"Qara sel"i saxlayan alp-ərən yazıçı - Telman Dəmir

 

Baxımsızlığa qovuşandan sonra Azərbaycan xalqı xoşbəxtliyin pafoslu ritmlərini, entüziazmını yaşamaq əvəzinə, bəla və müsibətlərlə dolu bir sosial girdaba düçar oldu. Əvvəl mübahisəli, sonra soyuq, daha sonra isti-qızmar atəşli Qarabağ müharibəsini yaşamalı olduq. Yazıçılar, şairlər, müxbirlər və bu qəbildən digər sənət adamları daha həssas olduqları üçün millətinin tarixi taleyinə düşən faciəli həyəcanı bütün sarsıntılı məqamları, anları, qəlbinin dərinliklərində başqalarına nisbətən daha ağrılı yaşamaq məcburiyyətində qaldı. çünki Qarabağ bir parça torpaq olmaq mənasından çıxaraq milli şərəf, ləyaqət, namus mənasını kəsb etmişdir. İndi Qarabağ sevdası babalarımızın alnının qırışlarından, nənələrimizin ağ birçəyindən dağılan abır, həya nağılından, sevdiklərimizin və bizi sevənlərin intizar baxışlarında dalğalanan acı yaşlardan, bir üzü qız-bir üzü gəlin qalmış dul bacılarımızın qucağındakı qundaqdan, könül çırpıntıları ilə sozalan sarı məktublardan... keçməkdədir. Bəli, Qarabağ məsələsi indi belə məsələdir...

Ürəyinin qanını qələminə dolduran, duyğulu qəhrəmanının "Eqo"su ilə bu qanlı hadisələrin mətbəxində yazıçı-şair Telman Dəmir oturmuşdur. Bəli, o mətbəxdə "yaşamaq" məcburiyyətində qalan xalqımızın böyük vətəndaşlarından biri Telman Dəmirdir. O mətbəxin qanlı təsərrüfatını ədəbi-bədii körpüdən ədəbiyyata daşımaq istəyən Telman Dəmir... Ədəbiyyata, poeziyaya yaxın olan cameə Telman Dəmiri kövrək, həzin, düşündürən, yalnız öz doğma hisslərini bədii məcaz dilinə çevirib danışan bir şair kimi tanıyır. O, nəsrdə də özüdür. Onun şeri də, nəsri də özünə oxşayır; dərin fəlsəfi təmkinli, şirvan soyuqqanlılığı və qaradinməzliyinin xəlqi abır və həyası ilə bütövləşən şəxsiyyət və özündən qaynaqlanan bədii tipin daxili Məni.

Telman müəllimin duyğusal Məni, əziz millətimizin çağdaş milli- ictimai sorğularını, onu rahatsız edən bütün çətinlik və zorluqlarını hər nə qədər özündə ehtiva edirsə, bir o qədər milliləşir, ictimailəşir, xəlqiləşir - vətən üçün ürəyi yanan hər kəsin, əslində milli-ictimai əxlaqını ifadə etməklə vətəndaşlıq borcunu dərk etmiş insanın ümumiləşmiş-bədii surətinə çevrilir. Telman müəllimin ədəbi obrazı öz Mənində kodlaşır - millətinin sevinci ilə gözü dolur, fədakarlığı ilə öyünür,  bahadırlığı ilə bahadırlaşır, fəal insan-vətəndaş obrazında - azad xalqın övladı tipində bədii ömrünü yaşayır. Telman Dəmirin şeirində və nəsrində oğullarını şəhidiik zirvəsində itirən anaların göz yaşının acı dadını da, ağsaqqal dədələrin alnının dərin qırışlarında tüstülənən ələmi də, saflığı və bakirliyi milli dəyər səviyyəsində dərk etməyin zərurətini də yaşayan ədəbi obrazları görürük və bu obrazlarla tanışlıq bizə təmkinli bir könül xoşluğu gətirir. Telman Dəmirin mövzu qalereyasında əlvan rənglərlə bəzənmiş körpə balalarımızın səsini, gülüşünü, təbəssümünü də eşidirik. "Qara sel" romanında da oxucumuz bunu görəcək.

Telman Dəmir ədəbiyyata münasibətdə səmimidir. O, oxucuya "zülm" etmir. Oxucunun vaxtını boşuna almamaq üçün bəzən qısa, sadə, uşaq diliylə iri mətləblərdən soz açır. T.Dəmirin nəsr dili "Qara sel"də poetik-şeiriyyətli deyil, maraqlıdır, daha çox şair olan - şeir yazan müəllif, sanki sözü qısqanır, uzunçuluq etmir, məcazları, təşbehləri "xəsisliklə", yerli-yerində işlədir, bədii lövhələri məzmunun daxili ovqatına uyğun ifadələrlə danışır. Oxucu "Qara sel"də T.Dəmirin yazı manerasının belə olduğunu görəcək. Necə deyərlər, ulu Füzuli demiş, T.Dəmir söz qədrini bilir, söz qədrini artırmaqla öz qədrini də bilir. Ədəbi aləmin ağzıgöyçəkliyində "mızıldanan" vasvasılığı yaxşı bildiyinə görə sanki hər cümləsi ilə imtahan verir.

İmtahan sözü fikrimə təsadüfən gəldi. Amma hörmətli oxucum bilsin ki, Telman Dəmirin şəxsi həyatı elə ziddiyyətli keşməkeşlərdən toplanıb düzülmüş, elə məmur özbaşınalığından ilmələnib toxunmuş, yüksək rütbəli elə soydaşlarına tuş gəlmişdir ki, yalnız yaşamın mənasını saf, namuslu ömürdə görən tunc ürəkli insan o gərgin, çılğın həyəcanlardan tər-təmiz, dözərək keçə bilərdi. Bəli, Telman Dəmirin ömür yolu hidayət yoluna birləşdiyi üçün, bu yola irfani saflığın işığı düşdüyü üçün o, həyat imtahanlarından comərdliyi və kişiliyi hesabına cıxmışdır. Nə bilim, Telman Dəmir kimi alp-ərən kişilər haqqında düşünəndə, bəlkə də imtahan sözü ağıla təsadüfən gəlmir?!

Doğrusu, Telman Dəmirin bədii yaradıcılığı ilə bir qədər gec tanış olmuşam. Etiraf edirəm ki, heyifslənmişəm. Məni heyifsiləndirən səbəblərdən biri də budur ki, onun bu günlərdə oxuduğum "Qara sel "adlı yeni romanından aldığım zövq və ləzzəti almağa gec qalmışam. Hörmətli oxucu bilsin ki, Telman Dəmirin "Qara sel" romanını sel sürətiylə qara nəfəsə oxudum. Demək olmaz ki, roman Qarabağ mövzusunda yazılmışdır. Ancaq hayas-daşnak erməni sovet beynəlmiləlçiliyi kölgəsi içində, kommunist pərdəsi altında daşnaksütun ideyalarını inadla həyata keçirir. çox təəssüf ki, daşnak ideyası ilə zəhərlənmiş şərəfsiz erməni bu və ya digər antitürk, antiAzərbaycan hərəkətləri bizim yox - "bizimkilərin" gözü qarşısında etmişdi.

Hörmətli Telman müəllim! Sizin "Qara sel' romanınızda məni gerçəkdən sevindirən və maraqlandıran cəhətlərdən biri nəsrimizdə olmayan bir mövzunun ədəbiyyatımıza gəlməsidir. Şükür ki, ədəbi-bədii oazisdə ağ ləkə kimi qalan boşluğa siz raket atdiniz. Hayas-daşnakların sovet dövründə Bakıda, həmçinin Azərbaycanda törətdiyi cinayətlər və fəsadlar mövzusunda nəsrimiz sizin xidmətiniz sayəsində durğunluq dövrünün susqunluğundan çıxdı. Əsərin ədəbi məziyyətləri çoxdur. Ancaq əsası budur ki, hayas-daşnakların Moskva havadarları ilə xalqımıza qarşı məxfi əlaqələri məhz bu əsərdə öz bədii-faktiki təcəssümünü tapmışdır. Romanın mövzusu Azərbaycan Daxili İşlər Nazirliyinin həyatından alınmışdır. Bu əsəri oxuyan hər kəsə məsləhət görərdim ki, əsərin süjetini izləyərkən Azərbaycanlı zabitin mənəvi sıxıntıları, həyəcanları və faciəsini kimlərin necə təşkil etdiyinə fikir versin. Oxucu görsün ki, hər bir soydaş ziyalımız iki qütbdən mənəvi iztiraba və zərbəyə məruz qalır. Bir tərəfdən sovet inzibati amirliyindən gələn zərbə, digər tərəfdən hayas-daşnak məxfiliyindən vurulan zərbələr. Oxucu bilsin ki, 70 illik sovet rejim tarixi, xalqımıza və ziyalılarımıza vurulan zərbələr və faciələr tarixidir. Əsərdən göründüyü kimi, çox təəssüflər ki, bizim Moskvaya sədaqətlə qulluq etmək istəyən polkovnik və generallarımız öz soydaşlarının daşnakların əli ilə fələyin girdabına getməsini saymazyana seyr edir, əvəzində, L.İ.Brejnevin alkaş kürəkəni çurbana yaltaqlanmaq üçün növbəyə durmağa fursət axtarırlar. Mental dəyərlərimizdən uzaq, məhrum olan belə dövlət məmurlarımızın əlindən təsəvvür edin ki, başıbəlalı, əziz millətimiz nələr çəkmişdir.

Nobel mükafatçısı xanım yazıçı Elfrida Yelinek müsahibələrinin birində deyib: "Mənim vəzifəm deyilməsi mümkün olmayanı demək, ifadə edilməsi mümkün olmayanı ifadə etməkdir".

Allaha şükür ki, bugünkü Azərbaycan ədəbi mühütündə deyilməsi mümkün olmayan, yəni yasaq olunmuş mövzu yoxdur. Ancaq deyilməsi vacib olan mövzular saysız-hesabsızdır. Məhz "Qara sel" romanı deyilməsi vacib olan mövzunu əhatə etmişdir. Biri-birindən həyəcanlı süjetin inkişafında Şəmsi, Bahar, Şölə, Vaqif Mahmudov, Solmaz, polkovniklər, məhbuslar və digər surətlər öz dinamikliyi və dolğunluğu ilə maraqla izlənir, romanın məzmun və mündəricəsinə zənginlik gətirir. Qəhrəman Koroğlu bir əlində saz, birində qılınc tutmuşdur - bu oğuz obrazının epik kodudur. Şəmsinin də belində tapança, əlində isə qələm vardır. Bu milli-ictimai əxlaqla və südlə ötürülən kod ənənəsidir. Onun cəngavər köksündə şair ürəyi - yüksək ədalət duyğusu ilə dolu, sivil insan haqqıyla dolu bir ürək:

 

Haqsızın əliylə haqlını vurma,

Ozün də nahaqdan gedərsən bada.

Min şöhrət eşqinə bir ev uçurma,

Şöhrət də əbəsdir bu gen dünyada.

 

Şəmsi ümumiləşmiş Azərbaycan aydın-ziyalılarının yüksək mənəvi keyfıyyətlərə malik olan insan tipidir. Tamahkarlıqdan və rüşvətdən uzaq milli kimliyini, kişiliyini dərk edən, saf, əxlaqlı Azərbaycan zabitidir. Şəmsi sadəliyi, təmizliyi, saflığı, ədaləti həyatın fövqündə görür və mənəviyyatını o zirvədə yerləşən bulağın şəffaf gozündən alır. Bizim bu gün belə ədəbi qəhrəmanlara və şəxsiyyətlərə çox böyük ehtiyacımız var. Xüsusilə, dövlət və hökumət məmurları ailəsində...

Yazıçı Telman Dəmir bu günə qədər öz oxucuları ilə "ömrün payız nəğməsi", "İncilər, birincilər", "Körpülər, körpələr, bilgilər", "Təranənin eşqi", "ömrün gecə üzü", "Bizim sirli dünyamız", "Qəzəllər" adlı kitabları ilə, qəzet və jurnal səhifələrində çap edilən müxtəlif səpkili əsərləri ilə görüşməkdədir.

Ədəbi ictimaiyyət şair, yazıçı, publisist Telman Dəmiri şair Əli Kərimin, şair, publisist Əli Rza Xələflinin, şair Musa Ələkbərlinin, publisist Südabə Sərvinin, şair, yazıçı Vaqif Nəsibin, Xatirə Rəhimlinin, Nəcibə İlkinin... məqalələrindən tanıyır, sevir, dəyərini-qiymətini bilir.

Bununla yanaşı, əminəm ki, Telman Dəmirin "Qara sel" adlı yeni romanı nəsrimizin xəzinəsini yeni nəfəsi, yeni mövzusu, yeni obrazları ilə layiqincə zənginləşdirəcək, geniş oxucu kütləsinin ciddi maraq dairəsinə daxil olacaq.

 

 

Əli Kərimbəyli,

AMEA Folklor

İnstitutunun elmi işçisi

 

Təzadlar.- 2009.- 14 noyabr.- S.15.