Azərbaycan təmsilçiləri avropalıların ürəyini fəth etdi 

 

2008-ci ildə 8-ci yerdə qərarlaşan Azərbaycanı bu il Avropa 5 pillə irəliyə apardı 

 

 Aylardan bəri son nəticəsini səbirsizliklə gözlədiyimiz "Eurovision-2009" mahnı müsabiqəsi, nəhayət, başa çatdı. ötən il bu müsabiqənin birincisi olmuş Dima Bilan ölkəsinə - Rusiyaya bu müsabiqənin ləzzətini dadmağa imkan verdi. Məhz onun sayəsində bu ilki "Eurovision" mahnı müsabiqəsi Moskvanın "Olimpiyskiy" idman kompleksində gerçəkləşdirildi.  

Əvvəlcədən onu da qeyd edək ki, Moskva bu müsabiqəyə çox yaxşı hazırlaşmışdı bu "həngaməyə" heyran olanlar arasında müsabiqənin qalibi Aleksandr Rıbakın təmsil etdiyi ölkənin - Norveçin jurnalistləri vardı. Onlar həmin gün "Evrodom"da təşkil olunmuş gecədə rusiyalı həmkarlarına Norveçin gələn il bu cür təşkilatçılığı şounu təkrarlaya biləcəyinə inanmadıqlarını da bildirmişdilər. Bir sözlə, Rusiya saytlarının bildirdiyinə görə, çoxları Moskvada keçirilən müsabiqənin yüksək zövq peşəkarlıqla təşkil olunmasına heyran olub.

Mayın 16-dan 17-ə keçən gecə "Eurovision" mahnı müsabiqəsinin final yarışmasına start verildi. Final mərhələsinə 25 ölkənin qatıldığı bu müsabiqədə Azərbaycan 11-ci iştirak etdi. Müsabiqənin ilk iştirakçısı isə Litva təmsilçisi Saşa Son oldu. Qeyd edək ki, müsabiqədə iştirak edən ölkələr arasında Ukraynanı təmsil edən Svetlana Lobod (VİA Qra-nın keçmiş üzvü) çox uğurlu çıxış etdi. Böyük çılğınlıqla, akrobatik hərəkətlərlə, rəqslə, müğənninin zərb alətində çıxışı ilə müşayiət olunan mahnı həm quruluş, həm musiqi, həm ifa baxımından yaddaqalan idi. uğurlu çıxışlardan biri idi. Türkiyəni təmsil edən Hadisə onun komandası da mahnıya çox gözəl səhnə quruluşu vermişdilər. Hadisənin plastikası, rəqqas oğlanın əla rəqs nümayişi çox gözəl təsir bağışlayırdı. Lakin təəssüf ki, uzun müddətdən bəri konsertlər verən Hadisənin səsində yorğunluq hiss olunurdu. Onun hazırlıq prosesində göstərdiyi ifa tərzindəki keyfiyyət müsabiqə günü bir qədər zəifləmişdi. Ola bilsin ki, bunun digər bir səbəbi yarışmanın yaratdığı yüksək həyəcan idi. Ermənistanı təmsil edən bacılar İnqa Anuş isə mayası yüz yerdən yoğrulmüş mahnıları ilə elə bir rəğbət qazanmadılar. Ermənilər həmişəki kimi öz amplualarında idilər. Mahnının musiqisi kimi, geyimləri "oğurluq" məhsul idi. Bilmirdin özbəkdilər, gürcüdülər, ermənidilər, yoxsa... Yeri gəlmişkən xatırladaq ki, geyimlərin müəllifi azərbaycanlıdır o, öz əl qabiliyyətini "çox ustalıqla" nümayiş etdirmişdi.

 

***

Azərbaycanı təmsil edən Aysel Araş isə doğrudan da səhnəyə çox yaraşırdılar. Hətta ORT-nin şərhçisi (əvvəlcə münsiflər heyətinin üzvü idi), tanınmış estrada ifaçısı Filipp Kirkorov hər dəfə Ayselin ifasını gördükcə "Bu qız alışqandır, çox gözəldir... Mahnı isə mütləq bu yayın hitinə çevriləcək" - deməkdən yorulmurdu. Kirkorovun Aysel digər ifaçılar barədə söylədiyi xoş sözlərdən sonra isə, hər dəfə şərhçi xanım Kirkorova xəbərdarlıq edirdi ki, ifaçıları təbliğ etməyimiz yasaqdır... Əslində isə Kirkorov həqiqəti söyləyir, sadəcə olaraq, hərdən münsiflər heyətindən getdiyini unudurdu...

Rusiyanın bu ilki mahnı seçimi isə çox uğursuz alınmışdı. Mənşəcə ukraynalı olan 21 yaşlı ifaçı Anastasiya Prixodko küsülü olduğu anasına həsr etdiyi (ifadan sonra barışdığı - red.) "Mamo" mahnısını axıra qədər hüzn kədər içərisində ifa etdi. çünki mahnının özü bütövlükdə kədərdən acıdan yoğrulmuşdu. Video kadrlarda isə Anastasiyanı yarım əsr qocaldaraq gələcəyə ekskursiya etdirmişdilər. Hər halda, səsvermədən hiss olundu ki, mahnı belə müsabiqə üçün yararsız imiş. Qeyd edək ki, Anastasiyanın seçimi zamanı da fikir ayrılığına yol verilmişdi. Müsahibələrində prodüser İqor Krutoy Valeriyanın seçilməsinə səs verdiyini, lakin 6 səs nisbətində 5 səsin azlıqda qaldığını söyləmişdi. Müsabiqədə 10-cu nömrə ilə çıxış edən ifaçıya bu nömrənin ona uğur gətirəcəyini söyləyənlər var idi. çünki 2006- ildə Rusiyanı "Eurovision" yarışmasında təmsil edən Dima Bilan da ifasını məhz ardıcıllıq baxımından 10-cu yerdə çıxış etmişdi ölkəsinə 2-cilik qazandırmışdı. Təəssüf ki, bu fikir özünü doğrultmadı.

Almanlar isə striptiz göstərməklə yadda qalmaq istədilər. Münsiflər heyəti alman striptiz ulduzu Dite fon Tezenə səhnədə sinəsini tam açmamaq barədə xəbərdarlıq belə etmişdi. Hər halda, o, xüsusi geyim tərzi ilə çıxış edərək yarışmada bir çoxlarının ağlını başından ala bilməyə müyəssər oldu, amma səsləri deyil...

Norveç təmsilçisi, əslən belorus 23 yaşlı Aleksandr Rıbak isə yarışmadan əvvəl belə özünə çoxlu saydı favorit qazanmışdı. İnternet saytlarında adı 1-cilər sırasında getsə də, bu cür sadə bir mahnının birincilik qazana biləcəyinə inanmaq olmurdu. Və buna nəinki biz, onun özü belə inanmırdı. Mahnısının qələbə çalacağına inamsızlığı barədə şəxsən özü jurnalistlərə verdiyi açıqlamalarda bildirmişdi. Skripka ilə çalıb ifa etdiyi "Nağıl" mahnısı isə doğrudan da onu nağıllar aləminə apardı və yəqin ki, Rıbak hələ bu nağılın gerçəkliyinə uzun müddət inana bilməyəcək.

Beləliklə, ifaçılar mahnılarını ifa etdilər və səsvermənin nəticələrinə görə, Norveç təmsilçisi Aleksandr Rıbak görünməmiş nəticəyə - 387 bala sahibləndi. Norveçin isə artıq buna qədər, yəni "Eurovision" yarışması tarixində artıq 2 dəfə qələbəsi olub - 1985-ci və 1995-ci ildə. 13 ildən sonra isə bu qələbə Rıbak tərəfindən təzələndi. Xatirimizdə sadə ifa tərzi ilə qalan mavi paltarlı İslandiya təmsilçisi - Yoxanna isə müsabiqədə 218 balla 2-ci yeri tutdu. Müsabiqə boyunca 2-ci yerdə olan, yalnız son dəqiqələrdə bu şansları əllərindən alınan Aysel Teymurzadə və Araş isə müsabiqədə 207 səslə 3-cü yeri qazandılar. 11 bal fərqi ilə.

Müsabiqə yekunlaşdıqdan sonra ORT kanalının aparıcısı Andrey Malaxov bir çox tanınmış aktrisaların, müğənnilərin qatıldığı proqramında qalibin Belorusiyada yaşayan nənəsi ilə telefon vasitəsilə bağlantı yaratdı, həm də Aleksandrın valideynlərini studiyaya dəvət etdi. Məlum oldu ki, ailənin tək övladı olan Alyoşa, sən demə, 4 yaşından mahnı oxuyurmuş. Valideynlərinin söhbətindən aydın oldu ki, onlar da övladlarının bu qədər güclü ifaçıların qatıldığı müsabiqədə qalib gələcəyinə inanmırmışlar.

Zövqlər dəyişir. Və görünür ki, Aleksandrın həzin və melanxolik ifası avropalıların daha çox xoşuna gəlmişdi və onların favoritinə çevrilmişdir.

Xatırlatmaq yerinə düşər ki, müsabiqəyə hazırlıq prosesində Dima Bilan Rıbakı bəyəndiyini söyləsə də, mübarizənin ən güclü rəqiblərinin Fransa və Azərbaycan olduğunu söyləmişdi. Düzdür, Azərbaycan güclü rəqib kimi ilk yerlər uğrunda mübarizə apararaq 3-cü yerə sahiblənərək yaddaşlarda qalsa da, lakin göründüyü kimi, Fransanı təmsil edən dünyaca məşhur Patrisiya Kaas çox geridə qaldı və mübarizə aparmaq şansı belə olmadı...

Aleksandr Rıbakın tərifinə həsr olunmuş gecədəki müzakirəyə isə "Eurovision" müsabiqəsinin bir neçə il əvvəlki qalibi Ruslana nöqtə qoydu: "Bu, slavyan musiqisinin qələbəsidir!"

Ermənilər də Azərbaycanı dəstəklədilər, amma... 

 

Qeyd edək ki, səsvermədə iştirak edən 41 ölkənin 34-dən Azərbaycana səs gəldi. Yarışmaya qatıldığı mahnı ilə Avropanın damarını tutan cütlük musiqimizin Avropa dinləyicilərinin qulaq zövqünə də yaxın olduğunu, milli xüsusiyyətlərimizin nə qədər fərqli olmasına baxmayaraq, mahnı heç bir sərhəd tanımır anlayışını bir daha təsdiq etmiş oldu. Mahnının şərq çalarları, gözəl ifa tərzi avropalıları da musiqinin cənginə aldı və "Always" mahnısı ilin ən yaddaqalan hit mahnısına çevrildi.

Beləliklə, kimlər bizə səs göndərdi: 8 ölkədən 10 bal (Macarıstan, Ukrayna, Niderland, Moldova, çexiya, Norveç, Xorvatiya, Belorusiya), 5 ölkədən 8 bal (Yunanıstan, Kipr, Danimarka, İsveç, Bolqarıstan), 2 ölkədən 7 bal (Rusiya və Estoniya), 3 ölkədən 6 bal (İsrail, Polşa, çernoqoriya), 1 ölkədən 5 bal (Litva), 5 ölkədən 4 bal (Latviya, Rumıniya, Albaniya, Serbiya, Slovakiya), 4 ölkədən 3 bal (Bosniya-Hersoqovina, Makedoniya, Birləşmiş Krallıq, Belçika), 1 ölkədən 2 bal (Finlyandiya), 4 ölkədən 1 bal (Malta, Fransa, Sloveniya və Ermənistan), ən yüksək qiyməti - 12 balı isə Türkiyədən qazandıq.

Siyasi fırıldaqçılıqda, dəxli olmayan situasiyalardan belə, öz xeyirlərinə istifadə etməkdə "usta olan" ermənilərdən də azərilərə dəstək gəldi. Azərbaycanlıların ifası qarşısında kim dayana bilər ki, hətta bu mübarizə siyasi xarakter daşısa belə...

Lakin buna baxmayaraq, dəstək gözlədiyimiz bəzi ölkələrdən ya az dəstək gəldi, ya da heç gəlmədi. Götürək elə Rusiyanı. Təsəvvür edin ki, ərazisində yüz minlərlə azərbaycanlının yaşadığı, yaxud qazanc dalınca getdiyi bir ölkədən biz ən azı 10 bal qiymətləndirmə gözlədiyimiz halda, 7 bal gəldi. Nəzərə alsaq ki, imkanlı iş adamlarımızın bir çoxu məhz bu ölkədə yaşayır, istəyimizin bir o qədər də böyük olmadığını və bu baxımdan, bizə haqq qazandırmaq mümkündür. Yaxud götürək son illər azərbaycanlıların sayının daha çox artdığı Almaniyanı. Bu ölkədən bizə 1 bal belə gəlmədi. Görünür, həmin ölkədəki diasporamız ya yaxşı işləmir, ya da bütün səsləri göndərdilər digər ölkələrə... Hər halda, öncə Vətəndir.

Sonda onu da bildirək ki, Ermənistanda bayrağına od vurulmuş Türkiyə yenə də Ermənistana xal verdi. Əvvəlki illə müqayisədə az olsa belə - 6 bal.

Ermənilər də borclu qalmayıb, barışmağa hazırlaşdıqları qonşularına 4 bal göndərdilər.

Beləliklə "Eurovision" - 2009 mahnı yarışmasında Azərbaycan təmsilçiləri avropalıların ürəyini fəth etdi. İnanırıq ki, bu uğurun davamı olaraq növbəti ildə birinci yeri tutub, belə möhtəşəm tədbirin Bakıda keçirilməsinə nail olacağıq.

 

 

Y.MƏMMƏDLİ

 

Təzadlar.- 2009.- 19-21 may.- S.14.