Əziz dostumuzu itirdik

(Nekroloq əvəzi)

 

Azərbaycan musiqi mədəniyyətinə Qarabağ camaatına ağır itki üz vermişdir. Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, ustad tarzən, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, dosent Gülağa Tapdıq oğlu Zeynalov 2015-ci il yanvar ayının 2-də ömrünün əlli doqquzuncu ilində vəfat etmişdir.

Gülağa Zeynalov 1956 –cı il aprel ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Şuşa Musiqi Məktəbini, 1974-cü ildə Xankəndi Orta İxtisas Musiqi Məktəbini və 1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Gənc tarzən 1980-1982-ci illərdə M.M.Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim, 1984-1986-cı illərdə Şuşa rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışmış, 1993-1995-ci illərdə Şuşa Dövlət Musiqili Dram Teatrının drijoru olmuşdur. Burda o, Ü.Hacıbəyovun “Arşın mal alan”, S.Rüstəmovun “Durna”, S.Ələsgərovun “Özümüz bilərik”, V.Adıgözəlovun ”Nənəmin şahlıq quşumusiqili komediyalarına drijorluq etmişdir. Gülağa Zeynalov Rusiyanın, Ukraynanın, Qazağıstanın, Türkkiyənin, Almaniyanın iri konsert salonlarında çıxış etmiş, dəfələrlə respublikaÜmumittifaq festifallarının, o cümlədən 1986-cı ildə keçirilən Ü.Hacıbəyov adına xalq çalğı alətləri I respublikalararası müsabiqənin laureatı olmuşdur.

Hər il qardaş Gürcüstan Respublikasının Dmanisi rayonunda (Başkeçid) keçirilən Borçalı Türklərinin Elat Mədəniyyəti Günlərində Qarabağ Üçlük Muğam Qrupunun rəhbəri kimi Qarabağın tanınmış ziyalıları ilə birgə Qarabağ həqiqətlərinin təbliğində böyük rolu olmuşdur.

İstedadlı tarzən və zəhmətkeş müəllim Gülağa Tapdıq oğlu Zeynalovun əziz və unudulmaz xatirəsi onun yoldaşlarının, tələbələrinin, həmyerlilərinin, ümumiyyətlə, onu tanıyan hər bir kəsin qəlbində daim yaşayacaquzun illər yaddaşlardan silinməyəcək.

Akademik Cəlal Allahverdiyev, professorlar Telman Əliyev, Oqtay Rza, Elxan Məmmədov, həmçinin tanınmış şair Abbas Abdulla, Zahid Quliyev, Tariyel Əzimov, Pərviz Axundbəyli, Asif Mərzili, Zəlimxan Məmmədli, Giya, Qiymət Məhərrəmli, Elbəyi Cəlaloğlu, Baxşeyiş Mehdiyev, Rövşən Atakişiyev, Akif Əliyev, Mərkəz Əliyev, Yavər Hüseyn, Şünasi Babayev, Umudvar Qaçayoğlu, “Şuşa Birlik Cəmiyyəti” və Borçalı İctimai Cəmiyyətinin üzvləri.

***

…Kədərli notla yoğrulmuş nekroloqa bir neçə cümlə əlavə etməyi özümün, həm də istəkli tarzəni sevən, onun itkisinə ürək ağrısı ilə yanıb-yaxılaraq yuxarıdakı nekroloqa imza atmış böyük şəxsiyətlərin mənəvi borcu bilirəm.

Gülağa Zeynalov altı il ardıcıl olaraq bizimlə birgə Borçalıda keçirilən Elat bayramında iştirak edirdi. Əvvəllərdən onu hamımız sənətkar-tarzən kimi tanıyırdıq. Amma bu 6 illik yol yoldaşlığı və onun həmin bayramda-el şənliyində təmənnasız olaraq iştirak etməsindən, Qarabağ həqiqətlərini musiqi dili ilə türk ellərindən, bu sırada Türkiyədən, Qazaxıstandan, Tatarıstandan, Cənubi Azərbaycandan, Türkmənistandan, Qırğızıstandan, həmçinin Avropadan… gələn qonaqlara, gürcü qardaşlarımıza çatdırmağı həmişə özünün vətəndaşlıq borcu bilməsini görəndən sonra bizlər onu daha yaxından tanımalı olurduq.

Gülağa müəllimin çətin, bəlkə də yorucu görünən, amma mənəvi saflığı hər kəsə gətirən bu yol yoldaşlığında özünü nə qədər fəal aparması hər kəsin yadındadır. Onun tarda Azərbaycanın milli musiqilərini necə ifa etməsi, Gürcüstandan olan gürcülərin bu musiqiyə necə diqqətlə, ürək sevgisi ilə qulaq asdıqlarının şahidiyik. Çox təəssüflər olsun ki, o, Şuşasız dinclik tapmayan və həmişə gileyləndiyi ürək ağrılarının qeydinə qalmadı… Həmişə də bu xəstəliyin kişi mərəzi olduğunu deyirdi. Amma sonda bəlli oldu ki, Qarabağ, Şuşa… həsrətini yığıb saxladığı və etibar etdiyi ürəyi sözünə baxmadı və… onu özü ilə Allah dərgahına apardı.

Allah rəhmət eləsin!

Sonda: Elat bayramında Gülağa Zeynalovun ifa etdiyi bəzi musiqi nömrələrini videonun yaddaşına köçürərək «Təzadlar»ın arxivində saxlayıram… Onun ifalarından birini bu xatirə yazısına əlavə edirəm. İstəmədim ki, onun haqqında söylədiyimiz xatirə quru sözlərdən ibarət olsun. Qoy hamı həm də Gülağa müəllimin canlı ifası ilə onun elə bizimlə birgə olduğunu, qəlbimizdə və musiqilərimizin qanadında əbədi yaşadığını… duya bilsin. Video 2014-cü ildə Gürcüstanda keçirilən Elat bayramında lentə alınıb.

 

Böyük ehtiramla: Asif Mərzili

Təzadlar.- 2015.- 7 fevral.- S.9.