Bütün türk dünyasından boyu görünən - Dərviş Osman Əhmədoğlu

 

Şair Osmanı - Osman Əhmədoğlunu tanıyanda 9-cu sinifdə oxuyurdum. Onda şeirlərə, şeir yazanlara yüksək dəyər verilirdi. Adını eşidib, lakin üzünü görmədiyim, sadəcə, şeirlərini qəzetlərdən - əsasən də Gürcüstanda çap olunan mətbuatdan oxuduğum şairlərin hamısını çox istəyirdim. Özüm də əzbərdən şeir söyləməyi çox sevərdim.

 

Nədənsə, Osman müəllimin şeirlərini o vaxt “Sovet Gürcüstanı” qəzetində tez-tez oxuyardım, əzbərimdə daha çox qalardı onun şeirləri. Yaşım artdıqca şeirə marağım da artmağa başladı. O vaxtlar şair Osmanın “Borçalı “ adlı bir şeiri vardı. Qoşma üstündə yazılan həmin şeir orta məktəb illərinin ən doğma, ən əziz və sevimli yadigarı olub mənim yaddaşımın. Və o şeirin mənim səmtimin, yönümün müəyyənləşməsində əvəzsiz rol oynayıb. Bəlkə də 30 ildən artıq olar ki, bir gün də olmayıb o şeiri əzbər söyləməyim:

 

İzin ver başına dolanıb sənin,

Ümman qucağında üzüm, Borçalı.

Hər obanı bir bənd bilib şeirimə,

Oymaqlardan misra düzüm, Borçalı.

 

Həm tarixim, həm keçmişim, əzəlim,

Gəraylım, təcnisim, qoşmam, qəzəlim,

İgidim, ərənim, öz obam, elim,

Ən şirin söhbətim, sözüm, Borçalı.

 

Təvəllüdüm də sən, yaşım da sənsən,

Baharım da sənsən, qışım da sənsən.

Göylərə ucalan başım da sənsən,

Duyan qəlbim, görən gözüm, Borçalı.

 

Dağların atamdır, düzlərin anam,

Lilparlı bulaqlar gül üzlü sonam,

Mən sənin eşqinlə alışam yanam,

Adına “vətənim” yazım, Borçalı.

 

Qoy aləm hüsnünə yetirsin nəzər,

Hər sözün-söhbətin nəğməyə bənzər,

Sinəndə ustadlar barmağı gəzər,

Babamdan yadigar sazım, Borçalı.

 

Könlüm öz yurdundu, qürur ilə gəz,

Al qələm əlinə, dastanını yaz,

Osmanam, heç tufan qopara bilməz,

Bitmişəm sinəndə özüm, Borçalı.

 

Sonralar onun çox şeirini və məqalələrini oxudum. Və hamısı da mənə bir- birindən xoş gələrdi. Təkcə yazılarından yox, onun özündən də çox öyrənməyə çalışmışam ömrüm boyu. Özünü daha yaxından tanıdıqca, onun necə bir insan olduğunu daha çox anlamağa başladım. Özündən danışmaz, öz şeirlərini və kitablarını təbliğ etməyə çalışmaz Osman Əhmədoğlu.

Borçalını canından artıq sevən Osman Əhmədoğlu ömrünü və həyatını bu yurda həsr edib. Bu torpağın sazını, sözünü və insanlarını tanımağa çalışıb. Rəhmətlik xalq şairi Hüseyn Arifin və mərhum aşıq Aydın Çoban oğlunun məsləhəti və köməyi ilə Gürcüstan Aşıqlar Birliyi yaratmış və onu layiqincə yaşatmışdır. Şair Osman Sarıvəllinin, Xındı Məmmədin, şair Ağacanın, aşıq Əmrahın, Hüseyn Saraclının, aşıq Kamandarın, Alxan Qarayazılının, Quşçu İbrahimin, aşıq Göycənin, aşıq Əmirin və başqalarının dönə-dönə tədbirlərini keçirib. Yubileylərinin təşkilatçısı və aparıcısı olub.

Zəmanəmizin ən böyük aşıqlarından olan Kamandar onun şeirlərini saz üstündə, öz bəstəsində el məclislərinin mötəbər insanlarına oxuyub. Eləcə də ustad aşıq Əmrah və digərləri çox oxuyub onun qoşmalarını, gəraylılarını. Ən xoşuma gələni isə aşıqların oxuduğu “Atam-anam” şeiridir:

 

Qonaq qardaş, xoş gəlibsən bu yurda,

Dayanma, yaxına gəl, atam-anam.

At bir yana utanmağın daşını,

Sən də bizə qarış, gül, atam-anam.

 

Gəncə bizim, Təbriz bizim, Kür bizim,

Sevincimiz şəlalədən gur bizim,

İnan, billah! Bu gün-sabah sur bizim,

Gəl məndən müjdəni al, atam-anam.

 

Ay Osman, Təbriz de, titrət bədəni,

Kəs qəlbini o göynədən zədəni.        

Vətəni, milləti satan gədəni,

Qılınc ol, yarıya böl, atam-anam.

 

Hələ neçə il bundan qabaq İncə dərəsində Hacımahmud əfəndinin dəfn olunduğu ziyarətgah olan Göy türbə çox gözəl təmir olunub. Bizim tərəflərdə - İncə dərəsində onu bu gün də söyləyir gözü ilə görənlər, şahidi olanlar. Deyirlər ki, o vaxtkı çətin illərdə olan qadağalara baxmayaraq, bu müqəddəs məkanı təmir etdirən kişi Borçalıdan olan Dəmirçi Əhməddir. Sən demə, həmin Dəmirçi Əhməd şair Osman Əhmədoğlunun atasıymış. Dəmirçi Əhməd övliya babamız Cındır Osmanın oğluymyuş. Həmin Osman babamız öz ömrünü Hacı Mahmud əfəndinin Həzrəti-pirimiz olan Mir Həmzə Seyid Nigari həzrətlərinin ən sədaqətli müridi olub. Yeri gəlmişkən, xalq şairi Nəriman Həsənzadənin yazdığı “Seyid Nigari Türbəsi” adlı məşhur poemasının bütöv bir fəsli həmin Cındır Osmana həsr olunub:

 

...Keçdin rusun,

Osmanlının gömrüyünü.

Sən bağladın Cındır Osman,

Zaman açdı

Bu düyünü.

Qazaxda Mahmud Əfəndi

Eşitdi, güldü, bəyəndi,

Səndən ötrü qəhərləndi.

 

Həqiqətən Osman baba xeyirxa hlığın və halallığın mücəssəməsiymiş. Dədələrdən gələn haqq yolunun yolçusu olub şair Osmanın ata-baba ocağı. Görünür, xalq şairimiz “əslində olan dırnağında bilinər” kəlamına da nəzər yetirib. Ustad həmin poemada tanıdığı Osman Əhmədoğlunu unutmayıb. Onun da dəyərini öz qüdrətli qələmilə verib.

Həmin poemanı yenə V hissəsində oxuyuruq:

 

Osman qağa, görüşdüm mən

Şair nəvən

Osman ilə.

Bir qibləyə namaz qılır,

Gördüm bu can o

can ilə.

Qızılı yox, gördüm qızıl

sözləri var.

Səndən, məndən

xəbəri var.

Sinəsində açılmamış

dəftəri var.

...Mən görmüşəm,

dövran keçir,

bir an gəlir,

O yoldan ki, Osman keçib,

sonra yenə

Osman gəlir.

 

Mən Nəriman Həsənzadə böyüklüyünü və ucalığını bu əsərində bir də gördüm. Və ona Osman Əhmədoğluna bu əvəzsiz misraları yazdığına görə bir də təşəkkür edirəm.

Mən Osman Əhmədoğluna da minnətdaram ona görə ki, məktəbdə oxuduğum illərdə hər məni görəndə deyərdi: - Mənim babam Hacımahmud Əfəndiyə 55 il qulluq edib. Mən də hər İncə dərəsinə gedəndə nənəm Cahana deyərdim ki, Borçalıda bizim elə vurğun bir şair var, o şair ki, sanki bütöv ömrünü o zuyarətgaha səcdə eləmiş Cındır Osmanın nəvəsidir. Mən nənəmnən hələ uşaqlığımnan o ziyarətgahı hər zaman ziyarət eləmişəm, uşaqdan böyüyə hər kəsin “Pir” dediyi o məkanda kəsilən qurbanları görmüşəm, deyilənlərdən qəbul olanları, nəzir verənləri, sadağa göndərənləri görmüşəm.

Osman müəllim təkcə şair yox, həm də elin-obanın və bütün insanların hamısına bir insanlıq nümunəsidir.

Əslində, mən çoxdan yazmaq istəyirdim onun haqqında. Əlbəttə, şairliyi və şeirləri haqda yazmağa gücüm çatmazdı. Nə də onun yaradıcılığını dərindən bilmirdim. Bilsəydim də o qədər yazı-pozu dərinliyinə çox gedə bilməzdim. Amma bir tərəfdən də ona olan böyük hörmətim məni dincəlməyə qoymurdu. Osman Əhmədoğlu mənim nəzərimdə sadə və o qədər də səmimi bir şəxsiyyət olub həmişə. Mən onu daha çox bir insan kimi, bir doğmam kimi görmüşəm. Gördüyüm kimi də düşünməyə çalışmışam. Nədənsə, öz yaxın qohumlarımdan birinə, əmimə, dayıma, bəlkə də öz doğma babama oxşatmışam onu. Əslinə qalsa, onunla bir qohumluğumuz lap çoxdan, bəlkə də bizim özümüzdən çox-çox əvvəllərdən varmış. Bu da onun ulularının İncə dərəsinə müqəddəs bağlılığından gəlirmiş. Orada olan Göy türbəyə bağlılığından gəlirmiş.

Mən ona “Osman baba” demişəm uşaqlığımdan. Övladlarım da onu belə çağırır.

Şair Osmanın dəyərini verən insanları da çox görmüşəm. Onlardan biri dediyim kimi, xalq şairi Nəriman Həsənzadədir. Osman Əhmədoğlunun tədbirləri, görüşlərdəki çıxışları, televiziya proqramlarındakı, şeir məclislərindəki ağırlığı onun kimliyindən xəbər verir.

Dönə-dönə “Ovqat”, “Səhər sovqatı”, “Ozan” və s. verilişlərdə iştirakı, Türkiyənin “Türksoyla ipəkyolu” televiziya proqramında və digər tedekanallardakı görüşlərinin, tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, sazımıza sevgi dolu duyğularının tamaşaçısı olmuşam. Hər verilişdə, hər görüşdə yeni bir keyfiyyəti üzə çıxır onun. Elmi yazıları ilə neçə-neçə ağır simpoziumların, konfrasların iştirakçısı və mükafatçısı olub.

Tiflisdə, Bakıda, Türkiyənin müxtəlif şəhərlərində, Kosovoda, Qırğızıstanda və başqa yerlərdə elmi, bədii və publisistik yazıları ilə çıxış edib, neçə-neçə uğurlara imza atıb.

Amma hara getsə də, harada olsa da, dönəcəyi, duracağı və yaşayacağı bir yer var, bir məkan var, bir yurd var ki, o da Borçalıdır. Osman Əhmədoğlu nə qədər türk ruhludur, elə o qədər də Borçalı ruhludur. Özünün bir şeirində dediyi kimi:

 

Bir saz olub ağır elli Borçalım,

Yerin-göyün havasını çalandı.

Zaman-zaman qada görüb, qan görüb,

Atəşlərə, alovlara qalandı.

 

Danəndi, əhli-ürfan kanıdı,

Ər məqamı, ərənlər meydanıdı.

Bir yurd kimi yurdların sultanıdı,

Ondan ayrı əfsanədi, yalandı...

 

Yurd məhəbbəti Osman Əhmədoğlu üçün ata-ana sevgisindən də böyükdür. O sevgiyə çatmaq, o sevgiylə yaşamaq da hər kəsə nəsib olmaz. Və o, hər ağrıya-acıya dözər, yurd ağrısına, daha doğrusu, yurdsuzluğa dözməz heç zaman.

“Borçalı” cəmiyyətinin verdiyi “Zahid Xəlilov adına türklüyə xidmət” ödülünün və Dünya Qarapapaqlarının İstanbul şəhərində keçrilən I qurultayında “Türk dünyasına hizmət” ödülü ilə mükafatlandırılıb Osman Əhmədoğlu. Bunlar Borçalı tarixində bir ilk olaraq tarixləşib. Bu başından-o başına Borçalı ellərini bir-bir dolaşar, yayda yaylaqlar, qışda qışlaqlar onun məkanı olar. Yorulmaq nədi, bilməz. Artıq ömrünün ixtiyar çağına doğru qədəm basır, amma hələ yollardadır, uğurlardadır.

“Borçalı” cəmiyyətinin “Elat” bayramlarında Armudlu yaylasında öz gözlərimlə nə qədər doğmalıqlar görmüşəm. Orada da Osman Əhmədoğlunu görmüşəm. Hər zaman haqqın və həqiqətlərin yanında olub o insan, mərdlərin yanında olub. Hər tərəfdən gələn qonaqlar ona gözaydınlığı verib. Doğrusu, bütün bunları görüb qürurlanmamaq olmaz.

Keçmişə nə qədər bağlıdısa, gələcəyə də o qədər bağlıdır o. Keçmişiylə nə qədər öyünərsə, gələcəyə ümidlə o qədər öyünər. Və bu da inam yaradır insanlarda hər zaman. Müəllim kimi müəllim, dərviş kimi də dərvişdir Osman Əhmədoğlu. Hansı sahədə olursa-olsun kölgəsi böyük görünür. Boyu uca görünür. Ondan öyrənməyə və ona güvənməyə, ona ümid etməyə dəyər. Borçalıda bir şair yaşayır, bir dərviş yaşayır, bir insan yaşayır və onun bütün türk dünyasından boyu görünür. Bu, Osman Əhmədoğludur.

 

Şair Dərviş Osmana

 

Mən sənə əzəldən baba demişəm,

El, mahal demişəm, oba demişəm,

Borçalı adında düha demişəm.

Sənə kömək olsun böyük yaradan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

İman gördüm əsilində, soyunda,

İnam gördüm Haqq göndərən payında,

Sədaqət var çörəyində, suyunda,

Ay vətən sevdalı mötəbər insan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Bir kitabsan, dastandır hər varağın,

Bu dünyaya yayılıbdı sorağın,

Görüm daim uca olsun bayrağın,

Sənin halalındı qazandığın şan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Gur bulaqsan o dağlardan süzülən,

Hər kəlamı qatar-qatar düzülən,

Bir yazısan millətimə yazılan,

Bu vətən naminə daim alış, yan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Aqillər dərs aldı sınaqlarından,

Sındı Sınıq körpü qınaqlarından,

Satılıb bölünən torpaqlarından,

Bürüdü səcdəni dağlar tək duman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Saraldın kölgədə, yandın gündə sən,

Düşmədin kəməndə, fəndə, felə sən,

Baban Osman kimi mömin bəndəsən.

Əzəldən dolaşır ruhunda iman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Ağ saçların qayğıların gülüdür,

Danışdığın Dədəm Qorqud dilidir,

Karvan-karvan dərd sinənə yeridi.

Səni dağ-dağ etdi bu sönük zaman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Vətən dedin, var-dövlətə uymadın,

Vüqarını mənsəb üçün əymədin,

Yurd daşısan yurdu yada qıymadın.

Sənə meydan olsun yer, göy, asiman.

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Eldarqızı duaçıdır, nur ol sən,

Nə ki, varsan, olduğun tək gur ol sən,

Bax, beləcə qocal görüm pir ol sən.

Ruhunda yaşasın qoy ulu Turan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Güllü Eldar Tomarlı

Təzadlar.- 2016.- 19 aprel.- S15.