Adil Minbaşı – 60

 

Müdrik insan, görkəmli ziyalı

 

Çox sevdiyin, xatirini əziz tutduğun dost haqqında söz demək asan olduğu qədər də çətindir. Asandır bu baxımdan ki, dostunu yaxşı tanıyırsan, bütöv mənəviyyatı, gördüyü işlər,əməlləri sənə bəllidir. Çətindir ona görə ki, ehtiyatlanırsan, onun barəsində fikrini necə ifadə edəsən, hansı sözləri seçəsən ki, bütöv varlığını, iç dünyasını ona layiq səviyyədə və tam açıb göstərə biləsən.

Amma bəzən bu, mümkünsüz olur o səbəbdən ki, dostunun daxili dünyası o dərəcədə geniş və zəngin olur ki, onu tam əhatə etməyə nə dəyərli söz ehtiyyatı çatır, nə də ürəyini boşaltmaq üçün kifayət edəcək soz meydanı tapırsan. Haqqında söz demək istədiyim, lakin onun fərdi keyfiyyətlərini tam əhatə etmək mümkün olmayan dostum məhz belə insanlardandır.

 

Keçmişə ötəri bir baxış...

 

...Adil müəllimlə lap uşaqlıqdan tanışıq, onunla dostluğumuz az qala əlli illik bir tarixə malikdir. ölkəmizdə kifayət qədər tanınan bir şəxsiyyət olsa da, dostumu yaxından tanımayanlar üçün onun zəngin və bir qədər də qeyri-adi həyat yoluna çox qısa ekskurs eləməyə ehtiyac vardır.

Adil Nadir oğlu Minbaşı 1949-cu il noyabrın 10-da Cəbrayıl qəsəbəsində dünyaya göz açmışdır. Ali təhsilli hüquqşünasdır, 1969-cu ildən respublikanın Ədliyyə Nazirliyi sistemində çalışmışdır. 1972-ci ilə qədər rayon məhkəmələrində və respublika Ali Məhkəməsində məhkəmə iclas katibi, 1975-ci ilədək Cəbrayıl rayon Dövlət Notariat Kontorunda notarius, 1982-ci ilədək Sumqayıt şəhər hüquq məsləhətxanasında vəkil, Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasında müdir işləmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1989-1992-ci illərdə Azərbaycan Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini olmuş, 1993-1996-cı illərdə Ədliyyə Nazirliyində idarə rəisi, 1996-2000-ci illərdə "Yus Serviz" hüquq firmasının baş direktoru, sonuncu müddətdən 2003-cü ilədək Mərkəzi Seçki Komissiyasının üzvü işləmişdir. Baş ədliyyə müşaviri rütbəsinə malikdir.

Tanrı tərəfindən verilmiş qismətə rəğmən heç də hamar olmayan, əziyyətlərlə və mübarizələrlə zəngin, eyni zamanda dəyərli həyat yolu Adil müəllimin bytöv bir şəxsiyyət kimi formalaşmasına özünün müsbət təsirini göstərmişdir.

 

İnsani keyfiyyət ən ucada dayanır...

 

Ən əvvəl A.Minbaşının yüksək insani keyfiyyətlərindən danışmaq gərəkdir, çünki, məlum həqiqətdir ki, hər bir fərdin bütün səciyyəvi xüsusiyyətləri məhz onun insani keyfiyyətlərindən irəli gəlir. Mübağiləsiz demək olar ki, yüksək mənəvi, əxlaqi, intellektual səviyyəyə, alicənablığa, mədəniyyət və davranışa, həssas qəlbə malik  Adil müəllim özünün mükəmməl insani xüsusiyyətləri ilə ətrafındakıların əksərinə örnək ola biləcək bir şəxsiyyətdir. Və bu keyfiyyətlər, heç şübhəsiz, onun ləyaqətli soy kökünə mənsub olmasından irəli gələn bir amildir. Atalar demiş, ot kökü üstə bitər. O, təkcə Cəbrayılda deyil, bütöv Qarabağda tanınan və hörmət-izzət sahibi olan İskəndər bəyin varisidir. Onu tanıdığım bu uzun müddət ərzində harada və hansı vəzifədə işləməsindən asılı olmadan hər zaman Adil müəllimin bir əlinin imkansız, köməyə ehtiyacı olan insanların üstündə olmasının, necə deyərlər, canlı şahidiyəm. Bəzən hətta heç tanımadığı, heç bir əlaqəsi olmadığı adamların ona pənah gətirdiyi saysız-hesabçız halları görmüşəm. Qəribədir ki, onun xeyirxah işləri qeyri-adi dərəcədə ovsanalılıqla yerinə düşür. çox vaxt Adil müəllim köməkliyini göstərməkdən ötəri özü ehtiyacda olan adamın yanına gedir. Şahidi olduğum bir çox məqamlardan bəlkə də kiçik görünə biləcək, ancaq hansısa ailəni əzabverici çətinlikdən çıxarmış yalnız ikisini misal olaraq xatırlatmaq istərdim.

Erməni işğalı nəticəsində ev-eşiyindən, var-yoxundan məhrum olmuş minlərlə ailənin respublikanın müxtəlif regionlarına, o cümlədən Bakıya axışdığı vaxtlar idi. çeşidli problemlərlə Adil müəllimə müraciət edən məcburi köçkünlərin sayı-hesabı yox idi. Yaxşı yadımdadır ki, bunların çoxluğundan onlardan hansınınsa yaddan çıxa biləcəyi ehtimalı olmasın deyə, o, onların hamısını qeyd etmişdi və bundan çox uzun bir siyahı alınmışdı. Və Adil müəllim bu insanların problemlərinin imkan dairəsində həlli üçün əlindən gələn köməkliyi edirdi.

İnsan qəlbi nə qədər geniş olarmış?!

Dostları hətta bir məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün onun şəxsi maşınını sataraq bir evi aldığının da şahididirlər. Yadımdan heç vaxt çıxmayan digər bir hadisə. İmkansız ailənin ali məktəbə qəbul olunmuş övladının dərsə getməsinə bircə gün qalmışdı. Amma gənc qızın nə paltarı, nə ayaqqabısı, nə də çantası vardı. Vəziyyət onun birinci dərs günündə instituta gedə bilməyəcəyi qədər çətin idi. Elə bu məqamda Adil müəllim həmin ailəyə baş çəkmişdi və öz maddi köməyi ilə onu əlacsız görünən bu çətinlikdən qurtarmışdı. Axı bu vəziyyəti ona heç çatdıran da olmamışdı. İnsan əməlinin ovsanaya düşməsi, bax, budur. Həmin gəncin və bütöv ailənin sonsuz sevinc hisslərini təsəvvür etmək çətin deyildir.

Adil Minbaşının Vətənə, xalqa olan dərin sevgisi, əsl vətəndaşlıq mövqeyi, doğulub böyüdüyü torpağın şərəfini hər şeydən üstün tutması onun əməli fəaliyyətində hər zaman özünü büruzə vermişdir. O, cəmiyyətin həyatında baş verən taleyüklü hadisələri düzgün qiymətləndirməyi bacaran və çıxış yollarını özünəməxsus uzaqgörənliklə göstərə bilən bir insandır. İstər keçmiş sovet quruluşunun dağılması, istər xalq hərəkatı, istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də ölkəyə aidiyyəti olan hər hansı ictimai-siyasi hadisəyə fəal, prinsipial, həm də düzgün münasibət, qətiyyət və cəsarət nümayişi onu başqalarından fərqləndirən cəhətlərdəndir.

 

Qətiyyətin diqtəsi

 

İbrətamiz bir hadisəni xatırlayıram. Ermənistan-Azərbaycan münaqişəsinin ilk vaxtlarında A.Minbaşı Xanlar (indiki Göygöl) rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı. Ermənistandan qovulmuş və Bakı da daxil olmaqla ölkənin iri şəhərlərinə buraxılmayan qaçqın soydaşlarımızın bir hissəisi Xanları tərk etmiş erməni evlərində yerləşmişdi. Vaxt oldu ki, Moskvanın göstərişlərinə kor-koranə itaət edən respublika KP MK-dan həmin ailələri evlərdən çıxarmaqla buraya guya qayıdası olan erməniləri yerləşdirmək göstərişi verilmişdi. Və rayon partiya komitəsinin birinci katibi büro iclasında bu göstərişin qeyd-şərtsiz yerinə yetirilməsi üzrə tapşırıqlar vermişdi. O vaxtlar katibin göstərişinə kim etiraz edə bilərdi? Amma belə oğullar varmış! A.Minbaşı birinci katibə qəti şəkildə "Mən bu işə yol verməyəcəyəm!" demişdi. Və o, Moskva və Bakının təzyiqlərinə baxmayaraq üç ay rayon partiya komitəsi binasının qarşısında fasiləsiz etiraz mitinqi keçirən, birinci katibi işə buraxmayan və komitənin bütün işini iflic etmiş əhalinin dəstəyi ilə dediyinə də əməl elədi. Həmin çətin və təhlükəli zamanlarda o, rayonda fəaliyyətdə olan hərbi komendantlıqla, hətta həyatını risk altında qoymaqla Ermənistandan göndərilmiş silahlı saqqallılarla birbaşa danışıqlardan belə çəkinməmişdi. Həmin hadisədə ən qəribə cəhət isə bu idi ki, sözügedən məsələni yoluna qoyduqdan sonra A.Minbaşı respublika rəhbərliyinin qeyri-konstruktiv fəaliyyətinə etiraz əlaməti olaraq buna qədər ölkədə analoqu olmayan bir jest edərək məhkəmə sədri kimi yüksək vəzifəsindən istefa vermişdi.

 

Hüquqşünas, həm də naşir, pedoqoq, jurnalist və...

 

Ölkədə azad vətəndaş cəmiyyəti quruculuğu yolunda ilk addım atan vətənpərvər ziyalılardan biri olan A.Minbaşı heç bir dövlət qurumundan və siyasi təşkilatdan asılılığı olmayan ilk müstəqil şəxsi mətbu orqanın - "Ədalət" gündəlik ictimai-siyasi hüquq qəzetinin, bir qədər sonra isə "Femida" qəzetinin yaradıcısıdır, başqa sözlə onu müstəqillik qazanmış respublikanın azad mətbuatının banisi adlandırmaq da olar.

Yüksək səviyyəli hüquqşünas olmaqla yanaşı Adil müəllim hərtərəfli savada və erudisiyaya malik bir insandır. Hər sahədən xəbərdar olan bu ziyalı hansı mövzuda söhbət gedirsə-getsin, həmin söhbətə müdaxilə etmək iqtidarındadır. Təbii ki, məhz özü belə hərtərəfli hazırlığa malik olan şəxsiyyət ölkənin təhsilli, hərtərəfli biliklərə malik kadrlara olan ehtiyacını dərindən dərk edə bilərdi. Və təsadüfi deyildi ki, müstəqilliyinə yenicə qovuşmuş ölkənin gələcəyindən qayğılanan bu böyük insan respublikanın son dərəcə imkansız vəziyyətdə olduğu bir vaxtda öz kanalları vasitəsilə 300 azərbaycanlı gəncin pulsuz-parasız Türkiyədə oxumasını təşkil eləməyə nail olmuşdu.

 

Dostluqda dəyər-dostluğuna dəyər...

 

Şəxsi həyatında əsl Azərbaycan kişisinə xas olan qürurluluq, samballılıq, müdriklik, mərdlik, cəsarət, sözübütövlülük, dostluğa həqiqi sədaqət kimi yüksək insani keyfiyyətləri özündə cəmləmiş Adil Minbaşı haqqında qısa söhbətimi Azərbaycan tarixində xüsusi yeri olan, milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin onun barəsində dediyi bu sözlərlə bitirmək istəyirəm: "Adil bəy, sənin həyatın, həyata baxışın, mənəviyyatın bir müdrik insan ömrü yaşadığını göstərir. Dədə-babalarının həqiqi varisi kimi qan yaddaşı ilə axıb gələn ağlın, ləyaqətin, vüqarın, nəslən gələn bəy əxlaqın səni seçilən simalardan birinə çevirmişdir... Adil Minbaşıyevi inkar etmək, onu qəbul etməmək olmaz".

Tanrının rizası ilə bu gün tamamına çatdığın 60 illik yubileyin münasibəti ilə təbriklərimizi qəbul elə, qardaş! Allahdan sənə cansağlığı, doğma torpaqlarının işğaldan azad olması və övladlarının xeyir işləri sevincini yaşamağı, baba olmağı qismət eləməsini rica edirik!

Ən xoş dost arzularıyla,

Redaksiyadan: "Təzadlar"ın kollektivi də bu təbrikə qoşulur və Adil Minbaşıya xitabən deyirik: Adil müəllim, Siz dünyanın istənilən ölkəsini gəzmisiniz, gəzirsiniz və gəzəcəksiniz də. Amma qərib elləri gəzib, "ölməyə Vətən yaxşı!"- deyirik... İndiyədək qəriblikdə nə qədər gəzsəniz də, hələ ki, gəzmək üçün də, öldürmək üçün də və 16 ildi bizsiz, sizsiz və Azərbaycansız qəriblikdə qalan, burnunuzun ucu və qəlbiniz göynəyən Cəbrayılda ola bilmirsiniz. Tanrıdan tezliklə həmin yurdu gəzməyi, görməyi və həm də orada, çox demirik, elə 100 yaşın zirvəsinə çatmağınızı arzulayırıq!

 

 

Qədir NƏSİROV

 

Təzadlar.- 2009.- 10 noyabr.- S.5.