Səsin də sehri, sirri var...

 

Ömrümün əzablı, əziyyətli vaxtı idi. Xatirələr yadıma düşmüşdü. Təzəcə huş aparmışdı ki, yenə doğma diyarım yuxuma gəldi. Gördüm ki, torpaq dil açıb gileylənir, sakinlərini səsləyir. Amma onlar küsüblərmiş kimi susurlar, cavab vermirlər. İnciyən torpaq etinasızlıqdan, yaxud da çarəsizlikdən lal olur. Elə bu zaman düşmənlər silahları, süngüləri ilə onu dəlmə-deşik edirlər. Necə ki, balasına əzab veriləndə ana-ata ağlayar, bax, torpağımızın bu fəryadından yuxudan oyandım. Xeyli müddət güvənc çarəmi necə tapım, bilmədim. Dəqiqələr ötüb keçirdi, handan-hana bir ifaya ehtiyac duydum. Bu məşhur, dinləyicilərin rəğbətini qazanmış Süleyman Abdullayevin səsiydi: "Bəxt məni bu yerə qonaq göndərdi, Dağlar, dərələr, salamat qal..."

Onun səsini ilk dəfə on yaşım olanda eşitmişəm. O vaxtdan 52 il keçir. İnsanın taleyi başqa canlılardan ona görə seçilir ki, o keçmişini ömrünün sonuna qədər unutmur. Nəyisə, kimisə yad edəndə, xatırlayanda da qürur hissi keçirir, yaxud da nazilir, kövrəlir, varlığından sanki cərəyan keçir. Az da olsa dinclik tapır, gələcəyə inamla, ümidlə baxır, tarım çəkilmiş əsəbiləri yumşalır. Yaşım ərzində saatlarla göynəmişəm, sızıldamışam, bəxtimdən, qismətimdən, dost-tanışımdan küsmüşəm, ancaq Süleyman Abdullayevin səsini eşidəndə sanki yenidən dünyaya qayıtmışam, sevinmişəm, fərəhlənmişəm. Beləcə, illərdən bəridir ki, sevimli ifaçımızın səsinin sehrindən, sirrindən dinclik, təskinlik tapmışam, tapıram da.

Muğam-mahnı sənətimizi varlığı qədər sevən, ömrünün ixtiyar çağını yaşayan Xan əmi ilə ötən əsrin 75-ci ilində Şuşada görüşdük. Söhbətləşdik, onun dediklərini, səsini, məsləhətlərini dinlədim. O soruşdu:

- Ay oğul, sən hansı obadansan?

Qüdrətli sənətkardan gözləmədiyim suala birbaşa yox, eyhamla cavab verdim: "Döysən Qarabağda körpə uşağı, muğamat üstündə ağlar deyiblər".

- Hə, demək biz tərəfdənsən...

Aramızda sükut yarandı. Handan-hana yenə soruşdu: - Muğamı çox sevirsən, yoxsa mahnını? Dedim: hansı boyat xatirələrimi oyadırsa, onu. Cavabımdan o xeyli müddət susdu. Onun 70 illik yubileyi münasibətiylə televiziya verilişi hazırlamaq üçün Şuşaya getmişdim. Nəhayət dilləndi: - Oğul, bizlər gəldi-gedərik. Dünya isə daimidir. Soruşuram, hanı Dirili Qurbani, Aşıq Alı, Aşıq Ələsgər? Cabbar Qaryağdıoğluna qalmayan dünya kimə qalacaq?.. Xalqımızın böyüklüyü ondadır ki, keçmişini unutmur, gələcəyinin də qədrini bilir. Yadında saxla: Arif Babayev, İslam Rzayev, Süleyman Abdullayev çox keçməyəcək ki, milli musiqimizin korifeyləri kimi tanınacaqlar. Qədirbilən xalqımız tarix boyu sözə-sənətə qiymət verib, verəcək də!..

Süleyman Abdullayev doğma Qarabağımızın tarixi şöhrəti, sakinləri qanlı-qeyrətli olan Qoçəhmədli kəndində dünyaya göz açıb. Əgər belə demək mümkünsə elə ilk tərbiyəçisi, ustadı da ana-atası qədər əziz bildiyi təbiət olub. Doğma yurd yerlərinin mülayim, həzin, könülaçan havası çoxları kimi onun da saçlarına tumar çəkib, üzünü oxşayıb. Onunla 45 il əvvəl görüşmüşdüm. Onda incə qəlbli, zərif ürəkli, həssas duyumlu bəstəkar, şair, tar-gitara ifaçısı, ən vacibi alicənab, müdrik, hazırcavab Bəhram Nəsibov ömrünün bəxtəvər çağlarını yaşayırdı. Süleymanın səsinin vurğunu idi. Şam necə ki, gilə-gilə, damla-damla əriyər, Bəhram da onun səsindən qüvvə tapar, həvəslənər, qüdrətlənərdi. Ayların-illərin xoşbəxt çağları ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi birinci ərəfələriydi. Baxmayaraq ki, ətrafdan erməni dığalarının murdar nəfəsi duyulur, eybəcər səsləri eşidilirdi, amma Qarabağımız cənnət ömrünü, dövrünü yaşayırdı. Heç inanmırdı ki, yenidən başına min bir bəlalar gələ bilər... Belə şad-xürrəm günlərin birində mərhum dostum Bəhramla onun maşınında üzüyuxarı Füzuliyə doğru gedirdik. Elə bil qismət payı kimi o, radioqəbulediciyə səs verdi. Süleymanın səsi hər ikimizi bihuş etdi. Onun "Ya rəbb, əhd etmişəm, bəxtim üzümə gülsün..." misrası ilə oxuduğu təsnif-muğam Bəhramı tir-tir titrətdi. "Ə, belə də yanğılı, dərdli-qəmli səs olar? Allahım, bu nə sevgidi, nə paydır ona vermisən" - dedi. Bir fikrimi də xüsusi vurğulayıram ki, Bəhram Nəsibov bəlkə də üzdə kiminsə günahını, qəbahətini bağışlayardı, ancaq bəd əməl sahibinin əvəzinə ürəyində dərd çəkərdi. Sac üstündə qovurğa kimi qovrulardı. Alicənablığından dərdini, nifrətini, qəzəbini dilinə gətirmədiyi üçün də ürəyi göynərtiyə dözmədi, saraldı, soldu... Lakin sənət qədri bilənlərə onun sevgi-məhəbbəti yenə də canlıymış kimi xatırlanır, yaşayır.

Unudulmaz bəstəkar, ifaçı, dostum Bəhram Nəsibovdan mənə çox yadigarlar qalıb. Onların önəmlilərindən, vaciblərindən biri də çağdaş dövrümüzün mahir ifaçısı Süleyman Cümşüd oğlu Abdullayevə məhəbbətimin ikiqat artması olub. Və bu sevgi bu gün də yaşayır, inşaallah hələ çox yaşayacaq da.

Süleyman Abdullayevin nümunə göstəriləsi bir cəhəti var: heç vaxt kiminsə diqqətini çəkmək üçün "çox sağ ol" ifadəsinə görə yox, ilahi vergisini nümayiş etdirmək üçün səhnəyə çıxıb. Elə oxuyub ki, avazı həqiqətin reallığı kimi canlanıb, yaddaşlarda qalıb. İyirmi beş il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC-dir) çalışanda ondan xəbərsiz onun qayğısına qaldım, mərhum dostum Bəhram Nəsibovun məsləhətinə əməl etdim. Televiziyanın Musiqi Verilişləri Baş redaksiyasının baş redaktorları Telman Hacıyevdən, Elbrus Qasımovdan onun ifalarının lentə alınmasına şərait yaratmalarını xahiş etdim. Ruhları şad olsun, sözümü yerə salmırdılar. Hazırda həmin qurumun videoteka və foneteka fondunda saxlanılan təsvirlər, səslər öz orijinallığı ilə yaşayır, hələ çox illər səslənəcək, yaşayacaq da. çünki Süleyman ömrü boyu əyilməyib, sınmayıb, yaltaqlanmaq, yarınmaq nə olduğunu bilməyib, bioqrafik məlumtını unutmayıb. Seyid Şuşinskidən qayğı görüb. A.Zeynallı adına Musiqi Texnikumunu özündən əvvəlkilərin adına layiq bitirib. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əmək fəaliyyətinə başlayıb. Daha sonra təhsilə marağı onu hazırkı Azərbaycan İqtisad Universitetinə aparıb. Ali təhsilini qiyabi yolla başa vurub. ömrü boyu yalnız səsinə güvənib, ifaçılıq məharətinə arxalanıb.

Unudulmaz müğənni, xalq artisti fəxri ada layiq görülmüş, ifaları ilə əbədi şöhrət qazanmış Əbülfət Əliyevdən eşitdiklərimi xatırlayıram: "Süleymanın səsi Allah vergisidir. Onu dinləyənlər elə bil təbii gözəlliyi gözləri önündə canlandırır. Təəssüf ki,.. Elə bilir səsiylə, avazıyla istəyinə çatacaq. Əslində belədir. Amma... Təbliğatın reallığı olmadan təsvirin özü zəif görsənər".

Ruhunuz şad olsun, Əbülfət müəllim. Xatirələrdə qalan fikrinizin mən də şahidi oldum. Ona Süleyman müəllimə zəng edib görüşməyimizi xahiş etdim. Görüşdük. O, mənə bioqrafik məlumatını da verdi. Həmin qeydlərdə ancaq özünü təqdim edib. Bəs oxuduğu mahnıların, muğamların adlarını niyə çəkməyib? Ustad sənətkarımızın bu cür etinasızlığına əsəbləşsəm də yazımı başa çatdırmağı özümə mənəvi borc bildim. Bax, elə burdaca yadıma xalq şairi Hüseyn Arifin bu müdrik kəlamı düşdü: "Nə verər, nə verər bu əllər sənə, Sənin qiymətini təbiət verib". Süleyman müəllim, çoxlarının Dədə Süleyman dediyi ustad, mənə təqdim etdiyiniz bioqrafik məlumatda oxuduğunuz bir mahnının, təsnifin, muğamın adına rast gəlmədim. Heyif... Bəlkə arxayın olmusunuz ki, ifalarınız dillər əzbəridir, ona görə onları xatırlatmamasınız, yada salmamısınız?! Hər variantda, bu vacib idi... Həmin "Tərcümeyi-hal"dan bəzi cümlələrini olduğu kimi oxucuların diqqətinə çatdırıram:

"Dünyanın çox ölkələrində olmuşam, rəngarəng konsert proqramları ilə çıxışlar etmişəm. Dinindən, dilindən, irqindən asılı olmayaraq dinləyicilər iflarımı alqışlarla qarşılayıblar. Melodiyalarımın ritmi altında qol götürüb oynayanları da görmüşəm. ömrüm boyu sənətimdən təmənna ummamışam. Tez-tez toylara dəvət almışam. Sahibinin güzəranı zəif olanda, onların verdikləri ödənişdən imtina etmişəm. Evimə, ailəmə gətirəcəyim azdan-çoxdan qazancımı yoxsullara, kasıblara paylamışam. Heç vaxt, heç zaman nə həyatda, nə səhnədə, nə də televiziya ekranlarında sinəmə döyüb, səs ucaldıb, qürur hissi keçirib deməmişəm ki, mən oxuyanam, müğənniyəm. Xalqımız böyük, müdrik, duyumlu, düşüncəli, sevən və nifrət etməyi bacaran xalqdır. Əyrini düzdən çox yaxşı seçir... Məgər Dirili Qurbani xalq aşığı fəxri ad almışdı? Onun qiymətini quruluş, idarəçilik yox, xalq vermişdi. Məşhur müğənni Ağabalar Abdullayev mahnı, təsnif, muğam oxuyanda səmada uçan quşlar da qanad saxlardı. Əvəzində o, deməliydi ki, mənə fəxri ad verin? Xalq artisti tanıyıram ki, yolda-irizdə görənlər ona salam da vermirlər. Niyə? çünki əməlləri, amalları iyrəndiricidir, sənətə ləkədir... Lovğalıq olmasın, küçəyə çıxanda, xeyir-şər məclislərində "Necəsən, Dədə Süleyman?" - deyə, o qədər soruşurlar ki, vallah, az qala taqətim kəsilsin. Dövlətimiz tərəfindən gördüyüm qayğı bəsimdir. Sözə, sənətə, sənətkara daim diqqət yetirən, milli musiqimizin lazımınca qədir-qiymətini bilən, onun şərəflə yaşamasına var gücü ilə çalışan ulu öndər Heydər Əliyevin qayğısı ilə neçə-neçə sənət adamları kimi mən də Prezidentin fəxri təqaüdçüsüyəm.

Son illər ildə milli musiqimizə maraq, diqqət, qayğı daha da artıb. Bu xeyirxah, müqəddəs işin səbəbkarı da geniş qəlbli, təmiz ürəkli, amallı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Neçə-neçə muğam festivalları keçirilib, gələcəyin mahir ifaçıları seçilib. Hazırda bütün dünya muğamlarımızı həvəslə dinləyir, maraqla qarşılayır. Mehriban xanımın təşəbbüsü ilə "Qarabağ xanəndələri" fotoalbomu, disklər sənətsevərlərin istifadəsinə verilib. Məhz onun qayğısı sayəsində mən də Heydər Əliyev adına fondun təqaüdünə layiq görülmüşəm. Adi bir vətəndaşa, ifaçıya bundan da artıq hörmət olarmı? Taleyimdən, bəxtimdən çox razıyam. Səsimi Yaradanımız verib. Onun saflığı, yaddaqalımlığı üçün isə çox cəfalar çəkmişəm. Bax, beləcə gəlib çatmışam ömrümün ixtiyar çağına. Həm sevinirəm, həm də qüssələnirəm... Yaşlı adamlar uşaqlardan daha kövrək, incik olurlar. ömrümün bu vədəsində doğma el-obama gedə bilmirəm, ata-anamın məzarlarına həsrət, nisgilli qalmışam. Neyləyim, necə edim?! Allah şeytana - işğalçı düşmənə lənət eləsin...

Əvvəllər "stansı Horadiz" adlanan, indi Füzuli rayonunun mərkəzi olan, möhtərəm prezidentimizin sərəncamı ilə şəhər statusu alan Horadizə qədər gedirəm. Yox, daha irəliləmək, Qoçəhmədli kəndinə çatmaq olmur... özümdən asılı olmayaraq deyirəm: İlahi, məni ata-anamın, qohum-əqrəbamın uyuduğu torpağa həsrət qoyma. ürəyində nisgil aparanın o dünyada da ruhu göynəyər..."

Süleyman Abdullayevi klassik, nə də müasir ifaçıların heç birinə bənzətmək niyyətindən uzağam. Onun öz avazı, oxumaq qabiliyyəti, səs tembri, vurğuları, qammaları, pəsti, zili var. Elə bu cəhətlərinə görə də ona valeh, vurğun olmuşam. Hamıya bəlli olan günəbaxan bitkisi (tum) var: sübh tezdən, ta şər qarışana, qaranlıq düşənə qədər Günəşə doğru boylanar, sanki onun yolunu izləyər... Dədə Süleymanın da üzü həmişə yüksəkliyə, ənginliyə, ulu Tanrıyadır. Vaxt-bivaxt elə hey hündürdən, astadan deyir: "Ya rəbbim, gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşıdır..."

Ürəyimdən keçənləri, sevgimi, məhəbbətimi birnəfəsə yazdığımdan yamanca yoruldum. İnanıram ki, maqnitafonda səsləndirəcəyim Süleyman Abdullayevin şirin, dadlı-duzlu, könüloxşayan səsi yorğunluğumu canımdan çıxaracaq. Axı səsin də sehri, qüdrəti, sirri var...

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2009.- 1 oktyabr.- S.15.