Ata gileylənməkdə haqlıdırmı?

 

İş günü yenicə başlamışdı. Gündəlik qəzetləri oxuyurduq. Bu zaman qapı döyüldü. Hörmət əlaməti olaraq icazə istəyib içəri daxil olan kişinin görkəmini görəndə əvvəl heyrətləndik. Sonra yanıqlı səsini, dediklərini eşidəndə kövrəldik. Onun beli əyilmişdi. Gözləri qan çanağına bənzəyirdi. Sifəti, alnı qırış-qırış idi, saçı tökülmüşdü. Gilə-gilə göz yaşları elə bil özünün əvəzindən danışmaq, fəryadını çatdırmaq istəyirdi...

- Qardaş, mənim adım Əyyubdur. Dərdim dağlardan ağırdır. Həm ata-baba yurdum, elim-obam Kəlbəcərin həsrətini çəkirəm, həm hünərli, qeyrətli, canını doğma torpaqlarımız uğrunda qurban vermiş şəhid oğlum Etibara etinasızlıq, laqeydlik, biganəlik görürəm. İçin-için yanıram, əriyirəm. Başıma çarə qılım, vallah, bilmirəm.

Bir zamanlar saf havasını udub, təmiz suyunu içib, əlvan mənzərələrinə baxıb qürur hissi keçirdiyin doğma diyarın intizarını çəkmək, üzünə həsrət qalmaq doğrudan da dəhşətdir, sağalmaz yaradır. Müdriklərimiz deyib: "Gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşı..."

Əyyub kişinin göynərtisini, sarsıntısını biz hiss edirdik. Aramızda xeyli müddət sükut yarandı. Handan-hana o, yenə dedi:

- Ötən əsrin 70-ci illərində xalqımız xoşbəxt, firavan yaşayırdı. Dağlar diyarı - elimizin fəxri, yaylağı Kəlbəcər gündən-günə gözəlləşir, hüsnü-camalı dəyişirdi. Belə bəxtəvər çağlarımızın birində - 1973-cü ildə oğlum Etibar dünyaya gəldi. Evimizə, ailəmizə bahar ovqatı, yaz havası gətirdi. Aylar, illər ötüb keçdi, o, ayaq açıb yeridi. İlk yaşlarından Kəlbəcərin havasına, suyuna, təbiətinə vurğun idi. Orta məktəbi "əla" qiymətlərlə bitirdi. Amma ali təhsil almaq qismətində yox imiş. Arzusunu sonraya saxladı... 1991-ci ildə onu əsgərliyə, özü Moskvaya apardılar. Hərbi xidmətdə olduğu qısa müddətdə komandirlərindən üç təşəkkür, minnətdarlıq məktubu aldım ki, onun kimi ləyaqətli, alicənab övlad böyütmüşəm.

Əyyub kişi daha da kövrəldi. Hıçqır-hıçqır ağladı. Yana-yana, qıvrıla-qıvrıla, güclə eşidilən səslə dedi:

- Ermənilərin növbəti xəyanəti zamanı xalqımız yenidən əsl sınaq qarşısında qaldı. Baxmayaraq ki, silah-sursatımız yox idi, ancaq düşmənə qarşı inamla mübarizə aparır, torpaqlarımızı qoruyurduq. Oğlum Etibar eşidəndə ki ermənilər Kəlbəcərə basqınlar edir, o, dözməyib vətənə - rayonumuza qayıtdı. Elə həmin gündən soyuqlu-istili səngərlərə sinə gərdi. Günlərlə, aylarla onun yolunu gözləyirdik. Gəlmirdi. Əvəzində ermənilərə qarşı necə inamla, cəsarətlə döyüşməsi barədə soraqlar eşidərdik. Həmin günlərin şahidi olan dostları, silahdaşları deyirlər ki, Etibarın atəşi hədəfə dəyərdi. Neçə-neçə əməliyyatların, kəşfiyyat hücumların iştirakçısı olmuşdu. 1993-cü ildə ömrünün ərqan çağında rayonumuz - Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid oldu.

Əyyub kişi yenidən hönkür-hönkür ağladı. Ata ürəyi şam kimidir, yananda əriyir... övladının xoşbəxtliyini arzulayan, əvəzində ondan əbədi ayrılan ata ağlamasın, neyləsin?

Bir müddət keçəndən sonra o, danışmağa başladı:

- Oğlum Etibar Hüseynov dünyasını dəyişəndən az keçmiş döyüşdüyü 701 saylı hərbi hissədən xidmətlərinə görə onun fəxri ada layiq görülməsi barədə Respublika Müdafiə Nazirliyinə rəsmi məktub göndərildi. Həmin sənəd sanki bir daş parçası olub qırx arşın quyunun dibinə düşüb. İllərdən bəridir soraq gözləyirik. Vətən, torpaq uğrunda şəhid olanlara qarşı belə etinasızlıq, laqeydlik göstərərlər?!

Əyyub kişinin sualına cavab vermək səlahiyyətində olmadığımızdan, yalnız bunu deyə bildik: şəhid ruhunu incitmək, küsdürmək ən azı günahdır!.. 

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 14-16 may.- S.14.