Tanrı adamı -aşıq Mayis Gəncəli...

Bir dostum dedi ki, Mayis Gəncəli ağr xəstədir. Hansı ki, 1-ci beynəlxalq aşıq festivalında Aşıq Mayisin rəhbərıik etdiyi aşıqların yüksək səviyyəli ifası yaddaşlardan bu gün silinməyib...

 

Bu gün Gəncə deyəndə ilk növbədə baş əyib, səcdə qıldığımız Şeyx Nizami Gəncəvi yada düşür. O, söz səltənətinin elə bir zirvəsindədir ki, bizim üçün əlçatmaz, ünyetməzdir. Dahi şairimizin özündən əvvəl sonra gələn həmfikirləri Nizamini nəinki Şeyx, eləcə sözümüzün şahı bilirlər. Bundan sonra minlərlə Gəncəli təxəllüsü götürən şair olsa da, Nizami Gəncəvi zirvədədir. Gəncəli təxəllüsünün daşıyıcılarından biri Əməkdar mədəniyyət işçisi, beynəlxalq ümumittifaq festivalları laureatı, zil şahanə səsin, ilahi yaddaşın sahibi dostum, həmkarım aşıq Mayis Gəncəlidir. Bu dəyərli dostum bir dəfə N.Gəncəvidən söz düşəndə dedi ki, Nizami Gəncəvini bilməyən şairin, aşığın kamilliyinə inanmıram. Ona görə mənim məsuliyyətim daha çoxdur. 1981-ci ildə dövlət səviyyəsində keçirilən bir tədbirə respublikanın tanınmış aşıqlarını da dəvət etmişdilər. Canım qədər istədiyim Aşıq İmranla, Aşıq Əkbərlə, Mikayıl Azaflı ilə birgə keçmiş Bakı mehmanxanasında olan zaman cavan bir aşıq içəri daxil oldu. Mikayıl əmi məndən soruşdu ki, Məhərrəm aşıq Mayis Gəncəli ilə şəxsi tanışlığım varmı? Dedim, ustad, indi tanış olarıq. bizim ilk tanışlığımız da o vaxtdan başlandı. Mən o ərəfədə aşıq havaları haqqında məlumatlar toplayırdım. Xeyli söhbətdən sonra o, öz otağına getdi. Mikayıl əmi dedi ki, Məhərrəm, Mayis Gəncəli çox məlumatlı məsuliyyətli sənətkardır. Bilmək istədiklərini ondan da lentə ala bilərsən, bir ona da müraciət etsən yaxşı olar.

Yanımızda mərhum bəstəkar Azad Kərimov da vardı. Söhbətin şirin yerində Mayis Gəncəli içəri daxil olub dedi: Ay ustad, ürəyimə dammışdı ki, kiməsə bir-iki mahnı oxumaqla insani borcumu yerinə yetirəm. İcazə versəniz, siz dincələsiniz, mən də bizim otaqda qonaqları sazla-sözlə başlarını qataram. Mikayıl Azaflı gülümsəyib qayıtdı ki, ay Mayis, sən doğrudan da tanrı adamısan. Belə olmasa, geri qayıtmazdın.

O vaxt Azad Kərimovun təzə çıxan iki kasetli bir maqnitofonu vardı. Mən Koroğlu havaları haqqında aşıq Mayisə suallar verdikcə, o, ətraflı məlumat verərək, dediklərini ifası ilə təsdiqləyirdi. Aşıq Mayis Gəncəlidə olan yaddaş, potensial səs imkanları məni heyran etmişdi. O, hətta daim dinlədiyi aşıqların ifaçılığını da misal gətirirdi. Ən çox bəyəndiyi aşıqlardan aşıq Əsəd Rzayev, aşıq Mirzə Bayramov, aşıq Hüseyn Cavan, aşıq İslam Yusifov, aşıq Zeynal, aşıq Əkbər, aşıq İmran və digərlərinin ifa taktikasını misal gətirərək, kimin daha güclü ifaçılığa malik olduğunu deyirdi. Əlbəttə, bu aşıqlar zilxanlığı, kamilliyi, fərdi ifa manevrləri ilə fərqləndiyi üçün aşıq Mayis gördüyünü, eşitdiyini deyirdi. Düzdür, aşıqların hər birinin sevib ifa etdiyi birya bir neçə havası var, lakin Mayis Gəncəlinin fərqli cəhətlərindən birionun hərtərəfli olmasındadır. Belə ki, o, natiqlikdə, ifada, bilikdə, davranışda, xarici görünüşdə və xoş xasiyyətlilikdə də özünəməxsusdur. Təməlindən haqqı sevib sitayiş edən, müqəddəs kitabımız Quranı oxuyub, haqq kəlamlarını tər-təmiz bilən aşıq Mayis Gəncəli təkcə Gəncədə, Tovuzda, Qazaxda, Şəmkirdə, Bakıda deyil, respublikamızdan kənarda da (xüsusilə İranda) dərin zəkasıyla yaxşı tanınır.

Mayis Gəncəli 1937-ci ildə dünyaya göz açıb. İlk ustadı aşıq Zeynal və aşıq Hüseyn Cavan olub. 1984-cü ildə AAB-nin 4-cü, 2008-ci ildə 5-ci qurultayında idarə heyətinə nümayəndə seçilib. Gəncə Aşıqlar Birliyinin rəhbəridir. İstedadlı və gənc nəslin aşıq sənətini mənimsəməsində xüsusi rolu var. Bir çox tanınmış aşıqlar məhz onun yetirməsidir.

Bir ustad sənətkar kimi klassik aşıq havalarının və dastanların bilicisi olmaqla, onları yüksək peşəkarlıqla ifa edir. Yaradıcı sənətkar olaraq qələmini müxtəlif şeir janrlarında sınamış, gözəl aşıq-şair kimiözünü təsdiq etmişdir. Gəncə və Gəncəbasar zonasında, əksər rayon və kəndlərimizdə konsertlərində, el məclislərində daim sevilə-sevilə dinlənilib. Sinəsini bəzəyən ordenmedallar, aldığı diplomlar, fəxri fərmanlar dediklərimizin təsdiqidir.

Artıq Mayis Cəncəlinin bu gün ömrünün ən mənalı çağını yaşayır. İnşallah, onun yubileyini nəin ki Gəncədə, Bakıda da qeyd edəcəyik. Səksənə yön alan bu yaşında da sazını, sözünü kimsədən əsirgəmir. Yəqin dövlətimiz də bu görkəmli sənətkarın halal haqqını ondan əsirgəməyəcək. Çünki bu insan ömrünü xalq və dövlətimiz yolunda sərf edib.

Qüdrətli aşığımız Mayis Gəncəliyə Allahdan cansağlığı diləyirəm.

 

Məhərrəm Hüseynli

Təzadlar.- 2015.- 28 fevral.- S12.