Dünən Dünya Muzeylər günü idi

 

Muzeyləşən tariximiz 

 

Milli Ədəbiyyat Muzeyini həm də Azərbaycan mədəniyyət və ədəbiyyat tarixini yaşadan mərkəz adlandırmaq olar 

 

Dünən ölkəmizin tanınmış media rəhbərləri ilə Milli Ədəbiyyat Muzeyində xüsusi və həm də yaddaqalan bir görüş keçirildi. çünki tarix qorunanda, yazılanda və xalqa çatdırılanda əsil tarixə çevrilir, yaddaşlara həkk olunur, tanınır, qorunur... 

Azərbaycan xalqının mədəniyyət və ədəbiyyat, dövlətçilik və qəhrəmanlıq tarixi isə çox qədimdir, zəngindir. Lakin tarix o zaman tarixə çevrilib gələcək nəsillərə və dünya ictimaiyyətinə örnəkli inciyə çevrilir ki, bu tarixi yaşadan nümunələr-faktlar, nişanələr və izlər tarixləşdirilir, sonra isə muzeyləşdirilir. Ermənilər olmayan tarixini gözə soxursa, biz niyə zəngin tariximizi öyrənib, öyrədib və dünyanın görmək istəməyən gözünə tuşlamırıq?

...Dünən Dünya Muzeylər Günü idi. Elə Azərbaycanın media rəhbərləri üçün də dünəni muzey gününə çevirənlər oldu. Daha doğrusu, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov bəzi media rəhbərlərinə həm də təzəlikcə açılışı olmuş ədəbiyyat və yaddaş muzeyimizin canlı seyrçiləri və ziyarətçisi olmaq imkanını verdi.

Bəli, muzey tarixdir, tarix isə o vaxt tarixə çevrilir ki, həm də muzeyləşir- qorunub saxlanılır.

Arayış: Dünən muzeyi ziyarət edəndən sonra fəxri qonaqlar kitabına "Təzadlar" qəzetinin rəhbərliyi adından ürək sözümüzü belə yazdıq: "...Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixi o qədər zəngindir ki, indi bu muzeydə edilmişlər edilməli olanların az bir hissəsi olsa da, edilənlərin hamısı elə ediləcəklərin ən yaxşısı kimidir!"

Bəli, tanınmış alim Rəfael Hüseynovun media rəhbərləri ilə görüşü hamı üçün yaddaqalan oldu. Əvvəlcə media rəhbərləri muzeyin akt zalına toplaşdılar və muzeyin direktoru R.Hüseynov qonaqları salamlayaraq onlara son dövrlər görülmüş işlər barədə ətraflı məlumat verdi.

Muzey direktorunun sözlərindən məlum oldu ki, 2009-cu il noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 yaşı tamam olur. 2009-cu ildə həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının 800 illiyi qeyd ediləcək. Bu iki mühüm mədəniyyət hadisəsinə töhfə kimi Nizami muzeyi ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və qayğıları ilə əsaslı şəkildə yenədənqurma və təmir işləri apanldıqdan, tam yeni bir ekspozisiya yaradıldıqdan sonra artıq qapılarını tamaşaçıların üzünə açmışdır. 

 

Muzey yenidən qurulub və yeniləşib 

 

R.Hüseynov dedi:

- 1939-cu il noyabrın 1-də Nizaminin q

arşıdan gələn 1941-ci ilə təsadüf edən doğumunun 800 illiyi münasibəti ilə Azərbaycan hökumətinin qərarı ilə şairin xatirə muzeyini yatarmaq haqda qərar qəbul edilir... Muzey ekspozisiyasını qurmaq üçün müharibə illərində də gərgin iş gedir. Amma muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra - 1945-ci il mayın 14-də açır...İllər keçir və yalnız Nizaminin həyat və yaradıcılığına həsr edilmiş bu muzey bütöv Azərbaycan Ədəbiyyatını və mədəniyyətini əks etdirən unikal muzeyə cevrilir... 2009-cu il aprelin 14-də isə Prezident İlham Əliyev öz təşəbbüsü və qayğıları ilə aparılmış təmir və yenidənqurmadan sonra muzeyi ziyarət edərək görülmüş işləri müsbət qiymətləndirdi...Muzeyin kütlələr üçün açılış gününü mayın 14-nə təyin etdik. 1945-ci ildə muzeyin kütlələr ücün qapısını açdığı tarixi günə. Parisdə hər ayın ilk bazar günü muzeylər tamaşaçılara pulsuz xidmət e?ir. Və biz də bir ənənənin təməlini qoyduq.

R.Hüseynov onu da qeyd etdi ki, hər ayın 14-də muzeyə gəliş açıq qapı prinsipi üzrə olacaq.

 

Muzeyin tarixi-tarixin muzeyi 

 

Cənab direktor sonra Nizami Cəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeynin tarixinə də toxundu. Məlum oldu ki, muzey binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmişdir. Həmin bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq "Metropol" mehmanxanasına çevrilmişdir. 1918-1920-ci illərdə bina ilk Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri olmuşdur. 1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilmişdir. 1939-cu ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami muzeyinin yaradılaraq həmin binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ifə əsaslı təmir aparılmış, fasaddakı heykəllər quraşdırılmış, daha 2 mərtəbə əlavə edilmişdir...

...1939-cu ildən sonra binada əsaslı təmir və yenidənqurma işləri aparınlmamış, yalnız cari təmirlər həyata keçirilmişdir.

2004-cü ii dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihələr əsasında əsaslı yenidənqurma və təmir-bərpa işləri başlanmışdır.

Muzeyin əsaslı təmir və yenidənurma işləri üçün Nazirlər Kabineti tərəfindən 13 milyon vəsait ayrılmış, nəzərə alsaq ki, irəlicədən həmin məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq çıxılmış, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilmişdir, onda Maliyyə Nazirliyi tərəfindən icraçı tikinti təşkilatlarına keçirilən məbləğ təxminən 10 milyon manat olur. Həmin vəsait 5 istiqamət üzrə xərclənmişdir.

Qarşıya qoyulan bütün işlər yüksək səviyyədə icra edilmiş, dövlət komissiyası obyekti qəbul edərək bütün istiqamətlərdə nəticələri çox müsbət qiymətləndirmişdir.

Yenidənqurmadan əvvəl 800 kavdratmetr olan ekspozisiyanın sahəsi 2500 kvadratmetrə çatdırılmış, yenidənqurmadan qabaq 18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə genişləndirilərək 30 əsas və 10 köməkçi zalda yerləşmişdir. Bundan əlavə kütləvi tədbirlərin keçirilməsi üçün 250 və 75 yerlik 2 böyük zal əsaslı şəkildə yenidən qurularaq, mebel və avadanlıqlarla təmin edilərək hazırlanmışdır.

Ekspozisiya tamam yenidən qurulmuş, bütün zədələnmiş, bir qismi zaman ötdükcə ömrünü yaşayaraq sıradan çıxmış heykəl və rəsmlər çox böyük vəsait tələb etməsinə baxmayaraq dövlətdən heç bir əlavə vəsait istənilmədən muzey rəhbərliyinin ölkənin təsviri sənət ustaları ilə şəxsi münasibətləri sayəsində təmənnasız olaraq restavrə edilmişdir.

Rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən ən nəfis çərçivələrə salınmışdır,

...Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspoziyada 25 mindən çox eksponat yer alır.

Təmir və yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək 5 toplunun əsası qoyulmuş və ilk cildləri işıq üzü görmüşdür.

"Risalə" elmi araşdırmalar toplusu, "Qaynaq" mənbələr toplusu, "Xəzinə" kataloqlar toplusu, "Şərq" tərcümə toplusu, "Məclis" mərasimlər toplusunun cildləri və həmin buraxılışlarda dərc edilmiş materiallar elmi və mədəni auditoriyada yetərincə rəğbətlə qarşılanmışdır.

Muzeyin bütün zallar kömpüterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğularıyla təmin edilmiş xüsusi böyük zal təşkil edilmişdir.

Muzey fondları zəruri texnika və avadanlıqla təmin edilərək keçmişdəki heç bir təlabata cavab verməyən, eksponatların daimi təhlükədə olduğu vəziyyətdən xilas edilmiş, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılmışdır.

1000 kvadratmetr sahəni əhatə edən inzibati korpus zövqlə təmir edilmiş, rahat mebel və avadanlıqla, zəruri texnika ilə təmin edilmiş, kompüterləşdirilmişdir.

Binanın daxili və xarici işıqlandırılması, bütün ekspozisiya zallarının və inzibati korpusun daimi video nəzarət sistemi yaradılmışdır.

Muzeydəki tədbirləri, mədəniyyət tariximizlə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün muzeyin çölündəki bağda xüsusi səsli monitor quraşdırılmış, muzeyin əvvələr müxtəlif ticarət obyektlərinin yerləşdiyi birinci qatındakı vitrinləri ədəbiyyatımızın klassiklərini və onların seçmə fikirlərini əks etdirən, şəhər əhalisi və qonaqların artıq daimi diqqət dairəsinə daxil olmuş dekorativ banerlərlə bəzənmişdir.

200-dən çox əməkdaşı olan muzeydə işçilərin istirahəti üçün zəruri avadanlıqlarla təmin edilmiş 2 mətbəx düzəldilmiş, muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir.

Yenidənqurmadan sonra muzeyə gəliş sifarişləri çox olduğundan və təhlükəsizlik prinsiplərini nəzərə alaraq müəyyən müddət gəlişlər irəlicədən edilən sifarişlər əsasında qrup şəklində həyata keçiriləcək.

Muzeyə gələn qonaqlara Azərbaycan, ingilis, rus, fars və s. dillərdə izahatlar verilir, qonaqların zallardakı kompüterlərdə ədəbiyyat tariximizlə bağlı ayrı-ayrı xronikaları və bədii süjetləri seyr etmək imkanı vardır. 

 

Ziyarət edilməli olan əsil ziyarətgah 

 

...Hər bir vətən istəkli insan öz tarixini bilməlidir. Bunun üçün isə ilk növbədə tarixləşən və tariximizi əks etdirən muzeylərə baş çəkməli, görüb öyrənməli, öyrənib öyrətməlidir. Muzey həm də yaddaşımızın itiləndiyi yerdir!

Bəli, Azərbaycanda ziyarətgahlar çoxdur, pirlərimiz, ocaqlarımız, məscidlərimiz yetərincədir və onların hər birinin mənəvi dünyamızda öz yeri var. Amma güman edirik ki, dünya siyasət davasında qalib olmaq üçün həm də ilk növbədə öz tariximizi bilməliyik. Bunun üçün tariximiz yatan, daşlaşan muzeyləri kütləvi ziyarətgah yeri seçməliyik. Bizim milli yaddaşımızın kəsərliliyi üçün yaddaşımızın itiləndiyi yeri- muzeyləri yaxşı tanımalı, öyrənməliyik. Yalnız tariximizi yaxşı öyrənəndən sonra onu dünyada təbliğ edə bilərik.

R.Hüseynov əlavə məlumat verir:

- Qarşıdakı həftələrdə də belə xüsusi dəvətlər olacaqdır.

Bir dəfə məşhur ədiblərin övladları, şöhrətli ədəbi sülalələrin təmsilçiləri çağrılacaq, ayrı bir dəfə ailəvi gəliş günü ənənəsinin yaradılması məqsədi ilə məşhur valideynlər öz ailələri, oğul-uşaqları ilə dəvət ediləcək, bir başqa dəfə ölkəmizdəki azsaylı xalqların təmsilçiləri qonağımız olacaq, ayrı dəfə respublika mətbuatının mədəniyyətdən və ədəbiyyatdan yazan tanınmış təmsilçiləri üçün ekskursiya təşkil ediləcək, növbəti dəfə Bakıdakı diplomatik korpus muzeyə qonaq olacaq...

Muzeyin böyük zalında mütəmadi olaraq "Azərbaycanşünaslıq" lektoriyaları keçiriləcək, hər dəfə ümummilli dəyər daşıyan vacib bir mövzuda görkəmli mütəxəssislərin mühazirələri dinləniləcəkdir.

Yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq, ölkənin ən parlaq insanlarını qovuşduran "Ziyalılar klubu"nun ilk yığıncağı olacaqdır.

Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsərlərinin premyarası və müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük.

Muzeydəki yeni "Stenvey" royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili axşamlarda ən mahir pianoçuların ifası üçün açıq olacaq.

Muzeydə yeni yaradılmış "Ədəbi salnamə. Bədii-sənədli video xronikalar" şöbəsində respublikada və ölkədən kənarda tanınan rejissor və opreatorlar toplanmış, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz və ədəbi abidələrimiz haqqında öyrədici və təbliğ, təşviq edici qısametrajlı filmlərin istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm orta məktəb auditoriyalarına, həm teleekranlara, həm də xarici ölkələrə çıxaraq söz sərvətimizi və o sərvətləri yaradanları daha artıq tanıtmaqdır.

...Muzeyin direktoru R.Hüseynov bir məsələyə də toxundu:

- Nizami muzeyi Azərbaycanın mühüm ədəbi-mədəni və ictimai düşüncə mərkəzlərindən birinə çevrilmək əzmi ilə yeni həyatını başlayır. Muzeylə fəal əməkdaşlıq edən, ekspozisiyanın və fondların zənginləşməsinə, ədəbiyyatımızın inkişafına xüsusi töhfələr verən şəxslərə "Muzeyin fəxri qonağı" kitabçası təqdim edilməsi ənənəsinin əsası qoyulur.

Bu kitabçanın sahibləri üçün muzeyə gəliş biletsiz olacaqdır.

...Sonra qonaqlar muzeyin bütün mərtəbələrində yaradılmış ədəbiyyat və mədəniyyət tariximizi özündə yaşadan guşələri gəzib-gördülər, yaxından tanış oldular, unikal tarixi fakt və sübutlar, maddi nümunələrlə, yadigarlarla tanış oldular.

Qeyd edək ki, dəvətlilər arasında ölkənin tanınmış jurnalistləri, qəzet redaktorları, televiziya əməkdaşları vardı.  

 

 

Y.Məmmədli

 

Təzadlar.- 2009.- 19-20 may.- S.7.