Adnan Oktar kimdir?

Adnan Oktar: “Mən Mehdi deyiləm və mehdilik iddiam yoxdur”

 

(Əvvəli ötən sayda)

 

 

 

- Qurana əsasən, qadınlar lider ola bilərlərmi?

- Qurana əsasən, qadınlar həm lider, həm idarəçi, həm də hakim ola bilərlər. Allah qullarını bərabər yaradıb. İslamda qadının da, kişinin də yeri eynidir. Üstünlük qadın və ya kişi olmaqda deyil, üstünlük təqvaya görədir. Hətta qadınlar bəzi məsələlərdə daha həssas, mərhəmətli, sevgi və şəfqət dolu varlıqlar olduqlarına görə mükəmməl idarəçilik qabiliyyəti ilə və ədaləti bərqərar etmək sahəsində əhil yaradılıblar.

Ancaq xurafatçı düşüncə tərzində qadınlar alçaldılır. Xurafatçı düşüncə tərzində qadının ağlına güvənməmək, hər sözünə müxalif olmaq kimi yanlış anlayış var. Quran bu batil anlayışı tamamilə aradan qaldırır. Quranda qadınlar hörmət edilən, sözünə etibar olunan, bitki kimi etina ilə davranılan dəyərli qullar kimi tərif edilir. Allah Quranda qadınları hər cür çətin işdən uzaqlaşdırır, hər məsələdə qadınlara asanlıq yaradır, qadınlar hər sahədə qorunurlar. Quranın kişilərə xitab etdiyini bildirərək bunu kişilərin üstünlüyünə dəlil göstərənlər Quranı doğru şərh etməyən insanlardır. Quranın kişilərə daha çox məsuliyyət yükləməsi qadınlara verilən dəyərdəndir. Bu, qadınlar üçün nemətdir. Allah qadınların rahat olması, gözəl həyat yaşaması üçün bir çox xüsusi hökm nazil edib. Bu, Allah qatında qadınlara verilən dəyəri göstərir, kişilərin üstünlüyünü deyil.

Hz. Süleymanın sarayına dəvət edərək təbliğ etdiyi Səba məlikəsinin Quranda mühüm yeri var. Səba məlikəsi öz ölkəsində hökmdardır, həm sərkərdə, həm hakim, həm də lider hökmündədir. Səba məlikəsindən bəhs edən ayələr Quranda qadının lider ola biləcəyinə dair ən gözəl nümunələrdən biridir. Bu ayələr dövlət orqanlarındakı bütün səlahiyyətli şəxslərin və əsgərin bir qadına necə itaət etdiyini və əmrinə tabe olduğunu göstərir.

- Nə üçün verilişlərinizdə iştirak edən qadınların saçları sarıdır?

- Verilişlərimizə çıxan sarışın xanımlarla yanaşı, bir çox qara, qızıl saçlı və ya qumral xanımlar da var. Saç rəngləri xanımlarımızın öz seçimidir. Sarı saç dünyada da bir çox xanımın üstünlük verdiyi, xanımlara yaraşan gözəl rəngdir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar saçlarını xına və kətəmlə boyayırdılar. Bundan əlavə, Peyğəmbərimizin (s.ə.v) bütün saç rəngləri arasında xüsusilə sarı saçı bəyəndiyinə dair bir çox hədis var. Odur ki, bir çox müsəlman xanım Peyğəmbərimizin (s.ə.v) bəyəndiyi bu rəngi sevir və üstünlük verir.

- Mehdinin xüsusiyyətləri sizə çox uyğundur, eyhamla özünüzə işarə etdiyiniz bir söhbətiniz var, bu, dinə zidd deyilmi?

- İnsanlarda mənim fiziki xüsusiyyətlərimdən qaynaqlanan, Mehdi olduğuma dair şübhələr və ya hüsnü-zənn ola bilər. Hədislərdə izah edilən hz. Mehdinin (ə.s) fiziki xüsusiyyətlərinə baxdıqda, həqiqətən eynilə bənzərlik olduğunu görürük. İstər üzüm, istər bədənim hədislərdəki hərtərəfli təriflərə tam uyğundur, bu, doğrudur. Mən dürüst insanam, bənzədiyimi deyirəm, ancaq bu, Mehdilik iddiası deyil. Qurana əsasən, bir müsəlman  Mən Mehdiyəm” - deyə bilməz. Belə bir iddia etmək haramdır. Çünki bu insan cənnətə də gedə bilər, cəhənnəmə də. Əgər bir şəxs Mehdi olduğunu desə, cənnətlik olduğunu iddia etmiş olar. Bir insan  Mehdilik iddia etmək üçün vəhy almalıdır. Qurana əsasən, yeni bir kitab və ya kitablı peyğəmbər gəlməyəcəyinə görə, mənim belə bir şeyi iddia etməyim qeyri-mümkündür. Belə bir şey olsa, insan dindən çıxar, müsəlman olmaz. Ancaq təbii ki, hər müsəlman Mehdi olmaq istər. Mehdi olmaq böyük nemətdir. Müsəlman Allah dostu olmaq, cənnətə getmək istər. Ancaq mehdilik iddia etmək olmaz.

Mən Mehdi deyiləm və mehdilik iddiam yoxdur. Heç vaxt belə iddiam olmaz. Ömrüm boyu belə bir iddia etməyəcəyimə dair Allahın adına and içmişəm. Ancaq açıq-aydın deyirəm: hz. Mehdi (ə.s) gəlib. Bu barədə Peyğəmbərimizin (s.ə.v) hədisləri, Quranın işarələri Mehdinin gəldiyini göstərir.

- Əsasən xarici modelyerlərin marka geyimlərini geyinirsiniz. Qeyri-müsəlmanların istehsal etdiyi şeylərdən istifadə etmək dinimizə görə uyğundurmu?

- Quranda xurafatçı İslam anlayışı yoxdur. Müsəlmanlar musiqiyə, əyləncəyə, ən gözəl evlərə, ən gözəl yeməklərə, ən gözəl mühitlərə layiqdirlər. Allah Quranda  ...Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur...” (Əraf surəsi, 32)  - buyurur. Halbuki xurafatçılara görə, bir müsəlman daim miskin olmalı, pis geyinməlidir. Xurafatçı baxımsız olur, estetikaya, incəsənətə, hər cür gözəlliyə qarşı olur. Xurafatçı məntiqinə əsasən, bir müsəlman keyfiyyətli, müasir, təmiz ola bilməz. Halbuki peyğəmbərlər, səhabələr dövrün ən keyfiyyətli, ən müasir, ən təmiz insanları olublar. Quran bizi buna təşviq və tövsiyə edir.

“Müsəlman xarici marka məhsullardan istifadə etməməlidir” düşüncəsinin heç bir əsası yoxdur. Bu, tamamilə xurafatçılıqdır, halalı haram etməkdir. Bunu praktikada tətbiq etmək də qeyri-mümkündür. Çünki gündəlik həyatda istifadə edilən bir çox məhsulun emal mərhələsində əxlaqsız həyat tərzi keçirən, qanunsuz gəlir əldə edən, faiz yeyən və bir çox haram işlər görən insanlar işləyə bilər. Müsəlmanın yaşadığı, oxuduğu, işlədiyi yerdə əxlaqsız həyat tərzi keçirən, Quran əxlaqı ilə yaşamayan insanlar yaşaya bilər. Bu məntiqə görə, heç bir məhsuldan istifadə etmək lazım deyil, bu isə ağıldankənardır.

- Kanalınızın adı nə üçün A9-dur?

- A9 TV kanalı bizim qardaşlarımızın, bizi sevən insanların qurduğu kanaldır. Hər kəs kanalın adına bir məna verməyə çalışır. Bu, təvafüqən seçilmiş addır. Qədərdə A9 olmalı imiş. Ancaq əlbəttə, A9 adının çoxlu hikmətləri var. Məsələn, hz. Mehdinin (ə.s) doqquz xüsusiyyəti var. Biz də Mehdi tələbələri olduğumuza görə, A9 ona olan həsrətin simvolik mənası ola bilər. Hz. Əli (r.ə) də Mehdidən bəhs edərkən əli ilə 9 işarəsi verir. Ona da işarə edə bilər. Firon dövründəki rəsmlərdə də A9 loqosuna bənzərliklər var. Mason loqolarında da belə bənzərlik var. 3000-4000 il əvvəl Allah A9-un dəccalı, dinsiz fəlsəfi cərəyanları məhv edəcəyini onlara ilham edib. Digər tərəfdən, Allahın adı “A” hərfi ilə başlayır. Bu cəhətlərə görə A9 adı mənalıdır. Daha çox məna çıxarmaq olar.

- Müasir cəmiyyətdə bu qədər danışılmalı problem var ikən daima Mehdi mövzusunu gündəmdə saxlamağınız bu qədər vacibdirmi? Bunu necə açıqlaya bilərsiniz?

- Söhbətlərimdə İslam əxlaqının yer üzünə hakim olmasına və mehdiyyət mövzularına xüsusi yer verməyim Quran əxlaqının tələbidir. Hz. Mehdidən (ə.s) danışmaq, hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələmək, eyni zamanda Peyğəmbərimizin (s.ə.v) sünnəsidir. Allah Quranda İslam əxlaqının yer üzünə hakim olması üçün cəhd etməyin bütün müsəlmanların məsuliyyəti olduğunu bildirir. Quranda bu mövzuda bir çox ayə var. Allahın adətullahına uyğun olaraq tarixin hər dövründə haqq dinin təbliğ edilməsində müsəlmanlara rəhbərlik edən, onları hidayətə yönəldən mənəvi lider olub. Axırzamanda müsəlmanları Quran əxlaqına və hidayətə yönəldəcək, onları birləşdirəcək şəxs hz. Mehdidir (ə.s). Peyğəmbirimizin (s.ə.v) səhih hədisləri ilə bu mövzu 14 əsr əvvəl insanlara müjdələnib. Peyğəmbərimmiz (s.ə.v) bu mövzunun əhəmiyyətini hədislərində açıq-aydın vurğulayır. Müsəlmanların da bu mövzunu gündəmə gətirib müjdələməsini bildirir.

Əgər mehdiyyət əhəmiyyətsiz mövzu olsaydı, Peyğəmbərimizin (s.ə.v) söhbətlərində bunu görməzdik. Ancaq əksinə, həm Peyğəmbərimiz (s.ə.v) bu mövzuya əhəmiyyət vermiş, həm də müsəlmanları hər dövrdə bu mövzunu gündəmdə saxlamağa təşviq etmişdir. Mən də Peyğəmbərimizin (s.ə.v) tövsiyəsini yerinə yetirirəm. Hz. Mehdinin (ə.s) gəlişini müsəlmanlara müjdələyirəm, hz. Mehdini (ə.s) insanlara tanıdıram.

Bundan əlavə, Peyğəmbərimizdən (s.ə.v) başqa, 1400 ildən çoxdur ki, bütün böyük İslam alimləri də müsəlmanlara hz. Mehdinin (ə.s) gəlişini müjdələyiblər. Hər biri əsərlərində, söhbətlərində bu mövzuya çox geniş yer ayırıblar. Əhli-sünnənin böyük alimləri olan hədis alimlərimiz, məzhəb imamlarımız da mehdiyyət mövzusuna böyük əhəmiyyət veriblər.

- Verilişlərinizdəki xanımların geyimləri dinə uyğundurmu?

- İstər qadın, istər kişi olsun - hər müsəlman həmişə xarici görünüşünə çox diqqət etməli, gözəl geyinməli, tər-təmiz olmalıdır. Peyğəmbərimiz (s.ə.v) və yanındakılar da istər təbliğ edərkən, istərsə də gündəlik həyatda çox gözəl geyiniblər, ən keyfiyyətli paltarlara üstünlük veriblər.

Bundan başqa, İslam dinində məcburiyyət yoxdur. Biz hər kəsin anlayışına və fikrinə hörmətlə yanaşırıq. Xanım dostlarımız da öz istədikləri kimi, inanclarına uyğun şəkildə geyinirlər. İstəyən hicab taxır, istəməyən taxmır və istədiyi kimi geyinir, istəyən çarşaf geyinir, istəyən kosmetikadan istifadə edir - fərq etməz, hamısı bizim üçün nur kimi dəyərli müsəlmandır, heç bir ayrı-seçkilik etmirik.

- Yəhudi və xristianlarla nə üçün görüşürsünüz?

- Müsəlmanlarla xristianlar və yəhudilər arasında süni gərginlik yaratmağa çalışırlar, buna mane olmaq, bölgədə sülhün bərqərar olmasını təmin etmək üçün görüşlərin keçirilməsi şərtdir.

Müsəlmanlar və yəhudilər hz. İbrahimin (s.ə.v) övladlarıdır, bir tərəf İsmail oğulları, digər tərəf Yəqub oğullarıdır. Ona görə iki qrup arasında qarşıdurma olması və münasibətlərin pozulması çox mənasız və yersizdir. Peyğəmbərimizin (s.ə.v) dövründəki kimi, yəhudi və xristian qardaşlarımızın qorunması Qurana və hədislərə uyğundur. Bəzi şəxslər Qurandakı “xristianları və yəhudiləri dost tutmayın” ayəsini yanlış anlayırlar. Bu ayədəki ərəbcə “vəli” sözü rəhbər, idarəçi mənasındadır. Müsəlman cəmiyyətdə müsəlman, xristian cəmiyyətində xristian, yəhudi cəmiyyətində də yəhudi rəhbər olması xalqın rahatlığı baxımından da təbiidir. Yəhudi və xristianlar bizim dünyada qardaşlarımızdır, onları sevir, hörmət edir və müdafiə edirik.

 

 

 

Nəzakət Bədirova

Təzadlar.- 2014.- 30 yanvar.- S.13.