Sevgisi solmaz çiçəkdir, yadigar qalıb...

 

"...Atamın ədəbiyyata, musiqiyə, xüsusən muğamlarımıza böyük məhəbbəti var idi. Əmircan kəndindəki evimizə tez-tez tanınan söz-sənət ustaları gələrdi. Ağlım kəsəndən şeir, qəzəl eşitmişəm. Xalqımızın milli iftixarı, qüdrətli fırça ustası Səttar Bəhlulzadənin saatlarla xəyala dalmasını, etüdlər, eskizlər çəkdiyini görmüşəm. Uşaqlıq çağımdan düşdüyüm ədəbi mühit əlimdən tutub məni poetik aləmə apardı".

Hər görüşümüzdə çiçək kimi zərif, qaya qədər sərt xarakterli insan, şair Tofiq Bayramın xatirələrini maraqla dinləyərdik. Onun imzası yaşımın hansı vədəsində ürcahıma çıxmışdı, xatırlamıram. Tanışlığımız, dostluğumuz, yoldaşlığımız isə elə dünən olubmuş kimi yadımdadır: qırx il əvvəl "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasına getmişdim, onu orada gördüm. O zamanlar elə təsəvvür edirdim ki, yazıçı-şairlərin bəmbəyaz saçı, hündür boy-buxunları, qamətləri olur. Səməd Vurğun, Süleyman Rəhimov, Əli Vəliyev kimi. Ancaq Tofiq Bayramda bu əlamətlər yoxuydu. Əvəzində Yaradanımız ona həssas ürək, kövrək, zərif qəlb vermişdi. Səsi qalın olsa da, əməli, ətrafındakı insanlara müraciəti, münasibəti mülayim idi. Bu sözlər də dilinin əzbəriydi: "Təbii olan eyib deyil..." Onun üçün təmiz, ülvi məhəbbət müqəddəs idi. Deyərdi: "Qaya parçasını, daşı da ürəkdən sevsən - üzünə gülər. Şirin, xoş nəvazişdən quruyan budaqlar da cana gələr". Bəlkə qarşılıqlı əzizləməni, sevgini belə urvatlı bildiyi üçün "Ay gecikən məhəbbətim" şeiri şairin obrazını yenə də göz önündə canlandırır, yaddaşlarda yaşadır:

 

Saç ağartdım bu yollarda,

Harda idin, söylə, harda?

Bir yarpağam, son baharda

Saralıram yetim-yetim,

Ay gecikən məhəbbətim!..

 

Tofiq Bayram "dərdsizlikdən dərd axtaran" yazan-yaradan deyildi. Amma görəndə, eşidib-biləndə ki, dost-tanışından kiminsə ayağına daş dəyib, onun ağrısını öz varlığında hiss edərdi. O, iki gəncin səadətə, vüsala qovuşmalarını ən böyük hadisə kimi qarşılayar, bu izdivaca ürəkdən sevinər, münasibətini bildirərdi:

 

Bir evdən, bir evə səadət gedir,

Biri yola salır, biri səsləyir.

Bir ana qızını burda ləngidir,

Bir ana həsrətlə gəlin gözləyir...

 

Onu görməyəndə, səsini eşitməyəndə darıxardım. Kitablarını, qəzet-jurnallarda dərc olunan əsərlərini dönə-dönə oxuyardım. Misraları, bədii təfəkkürü xəyalımda obrazlaşar, özü səmimiyyətdə, qiyafədə dayanardı gözlərim önündə. Görüşəndə də deyərdi: "Ayə, a zalım, dünya beş gündür ey, Səməd Vurğuna qalmayan dünya nə sənə, nə də mənə qalacaq". Sonra da bu misralarını astadan pıçıldayardı:

 

ömrün son anları gəlib yetəndə,

Son qətrə su kimi inam içilir.

Fəqət, bir ürəkdə inam itəndə,

İnsan dağ olsa da, birdən kiçilir...

 

 O, Bakıda - 75 il əvvəl Əmircan kəndində dünyaya göz açsa da, sözünün əvvəli-axırı Qarabağ, Gəncə, Mil-Muğan, Şəki-Şirvan olardı. Deyərdi ki, üzeyir bəyin anadan olduğu ünvan mənim qibləgahım, məzarı ziyarətgahımdı. Səməd Vurğun mənim əlçatmaz, ünyetməz dağım, Mehdi Hüseyn ucalığım, Rəsul Rza görən gözümdür. Bu fikri də ondan dəfələrlə eşitmişdik: "İnsanın insana qənimliyini, dönüklüyünü bağışlamaq günahdır".

Onu bəzən duymur, anlamırdılar. ünvanına böhtan, şər-şəbədə, qərəzli fikirlər yazardılar. O, ömrünün gənclik çağlarında qeyri-səmimi münasibətlərə dözsə də, ahıl çağlarında daha bu didişmələrə tab gətirə bilmirdi. Zərif, həssas duyğularla döyünən ürəyinin yersiz, məkrli "hücumlara" artıq gücü çatmırdı. Belə çətin, ağrılı anlarında əli ürəyinin üstündə olardı. Lal-kar kimi dinməz-söyləməz uzaqlara baxardı. Vəziyyətini, halını görənlər soruşardı: "Tofiq müəllim, bəlkə könlünüzdən bir şey keçir?" Cavab verərdi: "Məni tək buraxın!" O, xarakter etibarilə aciz, zavallı deyildi. Ona qarşı əks mövqedə olanlara layiqincə cavab verməyi bacarırdı.

Yetmişinci illərin sonları idi. Tofiq müəllimlə Yazıçılar İttifaqının önündə dayanmışdıq. O, təklif etdi: "Gəl gedək Əmircana. Axşam ata yurdumu yuxumda görmüşəm". Onun göy rəngli köhnə, sınıq-salxaq "Moskviç"inin mühərrikini güc-bəla ilə işə salıb, yola düzəldik. Şəhərin mərkəzindən təzəcə aralanmışdıq ki, başladı "Keç günahımdan" şeirini oxumağa:

 

Ruhumu oxşadın gizli, xəlvəti,

Mən oldum könlünün son əmanəti.

Qadın nəvazişi ömrün zinəti,

ölümdən betərmiş qadın nifrəti,

Bunu öz gözümlə gördüm yaxından,

Sənə yalvarıram,

Keç günahımdan...

 

Gəlib çatdıq Əmircan kəndinin girəcəyinə. Ata-baba yurd yerlərini - evlərini əvvəlcədən tanıdığımdan onun birdən-birə maşını saxlamasından heyrətləndim. O, sükanın arxasından düşüb, güclə eşidilən səslə pıçıldayıb, əlini üzünə çəkdi. Nə fikirləşdi, nə düşündü bilmədim:

- Əmircana giriş buradan başlayır - deyib, bir müddət susdu. Sanki taqəti kəsilmişdi. Hiss edirdim ki, acılı-şirinli xatirələr onu çox-çox uzaqlara apardı. Handan-hana: - Burda çoxları uyuyub, vaxt olub, heç onların da qədir-qiymətləri bilinməyib... Onlardan biri də böyük rəssamımız, qüdrətli fırça ustası Səttar Bəhlulzadədir. Nə qədər ki, yaşayırdı, naşılar, səriştəsizlər ona özgə gözlə baxardılar... Yaxşı ki, bu torpaq var: xoş niyyətləri, əməlləri pöhrələndirir, yaşadır, - dedi.

Yamanca kövrəlmişdi. Bir müddətdən sonra: "Vəsiyyət etmişəm, məni də burda torpağa tapşırsınlar" - deyib, "Əmircan haqqında nəğmə" şeirini oxudu:

 

Nə zaman köçsəm də, qoynuna, kəndim,

Burda son məskənim, ilk ünvanım var.

Hər yerdə, hər zaman sənə güvəndim,

Sənsiz nə ürəyim, nə də canım var...

 

Tofiq müəllim ata-baba evlərinə gələndə halı pərişan idi. O, küskünlüyünü, qəmli olduğunu, nəmli gözlərini doğmalarından gizlətməyə çalışırdı. Bəyaz saçlı anası onu elə mehriban, səmimi qarşıladı ki, sanki illər boyu əzizinin üzünə həsrət qalmışdı. Təbii, belə səmimiyətdən, mehribançılıqdan sonra kədər-qüssə də unuduldu.

Bir gün onun iş yerinə gəlmişdim. O, başını almışdı əllərinin arasına, saçlarını ovuşdururdu. Salamımı həmişəki kimi yox, elə-belə, dilucu aldı. Bu soyuqluğa heyrətlənsəm də, səbəbini soruşmadım. özü dedi:

- Əbülhəsənin (xalq yazıçısı) milisdə işləyən oğlu qəfildən rəhmətə gedib... Yazıçının balasının gözü qabağında dünyasını dəyişməsi bilirsən nəyə bənzəyir? Min bir zillətə, təzyiqlərə, təqiblərə, ehtiyaclara məruz qalıb yazasan, ona da gözün görə-görə od vurub yandıralar. Yaradıcı valideynin yaratdığı şah əsər onun övladıdır...

Sonra uşaq kimi hönkür-hönkür, hıçqıra-hıçqıra ağladı. İş yoldaşları İsi Məlikzadə, Sabir Əhmədov, Sabir Süleymanov, Nəsib Ələkbərov, Əhəd Muxtar onu necə kiritdilər, bilmədim. çünki tab gətirə bilmədim, ordan uzaqlaşdım.

1970-1980-ci illərdə tərifə, təqdirəlayiq ənənələrdən biri də ədəbiyyat-incəsənət xadimlərinin mütəmadi olaraq ayrı-ayrı bölgələrdə oxucular, tamaşaçılarla görüşlərə getmələriydi. Belə səfərlərin birində Tofiq müəllimlə getdik Astaraya. Rayon Partiya Komitəsinin birinci katibi çingiz Fərəcovu idarəçi, təşkilatçı kimi, həm də ədəbiyyata, incəsənətə böyük marağı olan ziyalı kimi tanıyırdıq. O, təxminən üç saat ərzində rayonun mərkəzində və kəndlərində həyata keçirilən abadlıq işlərindən məlumat verdi. Nahar vaxtından ötmüşdü. Nəhayət, Tofiq müəllim dözməyib yarızarafat, yarıciddi dedi:

- Ay çingiz müəllim, bütün bunlara görə çox sağ olun. Məgər burada işlədiyiniz müddətdə heç restoran, yeməkxana tikdirməmisiniz? Acından batıb-qırıldıq, nə olar, onlardan birini göstərin də...

İyirmiyə yaxın kitabı işıq üzü görən, əsərləri dünyanın çox dillərinə tərcümə olunan, xüsusən türkdilli xalqlar arasında böyük nüfuz qazanan, əməkdar incəsənət xadimi fəxri ada layiq görülən Tofiq Bayram millətimizin işıqlı təfəkkürü, geniş qəlbi, vətənsevərlik amalı ilə yaşayan söz ustalarından, ziyalılarından biri idi. Qismət payını yaşayıb, yaradıcılığı dillər əzbəri olan insanlara həmişəlik əlvida dedi. Lakin sağlığında həmişəyaşarlıq qazandığı üçün dönə-dönə yad olunur. Hər dəfə "Vağzalı" havası səslənəndə şairin özü təsvir, tərənnüm etdiyi kimi, "Biri yola salır, biri səsləyir" təntənəsi ilə vüsala qovuşan gənclərə xeyir-duası xatırlanır. çünki o, həmişəyaşar sevgisini Vətən, el-oba, söz-sənət qədri bilənlərə yadigar qoyub...

 

Telman MENDIXANLI

 

Unudulmaz şairin bu gün də maraqla oxunan iki şeirini oxucuların diqqətinə çatdırırıq. 

 

Qadın ürəyi

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

Güldürsən, ömürlük səadətindir.

Söndürsən, yanmağı bir də çətindir.

O, əsil qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da da olar o,

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

 

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən...

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan.

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən dözərəm, Tofiq Bayramdan

İncimə, amandır qadın ürəyi!

 

 

Görüş

 

Biz ki, unutmuşduq ilk məhəbbəti,

Ah, bu qəfil görüş kaş olmayaydı!

Mənim gözlərimdə eşqin həsrəti,

Sənin gözlərində yaş olmayaydı.

 

Sən də bəxtiyarsan, mən də bəxtiyar,

Bəs bu həsrət nədir, bu məlal nədir?

Dayanma, qoy gedim, gözlə\yənim var,

Gedimmi? Bir hə de, o sual nədir?

 

Dayanma önümdə günahkar kimi,

Mən ki, günahını bağışlamışam.

Hələ qəlbi geniş adamlar kimi,

Sənin toyunu da alqışlamışam.

 

Bil ki, sevgilimdən sənə salam var,

İstəsən ərinlə qonaq gəl bizə.

Mənim ciyərparam bircə balam var,

Açar qapımızı əlbəhəl sizə.

 

Peşiman olmağın nədir əlacı,

Yüz fikir bir borcu ödəməz indi.

Mən sənə qardaşam, sən mənə bacı,

İlk eşqə tapmısan bir əvəz indi.

 

Yanmasın, ulduzum tez yanıb sönsə,

Vədəsiz şadlığı istəmərəm mən.

özg\ənin eşqinə göz dikməkdənsə,

Hə\srətin qoynunda can verərəm mən.

 

Sevin hərarətlə bir-birinizi,

Ayrılıq diləsəm, dilim lal olsun.

Qolboyun, mehriban görəndə sizi

Mənim şair könlüm qoy xoşhal olsun.

 

Bilirəm ev nədir, birlik nədir mən,

Görsəm ev yıxılır, gedib quraram.

Əl-əldən üzülsə, ürək-ürəkdən,

Sizi eşqinizə qovuşduraram.

 

Şirin söz eşitsəm dodağınızdan

Bilin ki, sədası ürəyimdədir.

Gəlsə körpə səsi otağınızdan,

Hər xeyir-düası ürəyimdədir.

 

Qoy bu ürək sözüm getməsin hədər;

Məni sevirsənsə, ismətini sev.

Mən öz sevgilimi sevdiyim qədər

Sən də oz eşqini, qismətini sev. 

 

 

Telman Mehdixanlı

 

Təzadlar.- 2009.- 3-5 mart.- S.15.