Amerikalı professor: “Rəsulzadəni Corc
Vaşinqtonla müqayisə edərdim”
Bakıda
səfərdə olan Yaxın Şərq və Avrasiya Tarixi
sahəsində beynəlxalq müstəvidə ad
qazanmış, Prinston Universitetinin professoru Maykl A. Reynolds
Modern.az saytına geniş müsahibə verib.
Qeyd
edək ki, Maykl Reynold Azərbaycan Xalq Cümhuriyyətinin
araşdırıcılarındandır.
O,
Prinston Universitetində Yaxın Şərq Tədqiqatları
üzrə dosent olan Maykl Reynolds Avrasiya tarixi və
Amerikanın xarici siyasətinə dair kurslar aparır.
O,
“Parçalanmış İmperiyalar: 1908-1918-ci illərdə
Osmanlı və Rusiya İmperiyalarının Münaqişəsi
və Dağılması” kitabının müəllifi,
Amerika Tarixi Assosiasiyasının Jorj Louis Beer
Mükafatının laureatı, və “Qafqaz Toplumu:
İmperiyalar, Xalqlar və Dinlər” kitabının redaktorudur.
Professor Reynolds, tarixi tədqiqatla
birlikdə, müasir Türkiyə, Rusiya, Qafqaz və Amerika
xarici siyasətini araşdırır və bu mövzuda nəşrlər
dərc edir. O həmçinin Xarici Siyasət
Araşdırmalar İnstitutunun baş elmi işçisidir.
Onunla
söhbəti təqdim edirik:
- Cənab professor, ilk
sualımızı belə qoymaq istərdim. Siz,
Azərbaycan Demokratik Respublikasının yaranmasını
qlobal kontekstdə necə qiymətləndirərdiniz?
- 1918-ci
ildə Azərbaycan Cümhuriyyətinin yaradılması o
zaman üçün çox əlamətdar və
böyük hadisə idi. Buna baxmayaraq bir növ
diqqətdən də kənarda qalmışdı. Fikrimcə, diqqətdən kənarda qalmağın əsas
səbəbi budur ki, o dövrdə bu cür demokratik
respublikanın yaranacağı gözlənilmirdi. ADR-in yaranması gözləntilərlə ziddiyyət
təşkil edirdi.
Fikir verin, o zaman Birinci Dünya Müharibəsi başa
çatmışdı. Bu müharibə bəşəriyyətin
ən faciəvi səhifələrindən biri idi. Azərbaycanın yerləşdiyi coğrafi
mövqedə nə baş verirdi? Gəlin
baxaq, Birinci Dünya Müharibəsi bolşevizmin yaranması
ilə nəticələndi. Digər tərəfdən
də faşizm və nasizm kimi ifrat cərəyanların
yaranması baş verdi. Belə bir kontekstdə
Azərbaycan Cümhuriyyətinin parlamentli respublika kimi
yaranmasını heç kim gözləmirdi.
İkinci
kontekst ondan ibarətdir ki, Azərbaycan Cümhuriyyətinin
yaranması Osmanlı imperiyasının süqutu ərəfəsində
baş verdi. Osmanlı
imperiyasının süqutundan sonra onun yerində Türkiyə
Cümhuriyyəti yarandı. Həmin zaman
demokratiyanın tərəfdarları və əleyhdarlarını
birləşdirən ümumi bir cəhət var idi. Onlar İslam dini ilə demokratiyanı bir-birinə
zidd hesab edirdilər. Düşünürdülər
ki, ikisi bir yerdə mövcud ola bilməz.
- Amma ADR hər iki
anlayışı bir ideologiya halında birləşdirdi, hətta
bayrağın rənglərində də bu, əksini
tapdı.
- Azərbaycan Cümhuriyyətinin timsalında
gördük ki, bu dövlətin qurucularının
hamısı müsəlman idilər. Onlar İslam aləmində
demokratik cəmiyyətin yaranmasında İslam amilini ziddiyyət
doğuran faktor kimi görmürdülər.
- Bir məqam da diqqət çəkir,
həmin zamanlarda Balkanlarda, Avropada millətçilik meylləri
güclənirdi, amma bu tendensiya ADR-də olmadı.
-
Osmanlı imperiyasının süqutundan sonra həm
Balkanlarda, həm də Anadoluda kifayət qədər
ifratçı-millətçi hərəkat gücləndi. Amma siz dediyiniz kimi, bu, Azərbaycanda olmadı. Çünki Azərbaycan Cümhuriyyəti demokratik
quruluşda idi, parlamentli respublika idi. Parlamentdə
qeyri-azərbaycanlılara da yer verilirdi.
Bu regionun tarixi qrafikinə
baxanda digər üçüncü bir konteksti
görürük. Azərbaycanın
şimal qonşusu Rusiyada da çar Rusiyasının
süqutu prosesi gedirdi. Və əksər
tarixçilər bolşevizmin haradan əmələ gəlməsi
ilə bağlı danışanda, Birinci Dünya Müharibəsinə
istinad edirlər. Lakin mən onu da qeyd etmək
istərdim ki, bolşevizmin yaranması həm də Çar
Rusiyasındakı üsul-idarəsinə gedib
çıxır.
Çar imperiyasında despotizm hökm sürürdü,
bunun da nəticəsində kifayət qədər despotizmi
özündə əks etdirən bolşevizm cərəyanı
yarandı. Azərbaycan Cümhuriyyətinin baniləri Rusiya
imperiyasında doğulub, boya-başa çatmış, təhsil
almış şəxslər olmasına baxmayaraq, onlar ifrat hərəkatlara
qoşulmadılar. Məhz buna görə
də, parlamentli, demokratik respublika qurmağa müvəffəq
oldular.
- ADR yaranmasından 2 il
sonra süquta uğradı. ADR-in süquta
uğramasında təkcə Rusiya amili rol oynayırdı,
yoxsa burada başqa faktorlar da var idi?
- ADR-in
süqutunun əsas səbəbi Qırmızı Ordunun
işğalı idi. Azərbaycan o zaman
Qırmızı Ordu tərəfindən işğal olundu.
Belə bir zamanda Azərbaycanın edə biləcəyi
bir şey yox idi.
Qırmızı Ordu Azərbaycanı istila etməsəydi,
Azərbaycan Cümhuriyyəti mövcudluğunu davam etdirəcəkdi.
- Lakin Qırmızı Ordu Azərbaycandan
Türkiyəyə yardım adı ilə keçirdi. Bunu hansı amillə bağlayaq?
- Qırmızı Ordunun Azərbaycandan gəlib
Türkiyə istiqamətinə keçməsi də tarixdə
bir faktdır.
Bu, Mustafa Kamal Atatürklə Lenin arasında
olan razılaşmanın tərkib hissəsi idi. Türkiyə o zaman razılaşmışdı ki,
Qırmızı Ordunun Qafqazda hərəkətinə mane
olmayacaq.
- O zaman
ABŞ-ın mövqeyi necə idi? ADR-in
qalmasını istəyirdi yoxsa süqutunu?
- Amerika Birləşmiş Ştatlarının o zamanlar
regionda, Azərbaycanda böyük marağı yox idi. Düzdür,
ABŞ ADR-in süqutunu istəmirdi. ABŞ
ADR-in süqutuna səbəb olacaq nələrsə etməmişdi.
Eyni zamanda ADR-in mövcudluğunu sürdürməsi
üçün də yardım etməmişdi. Düşünürəm ki, bu, səhv addım
idi. ABŞ-ın ADR-ə qarşı
laqeydliyi səhv addım idi.
- Siz
arxivlərdə ADR haqqında hansısa yeni məlumatlar əldə
etmisinizmi?
- Mən
bir neçə il bundan qabaq Azərbaycan
Cümhuriyyəti ilə bağlı kitab yazmaq istəyirdim. Sonradan Ənvər Paşa haqqında bioqrafik kitab
yazmağa başladım və bunun nəticəsində o
işlər qaldı. Mən imperiyaların
süqutu ilə bağlı kitab yazarkən araşdırmalar
aparmışdım. O zaman mən arxivlərdə mən
yeni materiallar tapmışdım. Bu, Osmanlı
ilə Azərbaycan münasibətləri haqda idi. Azərbaycanla bağlı başqa məlumatlar da var
idi. Xüsusən də, ermənilərə
münasibətlə bağlı materiallar əldə
etmişdim.
- Gəlin, konkretləşdirək,
onlar necə materiallar idi?
- Mən Azərbaycanda siyasi sənədlər arxivi ilə
işləmişəm, onlardan materiallar əldə etmişəm. Türkiyədən
isə ordu arxivlərinə müraciət etmişəm.
- Siz ADR-in qurucularından biri olan Məhəmməd
Əmin Rəsulzadəni Amerikanın hansı lideri ilə
müqayisə edərdiniz?
- Mən Rəsulzadəni Amerikanın ilk prezidenti Corc
Vaşinqtonla müqayisə edərdim. Bildiyiniz kimi,
Corc Vaşinqton Amerikada hərəkat lideri olub, sonradan
Amerikanın ilk prezidenti kimi tarixə düşüb. Hər iki lider müqayisəyə yaxın gəlir.
Çünki onların hər ikisi də
ölkəsini, millətini ürəkdən sevən vətənpərvərlər
olublar. Onlar öz ölkələrinin mənafelərini
şəxsi mənafelərdən üstün tutan şəxslər
olublar.
- Sizin də qeyd etdiyiniz kimi, o
dövrdə Azərbaycan parlamentində fraksiyalar var idi, yəni siyasi plüralizm mövcud idi. Bu, demokratiyada vacib şərtdir. Lakin gəlin
baxaq, bu, o dövrün şərtlərinə cavab verirdimi?
- Mən
düşünürəm ki, parlamentdə müxtəlifliyin
olması müsbət
hal idi. Azərbaycanda olan müxtəlif
siyasi qrupların bir parlamentdə təmsil olunması o zaman
üçün yaxşı hal idi. Məhəmməd
Əmin Rəsulzadənin bu barədə söylədiyi fikirlər
maraqlıdır.
O zaman
sosialist inqilabçıları parlamentdə təmsil olunmaq
istəyəndə, Rəsulzadə onlara xitabən deyirdi: “Bəli,
siz də parlamentdə təmsil olunmalısınız. Çünki biz tənqidləri də eşitmək
istəyirik. Tənqidləri məhz
hökumətin içərisindən eşitməyimiz
yaxşı olardı”. Bu fikirlər o
dövr üçün də, indi üçün də
çox mütərəqqi fikirlərdir.
-
ABŞ həmişə, ADR-in adını çəkir,
Rusiya isə belə şeydə çox xəsislik edir.
Halbuki, olanlar tarixdə qalıb, amma Rusiya hələ də bu
adın çəkilməsinə qısqanclıqla
yanaşır. Niyə?
- Rusiya o
zaman Azərbaycanı işğal etmişdi. Azərbaycan
SSRİ-nin dağılmasından sonra ikinci dəfə
müstəqilliyini əldə etdi. Rusiya
öz tarixi barədə araşdırma aparmalıdır və
yanaşmalarını müəyyən etməlidirlər ki,
ADR-in süqutu işğal faktı idi. İkinci
bir tərəfdən o zaman Azərbaycan Cümhuriyyəti
demokratik respublika kimi fəaliyyət göstərirdi. Rusiya həm də buna görə ADR-in adını
çəkmir.
- ADR 2 il ərzində
Azərbaycan vətəndaşlarına sosial
rifahlarının yüksəldilməsi istiqamətində
hansı töhfələri verdi?
- Bu,
çox yaxşı sualdır. Mən bu
sualınıza araşdırmamın tərkib hissəsi kimi
baxmalıyam. Bu barədə ətraflı
cavabım yoxdur. Lakin onu demək istərdim ki, Azərbaycan
Cümhuriyyəti Azərbaycana və azərbaycanlılara
dövlətçilik verdi. İlk
dəfə Azərbaycan adı ölkə adı kimi ortaya
çıxdı. Digər tərəfdən Azərbaycanda
yaşayan insanlara onların özlərini vətəndaş
kimi hiss etmələri üçün şərait
yaratdı. Başqa sosial təsirlər
haqqında danışarkən isə bu sualı özümə
verib cavablandırmalıyam. Çünki
bu barədə ətraflı araşdırma
aparmamışam.
Azərbaycan
Cümhuriyyəti qadınlara seçki hüququ vermişdi,
bunun hər hansı sosial təsirləri ola
bilərdi. Mən bütün bunları
araşdırmalıyam.
- Müasir Azərbaycan insanının ADR-ə
münasibəti adekvatdırmı?
- Bu
gün Azərbaycan insanının ADR-ə münasibəti
çox yaxşıdır. Mən heç zaman
Azərbaycan vətəndaşlarından ADR haqqında neqativ
bir şey eşitməmişəm. Azərbaycanlılar
ADR-lə fəxr edirlər.
- Azərbaycanın ilk müstəqil
dövlətinin adı bəzən mübahisə doğurur.
Azərbaycan Demokratik Respublikası, yoxsa Azərbaycan Xalq
Cümhuriyyəti?
- “Demokratik respublika” anlayışı ruslardan
götürülmədir. Demokratik respublika xalq
cümhuriyyəti ilə eyni məna kəsb edən
anlayışdır. Demokratik respublika
anlayışı respublikanın bütün xalqa məxsus
olmasını göstərir. Aristokratiyaya,
hansısa dar çevrəyə yox, məhz bütün xalqa
məxsus olduğunu göstərir. Bu da
istər cümhuriyyətlə eyni mənanı verir. Demokrat sözünün özü qeyri-aristokrat,
aristokrat olmayan mənasını verir.
- Bayaq Türkiyədən
danışdınız. Türkiyə
həqiqətənmi Azərbaycan Cümhuriyyətinin
süqutunu istəmirdi?
-Osmanlı
imperiyasının Azərbaycana münasibəti həmişə
yaxşı olub. Xüsusən də, mən
bunu Ənvər paşanın timsalında göstərməliyəm.
Ənvər paşa həmişə Azərbaycanın
müstəqil dövlət olması uğrunda
çalışırdı. O, istəyirdi ki, Azərbaycan
heç bir dövlətə ilhaq olunmasın, müstəqil
olsun. Mən deyərdim ki, Osmanlı Azərbaycanı
Rusiya ilə özü arasında bufer zona kimi görmək
istəyirdi. Lakin Mustafa Kamalın idarəçiliyi
ilə belə bir qərar qəbul olundu ki, Azərbaycanı
öz iradəsinə buraxsınlar. Düzdür,
ona qədər Azərbaycana yardımlar edilmişdi. Biz bunu Naxçıvanın timsalında
görürük. Naxçıvan
Türkiyənin sayəsində qorunub
saxlanılmışdı. Amma Türkiyə
o zaman məsələləri prioritetləşdirərkən
öz maraqlarını önə çəkdi. Onların öz daxilində də problemlər var
idi. Onlar bu problemləri həll etməyə
başladılar və Azərbaycanı öz taleyinə
buraxdılar.
- ADR zamanında İrəvan Ermənistana
verildi. Bu, hələ də müzakirə
mövzusudur. Sizin mövqeyiniz nədir, bu strateji
gediş idi, yoxsa səhv?
- Ermənistan
dövləti elan olunarkən İrəvan Azərbaycan
Cümhuriyyəti tərəfindən Ermənistana verildi. Mən İrəvanın Ermənistana verilməsini
çox insani addım kimi qiymətləndirərdim. Çünki Azərbaycan Cümhuriyyətinin rəhbərləri
ermənilərə çox böyük güzəşt
olaraq bu addımı atdılar.
Əslində onlar Ermənistanın bir dövlət kimi
yaranmasına köməklik göstərdilər. Bu da hər
zaman insani davranış və güzəştə getmək
nümunəsi kimi təqdim olunmalıdır. Biz o zamanların sənədlərinə baxarkən
görürük ki, Ənvər paşa torpaqların Ermənistana
verilməsinin əleyhinə olub. O, məktublarının
birində qeyd edir ki, Ermənistanın müstəqil dövlət
yaratması üçün onlara torpaqların verilməsi
çox böyük səhvdir.
“Çünki ingilislər
Ermənistanı bizə, Anadoluya qarşı istifadə edə
bilərlər. Ermənilərin Anadoluya ərazi
iddiaları bizim başımıza bəla aça bilər.
Ona görə də torpaqların Ermənistana
verilməsi çox böyük səhvdir” deyirdi.
Amma Azərbaycan
Cümhuriyyəti bu qərarı verdi. İrəvanın Ermənistana verilməsi qərarı
bütü dünyada işıqlandırılmalıdır.
Ermənilərin də diqqətinə
çatdırılmalıdır ki, Azərbaycan hər zaman
ermənilərə güzəştə gedib. Və ermənilər də bunları yadlarında saxlamalıdırlar.
Aqşin KƏRİMOV
Türküstan.-
2018.- 28 may-4 iyun.- S.9.