İmam Xomeyni (r.ə) və kütləvi informasiya vasitələri 

 

Mehriban və Bağışlayan Allahın adı ilə.

Qədim sivilizasiyalar beşiyi olan və üç min illik dövlətçilik tarixinə malik İranda 1979-cu ilin fevralında baş verən İslam inqilabı nəinki bu ölkəni, qoca Şərqi və bütün dünyanı məhvərindən silkələyərək qaranlıq guşələri nurlandırdı, buzlamış ürəkləri isitdi, paslanmış beyinləri hərəkətə gətirdi. Mənhus Pəhləvi rejiminin və onun xarici havadarlarının zülmü altında inləyən məzlum insanlar Ayətullahülzma Seyid Ruhullah Musəvi Xomeyninin rəhbərliyi ilə ayağa qalxaraq istibdad zəncirlərini birdəfəlik qırdılar və İranda əsl xalq hakimiyyəti quruldu. Dünyada gedən siyasi proseslərin yönünü dəyişən, bəşər övladı qarşısında yeni üfüqlər açan, azadlıq və ədalət təşnəli bir məmləkəti ilahi ideologiya ilə sirab edən, ictimai-iqtisadi formasiyalar barədə ona qədər yazılanları heçə döndərib arxivlərə gömən bu möhtəşəm təsisat və onun əzəmətli memarı barədə çox danışmaq olar. Tarixi şəxsiyyətin və hadisənin təşkil etdiyi vəhdət elə güclüdür ki, Xomeyni həzrətlərinin adı çəkiləndə, nəzərlərdə İslam idarəçiliyinə aparan məşəqqətli, lakin şərəfli yol, İslam İnqilabı deyiləndə İmamın məsum, nurani, qətiyyətli çöhrəsi canlanır.

Bu yazımızda qısaca olaraq İslam İnqilabı banisinin mətbuat barədə fikirlərinə toxunmaq niyyətindəyik. Bildiyiniz kimi, həmin dövrdə İranda baş verən hadisələrə mürtəce qüvvələrin qısqanc münasibəti və bu ölkə ətrafında yaranmış informasiya blokadası dünya ictimaiyyətini çaşqın vəziyyətdə saxlayır, lazımi obyektiv xəbərlərin alınmasına imkan vermirdi. Məhz inqilab rəhbərinin jurnalistlərə səmimi münasibəti, dəyərli tövsiyələri, daxili və xarici kütləvi informasiya vasitələrilə aparılan uzaqgörən siyasət öz bəhrəsini verdi - məlumat məhdudiyyəti tez bir zamanda aradan qaldırıldı. Həm də ki, bu sahə təkcə İslam İnqilabının ilk addımlarında yox, məcburən cəlb edildiyi üzücü müharibə illərində, sonrakı dinc iqtisadi quruculuq dövründə belə, effektliyini qoruyub saxladı.           

 

Qəzetçilik böyük məsuliyyətdir 

 

Ayətullah Xomeyninin (r.ə) baxışlarında mətbuat xalqa məxsusdur və geniş kütlələrin səsini eşitməli, ağrısını, düşüncəsini, həyat tərzini əks etdirməlidir.

Sitat: "Qəzetlər ümumiyyətlə yüksək təbəqəyə məxsus deyil və təkcə hökumətdən yazmamalıdır. Xalq elə bir qəzet istəyir ki, rəyinə və istəklərinə uyğun olsun".

O, belə hesab edirdi ki, radio və televiziya, eləcə də media ümumidir. Hamının bu informasiya vasitələrindən istifadə etmək hüququ vardır. Təvazökarcasına buyururdu: "Bu baxımdan da güman edirəm ki, mənə düşən pay az olar. Yalnız bəzi həssas durumlarda hansısa məsələyə aydınlıq gətirmək üçün müraciət ediləndə açıqlama verirəm. Radio və televiziyada ölkə üçün müsbət təsirə malik hər hansı informasiyanın yayılması təqdirəlayiqdir".

İmamın baxışlarında mətbuat ticarət deyil, hidayət ocağı olmalıdır. Başqa sözlə, xalq ondan istifadə edərkən düzgün istiqamətlərə yönəldilməlidir. O, vurğulayırdı: "Qəzet yazmaq, həm Uca Allah, həm də xalq qarşısında böyük məsuliyyət tələb edən bir işdir. Əgər islahetmə istiqamətində səy göstərməsələr, ölkəni uçuruma apararlar..."

İslam rəhbərinin qənaətincə, məsuliyyətsiz və fəsadlı informasiya vasitələrinin fəaliyyətindən irəli gələn ziyan top, tank və digər dağıdıcı silahlardan qat-qat pis və məhvedicidir. Həmin təhlükədən doğan narahatlığını isə belə ifadə edirdi: "Mədəniyyət sahəsində vurulan ziyanlar qalır və gələcək nəsillərə keçir. Mətbuat, kino, televiziya, radio və digər informasiya vasitələri ölkəyə xidmət edirlər. Bu mənbələr hər zaman xalqın xidmətində olmalıdırlar. Hər kəs qəzet buraxmaq naminə istədiyini yaza və müştərinin diqqətini cəlb etmək üçün hər cür şəkilləri dərc edə bilməz. Adını mətbuat orqanı qoyan, qələm sahibi olan və azadlıq istəyən belə qurumlar öz məmləkətinə və xalqına nə kimi xidmət göstərdiyinə diqqət yetirməlidir: öz qələmlərilə uşaqlarımızı uçuruma aparır, yoxsa tərbiyə edirlər?!"

 

Mətbuat və azadlıq

 

İmam Xomeyni bütün sahələr üzrə geriliyin aradan qaldırılmasına və inkişafa hesablanmış sağlam tənqidin qızğın tərəfdarı idi. Onun nöqteyi-nəzərincə, cəmiyyətdə tənqid olmazsa, islahat da mümkün deyil. O buyururdu: "Qəzetlər kiminləsə düşmənçilik etməməli, maarifləndirmə istiqamətində fəaliyyət göstərməlidirlər. Tənqid mütləq olmalıdır. Eybləri və nöqsanları tənqid etmək lazımdır ki, cəmiyyət islahata doğru getsin".

İmama görə, mətbuat bütün həqiqətlərin və reallıqların işıqlandırılmasında azaddır. Hər hansı təşkilat və ya partiya xalqın maraqlarını təhlükəyə məruz qoymamaq şərtilə azad sayılır...

Lakin Xomeyni anarxiya xarakterli azadlıqları qəbuledilməz  sayır və belə düşünürdü ki, azadlıq qanun çərçivəsində olmalı və qanun da öz növbəsində xalqın keşiyində dayanmalıdır. O, Hollandiyanın "Divlet Qrant" dərgisinə müsahibəsində məhz belə də vurğulayırdı: "İnsanlar qanunu pozmaqda azad ola bilməzlər. Kimsənin konstitusiyaya zidd, qanunların əksinə olaraq ürəyi istədiyi hərəkəti etməsi azadlıq deyil. Və İslam bütün bu hüdudları təyin edir. Dinimizdə yalnız və yalnız ilahi qanunlar hakimiyyətdədir və Peyğəmbərimizdən, onun xəlifəsindən başqa hökumət edən kimsə yoxdur. İslamdakı qanunlar Allah hökmləridir ki, hamı ona tabedir. Bu, qanunlar ilahi ədalətdən irəli gəlmişdir, Qurani-Kərim və Rəsuli-Əkrəmin (s) ənənəsidir".

İmam Xomeyni (r.ə) jurnalistlərlə görüşündə diktatura və monarxiyanı kökdən batil bir iş adlandırırdı və deyirdi: "Şahlıq rejimi prinsipi, əvvəldən qanuna, əqli qaydalara və insan hüquqlarına zidd idi. Tutaq ki, bir millət hamılıqla bir nəfərin sultan olmasına səs verib. Onlar müqəddəratlarını təyinetmə baxımından azad olduqları üçün verdikləri rəy özləri üçün qəbuldur. Lakin bir millət hətta kütləvi şəkildə belə, bu sultanın sonrakı nəslin üzərində də ağalığına səs verirsə, belə bir sual yaranır ki, millətin 50 il bundan öncəki kütləsi hansı haqqa əsasən özündən sonrakıların taleyini təyin edir? Hər bir millətin taleyi, onun öz əlindədir."

İnsanın öz taleyinə hakim kəsilməsini demokratiyanın əsas cövhəri hesab etsək, deyə bilərik ki, həmin haqq İmam Xomeyni tərəfindən nəinki rəsmən tanınmışdır, bəlkə İslam dinindəki mənşəyinə görə müqəddəsləşmişdir. çünki bu, bəşəriyyətə verilən ilahi bir haqdır və heç kəs tərəfindən alına bilməz. Qeyd etmək lazımdır ki, Ayətullah Xomeyninin (r.ə) baxışlarında, İslam və demokratiya arasında qarşılaşma yoxdur və Allah-Təalanın sonuncu dini demokratiyadan daha üstün və əhatəlidir. Ona görə də inqilabdan sonra siyasi quruluşun "Demokratik İslam Cümhuriyyəti" adlandırılması təklifi irəli sürülən zaman İmam "İslam Cümhuriyyəti" ifadəsilə razılaşdı və bildirdi: "Nə az, nə də çox, eləcə İslam Cümhuriyyəti."

İmam Xomeyni (r.ə) məşhur italyan jurnalisti Uryana Falaci ilə müsahibəsində bu mövzu ilə əlaqədar verilən sualı belə cavablandırır: "Demokratiya sözü aydın bir məna daşımır. Aristotel bu kəlməyə bir formada, sovet başqa formada, kapitalistlər isə digər bir formada tərif vermişlər. Biz hamının özünə görə müəyyən tərif verdiyi müəmmalı ifadəni konstitusiyamıza daxil edə bilmərik. Onun yerinə orta həddi aydınlaşdıran "İslam" sözünü yazdıq. Bu heç bir məsələ ilə müxalif deyil. çünki İslamın özündə demokratiya vardır və bu kəlmənin onunla yanaşı qoyulmasına zərurət yoxdur. Bütün varlığı özündə ən yüksək və əhəmiyyətli dərəcədə ehtiva edən qüvvəylə yanaşı digər bir ifadənin yazılması bizim üçün kədərləndirici olar. Başqa sözlə, "elə bir İslam ki, demokratiya ilə yanaşı olsun" deyə bilmərik. İslam özü hər şeyi əhatə edir." 

İmam (r.ə) fransız dilində nəşr edilən "Lumund" qəzetinin əməkdaşına bildirir: "İslam heç vaxt qadınların azadlığına qarşı çıxmamışdır. Əksinə, qadından bir əşya kimi istifadənin əleyhinə olmuş və onun şərəf və heysiyyətini özünə qaytarmışdır. Qadınlar kişilərlə bərabər huquqlara malikdirlər. Qadın da kişi kimi öz taleyini və fəaliyyət sahəsini seçməkdə azaddır. Lakin şah rejimi onların pozğunluğa qərq olmaları, azadlığa çatmamaları üçün səy göstərirdi. İslam buna kəskin etirazını bildirir. Biz qadınları onları hədələyən fəsaddan azad etmək niyyətindəyik."

İmam Xomeyni kinofilm əleyhinə olması barədə şah rejimi tərəfindən irəli sürülən əsassız və yalan ittihamlara da münasibət açıqlamışdır: "Biz radio və televiziyanın əleyhinə deyilik. Gənclərimizi azdıran, onları geridə qoyan, işçi qüvvəsini aradan qaldıran hərəkətlərin əleyhinəyik. Kino, sivilizasiyanın təzahürlərindən biridir və xalqa xidmət etməli və onu tərbiyələndirməlidir".

İran İslam İnqilabının əvəzsiz banisinin Haqqa qovuşmasından 20 il keçir. Qardaş ölkənin siyasi-iqtisadi rəhbərliyi və şəhidpərvər xalqı əsrin beşdə birini İmam Xomeynisiz, lakin onun örnək həyatından, dəyərli tövsiyələrindən, İlahi-siyasi vəsiyyətnaməsindən bəhrələnərək yaşayır, dünyanın inkişaf etmiş mütərəqqi qüvvələrilə bir sırada addımlayır. Bu, həm də böyük rəhbərin ruhu qarşısında uğurlu bir hesabatdır.

 

 

Q.MƏMMƏDOV

 

Təzadlar.- 2009.- 11-13 iyun.- S.12.