“Musiqi Allah sevgisini coşduran, insanı fərəhləndirən, qəlbi rahatladan nemətdir”

 

1956-cı ildə Ankarada doğulmuş Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli və mənəvi dəyərlərinə çox bağlı olan və inandığı müqəddəs dəyərləri digər insanlara çatdırmağı insanlıq vəzifəsi qəbul edən Adnan Oktar ideoloji mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin incəsənət fakültəsində təhsil aldığı müddətdə başlamışdır. Universitet dövrü ərzində ətrafında hakim olan materialist fəlsəfi cərəyan və ideologiyaların yanlışlığı haqqında həmin nəzəriyyələrin tərəfdarlarından da artıq məlumatlanaraq hərtərəfli tədqiqatlar aparmışdır. Bu məlumatlar işığında milli və mənəvi dəyərlərə təhlükə törədən darvinizm və təkamül nəzəriyyəsinin dünyaya verdiyi zərərlər və bu nəzəriyyənin müasir elmə məğlubiyyəti ilə bağlı əsərlər yazmışdır. “New Scientist” jurnalının 22 aprel 2000-ci il tarixli sayının ifadəsi ilə təkamül nəzəriyyəsinin yanlışlığını və yaradılışın doğru olduğunu cəmiyyətə çatdırılmasında Adnan Oktar beynəlxalq qəhrəmana çevrilmişdir. Bundan əlavə, müəllif sionizm və masonluğun dünya tarixi və siyasətinə mənfi təsirləri ilə bağlı kitablar da yazmışdır. Bu əsərlərlə yanaşı, Quran əxlaqını və imani mövzuları təbliğ edən əsərlərlə birlikdə 300-dən çox kitabın müəllifidir.

“Cavid Yalçın” təxəllüsündən də istifadə edən Adnan Oktar əsərlərinin böyük əksəriyyətini Harun Yəhya təxəllüsü ilə nəşr etdirmişdir. Bu təxəllüs inkarçı dünyagörüşünə qarşı mübarizə aparan iki peyğəmbərin xatirlərinə hörmət əlaməti olaraq Harun və Yəhya adlarından götürülüb.

Müəllifin kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhüründən istifadə etməsinin simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür “Qurani-Kərim”in Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) də xatəmül-ənbiya (son peyğəmbər) olmasının rəmzidir. Müəllif də nəşr etdirdiyi bütün əsərlərində Quranı və Rəsulullahı (s.ə.v) özünə rəhbər tutaraq inkarçı ideologiyaların bütün təməl iddialarını bir-bir təkzib etməyi və dinə qarşı etirazları tam susduracaq şəkildə son sözü deməyi hədəfləyir. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın (s.ə.v) möhürü bu son sözü söyləmək niyyətinin duası kimi istifadə olunur.

Müəllifin bütün əsərlərindəki ortaq hədəf insanlara Quranın təbliğini çatdırmaq və beləliklə, onları Allahın varlığı, birliyi və axirət kimi əsas imani mövzular üzərində düşünməyə sövq etmək və bəzi mühüm mövzuları xatırlatmaqdır.

Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya və Hersoqovinaya, İspaniya və Braziliyaya qədər dünyanın bir çox ölkəsində rəğbətlə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, bosnyak, uyğur, indonez kimi bir çox dillərə tərcümə edilən əsərlər dünyada geniş oxucu kütləsi tərəfindən mütaliə edilir.

Dünyanın hər tərəfində çox bəyənilən bu əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanda dərinləşməsinə vəsilə olur. Kitabları oxuyan, təhlil edən hər bir insan bu dərin fərqin və faydanın, əsərlərdəki hikmətli, ağıllı, anlaşıqlı və səmimi üslubun fərqinə varır. Bu əsərlər sürətli təsir, qəti nəticə, təkzibedilməzlik xüsusiyyətləri daşıyır. Əsərlərin hər birində heç kimin təkzib etmədiyi, səmimi, açıq üslub və dəlillər var. Şübhəsiz ki, bu xüsusiyyətlər Allahın nəsib etdiyi hikmət və təsirli izahatdan qaynaqlanır.

Bu həqiqətləri nəzərə aldıqda insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasına təşviq etmək, əlbəttə, mühüm xidmətdir.

Bu dəyərli əsərləri tanıtmaq əvəzinə, insanlara şübhə verən, qarışıqlıq törədən, heç bir faydası olmayan əsərləri müdafiə edənlər də var. Bu insanlar müsəlmanların vəziyyətini, çəkdiyi əziyyətləri düşünməlidirlər. Unudulmamalıdır ki, dünyada davam edən zülm və qarışıqlıqdan xilas olmağın yeganə yolu Quran əxlaqı ilə yaşamaq və Quran əxlaqını təbliğ etməkdir. Müəllifin əsərləri bu xidmətdə əsas vəzifəni üzərinə götürmüşdür və bu əsərlər, Allahın izni ilə XXI əsrdə dünyadakı insanları Quranda tərif edilən sülh və əmin-amanlığa, doğruluğa və ədalətə, xeyir və xoşbəxtliyə qovuşdurmağa vəsilə olacaq.

Adnan Oktar nə üçün təxəllüsdən istifadə edir?

Adnan Oktarın əsərləri qələmə almaqda məqsədi Allahın rizasını qazanmaq və oxucularını ancaq Qurana və Peyğəmbərimizin (s.ə.v) nümunəvi əxlaqına tabe olmağa dəvət etməkdir. Adnan Oktarın şəxsini ön plana çıxarmaq kimi məqsədi yoxdur. Əsərlərində də öz adı əvəzinə, təxəllüsdən istifadə etməsi Adnan Oktarın bu xüsusiyyətinin bir dəlilidir.

Adnan Oktar ona tez-tez ünvanlanan sualları cavablayır:

- Nə üçün qeyri-müsəlman xanımları televiziya verilişlərinizə çıxarırsınız? Bu, dinə uyğundurmu?

- Müsəlmanın vəzifəsi bütün insanları İslam əxlaqına dəvət etmək, İslam dininin gözəlliklərini, Allahın sonsuz gücünü və qüdrətini hər kəsə təbliğ etməkdir. Müsəlman hər inancdan olan insana, məsələn, xristianlara, yəhudilərə, buddistlərə, hindulara və ateistlərə belə təbliğ etməlidir. Allahın kainatdakı yaradılış dəlillərindən, Quran əxlaqı və Peyğəmbərimiz hz. Muhəmməddən (s.ə.v) bəhs etməlidir. Peyğəmbərimiz (s.ə.v) də öz dövründə hər dinə mənsub, hər cür düşüncə tərzinə malik insanı İslam dininə dəvət etmiş, onlara sevgi və anlayışla yanaşmış, üstün əxlaqla davranaraq səbrlə onlara İslam əxlaqını təbliğ etmişdir. Biz də verilişlərimizdə hər dindən və inancdan olan insanları qonaq edir, onlara İslam əxlaqının gözəlliklərini və əsl müsəlmanın necə olmasını həm sözlə, həm də əyani şəkildə göstərməyə çalışırıq. Təbliğdə məqsəd məhz İslam əxlaqını bilməyən, tanımayan bir insanı doğru yola dəvət etməkdir. Əgər “İslam əxlaqı ilə yaşamayan insanla danışmaram, münasibət qurmaram” şəklində yanlış anlayış mənimsənilsə, onda Quranda müsəlmanlara fərz edilmiş təbliğ ibadəti layiqincə yerinə yetirilməz.

Peyğəmbərimizin dövründə də müsəlmanlar və səhabələr hər cür həyat tərzinə malik insana dinimizi təbliğ edirdilər. Peyğəmbərimiz (s.ə.v) Ukaz bazarında açıq geyimli xanımlara təbliğ edirdi. Hz. Süleymanın Səba məlikəsi Bəlqisə öz sarayında necə təbliğ etməsindən Quranda ətraflı bəhs olunur. Ona görə bir müsəlmanın açıq geyimli xanımlarla danışmaması, görüşməməsi və ya onlara təbliğ etməməsi Quran əxlaqına uyğun olmayan yanlış inancdır.

- İnsanların qarşısında musiqi çalınmasını və rəqs edilməsini dinə əsasən necə açıqlayarsınız?

- Müsəlman Allahın halal etdiyi bütün nemətlərdən ən gözəl şəkildə faydalanmalıdır. Çünki Allah dünya nemətlərini müsəlmanlara halal edib. Musiqi və rəqs də İslama əsasən halal olan cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərinin hamısını, gözəl geyimləri, zinətləri, rəqsi və bütün gözəl şeyləri yaradan Allahdır. Bunların hamısını insanlara sevdirmiş, ruhu bu gözəlliklərdən zövq alacaq şəkildə yaratmışdır. Müsəlmanlar dünyada bu nemətlərdən halallar çərçivəsində faydalanar, axirətdə isə cənnətdə əbədiyyən bu nemətlərdən zövq alaraq yaşayarlar.

Tövratda hz. Davudun lira, dəf, qumrov kimi musiqi alətlərinin müşayiəti ilə nəğmə oxuyaraq Allahın hüzurunda rəqs etdiyindən bəhs edilir. Hətta hz. Davudun bu rəqsinə paxıllıq edən insanların olduğu da bildirilir. Rəqsi, musiqini, estetikanı, incəsənəti, elmi müsəlmanların əlindən alan və haram kimi göstərən xurafatçı düşüncə tərzidir. Bu nemətlərin haram göstərilməsi İslamın əleyhinə oynanmış oyundur.

Müsəlman dünya həyatındakı bütün gözəlliklərə ən çox layiq olan insandır. Mahnıların sözlərində dinə və müqəddəs dəyərlərə zidd, mənfi sözlərin olmamasına diqqət etdikdən sonra musiqi Allah sevgisini coşduran, insanı fərəhləndirən, qəlbi rahatladan nemətdir. Musiqi də, rəqs də insanın gündəlik həyatındakı nemətlərdəndir. Bundan əlavə, bizim verilişlərimizdə musiqinin, rəqsin, Quran söhbətinin, siyasətin və ya digər mövzuların eyni anda yer alması dinlə həyatın iç-içə olduğunu göstərmək, dinin həyatın hər anına hakim olduğunu insanlara göstərmək məqsədini daşıyır.

- Qurana əsasən, bir qadının bu qədər kosmetikadan istifadə etməsi uyğundurmu?

- Müsəlmanın ən böyük xüsusiyyətlərindən biri çox keyfiyyətli, tər-təmiz və baxımlı olmasıdır. Müsəlman kişilər də, qadınlar da dünyanın ən gözəl geyimli, ən kübar görünüşlü, ən baxımlı, ən bilikli, ən müasir insanları olmalıdırlar. Kosmetika da baxımlı və gözəl görünməyin halal yollarından biridir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar kosmetikadan istifadə edirdilər. Ancaq həmin dövrün imkanları çərçivəsində edirdilər. O dövrdə müsəlman xanımlar ənlik, kirşan, dodaq boyasından istifadə edir, əllərini və dırnaqlarını xına ilə rəngləyir, saçlarını xüsusi boyalarla boyayırdılar. Peyğəmbərimizin (s.ə.v) dövründə xanımların dırnaq lakı əvəzinə əllərini və dırnaqlarını xına ilə boyadıqlarından və Peyğəmbərimizin də (s.ə.v) xanımları buna təşviq etdiyindən bir çox rəvayətdə bəhs edilir.

Kosmetikadan az və ya çox istifadə edilməsi də tamamilə şəxsi zövqə bağlıdır. Bəzi xanımlar kosmetikadan çox istifadə etməyi xoşlayır, bəzilər isə xoşlamırlar. Bunun ölçüsü tamamilə şəxsi istəyə bağlıdır. Peyğəmbərimizin (s.ə.v) dövründə də müəyyən ölçü qoyulmamışdır. Peyğəmbərimizin (s.ə.v) sürməni nə qədər çəkdiyini, ölçüsünün nə qədər olduğunu da kimsə bilmir.

- Qurana əsasən, qadınlar lider ola bilərlərmi?

 

 

 

(Davamı var)

Nəzakət Bədirova

Təzadlar.- 2014.- 28 yanvar.- S.13.