Seyid Cəfər Pişəvəri anıldı 

 

Anma mərasimində "Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri" kitabının təqdimatı oldu 

 

İyunun 12-də Azərbaycanda 1945-1946-cı il milli hökumətin banisi Seyid Cəfər Pişəvərinin vəfatının 62-ci öldünümü idi. Bu münasibətlə dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Milli Elmlər Akademiyasının Z.Bünyadov adına Şərqşünaslıq İnstitunun təşəbbüsü ilə anım mərasimi keçirildi.  

Anım mərasimində AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Güneyazərbaycanşünas alim Əkrəm Rəhimlinin yeni nəşr olunan "Mübarizə burulğanlarında keçən ömür - Seyid Cəfər Pişəvəri" kitabının təqdimatı oldu. Qeyd edək ki, kitab Seyid Cəfər Pişəvərinin və Güney Azərbaycanın azadlığı yolunda canlarını fəda etmiş insanların xatirəsinə ithaf olunub. Kitabda İranın və Güney Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat S.C.Pişəvərinin həyatından və ictimai-siyasi fəaliyyətindən bəhs olunur. çoxsaylı mənbələr və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının çalarları, Güneydəki milli-demokratik hərəkatda onun xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil olunur.

Tədbiri açıq elan edən DAK informasiya və kordinasiya mərkəzinin rəhbəri Əlirza Amanbəyli XX əsr o taylı, bu taylı Azərbaycan xalqının azadlığı uğrunda mücadilə tarixinə bir sıra görkəmli siyasi xadimlər bəxş etdiyini bildirdi. Qeyd etdi ki, onların hər biri öz əməlləri ilə tariximizdə əbədiyaşar insanlardır: "Lakin keçən yüz illikdə yerişən siyasi simalar içərisində haqqında az yazılan, az yad olunan şəxsiyyətlərimizdən biri də Seyid Cəfər Pişəvəri olmuşdur. Bu böyük insan haqqında geniş səpkidə obyektiv araşdırma aparıb, həqiqətləri olduğu kimi oxucuya çatdırmağın vaxtı isə çoxdan çatmışdır".

Şair-oftolmoloq Paşa Qəlbinur S.C.Pişəvərinin təkcə Azərbaycan üçün yox, bütün İranın azadlıq və qurtuluşu üçün ağır mübarizə yolunu fədakarcasına keçmiş bir şəxs olduğunu söylədi.

S.C.Pişəvəri irsinə ehtiramın rəmzi olan "Mübarizə burulğanlarında keçən ömür" kitabını hazırlamaqda əsas məqsədi XX əsr tariximizin fenomenlərindən olan bir insanın - S.C.Pişəvərinin ictimaiyyətə, xüsusən gənc nəslə yaxından tanıtmaq olduğunu deyən Əkrəm Rəhimli bu hədəfə az-çox çata biləcəyi halda  bunu özünə uğur sayacağını bildirdi: "O zaman S.C.Pişəvərinin müqəddəs və narahat ruhu qarşısında tədqiqatçı borcumu qismən də olsa yerinə yetirmiş olaram".

Tədbirdə DAK rəhbərliyi, DAK İdarə Heyətinin üzvləri, DAK Gənclər Təşkilatının fəal üzvləri və gənclər, Güneyli-Quzeyli milli fəallar, ziyalılar, tarixçi alimlər, tələbələr, millət vəkilləri, mərhum Pişəvərinin yaxın silahdaşları iştirak edirdilər.

 

 

E.ŞİRİNOV

 

Təzadlar.- 2009.- 13-18 iyun.- S.15.