Şəxsiyyət və zaman 

 

Hər sözü bir ulduz, bir şəffaf almaz... 

 

"...Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Onunla dəfələrlə söhbətlər apardım, məsləhətlərimi verdim... O, həmin vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə?.. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında şeirlər yazırdı. "Gülüstan" poemasını yazmışdı. Ondan ötrü o zaman onu həbs etmək məsələsini qoymuşdular".

 

Heydər ƏLİYEV 

 

Dahi şəxsiyyət, söz, sənət korifeyi Bəxtiyar Vahabzadə təbiətin nazlı-qəmzəli, barlı-bərəkətli, hirsli-hikkəli pay verdiyi Şəkidə dünyaya göz açmışdı. Tələbə, aspirant, elmlər namizədi, elmlər doktoru, professor, akademik... kimi əzablı-əziyyətli, enişli-yoxuşlu yol keçmişdi. Bu misraları isə ömrü boyu qan yaddaşında onunla yoldaşlıq etmişdi:

 

Allaha ucalan ulu bir yolun,

İlkin pilləsidir Allahu-Əkbər.

Haqqı dananların üzünə dəymiş

Haqqın şilləsidir Allahu-Əkbər...

 

Onun ilk şeiri 15-20 yaşlarında işıq üzü görmüşdü: "Ana və şəkil". Fikrimcə, burada "ana" sözü ümumiləşmiş deyimdir. Məsələn, anam mənim, ana Vətən, anam Azərbaycan, anam azadlıq... Dəfələrlə şahidi olmuşam ki, Bəxtiyar müəllim lirik, poetik sözlərdən daha çox "ana" kəlməsini necə dadlı-duzlu tələffüz edir. Elə bu səbəbdən də anaya istək, hörmət, ana ucalığının təsvir, tərənnümü onun yaradıcılığından bahar mehi kimi yumşaq, mülayim keçir:

 

...Bir ananın alqışı

Min övlada bəs edər.

Bir ananın qarğışı

Bu dünyanı tərpədər.

 

Tələbəsi, oxucusu, pərəstişkarı kimi mənim aləmimdə dahi, işıqlı təfəkkür sahibi Bəxtiyar Vahabzadənin iki and yeri, məbədi olub. Biri anasının südü, onun məzarı, ikincisi isə anasından ayrılıb müəlliminə tapındığı, sığındığı, güvəndiyi, onun müqəddəsliyini anladığı məktəb! Onun misralarında ana kövrəlir, incəlir, qürrələnir, bəzən isə üzündən sevinc, bəxtəvərlik, fərəh yaşı gilə-gilə axır, balasına xeyir-dua verir:

 

Get, ey yavrum, qəlbini gələcəyə bağla sən,

Cocuqluq həyatının ən qayğısız çağıdır.

Açılmış cığırlarla bu gün dərsə gedirsən

Sabah sən açacaqsan bu yollarda ilk cığır.

 

İllər ötüb keçdi. Bir az naşı, nabələd, bir az da küskün, kövrək uşaq - artıq şöhrət zirvəsinə ucalan Bəxtiyar Vahabzadə o çağları beləcə sevgiylə, intizarla, həm də nisgil-həsrətlə xatırladı:

 

A məktəb yolları, məktəb yolları,

Sizdə qar da gördüm, duman da, çən də.

Könlüm yarpaq kimi titrəyib əsir,

Yenə bu yollardan ötüb keçəndə...

 

Etiraf vicdanın səsidir. Bu fikri milli poeziyamıza məhz Bəxtiyar Vahabzadə gətirib. O, yazıb: "Mən və yaşıdlarım Nəbi Xəzri, Hüseyn Arif, Qabil, Qasım Qasımzadə və başqaları ədəbiyyata gəldiyimiz zaman ən çox öyrəndiyimiz və təqlid etdiyimiz şair S.Vurğun və O.Sarıvəlli idi. Lakin bu o demək deyil ki, biz bu gün S.Vurğundan lazım olanı öyrənib qurtarmışıq. Xeyr, bu gün də şeirimiz S.Vurğun "havası" ilə yaşayır. S.Vurğun şeiri elə bir tilsimdir ki, onun məzmunundanmı, formasındanmı, tərzindənmi öyrənmişik - demək çətindir. Ustad şairi hər dəfə oxuyanda sanki bir tilsimə düşürəm. Bu tilsimin nə adı, nə ünvanı, nə ilkini, nə də sonunu tapa bilmirəm..."

Bəxtiyar Vahabzadə kimi bütün rütbələri və şöhrət titullarını qazanmış alimin, şairin, mütəfəkkirin, ictimai-siyasi xadimin arxaya baxarkən ustadını belə xatırlaması bu gün də, həmişə örnək olmalıdır. çünki bu keyfiyyətlərilə o, bir daha gələcək nəsillərə nümunə olacağını təsdiqləyib.

Onu sevməmək olmur. ötən əsrin ikinci yarısında B.Vahabzadə şair, alim, vətənpərvər, xalqsevər, zaman-zaman hüquqları tapdanmış soydaşlarımızın müdafiəçisi kimi tanınmışdı. Bu barədə şair-publisist, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının dediklərini xatırlayıram: "Bəxtiyar Vahabzadə yaradıcılığına heyran olanlar da var, nisbətən soyuq yanaşanlar da. Bu cür müxtəliflik təbiidir və küll halında ədəbiyyatımızın xeyrinədir. Lakin oxucu fikrini kənara qoyub B.Vahabzadənin yaradıcılığına bir ədəbi hadisə kimi yanaşsaq, istər-istəməz onun xalqımızın ictimai-ədəbi fikrində oynadığı rola nəzər salsaq görərik ki, şairin səsinə həmişə səs veriblər. O, bir yox, bir neçə nəsil oxucunun vətəndaş kimi yoğrulub-doğrulmasında heç bir tərəzi ilə ölçülə bilməyən iş görüb... Məncə, sənətkar üçün bundan böyük xoşbəxtlik ola bilməz!.."

Bəxtiyar müəllim "Gülüstan" poemasını yazanda bu günümüzdə adı, zəhmi ağır olanların, böyük arzularla yaşayanların çoxu hələ dünyaya gəlməmişdi. "Gülüstan" dərdlinin dərd əlindən inləməsi, yanğısı, ağrı-acısı, haray-həşiriydi. çünki ana balasından, bacı qardaşından ayrı düşmüşdü. Acılar, həsrətlər, intizarlar kimisini kor, lal, kar, kimisini də mayıf, şikəst etmişdi. Kimin nə haqqı, ixtiyarı vardı ki, səsini çıxardaydı? "Qırmızı imperiya" onun bəbəyinə köz basardı... Heç demə, belə hünərli, cəngavər, iki qardaşın ayrılıq dərdini çəlimsiz çiynində çəkən də varmış... Bu, Bəxtiyar Vahabzadə idi. O, yaxşı bilirdi ki, "ipək dəsmalla eynəyini silib bir süfrəni yarı bölənlər" kimlərdir. İndi - müstəqillik qazanandan sonra həmin o ayrılığın səbəblərini pıçıltıyla yox, hətta bar-bar bağırıb demək də mümkündür. Bəs onda? Onda xalqın comərd oğlu Bəxtiyar çarəsizlikdən ünvanı dəyişirdi. Məzmun, məntiq isə həyəcan təbilinə çevrilirdi:

 

Yad dildə məktub yazıb

Qardaş öz qardaşına.

Bu məktubu oxuyan

Nə kül töksün başına?..

 

Bəxtiyar müəllim sözlə, poetik fikirlə millətimizin acı taleyinə monumental heykəl ucaldıb!

Ana dilim, səndədir xalqın əqli, hikməti... Təxminən 6-7 il əvvəl Milli Məclisin gündəliyinə salınan əsas məsələlərdən biri "Azərbaycan dilinin işlənməsi və qorunması haqqında" qanun layihəsi idi. Deputatlardan Anar, Nizami Cəfərov və başqaları çalışırdılar ki, doğma dilimiz heç olmasa bundan sonra urvatlı tutulsun. Əlbəttə, belə qayğı tərifə və təqdirəlayiqdir. Ancaq gəlin unutmayaq. Bir anlığa ötən günlərə, təxminən 56 il əvvəl yazılmış bu şeirə, haraya, həm də nifrətə diqqət yetirək:

 

...Ey öz doğma dilində danışmağı ar bilən,

fasonlu ədabazlar,

Qəlbimzi oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun!

 

Bax, belə amallarla yaşamış, ucalmış, böyüklük, müqəddəslik qazanmışdı Bəxtiyar müəllim. Həmin tədbirdə o da iştirak edirdi. Duyurdum ki, o, təbiətinə uyğun yenə narahat, müzakirələrdən gileylidir. çünki ana dilimizi tam, dürüst bilməyən bəzi deputatlar yenə fikir ayrılığı yaradır, "hətərən-pətərən" danışırdılar.

Fasilə zamanı ustada yaxınlaşdım. Qanun layihəsinin müzakirəsinin necə keçməsi barədə sualıma belə cavab verdi: "Ay oğul, bir qüvvə ki ana südü, ana laylası ilə varlığa, qana, cana hopub, onu müzakirə etməzlər. İndi nədən, kimdən qorxub, ehtiyatlanıb, çəkinməliyik? Yenəmi "qırmızı imperiya" Damokl qılıncı kimi başımızın üstündə asıla qalıb? Axı daha müstəqilik. Bilməliyik ki, ana dilimiz bizlərə "Qurani-Kərim" qədər qiymətli, əvəzolunmazdır, vəssalam!"

Belə bir əqidənin, məsləkin sahibi idi sevimli sənətkarımız, söz ustadımız.

Qarabağ, ay Qarabağ... Düçar olduğumuz qondarma Qarabağ problemi Bəxtiyar müəllimin bəlkə də ən göynərtili, işgəncəli dərd-bəlası idi. ötən əsrin 80-ci illərinin sonlarında hadisələr məhvərindən çıxmışdı. Adamlar, xüsusən Qarabağ mahalında yaşayan soydaşlarımız respublikanın o dövrkü rəhbərlərinə güvənir, inanır, min bir əzablara qatlaşıb yurd-yuvalarını tərk etmirdilər. Belə çətin günlərdə zamanın, yoxsa insanların dönüklüyünə tab gətirə bilməyən Bəxtiyar Vahabzadə gecə-gündüz hayqırır, yaradıcılığı ilə həyəcan təbili çalır, oxucuları düşündürən publisistik, bədii yazıları ilə mətbuatda çıxış edərdi. Hörmətli şairimiz milliyyətcə erməni, lakin Azərbaycan torpağının yetirməsi olan yazıçı Aleksandr Şirvanzadənin bu fikrini də yazılarının birinə əlavə etmişdi: "Zaqafqaziya sacayaq kimidir, ayağının birini qırsan, bütünlüklə yıxılıb böyrü üstə düşəcək".

Lakin şairin haray-həşiri səlahiyyəti olan ixtiyar sahiblərinə çatmırdı. Daha doğrusu, onların başı şəxsi hərisliklərinə qarışmışdı. İnildəyən, sızıldayan, zarıyan, hər gün qorxu-hürkü içində yaşayan adamlar, torpaqlarımız büsbütün unudulmuşdu. Bəxtiyar müəllim artıq dözə bilmədi, üsyan səsinin formasını dəyişib belə bir həmişəyaşar bədii, yaradıcı inqilab etdi:

 

Millət Qarabağda qırılan zaman,

Oğlunun toyunda çalıb-oynayan

Adamdan millətə baş ola bilməz...

Bu Vətən mənimdir, bu Vətən sənin,

Səngərdə əsgərə dəyən güllənin

Ağrısı qəlbində göynəməyən kəs,

Bu boyda millətə baş ola bilməz!..

 

Hələlik Qarabağ qarşıdurması ermənilərin xeyrinə səngiyib. Məcburi köçkünlərimiz doğma yurd yerlərindən didərgin düşərək Milin, Muğanın, Haramının ilan mələşən düzlərində məskunlaşıblar. Gün-güzəranları xoş keçsə də, yurd həsrətindən can çürüdürlər. Bu da unudulmaz şairin fikridi: "Ay oğul, özümüzü elə aparırıq ki, guya məğlub biz yox, düşmənlərimizdir. Toylarda, televiziya ekranlarında elə qol götürüb oynayırlar, qalıram məəttəl. Ay qardaş, oynamaq bizim haramıza yaraşır?.."

 

 

(Ardı var)

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 9-11 iyun.- S.4.