Onun haqdan gələn könül çırpıntıları...

 

Aşıq Əhliman - 60

 

Bu günlərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı yenə aşıb-daşırdı. Teatrdan yenə saz, aşıq səsi ozan dünyamızın başucalığını, hər zaman olduğu kimi, bu günöz varlığını və yaşarılığinı sübut edirdi.

 

Bu dəfə o möhtəşəm sarayda insanları bir araya gətirən, onları bir kökə kökləyən aşıq Əhliman idi! Əməkdar mədəniyyət işçisi aşıq Əhliman! Şirvan aşıq məktəbinin çox layiqli nümayəndəsi olan aşıq Əhliman ömrünün 60 illik yubiley təntənəsi əsl saz, söz bayramına çevrilmişdi. Onun bu təntənəsində kimlər yox idi? Məclisin bəzəyi olan saz, söz adamları, alimlər, incəsənət xadimləri, şairlər, yubiliyarın sənət dostları, ali məktəb müəllimləri, bölgələrdən gələn qonaqlar həmin günün daha gözəl olması üçün səy göstərirdilər.

Aşiq Əhliman ustad aşıqdır. O həm də bir müəllimdir, alimdir, kafedra müdiridir, dosentdir. Üstəlik, saz üstündə oxunan dadlı-duzlu neçə-neçə şeir müəllifidir. Onun şeirlərinə mahnılar bəstələnib, tanınmış müğənnilər tərəfindən oxunurçox sevilir. Bu da o deməkdir ki, Əhliman Rəhimov təkcə ifaçı aşıq kimi tanınmır. O, öz zəmanəsinin çox dəyərli və müasir saz şairlərindəndir. Bu dediklərimizin təsdiqi kimi onun “Könlümlə danış, sazım!” (Bakı-2004) kitabını oxumaq bəs edər. Bu, onun haqdan gələn könül çırpıntılarının qələmə və oradan da kağıza köçən düşüncələridir.

Aşıq Əhlimanın çox möhkəm yaddaşı, gözəl natiqlik məharəti göz önündədir. Tək öz yaradıcılığı, üstəgəl, minlərlə qoşma, gəraylı, təcnis, divani, müxəmməs onun hafizəsində cild-cild kitablar kimidir.

Aşıq Əhliman doğma diyarın hər yerində sevilir. O özübütün Azərbaycanı el-el gəzib dolaşmaqdan doymur. Harda bir xeyir varsa, “çağırılan yerə ar eləməz” aşıq Əhliman. Talant, bilik, məharətlə bərabər, çox böyük həvəs, istək sahibidir aşıq Əhliman. İstər xalq arasında, istər sənət dünyasında, istərsə də elm-bilik meydanlarında adı çəkilər, özü görünər aşiq Əhlimanın. Aşıq Əhliman ona görə bu qədər güclü və qüvvətlidir ki, o, bütöv Azərbaycanı sevir, yurdun hər qarışına “pirimdeyir.

Bildiyimiz kimi, Azərbaycan aşıq sənətinin Təbriz, Göyçə, Borçalı, Qazax, Şirvan məktəbləri məşhurdur. Və hər bölgənin özünəməxsus çalmaoxuma yolları var. Bütövlükdə isə bütün qolların - məktəblərin hamısı bir kökə - saz sənətinin ulu və müqəddəs kökünə köklənir. Bu da heç zaman yad havasına oynamayan xüsusi bir əzəmət simvolu yaradır.

Məlumdur ki, bu sənət çox-çox qədimlərdən gəlir. Dədə Qorquddan, Qurbanidən, Xəstə Qasımdan, Ələsgərdən üzübəri ustadların bu günə gələn sənətkarlardan biribu günümüzün gözəl aşığı aşıq Əhlimandır. Şirvan aşıq məktəbində aşıq Əhməd kimi ustaddan dərs alan, aşıq Şakirlə püxtələşən, aşıq Bəylərlə boy atan aşıq Əhliman təbii ki, bu gün öz qabiliyyətilə dillərdə dastan olmağa layiqdir. Onun təkcə sazı yox, muğamı da çox gözəl bilməsi Şirvan aşıqlarının yeni bir tərəfini də cəmiyyətə çatdırır. Bunu yubiley gecəsinin aparıcısı hörmətli professor Qəzənfər Paşayevdən eşitdik. Hörmətli alim onu da əlavə etdi ki, bugünkü Sirvan aşıq məktəbinin yetirmələri saza daha ciddi şəkildə sahib çıxırlar. Yəni sazı daha yaxşı çalmağa başlayıblar. Bu, böyük işdibu işdə də aşıq Əhliman kimi sənətkarın əməyi danılmazdır.

O gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saz bayramıydı... Məclisi giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub açdı. O, çox dərin qatlara enərək, aşıqlığımızın keçmişindən bu gününə kiçik bir səyahət etdi. Saz, söz meydanında aşıq Əhlimanın hansı mərtəbədə qərar tutduğunu açıqladı. Sonra məclisi aparmaq üçün hörmətli alimimiz, çox dəyərli Qəzənfər Paşayevə söz verdi. Beləcə, sazlı-sözlü bir gecə öz sehrli aləminə apardı hər kəsi.

Gecəyə Azərbaycanın çox dəyərli alimləri, muğam ustaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, digər iştirakçılar rəng qatdılar.

Professorlar Vasim Məmmədəliyev və Məhərrəm Qasımlı gözəl və səmimi çıxışları ilə gecənin ovqatını çox mənalandırdılar.

Gecədə əməkdar artistlər - Mətanət İsgəndərli, Azad Şükürov, Ağalar Bayramov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları Şəhla Əliqızı, Elnar Qarayev, “Çeşmə”, “Rasimlər” aşıq qrupları, aşıq Altay, aşıq Ağamurad, aşıq Fəzail Miskinli, aşıq Şaiq İncəli, Güney Azərbaycan aşıqlarından Səlcuq Şahbazi, Mehdi Nəcəfi, habelə yubilyarın tələbələri çıxış edərək, onun şeirlərini, sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Rəssam Şahvələd yubilyarın portretini təqdim etdi.

Beləcə, sazlı-sözlü bir gecəyə də yekun vuruldu. Hər kəs oradan ürəyi dolu ayrıldı. Dədələrimizin bizə miras qoyub getdiyi bir sənətin bu gün də nə qədər sağlam və dəyərli olduğunun sübutu göz önündəydi.

Aşıq Əhliman bu böyük mirası şərəflə daşıyan sənətkarlardan olduğunu öz istedadı və qabiliyyəti ilə təsdiqlədi. Hələ bundan sonra da sazımızın dəyərinə dəyər qatılacaq. Aşıq Əhliman və onun yetirmələri kökümüzdən gələn bu sənəti daha da inkişaf etdirib üzümüzü güldürəcək. Bu gecədə olduğu kimi...

 

Güllü Tomarova

Təzadlar.- 2015.- 17 mart.- S15