Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan böyük alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə bu görkəmli şəxsiyyətin adını daşıyan institutun professor-müəllim heyəti, həkim-müdavimlər və rezidentlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Nazim Qasımov qeyd edib ki, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyev Xalq Komissarlığının Müalicə şöbəsinin rəhbəri, Bakı Şəhər Səhiyyə Şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən bilik və bacarığını, istedadenerjisini səhiyyənin güclənməsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə və elmin inkişafına yönəldib. O, 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik edib. Qeyd olunub ki, institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı yaxşılaşdırılıb, yüksək ixtisaslı mütəxəssislər, təbabət alimləri yetişdirilib. Tibb müəssisələrində çalışan həkimlər ixtisasartırma kurslarına cəlb olunub, həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspiranturadoktoranturada hazırlanması təmin edilib. ADHTİ respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Professorun elmi fəaliyyətindən danışarkən rektor bildirib ki, Əziz Əliyev təbabət üzrə elmi işlərinə görə SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. 1962-ci il sentyabrın 27-dən institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmmədkərim oğlu Əliyevin adı verilib.

Rektor bildirib ki, Ə.Əliyevin əsasını qoyduğu ənənələr bu gündavam etdirilir. İnstitutda elmi-pedaqoji və müalicə ilə məşğul olan kadrların yetişdirilməsi daim diqqət mərkəzindədir və bu sahədə uğurlar ilbəil artır.

Sonra konfransda institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışlar dinlənilib. Məruzələrlə terapiya, onkologiya, mamalıq və ginekologiya, oftalmologiya, otorinolarinqologiya, nefrologiya, anesteziologiyareanimatologiya kafedralarından dosent Gülüstan Sadıqova, Ruslan Məmmədov, Fidan Babaşova, Gülşən Mehdiyeva, Pərviz Aslanov, Gülər Gəncəliyeva və Fərhan Haqverdiyev çıxış ediblər.

Tibb qəzet.-2019.-31 yanvar.-S.4.