o öz babasından və sairə eşidib ki, Naxçıvanda yaşayıblar. Bu da nəsillikcə eramızdan əvvələ gedib çıxır. Necə olur ki, Naxçıvan bizimkidir deyirsən?

- Yox, ancaq sonuncu min ili sizin olub - cavabını verərdi.

Soruşardım bəs, XII əsrdə Mömünə xatun məqbərəsi, ondan əvvəl tikilmiş abidələr. Onlar necə?

 

Sonralar Paryur Sevak qəzaya düşüb öldü.

28 avqust - Axşam Yusif Məmmədəliyev haqqında söz açdı:

 

 

- Moskvada mənim “Payo Araks” kitabım çıxmışdı. Yusif müəllimin qardaşı oğlu Həbib Məmmədəliyev mağazada kitabımı görüb alır. Kitabı oxuduqdan sonra şeirlər xoşuna gəldiyinə görə müəllifini - yəni məni axtarır. Bir gün Mirmehdi Seyidzadə mənə telefonla bildirir ki, Həbib müəllim səninlə görüşmək istəyir, müəllifdən yadigar kimi “Payo Araks”ı və Azərbaycan dilində olan kitablarından ona göndər.

Mən ünvanı götürüb kitablarımı Həbib müəllimə göndərdim. 70-ci illər idi. Günlərin birində Mirmehdi zəng edib dedi ki, Həbib müəllim Moskvadan gəlib, səninlə görüşmək istəyir. Köhnə “İnturist”də onunla görüşdük. Ondan sonra hər Bakıya gələndə mənimlə görüşməmiş getməzdi. Yadındadı, bizim evimizə də gəlmişdi, sən plov bişirmişdin. Bakıdakı arvadından ayrılmışdı. Bir qızı vardı. Hər Moskvaya gedəndə məni evinə qonaq aparardı. İki otağı vardı. Bir otağı ancaq Azərbaycan dilində kitablar idi. Rəsul Rza, Mehdi Seyidzadə ilə dost idi.

Sənə çoxdan demişdim ki, “Yaxşı adamlar” adlı silsilə xatirələr yazmaq istəyirəm. Həbib müəllimi də fikrimdə ora daxil etmişdim. Ancaq xatirələri işləyə bilmədiyimə görə ona şeir həsr etdim, “Həbib müəllim” şeirimi.

Dilinin əzbəri bir sözü vardı,  Yusif əmi”,  bu kəlmələr ən gözəl aforizm idi onun dilində. Bütün söhbətlərində Yusif Məmmədəliyevdən danışar, ondan misal gətirərdi. Bir də, Şərq ədəbiyyatının çox gözəl üstünlükləri var, - deyərdi.

29 avqust - Gəl sənə bir əhvalat danışım dedi Məmməd:

- 60-cı illərin ortaları idi. Özbəkistanda ədəbiyyat günləri keçirilirdi. Əli Vəliyev, Süleyman Rüstəm və Qabil nümayəndə kimi orada iştirak edirdilər. Banketdə kommunistlərin şərəfinə badə qaldırırlar. Qabil yerindən deyir ki, mən badəmi Əmir Teymurun şərəfinə qaldırıram. Əli Vəliyev tez dillənir:

 

 

- Qabil, olmaz.

- Niyə, Əli müəllim?

- Ona görə ki, Əmir Teymur kommunist deyil.

 

 

- Elə ona görə də içirəm Əmir Teymurun şərəfinə deyir, - və Əmir Teymura həsr etdiyi şeiri oxuyur.

Məclisdəki adamlar yaman pərt olur. Bakıya qayıdan günün səhərisi Yazıçılar İttifaqına çatdırırlar ki, Qabil Özbəkistanda belə bir iş görüb. Tez Rəyasət Heyətini çağırıb hərəsi bir tərəfdən Qabili danlayırlar.  Qabil iclasda söz verir ki, bir də həmin şeiri oxumayacaq.

 

 

Sonra Qabili MK-ya çağırırlar. Şixəli Qurbanov Qabildən soruşur:

- Qabil, nə etmisən?

- Əmir Teymura həsr etdiyim şeirimi oxumuşam.

- Şeiri mənə də oxu görək.

- Oxumuram.

- Niyə?

 

 

- Çünki söz vermişəm ki, bu şeiri heç bir yerdə daha oxumayım.

- Yaxşı, onda get işinlə məşğul ol.

Məmməd nəyi isə xatırlayıb gülür:

-Gəl sənə Qabilin məzəli sözlərindən danışım.

- Əhməd müəllim, heç padvala düşüb 100 qram vurmusanmı?

Əhməd Cəmil cavab verərdi:

- Ay, Qabil, mən xəstə adamam, mənə olmaz axı.

Qabil  pis sürdüyü üçün heç kim onun maşınına minməzdi. Bir dəfə Qabil görür ki, Hüseyn Arif Yazıçılar İttifaqı tərəfə gedir:

 

 

- Hüseyn, min maşına aparım.

-  Qabil, sən get, mən tələsirəm.

Bir dəfə də Əli Vəliyevə maşına minməyi təklif edir:

 

 

- Əli müəllim, gəl səni aparım.

- Qabil, əvvəl özümü sığorta etdirim, sonra minərəm.

 

 

Axşam İsa Həbibbəyli yoldaşı Həqiqət xanımla Məmmədin görüşünə gəldilər. İsa üzürxahlıq etdi:

- Məmməd müəllim, bağışla, “əli uşaqlıyam”, dünən Qalaaltına getmişdik, ona görə söz verdiyim gün  gələ bilmədik. 12 gün orada qaldıq. Böyük oğlumun ödündə daş var, ona görə getmişdik. Heydər Həsənoğlunu görmək istədim, görmədim. İşçiləri dedilər ki, aldığı krediti xərcləyib qurtarıb, indi pulu yoxdur ki, yarımçıq işlərini bitirsin. Qəçrəşə getmişdik, çox gözəl yerlərdir, yol boyu almaları düzüblər, hərəsi bir yanan lampaya oxşayır.

 

 

- Gördün ki, bizim yerlər də gözəldir.

31 avqust - Tezliklə Səməd Vurğunun 90 illiyini keçirəcəklər,  mənə yenə ondan danış.

 

 

-Səməd Vurğun məni yaxından tanımırdı. Ancaq harada görüşü olsa idi, mən də həmin görüşlərdə iştirak edərdim. Bir dəfə APİ-nin zalında Səməd Vurğunla görüş keçirirdilər.  Sən, həmin zalı görmüsənmi?

- Hə, sənin APİ-də görüşün keçiriləndə məni də özünlə aparmışdın. Rasim Balayev Söhrabın şeirini oxudu, sənə dedi ki, “şair, sənə borclu qaldım”.

- Bax, həmin zalda görüş old

u. Mehdi Hüseyn də Səmədlə gəlmişdi. Zal dolu idi. Yer qalmadığı üçün qapını bağladılar. Çöldə qalanlar arxadan qapını zərblə itələdilər, qapı adamların üstünə düşdü. Hamı ona qulaq asmaq istəyirdi, çünki Səməd xalqın istəklisi idi. Görüş vaxtı zaldan Səmədə sual verdilər:

- İndi niyə pyes yazmırsınız?

- İşıq yandı, işıq söndü, mədəniyyət evi göründü, bu, mövzu deyil axı. Mövzu yoxdur, ona görə - cavabını verdi.

- Bəs “Vaqif”?

- “Vaqif”də döyüş var, mübarizə var. Elə bir mövzu olsa yenə də yazaram...

Mehdi Hüseyn çıxışında “bizim ağ saçlı şairimiz” ifadəsini işlədəndə Səməd də zarafatla demişdi:

- Ə, nə saçlı deyirsən, cəmi iki yaş məndən kiçiksən.

Molla Pənah Vaqifin yubileyinə Moskvaya gedirdik. Mən Cabirlə qabaqda Mirzə İbrahimovun yanında oturmuşduq. Ona Səməd Vurğuna aid suallar verirdim. Mirzə müəllim danışırdı:

- Məmməd, bilirsən Səməd necə cəsarətli adam idi? Mircəfər Bağırov bizi “öldürüb quyuya salanda” əl atıb bizi oradan xilas edərdi. Heç nədən qorxmazdı.

Səməd Vurğun yataqda xəstə yatarkən şeir müsabiqəsi keçirirdilər. Mən də onda “Sən tələsmədin” şeirini yazdım və bəyənilib çap olunan şeirlər içində mənim də şeirim vardı.

 

 

1 sentyabr - Gəzinti vaxtı sual verdim:

- Məmməd, Səməd Vurğun haqqında xatirən qurtardı?

 

 

- Yox, hələ var. Bir dəfə yazıçıların plenumuna hazırlıqla əlaqədar “Natəvan” klubunda yığıncaq keçirilirdi. Onda Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, məsul katibi Əli Vəliyev idi.

Biz cavanlar - Sərdar Əsəd, Famil Mehdi, İlyas Tapdıq, Tofiq Bayram  belə yığıncaqlara gedərdik. Hamıdan əvvəl gəlib Rəsul Rza oturdu. Sonra  Anarla Nigar xanım gəldi. Səməd Vurğun onlara yaxınlaşıb Nigar xanımla görüşdü. Sonra Anara tərəf dönüb soruşdu:

 

 

- Anar, mən yaxşı şairəm, yoxsa Rəsul?

- Rəsul, - deyə, - Anar cavab verdi.

Hamı Anarın kəsə cavabına gülüşdü.

 

 

İclas başlandı. Cəfər Xəndan məruzəçi idi. Məruzə qurtarandan sonra zalda narazılıq oldu. Onda tərəflər arasında - Süleyman Rəhimov, Səməd Vurğun, Əli Vəliyev, Mirzə İbrahimov arasında çəkişmələr vardı. Mirzə İbrahimov iclasa gəlməmişdi. Cəfər Xəndanın məruzəsindən razı qalmamışdılar. Əli Vəliyev dedi:

- Elmlər doktoru, universitetin rektoru, tənqidçi Cəfər Xəndandan başqa məruzəni kimə verməli idim ki?

Həmin iclasda MK-da təbliğat şöbəsinin müdiri Cəfər Cəfərov çıxış etdi. O, Stalin mükafatına göndərilməsi nəzərdə tutulan əsərlərin sənədlərini hazırlayıb vaxtında MK-ya göndərilməməsində Yazıçılar İttifaqını təqsirləndirdi. Cəfər Cəfərov çıxış edəndə Səməd Vurğun da zalda oturmuşdu. O, Cəfərovun çıxışına replikalarla cavab verirdi. Sonra dözə bilməyib ayağa durdu, papiros çəkə-çəkə qapıya yaxınlaşdı, papirosu zibil qabına atdı və voobşe yazıçıya məsləhət lazım deyil,  deyib çıxıb getdi. O vaxt bu, böyük cəsarət idi.

Məmməd Rahim mənə Səmədlə bağlı belə bir əhvalat danışmışdı:

- “Vaqif” əsəri Stalin mükafatına təqdim olunmaq üçün əvvəlcə Yazıçılar İttifaqında müzakirə edildi. Bəzi yazıçılar əsərin müasir tələblərə cavab vermədiyini deyib mükafata layiq olmadığını söylədilər. Sonra əsərin müzakirəsi Mircəfər Bağırovun iştirakı ilə keçirildi. Yenə   əsəri tənqid edib məsələni tamamilə ayrı səmtə döndərdilər. Onda Əli Vəliyev durub dedi:

- Səməd Vurğun xalqımızın ən böyük şairidir, ən böyük şairi olaraq qalacaq, əsəri də mükafata layiqdir.

Sonra fasilə elan olundu. Fasilədən qayıdanlar gördülər ki, Səməd Vurğun Mircəfər Bağırovla oturub çay içir. Bunu görən yığıncaqdakılar əsəri tərifləməyə başladılar.

Yaşlı yazıçılar həmişə söhbət edərdilər ki, Mircəfər Bağırov yazıçıların fəaliyyətini tənqid edib deyirmiş:

- Yazıçılar sosializmi yaxşı təbliğ etmir, gələcəyi, kommunizmi əsərlərində yaxşı əks etdirmir və sair.

Onda Səməd Vurğun söz alıb çıxış edər, zal alqışlarla sözünü kəsər, Səməd təzədən danışardı. Yenə də alqışlayardılar. Onda Bağırov da məcbur olub əl çalarmış.

2 sentyabr - Məmmədə Nüsrət Kəsəmənlinin ruhlarla danışığı haqqında yazılmış  məqaləni oxudum. Məqalənin adı “Məni birinci həyatımda balta ilə öldürüblər!” idi.     Məmməd dedi:

- Nə olsun, o, özünü elə inandırır, başqasına ziyanı dəymir ki, qoy elə fikirləşsin. Nüsrətin axır vaxtlar yazdığı şeirlərindən xəbərim yoxdur. Əvvəllər yaxşı yazırdı. İndiki nəslin özündən əvvəlki şairlərdən öyrənmək imkanı var. Hüseyn Arifi, Bəxtiyarı, məni  oxuyub bəhrələnirlər.

- Necə ki, Nizami məktəbi, Füzuli məktəbi, hə kişi?

Güldü Məmməd:

- Hə, məktəbin  Nizami, Füzuli kimi başçıları qalır, qalanları isə tökülür.

Orta məktəbdə oxuyanda S. Vurğunu o qədər tərifləyirdilər ki, şairin bu şöhrətinə vurulurduq, şeir yazmağa həvəslənirdik. Mən də o zaman “Ararat” adında bir şeir yazdım. Şeirin məzmunu belə idi ki, Ararat dağı kapitalistlərin əlində göz yaşı tökür, azad deyil, nə bilim nə, nə. Şeiri Şahbuzda çıxan “Sosializm maldarlığı”, - ada bax a, əlavə etdi - qəzetinə apardım. Qəzetin redaktoru Bayram Qurbanov idi. Kişi mənə dedi:

- Ay Məmməd, axı belə sözlər yazmazlar, onlar bizim qardaşlarımızdır.  Fikrini, sözlərini mənə elə incə şəkildə çatdırdı ki, yəni başa saldı ki, türklər bizim qardaşımızdır. Sonralar Bayram Qurbanovu görəndə şeirimə görə xəcalət çəkirdim.

 

 

(Ardı var)

Təzadlar.- 2014.- 18 yanvar.- S.6-7.