Musiqi alətlərimizin təbliği Azərbaycanın təbliğidir

 

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Laçın rayonunda tar ifaçılığı müsabiqəsinin təşkili” adlı layihə yekunlaşdı

 

Məlumdur ki, dövlətimiz bütün sahələrə öz qayğısını göstərib və göstərməkdədir. Bu baxımdan, mədəniyyət və incəsənət sahəsini də xüsusi qeyd etməliyik. Xüsusilə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə və ölkəmizdən kənarda mədəniyyətimizin təbliği və inkişafı üçün gördüyü işlər diqqətəlayiqdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və humanistliyinin bariz nümunəsi olaraq Kütləvi İnformasiya Vasitələrinə, qeyri-hökumət təşkilatlarına və gənclərə dəstək fondlarının yaranması haqqında sərəncamlar imzalamışdır. Bununla bağlı mən də Gənclər Fonduna layihə təqdim etdim. Layihəm Gənclər Fondu tərəfindən bəyənildi və layihəmin həyata keçirilməsinə maliyyə vəsaiti ayrıldı.

Biz “Laçın rayonunda tar ifaçılığı müsabiqəsinin təşkili” layihəsi çərçivəsində Laçın rayonunun 1 və 2 saylı Uşaq Musiqi Məktəblərində, Ərdəşəvi kənd UMM-də və Şəlvə kənd ÜMM-də müsabiqələr keçirdik. Müsabiqədə iştirak edərək, yüksək nəticələr əldə edən istedadlı gəncləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırdıq. Müsabiqələrdən öncə təlimçi ekspertlərlə məktəblərdə şagirdlərlə görüşlər keçirib mədəniyyətimizin, musiqimizin, incəsənətimizin təbliğinə dair məruzələrlə çıxış etdik. Şagirdlərə aşılamağa çalışdıq ki, hər bir xalqın, millətin, dövlətin dünyada tanınmasında, dünya dövlətləri içərisində öz yerini tutmasında onun mədəniyyət və incəsənət xadimlərinin rolu danılmazdır. Mənfur qonşumuz ermənilər bizim incəsənətimizi, mədəniyyətimizi, milli musiqi alətlərimizi, xalq mahnılarımızı özününküləşdirdikləri halda, onlara layiqli cavab veririkbundan sonra da verməliyik. Bunun üçün prezidentimizin və xanımının göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib vətənimizə, dövlətimizə və millətimizə layiqli vətəndaş olmalıyıq. Bu baxımdan, yaxşı tar ifaçısı kimi musiqimizə töhfə veririksə, mədəniyyətimizə, incəsənətimizə, millətimizə və dövlətimizə bacardığımız sahədə xidmət etmiş oluruq. Həmçinin, bununla biz azərbaycançılığı təbliğ edirik.

Layihəni uğurla, yüksək səviyyədə başa çatdırmaq, mənə olan etimadı doğrultmaq üçün müsabiqələri bacardıqca yüksək səviyyədə təşkil etməyə çalışdım. Bu işi necə həyata keçirdiyimə, hansı səviyyədə uğura nail olduğuma, çox güman ki, fondun rəhbərliyi qiymət verəcək. Mənə etimad göstərib layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun Rəhbərliyinə, şəxsən Fərhad Hacıyevə öz adımdan və Laçın rayonunun musiqi məktəblərinin müəllim və şagird kollektivi adından minnətdarlığımı bildirirəm.

Abdullayeva Nurlanə Böyükağa qızı,

layihənin rəhbəri

Təzadlar.- 2015.- 6 yanvar.- S.11.