ŞƏHID QARDAŞ

 

 

Bir qiyamçı ömrü düşüb taleyimə

Qiyamçıyam!

Haqsızlığa, rəzalətə,

dayanmıram

Üsyançıyam!

Baxan yoxdur gileyimə,

üzülürəm.

Haqq yolunda əzilirəm!

Susammıram -

saxtakarlar həqiqəti danan yerdə.

Susammıram -

insanların ürəkləri dərd əlindən yanan yerdə.

Haqsızlığa çoxlarıtək

mən baxıb keçəmmirəm!

Cəlladların qan qoxulu əllərindən

badə alıb içəmmirəm.

 

Bir qiyamçı ömrü düşüb taleyimə

Tapdaq olmuş torpaqlarım qan ağlarkən

mən toy-büsat qurammıram.

Haqq yolunda ölənlərin məzarına

yan çevirib durammıram.

Sakit-sakit baxammıram

solğun şəhid balasının üzünə mən.

Bu millətin dərdlərinə dözəmmirəm,

sarsılıram ürəyimdən.

 

Sən rahat yatammırsan,

Şəhid qardaş!

Günahsızca ölənlərin qanlarına

şahid qardaş!

İntiqamı alınmayıb daş məzarda yatanların!

Başlarına çevrilməyib sarayları

Vətənini satanların,

torpaq, torpaq deyə-deyə

sinəsinə döyənlərin,

üstü bəzək, altı təzək işlər görüb

özlərini öyənlərin!

 

Arzuları, diləkləri nakam qalan

Şəhid qardaş!

Mənim ilə yaşıd qardaş!

Mən sənin əvəzindən yaşayıram

Acılarla tar-mar olan bu sinəmdə

iki ürək daşıyıram.

Rahat uyu!

Yazacağam ikimizin yerinə mən!

Yazacağam

Vətənimdən,

millətimdən

Hər yazsam düz yazacam

Namərdlərin sinəsinə basacağam köz, yazacam!

Dönməyəcəm öz yolumdan!

Elə mən şəhid olum söz yolunda!

 

Qoy, bir kimsə deyəmməsin

hisslərimdə yalançıyam.

Bilsinlər ki,

Nizamilər kökündənəm,

Nəsimilər soyundanam,

Üsyançıyam!

Üsyançıyam!

 

(20 yanvar şəhidi şair, publisist Ülvi Bünyadzadənin xatirəsinə)

Afaq Şıxlı

Təzadlar.- 2015.- 17 yanvar.- S.11.