Azərbaycan səhiyyəsi üçün böyük itki

 

Akademik Böyükkişi Ağayev son mənzilə yola salındı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycanın tanınmış cərrahı, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayevlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, elmtibb xadimləri, səhiyyə işçiləri və KİV nümayəndələri iştirak etdilər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Mərasimi AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirdi. AMEA rəhbəri ölkəmizdə tibb sahəsində mühüm xidmətləri olan görkəmli alim, akademik Böyükkişi Ağayevin uzun illər zəngin elmipedaqoji fəaliyyəti ilə Azərbaycan elminin və səhiyyəsinin inkişafına verdiyi sanballı töhfələrdən danışdı.

Akademik Akif Əlizadə vurğuladı ki, ömrünün böyük hissəsini AMEA ilə bağlayan alimin elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intrakorporal lazer aşağı tezlikli maqnit metodu təşkil edib. O, 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının rəhbəri olub.

Ömrünü və fəaliyyətini Azərbaycan Tibb Universiteti ilə bağlamasına baxmayaraq, B.Ağayevin hər zaman akademiya ilə əlaqəli olduğunu deyən A.Əlizadə onun Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkdiyini bildirdi. Qeyd etdi ki, respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb.

Sonra çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev səhiyyəmizdə özünəməxsus yeri olan, Azərbaycan cərrahiyyəsinin görkəmli nümayəndəsi Böyükkişi Ağayevin ölkəmizdə çoxsaylı cərrahların yetişməsində müstəsna xidmətlərindən söz açdı: “Ömrünün 70 ili məhz səhiyyə ilə bağlı olan Böyükkişi müəllimi bu gün biz həm praktiki həkim, həm alim, həm müəllim, həm də səhiyyə və tibb təhsilinin təşkilatçısı kimi yada salırıq. Akademik B.Ağayev uzun illər Azərbaycanın çox böyük tibbelm müəssisələrinə - Tibb Universitetinin kafedrasına, Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə vicdanla, ləyaqətlə rəhbərlik edib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk dəfə 2010-cu ildə məhz Böyükkişi müəllimin rəhbərlik etdiyi Elmi Cərrahiyyə Mərkəzinin açılışı zamanı səhiyyədə Azərbaycan standartlarının yaranmasından danışıb, bu tibb müəssisəsinin yüksək səviyyəsini xüsusi qeyd edib”.

Alimlə bağlı xatirələrindən danışan nazir vurğuladı ki, ona hələ 1970-ci illərdən Böyükkişi müəllimi tanımaq, onunla yaxın ünsiyyətdə olmaq nəsib olub - əvvəl mühazirə deyib, sonralar Səhiyyə Nazirliyinin Elm şöbəsində çalışanda tibb elminin təşkili üzrə köməklik edib: “Səhiyyə Nazirliyində çalışdığım vaxt ən böyük elmi tibb müəssisələrindən birinin rəhbəri kimi, səhiyyə ağsaqqalı kimi, onunla daim görüşür, səhiyyənin aktual problemləri ilə bağlı məsləhətləşirdik. Böyükkişi müəllim gözəl həkim idi. Hətta son illərdə - 90 yaş ərəfəsində də biz dəfələrlə ağır hadisə olanda, xəstənin diaqnozunu qoymağa çətinlik çəkəndə, onun professional fikrinə ehtiyacımız olanda, o heç vaxt imtina etmir, əlindən gələni edir, öz məsləhətlərini verirdi”.

Böyükkişi müəllimin həyatı və öz sənətini çox sevdiyini söyləyən Oqtay Şirəliyev onun son günlərini xatırladı: “Vəfatından bir neçə gün əvvəl mən ona dəyməyə getmişdim, o özündən, səhhətindən heç nə demədi. Ancaq xahiş elədi ki, cərrahların cəmiyyəti yaradılsın və Səhiyyə Nazirliyio cəmiyyətə dəstək olsun.

Bizim xatirimizdə Böyükkişi müəllim həmişə zarafatcıl, danışıb-gülən insan kimi, həm də ciddi, tələbkar bir müəllim kimi qalacaq. Onun yeri həmişə görünəcək, qəlbimizdə qoyduğu iz heç vaxt unudulmayacaq, onun xatirəsi tibb ictimaiyyəti tərəfindən həmişə ehtiramla yad ediləcək”.

Tədbirdə görkəmli alimin həyat və zəngin elmi fəaliyyətindən bəhs edən AMEA-nın BiologiyaTibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov qeyd etdi ki, Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi. O vurğuladı ki, tanınmış alimpedaqoq, səmimi insan B.Ağayevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.

Vida mərasimində Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxış edərək, B.Ağayevin zəngin elmi, pedaqoji fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar, alimlə bağlı xatirələrini bölüşdülər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı oğlu Rauf Ağayev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Qeyd edək ki, “Tibb qəzeti”nin təsis edilməsi də xalqımızın böyük ziyalısı, akademik Böyükkişi Ağayevin adı ilə bağlıdır. Belə ki, 1988-ci ildə o, ölkəmizdəki siyasiiqtisadi vəziyyətlə əlaqədar yaradılmış “Şəfqət və sağlamlıq” fondunun sədri seçilir. Humanitar ideyaların reallaşması, imkansız, aztəminatlı, çoxuşaqlı ailələrə, xəstələrə, müharibə veteranlarına və başqa ehtiyacı olan insanlara maddi-mənəvi yardımın göstərilməsi üçün vəsaitin toplanması, beynəlxalq təşkilatların, ayrı-ayrı imkanlı şəxslərin ümumxalq məsələlərinə cəlb edilməsi kimi vəzifələr fondun fəaliyyətinin əsas istiqamətləri olur. 5 yanvar 1991-ci ildə “Şəfqət və Sağlamlıq” fondunun orqanı kimi yaradılan “Şəfqət” qəzeti də məhz bu istiqamətlər üzrə maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə nəşrə başlayır. Humanist ürəyi ilə hər zaman insanlarda böyük sevgiehtiram doğuran B.Ağayev istər “Şəfqət”, istərsə də sonradanTibb qəzeti” kimi nəşr olunduğu dövrdə qəzetdən diqqətini, dəstəyini əsirgəməyib. “Tibb qəzeti” bu gün akademik Böyükkişi Ağayevin qoyduğu ənənəni uğurla davam etdirir.

 

Tibb qəzeti 2018.- 30 aprel.- S.5.