Hüseyn Arif - 85 

 

DAĞLAR DA ONSUZ QƏRİBSƏYİBDİR... 

 

Sevilən şair, mülayim təbiətli insan Hüseyn Ariflə səfərlərimizi, görüşlərimizi, söhbətlərimizi xatırlayanda unudulmaz müəllimimiz, professor Qulu Xəlilovdan vaxtı ilə eşitdiyim bu sözləri xatırlayıram: "...Hüseyn daim səyahətdədir. O, gəzir, görür, sonra yazır. Ona görə də onun misraları bulaq suyu qədər büllurdur. Gördüyü adamları, onların duyğularını, düşüncələrini ümumiləşdirib sənətin şaqraq dilinə çevirir..."

H.Arif həddən artıq səmimi insan idi. Necə vardısa, eləcə davranardı. Yaradıcılığını oxuduğum, özünü tanıdığım vaxtlardan hələ bir kimsədən eşitməmişəm ki, ondan gileyli olsun. Əksinə, hər dəfə xatırlananda çöhrələrdə sevinc görmüşəm. O qədər mehriban, kövrək, duyumlu-duyğulu idi ki, hətta dağlarda-dərələrdə, ormanlarda da üzünü görən, səsini eşidən insanlar tərəfindən ideal, müqəddəs varlıq kimi qarşılanar, yola salınardı.

İllər boyu Hüseyn Hüseynzadə kimi tanınan şair gözlənilmədən ağır dərdə düçar oldu. Madarı-muradı Arifi vaxtsız əcəl əlindən aldı. Oğlunun əbədi itkisi şairin - atanın belini əydi, dizini bükdü, fərəhini sifətində, gülüşünü dodağında dondurdu. Həmin faciədən, övlad itkisindən sonra "qağa"mız söz əvəzinə od-alov püskürdü, dilindən ah-nalə eşidildi. Bir gözü güldü, digəri ağladı. Nəhayət, taleyin acı hökmü ilə barışıb, nakam oğlunun əziz xatirəsini yaşatmaq üçün onun adını öz adıyla qoşa yazdı, eyni tutdu. Bədənində iki can yaşatdı. Biri işıqlı dünyaya həmişəlik əlvida demişdi. Digəri - Arifin əbədilik tapdığı ünvana boylana-boylana, dili-zarıncı qalmışdı:

 

Şimşək tək havada alışıb keçib,

Möhnət şərbətini qəfildən içib,

özünə bir könül həmdəmi seçib,

Bir şadlıq məclisi qurmadı, getdi...

 

Aşıq Alı deyib: "Əcəl haqdır, çıxmaq olmaz əmrdən". Zaman-zaman bu haqqı, yazılmamış hökmü kimsə pozmaq, dəyişmək hünərində olmayıb. Allah övladı öz ömrünü, alın yazısını, qismət payını yaşayıb. Daha belə yox ! Arifin yaşı vardı, hələ görmüşdü ki? Boyuna baxıb fəxr elədiyi atasını niyə sinəsi dağlı, dili-zarıncı qoydu? Bəs bu vaxtsız, vədəsiz ayrılıqdan ata ürəyi göynəməyəydi, yanmayaydı, parçalanmayaydı, neyləyəydi?

 

Hüseyn Arifin bağrını deşdin,

Harda qərar tutub, haraya köçdün?

Ay oğul, sən niyə qabağa düşdün

Səfər mənimiydi, yer mənimiydi...

 

Çoxları deyirdi ki, Hüseyn qağaya (hamı ona belə müraciət edərdi) istedadı, poetik düşüncəni Tanrı vermişdi. Ola bilər. Ancaq o, ilhamı ana təbiətdən, əlçatmaz, ünyetməz dağlardan, ilin yaz çağında nazəndə gözəllər kimi üzə gülümsəyən, cilvələnən bulaqlardan, kəklikdən, qırqovuldan, yaşılbaş sonalardan alardı. ömrü boyu təbiət onun həmdəmi, can sirdaşı, yol yoldaşı olub. İlk məhəbbəti, ilk sevgisi olan təbiətin dilini, qədrini hamıdan, hər kəsdən daha yaxşı bilir, duyur, anlayır onu min bir həvəslə, istəklə təsvir, tərənnüm edərdi:

 

Gəl çıxaq sehrinə uca dağların,

çəmən olan yerdə, xalça lazım?

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça lazım?

 

Təxminən iyirmi beş il öncə görkəmli fırça ustası Mikayıl Abdullayevin yaradıcılıq emalatxanasına getmişdim. Radioda Hüseyn Arifin həyat yaradıcılığına həsr olunmuş vreiliş səslənirdi. Ustad rəssam, zəmanəsinin ən yaxşı söz-sənət qədri bilənlərindən olan Mikayıl müəllim dedi: "Hüseyn Arif rəssam-şairdir. Əksər şairlər təbiətə ilham pərisi kimi baxıb, yazıb-yaradıblar. Lakin Hüseyn gördüyünə təkcə valeh olmur, həm bədii fikirlə müşahidə elədiyi gözəlliyə, əlvanlığa, könül açan mənzərələrə sözlə şux boyalar, rənglər çəkir". O vaxt da, elə bu sətirləri yazanda da Mikayıl müəllimin şairin yaradıcılığına verdiyi yüksək qiymətə heç bir əlavəm olmayıb, yoxdur da. Hüseyn Arif təbiətə ayna tutar, onu olduğu, bəlkə daha artıq, poetik görümdə oxuculara çatdırardı. Gördüklərini, duyduqlarını elə incəliklə, zövqlə vəsf edərdi ki, mənzərələr olduğundan da əlvan göz önündə canlanardı:

 

Torpağın ətrini fikirləşəndə,

İpək tellərinə çiçək taxarsan.

Səhərlər yadına güzgü düşəndə,

Maral baxan gölə sən baxarsan.

 

***

Titrəmə soyuğa, yanma sazağa,

üşüsən otlardan yorğan istərik.

Daş-kəsək toxunsa ələ-ayağa,

Loğman çiçəklərdən dərman istərik.

 

Ötən əsrin səksəninci illərində hazırda düşmən tapdağı altında inildəyən Cəbrayıl bölgəmizdə "Qurbani saz bayramı" mərasimi keçirilirdi. El şənliyinə, təntənəsinə xeyli adam dəvət olunmuşdu. Tədbirdə Respublika Aşıqlar Birliyinin ilk sədri vəzifəsində işləyən Hüseyn Arif iştirak edirdi. O, rayon partiya komitəsinin birinci katibinin yanında yox, çobanın, suçunun, kümdarın, üzümçünün, bir sözlə, zəhmətkeşlərin yanında əyləşdi. Dəfələrlə onu "sayılan" yerə dəvət etdilər, getmədi. Dedi ki, "yuxarı başda" ürəyim sıxılır.

Səhəri gün gəldik məşhur Xudafərin körpüsünün qənşərindəki Diri dağına - aşıq-ozan sənətimizin banisi Dirili Qurbaninin qəbrini ziyarət etməyə. Məzarın önündə Hüseyn qağa bəlkə ömründə ilk son dəfə diz büküb, hönkür-hönkür, hıçqıra-hıçqıra ağladı. öndər sənətçimizin uyuduğu torpaqdan ovuc-ovuc xışmalayıb, üz-gözünə çəkdi. Handan-hana əsəbi halda dedi:

- Ayə, ay cəbrayıllılar, ay insafsızlar, bəs belə urvatsızlıq olar siz edirsiniz?! özünüzə qoşamərtəbəli, yaraşıqlı evlər inşa etdirirsiniz, hasarlar çəkdirirsiniz, sağlığınıza, şadlığınıza qismət. Bəs böyük söz ustadının qədir-qiymətini niyə bilmirrsiniz? Bu məzara niyə baxmırsınız? Ayə, ay qardaşlar, bilin, Qurbani tarixi şəxsiyyətdir. O, İranda-Turanda yox, doğma torpağında dünyasını dəyişib. Bu gün ziyarətinə gəldiyimiz Qurbani aşıq-ozan sənətimizin banisidir. Ay yerli camaat, ay qonaqlar, burada mavzoley tikdirmək lazımdır ey, mavzoley!..

Hüseyn qağanın aşıq-ozan sənətimizin inkişafında, tədqiqində, təbliğində əvəzsiz xidmətləri olmuşdur. O, Dirili Qurbanini, Aşıq Alını, Aşıq Ələsgəri eyni məhəbbətlə sevir, onların yaradıcılıqlarının daim uca tutulmasına, təbliğ olunmasına can yandırar, qayğı göstərərdi. Sevimli şairimizin Aşıq Ələsgərə həsr etdiyi bu misralar fikrimizin sübutudur:

 

Zalımlar önündə titrədi zağ-zağ,

Atdığı hər güllə hədəfə dəydi.

O, Vaqifdən sonra, Vurğundan qabaq,

Elə bil saz tutub, söz deməliydi.

 

Xalq şairi Hüseyn Arif dünyanın neçə ölkəsində, hansı şəhərlərdə olub, dəqiq bilmirəm. Ancaq bunu bilirəm ki, o, doğma Azərbaycanımızı az qala qarış-qarış, oymaq-oymaq gəzərdi, görərdi, xoş təəssüratını poeziyanın sirli-sehirli gücü ilə təsvir, tərənnüm edərdi. Bu da əziz şairin qismətindəydi ki, yönü hansı obamıza düşürdüsə, onu gülərüz, mehriban, təbəssümlə qarşılayırdılar. Həmin görüşlərin birindən vəcdə gələn Hüseyn qağa yazmışdı:

 

Yaş ötdükcə tələsirəm,

Gəzmək üçün, görmək üçün.

Zirvədəki qar qalığı,

Dərədəki çiçək üçün...

 

Hüseyn Arif şair-rəssam, şair-tarixçi-tədqiqatçı, şair-təbiətşünas, şair-vətəndaş, gözü görürdüsə, hamısını xoş məramla tərənnüm edən yaradıcı idi. Onun üçün qədər ağır olsa da, ömrünün son günlərində bu misraları da yazmışdı:

 

əlim yetişir, ünüm çatır,

Möhnət sınağından keçə bilmirəm...

Dağlarsız neyləyim, dağlar həmdəmim,

Dağlarsız yaman qəribsəmişəm.

 

Dağlar da sizsiz yamanca qəribsəyib, a Hüseyn qağa. Onlar da yoxluğunuza dözməyib, bizlərdən küsüblər. Əgər belə olmasaydı, daim uca tutduğunuz, başları həmişə bəyaz çalmalı dağlar da bu gün mübarək ad gününüzün təntənəsinə sevinərdi. Təəssüf ki, susurlar. Demək, insanlar kimi dağlar da həsrətinizə dözmür, qəribsəyib...

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 30 iyun.- S.15.