Həsrətində olduğumuz qatar

 

Kiçik bir dəmiryolu vağzalında qatarların hərəkət istiqaməti ancaq saat 21.15-i göstərir. Təsadüfən buraya gələn hansısa sərnişin onu həsrətlə gözləsə də, o qatar gəlməyəcək. Niyə gəlməyəcək? Sorun nədir?

 

Bu suallara cavab aramaq üçün Akademik Milli Dram Teatrının səhnəsində Bəhram Osmanovun tamaşaya qoyduğu “21.15 qatarı” pyesində tamaşaçılar, elə aktyorların özləri də bu suallara cavab arayırlar. Türkiyənin ünlü dramaturqu Toyqun Orbayın bu məşhur əsəri Ankara, Tokio, Nyu-York, Berlin, Paris kimi nəhəng şəhərlərin səhnələrində oynanılmışdır. Qatarın gəlişini gözləmək üçün bir ömür boyu gözləməyin anlamı varmı, sualına əslində hər kəs öz yorumuya yozumu ilə cavablandırmağa cəhd etsə də, o gəlməyəcək.

 

Uğurlu sənət tandemi

 

“21.15 qatarı” tamaşasına ünlü rejissorumuz Bəhram Osmanovun yorumunda, sadəcə, əsərin illüstrasiyası verilməmişdir. Şüuraltı düşüncənin dərin qatlarına qədər hər anın incəliklərinin yozumunu ortaya qoymaqla onu hərəkətə gətirməyi hədəf seçmişdir. Bu psixoloji dram üslubunun səhnəmizdə canlandırılmasının təməlini qoymaqla əslində “Sadəcə, Azərbaycanda deyil, dünyanın hər yerində bu imza ilə milli teatrımızı təmsil etməyə layiq rejissor və aktyorlarımızın varlığı”nı təsdiq etmişdir. Bu tamaşa sübut etdi ki, indiki zamandaRejissor Teatrı” anlayışına kimsənin qarşı çıxması mümkün deyil. Teatrı savadsızcasına eksperimentlər sınağına çevirmək olmaz. Ancaq öz işinin professionalı olan rejissorlar aktoyrlarla birlikdə bütün bunların öhdəsindən gələ bilərlər. “21.15 qatarı” tamaşasında bütün bunları görmək tamaşaçının uzun illərdir gözlədiyi sənət uğurunun canlı şahidinə çevrildilər. Elə bil ki, ölkənin ana teatrı bunun həsrəti ilə yaşayırdı. Tamaşanın baş rollarını ifa edən Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli daşıdıqları fəxri adlarına görə deyil, bu günün sənət uğuruna rejissorla birlikdə gərəkən imzanı atmışlar. Tamaşa üçün özəl bir musiqi bəstələnməsə də, quruluşçu rəssam Samirə Həsənova və işıq üzrə rəssam Rəfael Həsənov bu psixoloji əsərin ruhuna uyğun çox uğurlu səhnə tərtibatı verib. Dörd nəfərlik personajı olandüz 75 dəqiqə davam edən əsərdə fasilə olmadan belə, tamaşaçılar sonacan həyəcanla baş verənlərin ilğımında yaşadılar. Çünki hər şey tandemlə uyğunlaşmışdır. Aktyorların belə bir abstrakt əsərin öhdəsindən gəlməsi, tamaşaçının ruhuna sirayət etmənin psixoloji yozumu, rejissorun və teatrın uğuru kimi qəbul edildi. Bu tamaşa bir daha sübut etdi ki, Azərbaycanda teatr varonun bütün yükünü öz çiyinlərində daşıya biləcək sənət və sənətkarlar mövcuddur. Ölkənin istənilən teatrını bu standartlara uyğunlaşdırmaq mümkündür. Yetər ki, teatrlarda əsl sənət ruhu hökm sürsün. “Mədəniyyət feodalları” sənətə və sənətkaraların işlərinə müdaxilə etməsinlər. Qılaflarına bürünüb sənəti öz maraqlarına uyğunlaşdırmaq istədikləri “teatr müəssisəsi” qavramından uzaq dursunlar.

 

Professional sənətin öz standartı var

 

“21.15 qatarı” əsərinin baş rollarını ifa edən Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli tamaşanın əvvəlindən sonunacan səhnədə oynadıqları obrazların özünə çevrilmişdilər. Kiçik bir əyalətin hansısa dəmiryolu vağzalında bir-birinə rast gələn naməlum Qadın və Kişi saat 21.15 qatarının gəlişini gözləyə-gözləyə bir-biri ilə tanış olmaqla yanaşı, daxili aləmlərinin psixoloji məqamları sayəsində bəzən söhbətləşir, bəzən də dərdləşirlər. Əslində bütün bunlara insancasına “olmuş” və “olacaqlara anlaqlı şəkildə paylaşma demək daha doğru olardı. Həyat bəzən abstraktlarlaonun macəraları ilə dolu olsa da, insan ruhən və psixoloji baxımdan onun öhdəsindən gəlməyi, ən azından paylaşmağı bacarırsa, deməli, yaşamağına dəyər. Tamaşada Kişi (Nurəddin Mehdixanlı) və Qadının (Sənubər İsgəndərli) fərqli xarakterik özəllikləri olsa da, həyata yanaşma tərzi dediyimiz bu uzlaşmanı məntiqə çevirə bilirlər. Gözlədikləri qatarın gəlməyəcəyinə inansalar da, musiqidən və həyat fəlsəfəsindən söhbət edərək 21.15 qatarının gəlişini gözləyirlər.

Xalq artisi Nurəddin Mehdixanlı oynadığı Kişi rolu ilə demək olar ki, zahirən absktrakt görünən hadisələrin psixoloji məqamlarını çox yüksək məharətlə ifa etməklə sübut etdi ki, Azərbaycan səhnəsində kimsəyə yarınmadan professional sənət adamı istedadını nümayiş etdirməyi bacarmalıdır. Hər kəs özünün istedadı və intellekti ilə bu sənətdə imzasını qoymalıdır. Tamaşaya qoyulan əsərin janrından asılı olmayaraq, sənətkarlıqla yanaşmaqonun səhnə taleyini sənət bayramına çevirmək mümkündür. Nurəddin bəyin ifa etdiyi Kişi rolunun intellektual səviyyəsinin dəyərini göstərməklə yanaşı, həyatın öz axarı ilə baş verənlərə də aydınlıq gətirir. Hər şeyin vəzifə ilə, haralardasa, uzaq üfüqlərdə xəyal edilən meşşancasına yaşamağın həsrətini çəkənlərin cavablarını böyük ustalıqla verə bilmişdir. Bu naməlum Kişi obrazının dili ilə insanın intellektual baxımdan kübarcasına yaşadığı zaman həyat maraqlıdır anlamını psixoloji cəhətdən isbatlayır. Onun ifa etdiyi Kişi obrazı öz intellektual səviyyəsi ilə yanaşı, həm də təmənnasızlıq kimi dəyərləri sərgiləməklə bütün bunları tamaşaçının ruhuna çevirə bilir.

Əməkdar artist Sənubər İsgəndərli bu gün milli teatrımızın səhnəsində, fikrimizcə, nadir istedada malik qadın sənətkarımız kimi bu imzanı çoxdan təsdiq etmişdir. “21.15 qatarı” əsərində Qadın obrazının xarakterindəki təzadların psixoloji məqamlarını o qədər təbii oynayır ki, elə bil bu rol yalnız onun üçün yazılıb. Sənubər xanım Qadın obrazının xarakterik özəlliklərinin palitrasını göstərməklə insanın həyatda üzləşə biləcəyi problemlərin yollarını incəliklə ortaya qoya bilib. Yəni insan ruhən paylaşdıqca və uzlaşmaqla duyğularının suallarına cavab tapa bilər, anlamını bəlirləyir. Sənubər xanımın ifa etdiyi Qadın obrazına bəlkə də hamımız həyatda rast gəlirik. Ancaq onun tanımadığı birisinə, daha doğrusu, bir Kişinin intellektual səviyyəsinə dəyər verməsi, həm də onunla adi insanlar kimi dərdləşməklə öz yolunu davam etməsi bəlkə də qeyri-adi görünə bilər. Sənubər xanım fitrəti ilə bütün bunları məharətlə ifa edir.

Tamaşada digər personajlar qismində daha iki obraz da var. Bunlardan biri vağzalın çayçısı, rəisi, və nəhayət, ömrü boyu gələcəkdəki perspektivlərinin xəyallarını yaşayan məmur obrazını xalq artisti Hacı İsmayılov ifa edir. O, illərdir vağzalda çalışmağına baxmayaraq, özübilir ki, 21.15-də hamının gözlədiyi qatar gəlməyəcək. Ancaqetsin ki, onun da öz gözləntisi var. Bəlkə də o qatar gəldi, deyə taleyini bu əyalətdə davam etdirməkdədir. Əsərdəki digər personaj isə Yaşlı Kişi obrazıdır. Bu rolu əməkdar artist Firuz XudaverdiyevRamin Şıxəliyevinn ifasında maraqla qarşılanıb.

 

Betonsarkazm

 

Bir rejissor kimi Bəhram Osmanov müəllifin abstratk janrda yazdığı əsərin ümumbəşəri dəyərlərini böyük məharətlə Azərbaycan mühitinə uyğunlaşdıra bilmişdir. Elə bizdə də hər kəs öz həyat qatarının, istəklərinin ruhuna hopduğu dəyərlərin ardınca baxır. Bunun üçün hər əzaba qatlaşmağa belə hazırdır. Ancaq zamandurum heç də istənilən kimi deyil. Gözlədiyimiz o qatar bəlkə də gəlməyəcək. Bütün bunlara baxmayaraq, onun həsrəti ilə yaşayırıq. Həyatın dibindəki acılar həm də bütün bunların sonu demək deyil, kimi qavramlar bizləri daim irəliyə baxmağa sövq edir. Rejissorun tamaşadakı uğurlu tapıntılarından biri də gecə qaranlığında uzaqdan fit səsi eşidilən qatarın elə gecənin bəlirsizliyində itməsi yozumu ümidlərin sonunun tükənmədiyinə bir işarədir. Ona görə ki, yaşamaq sevgisi insanın zatən ruhundadır. Bütün bunlara baxmayaraq, Tanrının unutduğu bu məkanın özünə məxsus bir həyat ritmi var. Rejissorun yozumunda daha bir uğurlu məqam böyük səhnədə iki aktyorun ifa etdiyi tamaşanın sonuna kimi kimsəni usandırmamasıdır. Yəni əsərin personajlarının sayı deyil, gündəmə gətirilən mövzunun başlıca səbəb olması ideyası bütün standartları üstələyə bilir. Aktyorların sənətkarlığına etibar edən rejissor məhz bu üsuldan yararlanmışdır. Zamanla insanların dəmir-beton evlərə üz tutması və yola çıxanda belə dəmir qutularda (qatar, avtobus, istənilən maşın) yol getməsi həyatın bəlkə də ən böyük ironiyasıdır. Rejissorun quruluşunda bu anlam abstraktcasına irəli sürülsə də, onun daxili sarkazmı tamaşaçının ruhuna və iliyinə qədər uzanır.

Bəhram Osmanov bir rejissor kimi ənənəvi baxışlardan çox-çox uzaqdır. Çünki onun quruluş verdiyi tamaşalarda, demək olar ki, XXI yüzilin fəlsəfəsinin və estetik yanaşma tərzinin ünsürləri üstünlük təşkil edir. Onun sinergetik şərtlərinin semantiksemiotik yorumlarını irəli sürür. Buna görə də keçmişdə olduğu kimi, quruluş verdiyi tamaşaların illüstrasiyasını deyil, əsərin ruhunun psixoloji qatlarını önə çıxartmağı hədəf seçmişdir. Ona görə də Bəhram bəyin hazırladığı tamaşalar maraqla qarşılanır və həm də quruluş verdiyi əsərlər teatrlarımızda əsl sənət hadisəsinə çevrilir.

 

Bir qədər müəllif haqqında

 

Toyqun OrbayMat”, “Şərəfinə insan oğlu” və “21.15 qatarı” adlı pyeslərin müəllifidir. İxtisasca həkim olan bu ünlü şəxsiyyət dramaturq və rəssam kimi də məşhurdur. Onun pyesləri Türkiyə, Almaniya, Yaponiya, ABŞ və başqa ölkələrin teatrlarında uzun müddət repertuarda oynanılmaqdadır. Toyqun bəyin rəsm əsərləri Türkiyənin Ankara, İstanbul, İzmirbaşqa şəhərlərindəki sərgi salonlarının bəzəyinə çevrilmişdir. Ünlü sənətçinin özəl rəsm qalereyası belə vardır. Amerikanın məşhur teatr aktyoru Marc Bruzee 2004-cü ildə Toyqun Orbayın əsərində oynadığı “Şahmat Oyunçusuroluna görə, “Nyu-York Teatrlar Birliyi” tərəfindən ona 2004-cü ildə “İlin ən mükəmməl aktyoruödülü verilmişdir. Bizim Toyqun Orbay haqqında ayrıca bu bilgini yazmaqda amacımız Azərbaycan Milli Akademik Dövlət Teatrının səhnəsində tamaşaya qoyulan bu əsərinə görə ən azından onun Bakıya dəvət edilməsi məsələsidir. Bu gün dünyanın hər yerində hər hansı bir film və tamaşanın premyerası olanda müəllifi dəvət etməklə, həm də ona nə qədər dəyər verildiyini bir hədəf olaraq gündəmə gətirirlər. Bu baxımdan qardaş Türkiyənin bu ünlü şəxsiyyətini “21.15 qatarı” əsərinə görə teatrın rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət etməliydi. Fikrimizcə, “21.15 qatarı” tamaşası Azərbaycan teatr sənəti üçün öz mövzusuna görə yeni dramaturji ənənələrin əsasını qoya bilər. Bu, bizim milli teatrımızın artıq dünya standartlarına uyğunlaşdırılması, ideya və məzmunu ilə bəşəri xarakter alması deməkdir. Bəhram Osmanovun bir rejissor kimi quruluş verdiyi bu tamaşa Akademik Milli Dram Teatrı dünyanın istənilən səhnəsində layiqincə ölkəmizi sənət baxımından təmsil edə bilər.

 

Ənvər BÖRÜSOY,

sənətşünas

Təzadlar.- 2015.- 13 may.- S.14.