“Aşıq gərək saza yaraşan adam ola”

 

Aşıq Əli Quliyev: “”İndi elələri var ki, saz tutanda deyirsən ki, bu hansı oğrudu, hansı cibgirdi, hansı julikdi?”

 

Aşıq Əli Quliyev çağdaş ozan-aşıq sənətimizin ürfan ustadlarından biridir. Onun çalğıları ayrılıqların, yalqızlıq və tənhalığın bitib-tükənməyən göz yaşlarıdır. Əli Quliyevi qara sazı dilləndirib söz deyəndə görəsən. Sanki qədim bir şaman taxtanın üstündəki sehirli simi tərpədərək dua oxuyur. Dua oxumaq da hər kişinin bacaracağı iş deyil. Dua oxumaq sözləri əzizləyə-əzizləyə, öpə-öpə dara çəkməkdir. Əli Quliyev üçün bu məqam bəlkə də Tanrı ilə qarşılaşmaq məqamıdır. Hər halda, müqəddəs məqamdır. Mübarək olsun, deyirik. Əli Quliyev mənə sazın səsi ilə ahı göstərib. Ahdan Allaha bir qarış yol var deyirlər. Deməli, yolumuzu Tanrıya yaxın eləyəndir Əli Quliyev.

 

Qırxlar pirindən dərs almış, çox ünlü el və elmi-ürfan adamların sevgiylə, sayğıyla haqqında danışdıqları aşıq Əlinin ariflər məclisində, aqillər yanında öz sözü, öz ləli-gövhər hücrəsi var. İllər ötəcək, hələ çoxları aşıq Əlinin sözünün sofu qatlarına işıq tutacaqlar. Sənətindən, sənətkarlığından, ömür-gün yoldaşı Atlas xanımın da adı keçən yüzlərlə məzəsindən, Tanrı bəxşeyişi olan hazırcavablığından yazacaqlar. Təkcə yazacaqlarmı? Yox, həm də 77 yerə yozacaqlar. Axı hər kəs sudan sənəyinə görə götürür. Əli əmimin də, Allaha şükür, sözü-gapı mürşüdüm Akif Səməd demiş, bulaq suyu kimi duru, duru olduğu qədər sərin, sərin olduğu qədər də dərindir. Elə mən də möhtərəm oxucularımızın və gələcək araşdırmaçılarımızın az da olsa təlabatlarını ödəyəcəyi qənaəti ilə ustadla olan budəfəki qabırğa söhbətimi sizlərə təqdim etmək qərarına gəldim. Ustadla qabırğa söhbətinə girən mən oldum, şəklimizi tarixiləşdirən Elvin Rafaeloğlu və Xəqani Qaraxanlı, ustadla görüşməyimiz üçün atını qantarğalayıb dördnala çapdıran isə dosdumuz Səbuhi Qədirli oldu.

(Əvvəli ötən sayda)

 

- Aşıq havalarının notla tədrisi sizi nə dərəcədə qane edir?

- Məni qane etmir. Aşıq sənəti azad bir sənətdi, onu çərçivəyə salmaq olmaz. Havanı nota salmaq bülbülü qəfəsə salmaqdı. Aşıq Hüseyn Saraçlını sən qəfəsə sala bilərdinmi? Bir də baxdın, səni yandırmaq üçün on birlik sözü aparıb çıxardırdı on beşliyə. Üzeyir bəy kimi bir adam onu nota salmadı. Dedi, olmaz. Əsədə, Mirzəyə qulaq asdı, gördü yox, bir havanı hərəsi bir cür çalır. Hərəsinin ayrı-ayrı yanğıları vat. Dedi, yox, bunu qəfəsə salmaq olmaz. Üzeyir bəy özü bülbülü qəfəsə salmadı ki, bülbülə azadlıq yaraşır. Aşığın ruhu, dünyası nota sığarmı? İndi də aşığı məktəbdə yetişdirmək istəyirlər. Aşığın dili elin-obanın dilidi. Ütülü akademik dillə aşıq olarmı?

- Əmi, şəyirdin varmı?

- Tək bircə şəyirdim var, o da bizim Şəhriyardı. Heç özüm də çox şəyird istəmirəm. Aşığın məclisi-meydanı olmayandan sonra neynirəm kimisə yazıq eləyim. Amma aldadıb alanlar var. Məktəblərdə də aşıq edəcəyəm deyib çöllərə buraxırlar. O, aşıq deyil. Gəlsin görüm bilirmi aşıqlığın səmti, sorağı haradı?

- Üzünə demək olmasın, sənin üzündən oxunur aşıqlığın. Hansı havanı desən sənin mübarək üzündə tapmaq olar. Deyirəm aşıqlıqda fiziki görkəm də əsas məsələdi. Bir də görürsən ki, boyu kəmərindən yuxarı qalxmayan “aşıqlar” çıxdı meydana. Fikir verirəm, belələrinin çalğısı da olsa, səsi də olsa, yenə də tamaşaçıya yapışqanlı ola bilmirlər.

- Elədi. Yöndəmsizdən nə aşıq? Saz müqəddəsdi. Aşıq gərək saza yaraşan adam ola. Bax, Əkbər saza yaraşırdı. Eləcə də Əmrah kişi, Ədalət, Xanlar, Mikayıl əmi. Hüseyin Saraclı saz tutanda bir aləm olurdu. İndi elələri var ki, saz tutanda deyirsən ki, bu hansı oğrudu, hansı cibgirdi, hansı julikdi?

- Əmi, Xındı Məmmədin bir “Yanıq Kərəmi”si vardı ki, oğul istəyirəm o havaya oynaya bilsin. Ümumiyyətlə “Yanıq Kərəmi”yə oynamaq olarmı? Bu məsələdə sizin baxışınız necədir? Məsəlçün, Akif Səməd də deyirdi ki, “Yanıq Kərəmi”yə şəhid anası “Şuşanın dağları”na oynayan kimi oynamaq olar...

- Sənə bircə kəlmə söz deyim. Deyir “Qara camaat da gözümdən düşüb, “Yanıq Kərəmi”yə süzəndən bəri”. Elə-belə yaranmayıb bu şeir. Yanğıdan da oynamaq olar, dərddən də oynamaq olar, eşqdən də oynamaq olar, sevincdən də. O vaxt kişilər deyirdi bircə oğlum var, onun toyunu görüm qolumu qaldırajam. O qolumu qaldırajam kişi oyunuydu. Qolunu bir dəfə qaldıra bilərsən, yanğın sönər, yoxsa şıdırğı süz, qaldır özünü yerə vur. Artıq bu oldu “Yanıq Kərəmi”nin goruna söymək, onun ruhuna toxunmaq. İndi “Ruhani”yə, “Dilqəmi”yə də oynayan tapılır. Bala-bala onları da edirlər. Bu olmaz, dərdin alım. Bu dərdin ən yüksək nöqtəsidir.

- Əmi, biz ruhumuza əlac gəzəndə, məsəlçün, Söyün əmiyə (Hüseyn Saraclıya), Avdı babaya, Kamandara, Əmraha, Aşıq Sadığa, Cəlal Qəhrəmanova, Kövrək Murada, rəhmətlik Xanlara, sənə qulaq asırıq. Bəs sən özün kimə qulaq asırsan?

- Allah ölənlərə rəhmət eləsin. Ölənlərin adını çəkməyəcəm. Ölənlərin arasında çoxları varıydı. Ancaq indi Ədalət Nəsibovdan başqa heç kimə səbrim çatmaz ki, qulaq asam. Çünki sənət odur ki, gərək mən səndən feyz alam ki, oturub sənə qulaq asam. Ədalət böyük sənətkarıydı. Ancaq hayıf ki, Ədaləti ömür, gün, zaman, dövr qocaltdı. Aşıq gördüyünü çağırar. Mən Ədalət Nəsibovda aşıq sənətinin nə olduğunu gördüm. Mənim bu gözlərim gördü ki, Ədalət Nəsibov kim olub? İndi Ədalət Nəsibov yoxdu. Məndən ötrü elə bilirəm Ədalət Nəsibov 20 il bundan qabaq dünyasını dəyişib. Mən Ədaləti 20 il bundan qabaq gördüm. İndi mən onu görmürəm, heç yerdə yoxdu. Gedib, uçub, yerdədi, göydədi, bilmirəm.

- Çağdaş aşıq sənətində bir ustad kimi sizi qane etməyən nədir?

- Çağdaş aşıq sənətində məni qane etməyən odur ki, sənətə eqoist yanaşma var. Sənətə gəlir üçün yanaşma var. Sənətə gələrək tezcə varlanmaq istəyirlər, var-hal sahibi olmaq istəyirlər. Bu, məni çox narahat edir. Əgər sən sənətə var-dövlət, beş manat gözündən baxırsansa, o sənət sənə haçansa haram olacaq. Səni yarı yolda qoyacaq, səni hörmətdən salacaq. Allah rəhmət eləsin Cabbar Qaryağdıoğluna. Deyirdi ki, sən gəl ustada qulluq elə, sənəti öyrən. Sən sənəti öyrənəndən sonra kolun dibində gizlənsən də gəlib səni aparıb, çaldırıb, oxutdurub, ləzzət alıb, feyz alıb, sənin hesabını verəcəklər. Ancaq indi heç kəs kamilliyə doğru getmək, ustada qulluq etmək istəmir.

- Əmi, bu gün elə bil aşığı şəxsiyyətdən ayırmaq planı yerinə yetirilir. Şəxsiyyətsiz aşıq olarmı? Şəxsən mən bunu heç cür qəbul edə bilmirəm.

- Ola bilər şəxsiyyəti yoxdu, ancaq Allah o sənəti ona bəxş eləyib. Nə deyim, vallah... Ancaq məncə, sənətkarda şəxsiyyət birinci vacibdi. Əgər o sənətkarın sənəti olub, şəxsiyyəti olmasa, onun hörməti də az olacaq. Ancaq öləndən sonra şəxsiyyət silinir, sənət qalır.

- Bir söz deyim, əmi. Başqa sənətlərlə aşıq sənətinin fərqi var axı. Tarixən aşığın missiyası olub. Dədə Ələsgər demirdimi ki aşıq gərək “Xalqa həqiqətdən mətləb qandıra”, “El içində pak otura, pak dura”, “Mərifət elmindən halı ola” və s.

- Yenə də deyirəm. Şəxsiyyət cürbəcürdü. Şəxsiyyət bir nöqtənin üstündə dayanılan söz deyil, çox şaxəlidir. Şəxsiyyət həm də onun qəddi-qaməti, ölçü-biçisidir. Sazı əlinə alırsan. Şəxsiyyət həm də odur ki, saza yaraşan olsun. Şəxsiyyətlə saz təmasda olanda, səni məcbur eləyəcək ki, sən ona qulaq asasan. Əgər şəxsiyyətdən kasadsansa, camaat yönünü bu yana çevirib saza qulaq asacaq, özünü də görmək istəməyəcək.

- Mənim istədiyim cavab da təxminən bu idi. Əmi, aşıq kimi həmişə insanlarda ehtiyac yaradırsan. Özünü formada necə saxlayırsan?

- Bu gözəl sözdü. Bunu hardan eyninə gətiribsən? Mən həmişə insanlar arasında eyni ölçüdə, eyni biçidə qalmaq istəmişəm. Mənim tərzim budur. Əgər mən bu gün səninlə bir cür, sabah başqa tərzdə oturub-dursam, onda mən öz ideyama xəyanət etmiş olaram. Yoxsa, mən aşıq Əli olmazdım. Mən ölərəm, əqidəmi, düşüncəmi dəyişə bilmərəm. Əli əmin hər şeyi dəyişər, düşüncəsi dəyişməz.

- Bu gün ömür sarayının kövrək vaxtını, sənətin enişli-yoxuşlu yolunda ustad taxtını yaşayan Əli Quliyevin sosial təminatı nə vəziyyətdədi? Axı aşıq Əliyə ən yüksək dövlət təqaüdünün və mükafatının verilməsi onun da ana südü kimi haqqıdır.

- Yaman yaralı yerimə toxundun, a dərdin alım. Bu, lap mənim ürəyimdən olan söhbət oldu. Bilirsənmi, dərdin alım, mən həmişə qazancımın 2 manatını övə verəndə, 5 manatını da ayrı şeyə vermişəm. Amma indi zaman, dövür bir az dəyişib. Aşıq sənətinin öz məclisi yoxdu. O gördüyün əhli-ürfan, danəndə kişilər qalmayıb. Bu vaxta qədər mən sazı mərd ərənlərin, əhli-hal kişilərin, qoç kişilərin məclisində şahə qaldırmışam. İndi də istəyərdim ki, təqaüdüm olaydi, nadan adamların, harın məxluqatların məclisinə, qapısına bundan sonra da yönüm düşməyəydi. Bircə ona görə təqaüd istəyirəm. Əlimdəki saza görə, sənətimin urvatına görə təqaüd istəyirəm. Bilim ki, burada 5 nəfər sənin kimi saz adamı var, oraya gedim. Ehtiyacdan ötrü hər yerə mənim ayağım açılmasın. Urvatla gəlmişəm, urvatla da getmək üçün təqaüd istəyirəm. Axı mən atlı, ulaqlı sənətkar olmuşam. İndi mən əlimdə saz yolun qırağında dura bilmərəm.

- Oxuculara sözünüz?

- Mən elimə-obama, Azərbaycan xalqına sülh və əminamanlıq arzulayıram.

Həmid ORMANLI

Təzadlar.- 2015.- 27 yanvar.- S.15.