Məhəmməd Əmin Rəsulzadə yaradıcılığında Cənubi Azərbaycan mövzusu


 

    


Îïèñàíèå: https://a24.az/files/uploads/2018/03/9725E074-109B-4F33-B1F7-15D2B466F1CB_cx0_cy11_cw0_w1023_r1_s-651x369.jpg

Azərbaycan prezidenti cənab İlham Əliyevin fərmanı ilə XX əsr tariximizdə şanlı səhifə açan, Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illik yubileyi Azərbaycanın bütün bölgələrində qeyd olunur. Bu unudulmaz tarixin ən böyük önəmi ondadır ki, o, Yaxın və Orta Şərqdə Azərbaycanı müstəqil, demokratik, suveren bir dövlət kimi dünyaya tanıtdırmış oldu. Buna görə o tarixdən aylar, illər, qərinələr ötsə də o Azərbaycan tarixinin milli təfəkküründə, qəlbində unudulmaz və həmişə xatırlanan tarixi hadisə kimi yaddaşımızda qalacaqdır.

Cümhuriyyətin 100 illik tarixi yubileyində bu cümhuriyyəti yaradan, onun uğrunda böyük fədakarlıq göstərmiş insanları - Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xoylunu, Əlimərdan bəy Topçubaşovu, Xəlilbəy Xasməmmədovu, Nəsib bəy Yusifbəylini, Əkbər ağa Şeyxislamı və bu sırada başqalarını yad etmək, onların müqəddəs ruhlarına rəhmət demək bizim hər birimizin borcumuz və vəzifəmizdir. Bu böyük insanlar sırasında cümhuriyyətin banisi, böyük milli ideya, məslək və dönməzlik nümunəsi olan Məhəmməd Əmin Rəsulzadənin xüsusi yeri vardır. Bu yer onunla ölçülür ki, o, Cümhuriyyətə şərəflə başçılıq etmişdi. Həm də bu yer onunla ölçülür ki, o dünyasını dəyişib haqq dünyasına qovuşandan sonra biz nəsillərə çox qiymətli və əvəzolunmaz, zəngin bir irs qoyub getmiş. Onları neçə-neçə cildlərə sığan və bizə Azərbaycanın yenidən müstəqilliyə qovuşduğu günlərdə belə yol göstərən mayakdır.

Məhəmməd Əmin irsində İran mövzusu, bu mövzunun tərkib hissəsi sayılan Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Neçə-neçə tədqiqatın mövzusu ola bilən bu mövzunu bir yazıda əhatə etmək, orada qoyulmuş məsələləri yetərincə tədqiq edib ortaya gətirmək mümkünsüz bir işdir. Buna görə oxuculara təqdim olunan bu yazıda Məhəmməd Əminin yazılarında Cənubi Azərbaycanla, onun coğrafi, elmi, siyasi, iqtisadi və mədəni problemləri ilə bağlı daha müasir məsələlər üzərində dayanacağıq. Məhəmməd Əmin Rəsulzadənin yazılarında Cənubi Azərbaycanın etno-coğrafiyası: Cənubi Azərbaycanla bağlı (coğrafi, tarixi, iqtisadi, mədəni və s.) məsələlər onun 40-dək İrandan məktublarında və bir sıra yazılarında şərh olunur. Onun İranın bu bölgəsi haqqında ətraflı yazıları “Türk yurdu”, “İrşad” və “Əbilülrəşid” dərgilərində çap etdirdiyi silsilə məqalələr ətraflı verilmişdi (1). Məhəmməd Əmin o zaman 9 milyon əhalisi olan İranı çoxmillətlli və çoxsaylı etnoslardan ibarət olduğunu yazır ki, bu əhalinin də üçdə birini, təqribən 3 milyondan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini deyir(2). O, Azərbaycan türklərinin Arazın sağ qolundan Culfa, Cərgər, Ələmdar, Xoy və Mərənddən başlamış Tehran yaxınlığındakı Kərəc, Zərənd, Xar, Vəramənd, Həmədan və onun ətrafınadək yaşayış məntəqələrində yaşayanların əksəriyyətinin türk olduğunu yazır. İran ərazisinin üçdə birini təşkil etdiyi bu bölgələrdə yaşayanların özünəməxsus tarixləri, mədəniyyətləri, dil, adət-ənənələrinin və milli xüsusiyyətlərinin olduğunu qeyd edir. Mişev, Səhənd və Savalanın əhatəsində yerləşən Təbriz şəhərinin bu ərazidə ən böyük elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri olduğunu yazır. Şəhərin əhalisinin o zaman 250 min nəfər olduğunu və hər kv. km-ə 31 adam düşdüyünü deyir. Burada yaşayan əhalinin xeyli hissəsi ticarətlə məşğul olsa da, toxuculuq, fərş emalatxanaları, dəmirçilik, başmaqçılıq, dabbağlıq, dülgərlik, ağac oyma işləri və s. burada geniş yayılmış əl sənəti işlərinin mövcud olduğunu qeyd edir.

 

Məhəmməd Əmin Rəsulzadə öz yazıları

nda Qaşqay və Xorasan ətrafındakı əhalini türk etnosuna daxil edərək onları xalis türk hesab edir (3). O, Qaşqay türkləri haqda daha geniş məlumat verir. O, Qaşqay və Xorasan türklərini Azərbaycan türklərinin bir qolu hesab edir. Onların tarixi olaylar nəticəsində Azərbaycan ərazisindən ayrı düşmələrinə baxmayaraq onlar bir türk olaraq öz milli kimliklərini, dillərini, adət-ənənələrini qoruyub saxlamışlar. Qaşqayların 8 qoldan ibarət olduğunu yazan Məhəmmədəmin sayca o vaxt 350 min nəfər olan Qaşqay elləri əsasən Şiraz ətrafında məskən salmışlar. Ümumiran ərazisində “Qaşqay eli” kimi tanınan türk mənşəli bu əhali toplumu öz milli adət-ənənələrinə sadiq qalmış, onu bütün yad təsirlərdən qoruyub saxlaya bilmişdi. Qaşqayların məişətindən danışarkən onları çoxuşaqlı ailələrdən ibarət olduqlarını qeyd edir. Əsasən çadırlarda yaşayan bu insanlar Şirazın dağ ətəyində məskunlaşır, ilin bir hissəsini yaylaqlarda, bir hissəsini qışlaqlarda keçirirlər (4).

Qaşqay türk tayfaları haqqında ilk dəfə yetərincə yığcam, ətraflı məlumat verən Məhəmməd Əmin Rəsulzadənin “Türk yurdu” qəzetində və “İrşad” dərgisində çap etdirdiyi silsilə məqalələrində bu haqda geniş bəhs edir. Bu məqalələrdən bəlli olur ki, Qaşqay qadınları ailəsinə, uşağına bağlı olan, həyat yoldaşına vəfalı və hətta təsərrüfat işlərində onun yaxın köməkçisi olur. Qaşqay qadını ailənin məişət işlərini yerinə yetirməklə yanaşı yunu əyirməkdə, boyamaqda və kiçik həcmli belə adlanan “Qaşqay türk xalçaları” toxumaqda çox mahir olurlar. Onların toxuduqları xalçalar öz bədii tərtibatına, ornament, rəng çalarlarına, ən başlıcası keyfiyyətinə görə bazarda yaxşı satılır və çoxsaylı müştəriyə malik olur.

Îïèñàíèå: https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQoJ4Aj_tplcbL0W0UaGvWGuHMKInp-w6xaj1_2Wls9_qgJFS6HoA

Qaşqaylar öz ana dillərinə, milli adət və ənənələrə çox bağlı olan türk cəmiyyətidir. Qaşqay kişiləri bir dəfə evlənər və xanımlarına vəfalı olurlar. Qadınlar üzü açıq kişilərlə birlikdə məclislərdə iştirak edə bilərlər. Qaşqaylarda toy və yas mərasimləri Azərbaycandakı türklərə uyğun və oxşar olur.

Məhəmməd Əmin Rəsulzadənin yazılarından məlum olur ki, Qaşqaylar Cənubi Azərbaycandakı türklərin bir qoludu və Çingiz xan İranı istila etdiyi zaman Fars əyalətində həmişəlik məskunlaşmış türklərdi.

Məhəmməd Əmin Rəsulzadə 1906-1911-ci illərdə İranda olarkən öz yazılarında Cənubi Azərbaycandakı siyasi durumdan, məşrutə inqilabından, bu inqilabın rəhbəri olmuş Sərdari Milli Səttarxandan və onun silahdaşlarından ətraflı və məhəbbətlə bəhs etmişdi (5). O, XX əsrin əvvəllərində İranda xalq hərəkatının dirçəlişində, millətin oyanmasında və rejim əleyhinə mübarizəyə qoşulmasında Məşrutə hərəkatının xüsusi rol oynadığını qeyd edir və bu işdə üzvlərinin böyük əksəriyyətinin azərbaycanlı türklərdən ibarət olduğu belə adlanan “İranlıların sosial demokrat” firqəsinin təşkilatçılıq və təbliğatçılıq işlərinin önəmi üzərində xüsusi dayanır. O, yazır ki, bu partiyanın üzvlərinin çoxu Qafqazda olmuş, işləmiş və müxtəlif siyasi cərəyanlardan qidalanmış cənublu fəhlə və sənətkarlar olmuşlar. Sosial Demokrat Firqəsinin Təbriz qolunun kütləni təşkil etməkdə, şahlıq diktaturası əleyhinə, konstitusiya uğrunda mübarizədə, məşrutəçiləri əsas hədəfə istiqamətləndirmək işində cəsarətli və dönməzliyini xüsusi qeyd edir. Səttarxanın başçılığı altında məşrutəçilərin inadlı mübarizəsi qarşısında geri çəkilmək məcburiyyətində qalan Müzəffərəddin şah son hesabda ölkədə konstitusiyalı şahlığın yaradılmasına razılıq verir. Bu İran tarixində çox böyük siyasi hadisə idi. Lakin ata Müzəffər öləndən sonra şahlıq taxtına yiyələnmiş oğul Məmmədəlinin xalqın əleyhinə olan əməllərinə qiymət verən M.Rəsulzadə yazır: İran tarixində ilk dəfə olaraq konstitusiyanın qəbuluna və parlamentin çağırılmasına razılıq vermiş Müzəffərəddin şahdan fərqli olaraq Məmmədəli şah konstitusiyanı rədd etmiş, parlamenti qovmuş və üstəlik olaraq qəddarlıqda ad çıxarmış Mirzəlixan Atabəyi baş nazir vəzifəsinə gətirmişdi. Bundan sonra parlament qovulmuş, fəal demokratları dara çəkdirmişdi. Şahın haqsız əməllərinə dözməyən türk balası, məşrutəçi Abbasağa baş naziri terror edib öldürmüşdü. Abbasağanın dara çəkilməsinin 40-cı günü Tehranda yaşayan 10 min nəfərdən çox azərbaycanlı türklər mövcud rejimə qarşı protest əlaməti olaraq əzəmətli mitinq keçirmişlər.

Məhəmməd Əminin yazılarında İrand

akı I və II çağırış parlamentdə Azərbaycanlı türk elçilərinin fəaliyyətinə xüsusi yer verilir. O, azərbaycanlı deputatların rejim əleyhinə olan çıxışlarındakı kəskinliyi və radikallığı qeyd edərək bu çıxışların ümumiran miqyasında milli oyanışa göstərdiyi təsirə işarə edərək yazır: Bu çıxışlardakı haqlı tələblər və təkliflər milləti ayağa qaldırmaqla yanaşı şahlıq rejiminin İranı böyük fəlakətlərə doğru sürüklədiyini deyir. İran daxilində 70-dən çox siyasi qurumun yarandığını qeyd edən Rəsulzadə bu qurumlarda Azərbaycanlı türklərin əsas və aparıcı rol oynadıqlarını yazır, onların bir çoxunun Fransadakı Yakobinlər inqilabındakı klublara oxşadıqlarını qeyd edən Rəsulzadə Tehrana, şah sarayına gələn kəskin məzmunlu ərizə, şikayət və teleqrafların çoxunun Azərbaycan türkləri tərəfindən göndərildiyini deyir.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin əvvəllərində Səttarxanın başçılığı altında yaranmış məşrutə hərəkatı üzərində xüsusi dayanaraq hərəkatın başçısı Səttarxanı milli qəhrəman adlandırır. O, Səttraxanla şəxsən görüşdüyündən məmnun qaldığını yazır. O, Təbrizin 11 ay şah qoşunları və irtica qüvvələri tərəfindən mühasirədə qalarkən əhalinin qəhrəmanlıq və dözümlülüyünə yüksək qiymət verərək yazır: bu qəhrəman şəhər öz dözümlülüyü və qəhrəmanlığı ilə bütün İrana nümunə göstərmişdi. Təbriz 11 ay mühasirədə saxlanılarkən məşrutəçilərin hər cəhətdən - çörək və başqa ərzaq cəhətdən yaradılmış qıtlığa böyük dözüm göstərib, çörək əvəzinə ot yeyib təslim olmamağı əsrin qəhrəmanlığı adlandırır.

(ardı var)

Əkrəm Rəhimli (Bije) AMEA

Şərqşünaslıq İnstitutu, aparıcı elmi işçi

 

Türküstan.- 2018.- 22-28 may.- S.13.