Sən kimsən, Famil Mehdi?

 

Redaksiyadan: Qəzetimizin ötən sayında görkəmli şair, ictimai xadim, professor Famil Mehdinin anadan olmasının 75 illiyinə köklənmiş yazı dərc edilmişdi. Redaksiya şairin həyat və yaradıcılığına bir daha nəzər yetirərək, şairin şəxsi arxivindən götürülmüş, oğlu Şamil Mehdi tərəfindən təqdim edilmiş və indiyədək dərc olunmamış materialların dərcinə başlayır. Qəzetin ötən sayında (26.11.2009-cu il tarixli) şairin yazısından bir hissə təqdim edilmişdir. Həmin yazıya bəzi dəqiqləşdirmələr tələb olunduğundan onun dərcini müvəqqəti dayandırır və Famil Mehdinin özü haqqında yazdığı başqa bir maraqlı xatirə yazısını təqdim edirik....

Ömrü boyu azadlıq üzünə həsrət qalan bir şair-publisist! Bu gün də hamının azadlıqdan danışdığı bir vaxtda azadlığın nə demək olduğunu əsla hiss etməyən bir insan!

-Ömrü boyu haqq-ədalət axtarışında olan və onu tapmayan, haqq-ədalət uğrunda mübarizədə həmişə tək qalan vətəndaş!

Uzun-uzun illərin müşahidələrindən, mübarizələrindən sonra "Dünya yaltaqlar, təlxəklər, pullular, simasızlar, nadürüstlər dünyasıdır" qərarına gələn bir ziyalı.

Mən Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev) kiməm? Adi bir insan. Hamı anadan necə doğulubsa, mən də elə doğulmuşam. Bununla əlaqədar heç bir qeyri-adi söz-söhbət, əhvalat eşitməmişəm. Heç bir fərqləndirici hadisə baş verməyibdir. Hadisə baş verməyibsə, deməli səbəbi, izahı da yoxdur.

1934-cü ildə Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Ayı, günü kənd sovetində qeyd olunmayıb. Sonradan uydurma tarix yazılıb: 25 dekabr. Bütün sənədlərdə belə yazılır: 25 dekabr 1934-cü il. İlk sinifləri Ağdam şəhər məktəblərində (5 və 3 nömrəli məktəblərdə), dördüncü sinifdən isə Əhmədavar kənd məktəbində (babamın evində) oxuyub, 7-ci sinfi də orada bitirmişəm. Sonra Ağdam Pedaqoji Məktəbinə daxil olmuşam. Həm əvvəlki məktəbi, həm də texnikumu fərqlənmə ilə bitirmişəm. Universitetin filoloji fakültəsinin jurnalistika şöbəsində də beş il əla oxumuşam. Ancaq fərqlənmə ilə bitirməmişəm. Səbəbi beşinci kursda hərbi təlimdə tərbiyəsiz hərəkət edən erməni tağım komandirinə sillə vurmağım olub. Universitetdən üstümüzdə rəhbər olan polkovnik Ambaryan o vaxt məni həbsə aldırmaq istəyirdi. Ancaq 3-4 gün hərbi təcridxanalarda saxladılar. Tələbələrin qəti tələbi ilə buraxıldım. Ambaryan acığını dövlət imtahanında çıxdı. Hərbi hazırlıqdan mənə "üç" qiymət yazdı. Rektorluq (rektor akademik Y.Məmmədəliyev və prorektor Mehdi Əliyev - Allah hər ikisinə rəhmət eləsin) işə qarışdılar. İstədilər ki, istisna hal kimi ikinci dəfə imtahan verim. Ancaq Ambaryanın üzünü görməmək, həm də onun minnətini "götürməmək" üçün ikinci dəfə imtahandan imtina etdim. (Bu əhvalatları tələbə yoldaşlarım, indi professorlar, məşhur alimlər Yaşar Qarayev, Tofiq Hacıyev və başqaları yaxşı bilirlər).

Universiteti bitirdikdən sonra jurnalistika üzrə aspiranturaya dəvət olundum. Akademik Mirzə İbrahimovun rəhbərliyi altında əvvəl "Səməd Vurğunun publisistikası" mövzusunda namizədlik, sonra isə "Bədii publisistikanın sənətkarlıq problemləri" adlı doktorluq dissertasiyası müdafiə etdim. Dərhal, yəni 1973-cü ildən jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasına müdir seçildim. Hazırda da həmin vəzifədə işləyirəm. Bir sıra dərsliklər, dərs vəsaitləri, çoxlu məqalənin müəllifiyəm.

Ağdam pedaqoji məktəbində oxuyarkən yazdığım şeirlərim rayon qəzetində dərc olunubdur. Universitetin II kursunda oxuyarkən "Ədəbiyyat qəzeti"ndə "Ana" şeirim dərc olunub və mənim cavan şair kimi tanıdıb. Şeir belədir:

 

Saplaya bilmədi iynəni ana,

Kədərsiz qəlbindən bir kədər keçdi.

Sanki qocalığı o heç bir zaman,

Əsla indiki tək hiss etməmişdi.

 

 

Çağırıb saplatdı onu qızına,

Bir şadlıq duyuldu, yenə üzündə.

Çünki itirdiyi işığı ana

Doğma balasının tapdı gözündə.

 

Şeiri ilk tərifləyən qəzetin redaktoru S. Rüstəm oldu. Sonra S. Vurğun bəyəndiyini bildirdi. Mir Cəlal məruzəsində onu "böyük bir poemaya bərabər şeir" adlandırdı.

 

Beləliklə, şeirlərim, sonra isə poemalarım qəzet və jurnallarda müntəzəm dərc olunmağa başladı. İlk poemamda tələbəlik illərində "Azərbaycan" jurnalında dərc olunub: "Gənclik eşqi." Ancaq bundan bir az sonra həmin jurnalda verilən "Səni gözləyirəm" poemam demək olar ki, bütün respublikada böyük oxucu marağı doğurdu. Şeir və poemalarımdan ibarət 20-yə qədər kitabım nəşr olunub. üç kitabım isə Moskvada nəşr edilibdir. Şeirlərimdən nümunələr başqa xalqların dilinə tərcümə olunub.

Nə yazmışamsa əksəriyyəti böyük təzyiq altında, ixtisarlarla, düzəlişlərlə dərc olunub (bu, çox maraqlı bir tədqiqatın mövzusudur). Bu şeirlərimdə bir qayda olaraq tənqidi pafosla bağlıdır. Yuxarılarda mənə münasibət həmişə pis olub. 1970-1980-ci illər arasında iki böyük poemanın naboru (yığımı) mətbəədə ləğv edilib, yuxarıların bilavasitə yazdırdığı mənfi rəy və təzyiqlə jurnaldan çıxarılıb. Dövlət tərəfindən adi bir fəxri fərman da almamışam. Bununla fəxr etmək olar.

 

Əlli illiyimin qeyd olunmasını yuxarılar qoymadı. Televiziyada verilişi dayandırdılar. "Literaturnaya qazeta" SSRİ Yazıçılar İttifaqının yaxşı təbrikini dərc etdirdi. "Ədəbiyyat və incəsənət"də yazı verilməsini qoymadılar. Ancaq 1984-cü il dekabrın 25-də bütün respublika qəzetləri qeyri-rəsmi olaraq 50-illiyimi qeyd etdilər. Qısa xoş sözlər yazıb, şeirlərimi verdilər. Həmin gün Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi redaktorların müşavirəsini keçirib, onları divara dirədi: "Sizə kim ixtiyar verib MK-nın qərarı olmadan Famil Mehdiyə yubiley keçirmisiniz?" "Kommunist" qəzetinin redaktoru Rəşid Mahmudov cavab verib: "Famil Mehdi ləyaqətli ziyalıdır. Görkəmli şairdir, ictimai xadimdir." Digər redaktorlar da onun dediyini təkrar ediblər. Pis vəziyyətdə qalan katib deyib: "Axı, MK-nın bu haqda qərarı yoxdur. Heç olmazsa, o yazıları eyni gündə yox, müxtəlif vaxtlarda verəydiniz." Katib daha çox "Azərbaycan gəncləri" qəzetinin redaktorunu əvəz edən müavin Əlirza Balayevin üstünə düşüb: "Famil Mehdinin "Mənim yubileyim" şeirini niyə dərc etmisiniz? Şeirdəki:

 

Zərdabi daş kimi susub yatıbdır,

Kollar arasında itib-batıbdır.

O yanda milyonçu birinə ancaq

"Abidə" qoyulub - günümə bir bax!

 

misralar kimə işarədir?" (Sonradan məlum olub ki, orada həqiqətən böyük vəzifəlilərdən birinin qohumuna abidə qoyulubmuş. Deməli güllə hədəfə dəyib). Katibin göstərişi ilə Ə.Balayev redaksiya heyətinin iclasını keçirib, özünə və şöbə müdiri Tofiq Mütəllibova töhmət elan edib. MK-da işləyən tanışlarının köməyi ilə vəzifədən çıxarılmasının qarşısı alınıb...

Hətta, bir müddət adım qəzetlərdə xəbərlərdən çıxarıldı, televiziyaya buraxılmadım. Aşağıların adi bir "sağ ol"u mənə yuxarıların min təşəkküründən, mükafatından qat-qat üstündür. Bu haqda şeirim də var:

 

Nə yaxşı mükafat almadım, Allah,

Mükafat alanlar susur, lallaşır.

Mükafat alanlar liberallaşır.

Qəfil ürəklərin odumu sönür,

Mükafat alanlar quzuya dönür.

Yamandır insanın quzulaşması,

özündən qaçması, uzaqlaşması.

 

Nə yaxşı mükafat almadım, Allah,

Dilin bir söz deyir, ürəyin bir söz.

Tələsmə, bacara bilirsənsə, döz,

Mükafat alanlar qurulaşırlar,

Sellər daşanda da durulaşırlar.

Təzə köynək kimi ütülənirlər,

Hər zaman irəli itələnirlər.

Nə yaxşı mükafat almadım, Allah,

Mükafat alanlar sonra pis yazır,

Əsəbsiz, qəzəbsiz, ürəksiz yazır.

Mükafat alanlar özündən razı,

Ocağa tamarzı, suya tamarzı.

Hər zaman hardasa çıxışdadılar,

Ucuz təriflərdə, alqışdadılar.

 

Nə yaxşı mükafat almadım, Allah,

Versələr alardım,

Ay verdilər, ha?.

 

Özüm, nəslim, köküm, atam-anam, mühitim haqqında bu qeydləri yazarkən, baş verən bəzi hadisələr, gözlənilməz əhvalatlar haqqında qeyd etməyi özümə borc bilirəm. 50 yaşım tamam olanda mənə münasibət barəsində qısaca qeyd etmişdim. Bir neçə ay bundan əvvəl isə 60 yaşım tamam oldu. Qəzetlərdən jurnalistlər zəng edib bu münasibətlə görüşmək, haqqımda nəsə yazmaq istədiklərini bildirdilər. Hamısına təşəkkür etdim, eyni cavabı verdim: Qarabağı - Şuşası, Ağdamı, Füzulisi, Cəbrayılı, eləcə də Kəlbəcəri, Laçını, Qubadlısı, Zəngilanı düşmən tapdağı altında qalan, bir milyon əhalisi, qohum-əqrəbası, yerlisi qaçqın vəziyyətində müsibətlər çəkən, dilənçi kökündə yaşayan bir adama nə yubiley? Mən bu sözləri radio müsahibəmdə də dedim. Və eşidənlərin sözlərimdən razı qaldıqlarını bildim. Beləliklə, heç bir görüşə, yubileyə, ədəbi-bədii gecəyə icazə vermədim. Hətta, işlədiyim universitetin jurnalistika fakültəsində, eləcə də rəhbəri olduğum kafedrada adi çay məclisinə belə icazə vermədim. Ancaq "Ədəbiyyat qəzeti" və bir iki digər qəzet yazı dərc etdi. Radioda mənimlə müsahibə (ad günümlə əlaqədar verildi) və möhtərəm yazıçı Süleyman Vəliyevin mənim haqqımda ürək sözləri səsləndi.

Günlərin bir günü, fevral ayının ya 9-u, ya da 10-da keçmiş tələbəm olan bir qız otağıma gəldi. Dedi ki, Sizinlə görüşmək istəyirik. Qəti etiraz etdim. Dedi dəvətnamə çap etdirmişik. Mən əsəbiləşdim: "Məndən icazəsiz bunu niyə etmisiniz? Axı mən bütün görüşləri rədd etmişəm. Sabah eşidib mənə nə deyərlər?" Qarşımdakı qız səhvini başa düşdü, bərk narahat oldu. Mən razılaşdım: Tələbəm, həm də qız xeylağı.

Fevralın 11-də, təxminən saat 5-də, heç kimə, hətta, doğma qardaşlarıma (qaçqın qardaşıma da) xəbər vermədən Gənc Tamaşaçılar Teatrına getdim. Hava çox soyuq idi. 50-60 adam toplaşmışdı. Müəllimim Nəsir İmanquliyev, tələbə yoldaşım, "Xalq qəzeti"nin redaktoru Tofiq Rüstəmov, jurnalistlərin müstəqil həmkarlar təşkilatını sədri Oqtay Salamzadə xoş söz dedilər. Tərifli sözlərinə etiraz etdim. özüm bir - iki şeirimi oxudum. çıxışımda dedim: "Mən bu görüşə razılıq verməmişdim. Ancaq Demokratik Gənclər Təşkilatı üzvlərinə və onun sədri Rövşən Cavadova hörmətim məni bura gətirdi. Qoy, Allah günahımdan keçsin ki, torpaq düşmən əlindədir. Burada mənə görüş keçirirsiniz."

Bundan sonra respublikada, həmişə olduğu kimi, bəzi siyasi oyunlar baş verdi. İyun ayının əvvəllərində, şənbə günü, cavan bir oğlan otağıma gəldi. Bildirdi ki, Sizi, yəni məni, Bakı şəhər prokurorluğuna çağırırlar. Mümkünsə, bu gün gedək. Mənə qəribə gəldi: "Prokurorluq hara, mən hara?"

Bazar ertəsi, səhər saat 9-da prokurorluğa getdim. üç nəfər cavan oğlanın iştirak etdiyi otaqda məni sorğu - suala çəkməyə başladılar: "Fevralın 11-də Sizə yubiley keçirilib. Orada kimlər olub?" Yerimdə quruyub qaldım: əvvəla yubiley yox, mənimlə görüş keçirilib. İkincisi də, görüş keçiriləndə nə olar ki?" Yox, sən demə, məni Rövşən Cavadovun iqtidarın dövlət çevrilişi adlandırdığı hərəkətlərinin iştirakçısı, yaxud da nə bilim nəyi eləmək istəyirlər. Bu sorğu - sualları böyük təhqir hesab etsəm də, suallara cavab verdim.

Yeri gəlmişkən deyim ki, 60 ildə iki dəfə prokurorluğa çağırılmışam. Birinci dəfə 1989-cu ildə. Bakıda, mitinqlərlə əlaqədar, Moskva prokurorluq işçiləri iki gün məni sorğu - suala tutdular. Moskvanı, Siyasi Büronu tənqid etməyim onları, xüsusilə, qəzəbləndirmişdi. İkinci dəfə 1995-ci ilin iyununda Bakı şəhər prokurorluğuna. Müstəqil Azərbaycan dövlətçiliyi şəraitində prokurorluğa. Qəribə təzaddır. İndi də oturub verdiyim izahatın nəticəsini gözləyirəm.

Ancaq ürəyim buz kimidir. çünki 1988-ci ildən bəri Azərbaycanda dövlət səviyyəsində gedən siyasi oyunların, siyasi avantüraların heç birində iştirak etməmişəm.

 

 

(Ardı var)

fevral-iyun 1995-ci il

 

Famil Mehdi

 

Təzadlar.- 2009.- 5 dekabr.- S.12.