Sevimli müəllim, sadə insan 

 

Hörmətli redaksiya! Sizə müraciət etməyimin, ərklə ünvanınıza yazı göndərməyimin səbəbləri var. Əvvəla, qəzetinizin hər sayını məmnunluqla oxuyuram. Sevinirəm, fərəhlənirəm ki, elm xadimlərinə, təhsil işçilərinə yüksək qiymət verirsiniz, təhsilimizin dünəni, bu günü, sabahı barədə ətraflı, analitik təhlilli yazılar dərc edirsiniz. Təbii ki, bu müstəqil dövrümüzün, cəmiyyətimizin tələbidir yaranan mövcud şəraitdən irəli gəlir. Qəzetinizdə elm xadimləri, həmkarlarım haqqında dəyərli, lazımlı məqalələri oxuyanda qürur hissi keçirirəm ki, onların əməyi uca tutulur, layiqli qiymət verilir. Belələrindən biri haqqında ürək sözlərimi mən yazıb ünvanınıza göndərirəm... 

Ehsan Səməd oğlu Eminov 63 il öncə ölkəmizin barlı-bəhrəli yurd yeri Ağdaş rayonunda dünyaya göz açıb. Uşaqlıqdan idmanın müxtəlif növlərinə maraq göstərib. Orta məktəbi başa vurub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Orada əlaçı, fiziki hazırlıqlı tələbə kimi tanınıb, neçə-neçə idman yarışlarında iştirak edib, mükafatlar alıb. Ali təhsilini uğurla, əla qiymətlərlə bitirdikdən sonra hərbi xidmətə, əsgərlik borcunu verməyə gedib. Yenə səmimi, mehriban xarakterli gənc kimi tanınıb, xatiri əziz tutulub. İlk əmək fəaliyyətinə idman müəllimi kimi başlayıb, nüfuz, hörmət qazanıb, yeniyetmələrin, şagirdlərin əzizi, sevimlisi olub. Nəhayət, bəxti, qisməti onu mənə ürcah edib.

Hələ ötən əsrin 70-ci illərində 8-ci kilometr yaşayış massivində fəaliyyət göstərən Bakı şəhər Kimya Biologiya təmayüllü (hazırda lisey adlanır) məktəb respublikamızda ən qabaqcıl maarif ocaqlarından biri kimi şöhrət, şərəf qazanmışdı. 40 ildən artıq bu ünvanda çalışdığım üçün oranı tərifləmirəm. Həqiqətdir, faktdır ki, həmin məktəbi bitirən yüzlərlə şagirdimiz hazırda nəinki respublikamızda, hətta ən ucqar xarici ölkələrdə belə elm xadimləri kimi nüfuz qazanıblar, tanınırlar. Onların hər birinin təhsilində, uğurlarında həmkarım, dostum Ehsan müəllimin əməyi az olmayıb. Birinci növbədə o, şagirdləri oxumağa, geniş məlumat toplamağa, idmanı sevməyə, sağlamlıqlarını qorumağa çalışıb, çalışır da.

O vaxtdan 35 il keçir. Bu zaman kəsiyi, necə deyərlər, bir igidin ömrüdür. Sözügedən müddət ərzində şagirdli, müəllimli - kollektivimizdə kimsə ondan küsməyib, üz-üzə gələndə yönünü sola-sağa döndərməyib. Əksinə, əzizləri, doğmaları kimi onunla görüşüblər, görüşürlər. Bu müsbət cəhətin başlıca səbəbini nədə görürəm? Ehsan müəllimin səmimiyyətində, istiqanlılığında, şagirdlərini, həmkarlarını özü qədər sevməsində. Dərs dediyi, təlim-tərbiyələri ilə məşğul olduğu şagirdləri arzu-muradlarına yetişəndə, inanın, sanki o, quş olub uçmaq istəyir. Eşidəndə ki, filan şagird ali məktəbə qəbul olub, fərəhlənir, bir dəstə gül alıb onun ünvanına gedir, səmimi qəlbdən təbrik edir, ona daha artıq uğurlar arzulayır.

Xalqımız müstəqillik qazandıqdan sonra dövlətimizin başçısı respublikamızda idmanın bütün növlərinin inkişafına qədərsiz diqqət, qayğı göstərir. Bu tərəqqidə deyərdim ki, Ehsan müəllimin əməyi təqdirə, tərifə layiqdir. Onun yetirmələrindən biri Məmməd Quliyev dəfələrlə respublika çempionu olub. Yeri gəlmişkən qeyd edim ki, müəllim əməyi bağban əməyinə, zəhmətinə çox oxşayır. Bağban alnının təri, əlinin qabarı sayəsində bəhrə görəndə necə sevinirsə, müəllim yetirmələrinin uğurlarından eləcə qürur hissi keçirir, məğrur görkəm alır.

Mən bu keyfiyyəti Ehsan müəllimin xidmətində, pedaqoji fəaliyyətində, insani dəyərlərində çox görüb, şahidi olmuşam. E.Eminov Azərbaycanımızın bütün dünyada tanınmasına, iqtisadi inkişafımıza necə sevinirsə, ata-baba yurd yerlərimizin işğal altında qalmasına eləcə kədərlənir, qüssələnir. O, ermənilərin törətdiyi qarşıdurma zamanı şəhid olanların dərdini, kədərini ürəyində çəkir. Bəzən uşaq kimi ağlayır. İldönümlərində onların ailələri ilə görüşür. Onun timsalında əsl azərbaycançılığın ümumiləşmiş obrazını, timsalını görmüşəm. Görmüşəm ki, şəhid anasını necə köksünə sıxır, ona təskinlik verir.

Məktəbimizin müəllim kollektivi ilə hər il gedirik Şəhidlər Xiyabanına. Bu il məzarların biri önündə beli bükülmüş, taqəti kəsilmiş, saçı dümağ olmuş ana fəryad qoparıb, oğlunu haraylayıb, sinəsinə döyəcləyib, başdaşının üstündəki şəkli öpüb, "Hardasan, a bala, yolunu gözləməkdən gözlərimə qan damıb" - deyəndə, Ehsan müəllim, dostum dözmədi. Hönkür-hönkür ağladı. Bax, belə bir ziyalı, həmkar, insandır bizim, çoxlarının tanıdığı Ehsan müəllim.

O, nümunəvi ailə başçısı - həyat yoldaşı, ata, babadır. Nəvəsinin əlindən tutub gəzməyə aparanda, ona elə gəlir ki, rastlaşdıqları insanların hamısı onlara baxır, nəvə-babanın sevinclərinə fərəhlənirlər. Fikrimcə, bu əsl milli dəyərlərə xas olan xüsusiyyətdir. Müdriklərimiz doğru deyib: səadət, xoşbəxtlik, zəfər, nailiyyət hər kəsin öz əlində, öz əməlindədir.

Əziz dostum, həmkarım, qardaşdan üstün bildiyim Ehsan müəllim! Səni ad günün münasibətilə səmimi qəlbdən təbrik edirəm. bu əziz günündə bir tarixi olayı da sənə xatırlatmaq istəyirəm: min illər ömür sürən, boy atan palıd ağacı son çağlarını yaşayanda öz-özünə pıçıldayır: mənim sonrakı ömrümü kökümdən qalxan pöhrələr yaşadacaq. qədər tez olsa da, səni bu çağında palıd ağacına bənzədirəm, nəvəni onun pöhrəsinə. Nəvənin - pöhrənin xoşbəxtliyini, gələcək səadətini Yaradanımız sənə qismət etsin. Sən həddən artıq sadə, təmkinli, diqqətcil insan olduğun üçün adın, başın, şərəfin ucadır.

 

 

Səfər BAYRAMOV,

kimya-biologiya təmayüllü

respublika liseyinin dil

ədəbiyyat müəllimi

 

Təzadlar.- 2009.- 9-11 iyun.- S.14.