Azərbaycanın ziyalı etalonu

Həsən bəy Zərdabi

 

Zərdabi xalqın hüquq və azadlıqlarının kobudcasına pozulmasının səbəblərindən birini də məhkəmələrin ana dilində aparılmamasında görür və çarizmin müstəmləkəçilik siyasətini əks etdirən belə qadağanları ədalətə, humanizmə zidd, milli mədəniyyətə mənfur münasibət kimi qiymətləndirirdi. O, bütün bunlarla bağlı mülahizələrini rəsmi rus mətbuatında çap etdirirdi. Mütəfəkkir dövrün burjua iqtisadçı və hüquqşünaslarının mülkiyyət məsələsinə dair fikirlərini tənqid edərək göstərirdi ki, torpaq üzərində xüsusi mülkiyyət ictimai mülkiyyətlə əvəz olunmalı, istehsalın kooperativ formalarının inkişafı ilə tamamlanmalıdır. Zərdabi kiçik kənd təsərrüfatı birliklərinin yaradılması ideyasını irəli sürmüşdü.

 

Həsən bəy Zərdabi yalnız mənsub olduğu xalqın deyil, bütün İslam aləminin hüquq və azadlığının carçısı, mədəniyyətinin tərəfdarı kimi nüfuz qazanmışdı. Qərb şərqşünaslarının Şərq xalqları haqqında qeyri-obyektiv, elmi əsası olmayan fikir və mülahizələrinə qarşı Zərdabi göstərirdi ki: “Vaxtilə Şərq xalqları Avropa xalqlarından nəinki geridə qalmamış, eləcə də insan fəaliyyətinin bir çox sahələrində onlara nümunə olmuşlar” (Bax: "Əkinçi" qəzeti, 1876, ¹13).

İctimai tərəqqinin, xalqın maddi və mənəvi rifahının yaxşılaşdırılmasının, təsərrüfatın inkişafının əsas mənbəyini elm və maarifdə görən Zərdabi belə hesab edirdi ki, gerilik və irticaya qarşı mübarizədə, elm və maarifin təbliğində, vətənpərvərlik ideyalarının yayılmasında qəzetin müstəsna rolu vardır. Zərdabi məhz qəzet vasitəsilə çar hökuməti orqanlarının rüşvətxorluğunu, bürokratizmi və müstəmləkəçilik siyasətini kəskin tənqid etmişdi. Zərdabi "Əkinçi" qəzetində daxili və xarici xəbərləri, əkin və ziraətlə, elmlə bağlı yenilikləri, dövrü mətbuatda gedən materialların xarakteristikasını əks etdirməklə yanaşı Şərq ətalətini, cəhalət və geriliyi, fanatizmi kəskin tənqid etmiş, elmin və maarifin gücünü, azadlıq ideyalarını təbliğ etmiş, sənayedə və kənd təsərrüfatındakı qabaqcıl təcrübənin tətbiqini ön plana çəkmiş, dünyanın siyasi mənzərəsini canlandırmış, realist sənət və ədəbiyyat məsələlərini gündəmə gətirmişdi. Qəzetdə Zərdabinin özü ilə yanaşı qabaqcıl Azərbaycan ziyalılarından Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvaninin, Nəcəf bəy Vəzirovun, Əsgər Ağa Goraninin, Əhsənül-Qəvaidin, Heydərinin və digərlərinin də mütərəqqi ideyaları təbliğ edən məqalələri dərc edilmişdi.

Dövrün demokratik fikirli ziyalıları ilə yaxın əlaqə saxlayan, köhnə və yeni dövrün mütərəqqi ənənələrini vəhdətdə təcəssüm etdirən Zərdabi “xalqın sosial və siyasi azadlığı uğrunda yorulmadan uzun müddət mübarizə aparmış, insan azadlığını təbii hüquq nəzəriyyəsi baxımından əsaslandırmış” (Məcid Əfəndiyev, Siyasi və hüquqi təlimlər tarixi, Bakı 2006, səh. 439), vətənpərvər, humanist və demokratik fikirli qabaqcıl ziyalı kimi şöhrət qazanmış, xalqın xoşbəxtliyini və tərəqqisini elmi biliklərə yiyələnməkdə görmüşdü. Bu məqsədlə mütəfəkkir ictimai fəaliyyətə başlayaraq cəmiyyətin dövrlər üzrə aşağıdan yuxarıya doğru mütərəqqi inkişafının tərəfdarı kimi çıxış etmiş və bu inkişafın fasiləsiz xarakterə malik olduğunu əsaslandırmışdı. Mövcud quruluşu kəskin tənqid edən Zərdabi göstərirdi ki: “Yer üzündə yaşayanlar üçün ümumi qanunlar mövcuddur. Dünyada doğulanların hər biri yaşamaq hüququna malikdirlər. Lakin adamların xeyli hissəsi özünün yaşamaq hüququndan istifadə etməsindən məhrum edilmişdir. İnsanın dünyaya, təbiətə azad münasibəti məhdudlaşdırılmışdır. Varlılar yoxsullara zülm etməklə, yoxsulları istismara məruz qoymaqla yalnız öz mənafeləri barədə düşünürlər” ("Əkinçi" qəzeti, 1877, ¹ 15, “Kaspi” qəzeti, 1900, ¹ 137).

Quberniya xəfiyyəsi tərəfindən “siyasi cəhətdən şübhəli adam” kimi nəzarətə alınan Zərdabi özünə qarşı belə şübhələri açıqlayaraq bildirirdi ki, siyasi cəhətdən şübhəli olanlar xeyli vətəndaşlıq hüququndan məhrum olanlardır. Tolstoyçulardan tutmuş anarxistlərə qədər müxtəlif dünyagörüşlü adamlar şübhəli və etibarsız şəxslər siyahısına düşə bilərlər. Hətta heç bir əqidəyə xidmət etməyənləri də etibarsız şəxs saya bilərlər. Bütün Rusiyada gücləndirilmiş müdafiə müşahidə olunur. İndi xalqın hamısı nəzarət altındadır. Belə halda etibarlı adamları harada axtarmaq lazımdır. Məsələ çox çətindir. (Seçmələr bizimdir-A.M. Bax: Həsən bəy Zərdabi, Seçilmiş məqalələri və məktubları, Bakı 1962, səh. 458-459).

O dövr Azərbaycanında ictimai tərəqqinin elə bir mühüm problemi yoxdur ki, "Əkinçi" qəzetində bu və ya digər dərəcədə ona toxunulmamış olsun. Zərdabi göstərirdi ki: “Qəzetin muradı xalqın gözünü açmaqdır. Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur ki, işlərin yaxşı və yamanını ayna kimi xalqa göstərsin”. Zərdabi qəzetdə gənclərə müraciətlə yazırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvam-ünnas daşa bassın. Siz millət üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib sizə rəhmət oxuyacaq” (Əkinçi, 1875-1877 (tam mətn), Bakı 2005, səh. 205).

Zərdabi bildirirdi ki, müsəlman xalqlarının geriliyi hər şeydən əvvəl cəhalət və savadsızlıqla bağlıdır. Bir maarifçi kimi o, ölkənin sosial, iqtisadi təsərrüfat həyatının və mədəniyyətinin inkişafının başlıca mənbəyini maariflənməkdə görürdü və bu cəhalətə, geriliyə qarşı mübarizədə mətbuatın roluna böyük əhəmiyyət verirdi. Mütəfəkkir inamla qeyd edirdi ki, xalqı fanatizmdən və digər istismarçılardan yalnız maariflənmə xilas edə bilər. Maariflənmə həm də xalqın öz mənafeyini dərk etməsinə imkan yaradar.

Dildə “Türkçülük” məfkurəsini ilk dəfə əməli şəkildə həyata keçirən Zərdabi və məsləkdaşları dilin saflığı, təmizliyi, varlığı uğrunda əvəzsiz səy və qeyrət göstərmiş, ardıcıl mübarizə aparmışlar. Bu münasibətlə Zərdabi yazırdı: “Dünyada xəlq olunan millətlər öz lisanlarına ana dili deyib o dil ilə insanlıq edirlər. Bunun üçün bir dil bir millətin olanda və dilin dəxi əsası millət olduğundan hər bir insana vacibdir ki, daima onun irəli getməsinə canını fəda etsin və millətin xidmətində bulunmayan insana heç kim yaxşı deməyəcəkdir” (Əkinçi, Bakı 2005, səh. 97). "Əkinçi" qəzeti Azərbaycan Türkcəsinin milli ədəbi dilə çevrilməsi və mətbuat üslubunun formalaşmasında həlledici rol oynamışdı. Ümumiyyətlə, bu qəzet ətrafında toplanan Azərbaycan ziyalılarının xalqımızın maariflənməsində, cəhalət və mövhumat buxovlarından azad edilməsində, mədəni inkişaf yoluna qədəm basmasında misilsiz xidmətləri olmuşdur. Cəsarətlə söyləyə bilərik ki, nəinki XIX əsrin ikinci yarısında, hətta XX əsrin ilk illərində də Azərbaycan Türklərinin yüksəlişi və mədəni intibahında baş vermiş ən mühüm hadisələr də məhz Zərdabinin fəaliyyəti ilə bağlıdır.

Azərbaycan jurnalistikasının yaranması və inkişafında ədəbi və əbədi iz qoyan, məktəb yaradan, ictimai-siyasi fikrin formalaşmasında əvəzsiz xidmətləri olan Həsən bəy Zərdabinin “Bakinski listok” qəzetindəki ilk məqalələrindən tutmuş "Əkinçi" qəzetinin yaradıcısı və baş yazarı kimi fəaliyyətindəki rəngarəngliyi, azad fikirliliyi, yazılarındakı səmimiliyi, “Kəşkül”, “Kaspi”, “Həyat” qəzetlərindəki və “Dəbistan” jurnalındakı məqalələri onun Azərbaycan publisistikasındakı maarifçilik ideyaları, vətənpərvərliyi, vətənə və millətə təmənnasız xidmətləri onu əsl bir ziyalı kimi əbədiyaşar etmişdir. O, Azərbaycanda mətbuatın əsasını qoymaqla yanaşı, həm də ilk dəfə olaraq Azərbaycanda “Xeyriyyə cəmiyyəti” yaratmış, yeni tipli teatrın əsasını qoymuşdur. Zərdabi bütün həyatı boyu Azərbaycan dərdlərinin həll olunmasına çalışmış, onları həyatının əsas mənası hesab etmişdir.

Mirzəbala Məmmədzadə göstərmişdir ki: “Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal tarixi, Azərbaycan istiqlal bəyannaməsi də 50 il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır” (Mehmedzade Mirze Bala, “Azerbaycan misaki-millisi”, Türk dünyası Araştırmaları, Ankara 1995, səh. 67).

Həsən bəy Zərdabi ağlı, elmi, cəsarəti, iradəsi, fədakarlığı, gözütoxluğu, əxlaqı, səxavəti, milli heysiyyatı və bu kimi digər cəhətləri ilə məhz Azərbaycan ziyalı etalonudur. Dəyərlərin alt-üst olduğu, milli zülmün tüğyan etdiyi, cəhalətin, nadanlığın, savadsızlığın hökm sürdüyü bir dövrdə, İmperiyanın mərkəzində ali təhsil alaraq vətəninə dönən, mülkədar oğlu olduğu üçün heç bir ehtiyacı olmayan bir şəxsin bütün həyatını mənsub olduğu millətin yüksəlişinə həsr etməsi Tanrının Həsən bəyə lütfü, ona sevgisinin nəticəsi idi. O, həyatda qazandığı bütün elmini, özünün qazandığı və ata-babasından qalma bütün varidatını şəxsi rifahı üçün deyil, vətəninin çiçəklənməsinə, millətinin yüksəlişinə sərf etmişdir. Böyük bir dünyagörüşə sahib, öz məktəbini yaradan və özündən sonra da böyük bir davamçılar ordusu qoyub gedən, millətinin və vətəninin ən ağır günlərində sinəsini önə verən Həsən bəy Zərdabi bütün bunların müqabilində heç bir təmənna güdməmiş, istiqlal şairimiz Məhəmməd Hadinin söylədiyi:

 

“Mən bir günəşəm, yerdə əyandır laməatım,

“İşimdə” parıldar, duruyor çöhreyi-zatım.

Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,

Kim olduğumu bildirəcək bil ki, məmatım.

Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,

Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.

Mən sönməliyəm, ta ki açılsın da bəharım,

Mən sönməliyəm, şəşələnsin də nəharım.

Mən ölmədən əvvəl Vətənimdir mənə məqbər,

Çünki Vətənimdir, buna olmam da mükəddər”

 

-kimi yaşamış, öz dövründə belə “Azərbaycan ziyalılarının ağsaqqalı” titulunu qazanmış, sözün həqiqi anlamında Azərbaycanın ziyalı etalonu olmuşdur.

Ruhu şad olsun! Amin.

 

Aydın Qasımlı

 

Türküstan.- 2017.- 4-10 iyul.- S.10.