Elm və təhsil fədaisi Teymur Bünyadov – 90

 

Bu il Teymur Bünyadovun 90 illik yubileyidir

 

    Dünyada elə şəxsiyyətlər var ki, onlar ömürlərini millətin yolunda şam kimi əridir, hələ sağ ikən əbədilik qazanır. Tarixdə belə şəxsiyyətlər hələ sağlıqlarında ikən özlərinə abidə ucalda bilirlər. Qədim və şərəfli tarixi olan Azərbaycan xalqının bütün əsrlərdə fəxr ediləsi, ləyaqətli və qeyrətli oğulları olmuşdur. Tariximiz, mədəniyyətimiz, elmimiz, mənəviyyatımız, dilimiz, bu oğulların səyi, zəhməti, cəsarəti, sayəsində daim şöhrətlənmiş, sayılıb-seçilmişdir. Belə qeyrətli və əvəzsiz azərbaycanlı müdriklərdən biri də həmişə qürur duyduğumuz, iftixarımız, xalqımızın görkəmli oğlu akademik Teymur Bünyadovdur.  Akademik Teymur Bünyadovun ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə nəzər saldıqda bu böyük insanla fəxr etməmək mümkün deyil. Nəcib, xeyirxah, elmli və işıqlı insanların həyatı çətin və əziyyətli olsa da, bu həyat yolu qürur və iftixarla dolu olur. Həyatın mənasını yaşanan illərin sayında deyil, onun necə yaşanmasındadır. Gözəl, mənalı olduğu qədər dolu-dolu yaradıcılıq uğurları ilə zəngin həyat sürən görkəmli akademik Teymur Bünyadovun bu il 90 yaşı tamam olur.

     1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olan Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafına sanballı töhfələr vermiş AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, böyük alim və ictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadov  orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş,  tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. T.Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2008-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

      1955-ci ilin may ayında T.Bünyadov Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır.

T.Bünyadov 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

       Akademik Teymur Bünyadov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Olduqca ədalətli insandır, onda müdriklik, yüksək ziyalılıq keyfiyyəti vardır. Teymur Bünyadov Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan nurlu şəxsiyyətlərimizdəndir.

      “Alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür”. Hər dəfə həzrəti Peyğəmbərimizin (s.) bu təsirli kəlamı yadıma düşəndə qeyri-ixtiyari olaraq şəxsiyyətinə və elminə böyük ehtiram bəslədiyimiz çox hörmətli akademik Teymur Bünyadovun o nurlu çöhrəsi gözlərimiz önünə gəlməyə bilməz. Bəli, Teymur müəllim, sözün həqiqi mənasında, ömrünü bütünlüklə elmə, yaradıcılığa həsr etmiş fədakar alimdir. Onun həyat və yaradıçılığı olduqca maraqlı və çoxşaxəlidir. Əsərləri isə öyrədicidir. Məhsuldar əməyin bəhrəsi olan “Azərbaycan etnoqrafiyası” III cildli kitabı də bu kitablardarındandır. “Azərbaycan etnoqrafiyası” nın birinci cildində “Azərbaycanın təbii coğrafi şəraiti, çoxəsirlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında rolu, həmçinin   xalqımızın qədim məşğuliyyət sahəsindən olan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inişaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən dulusçuluq, daşişləmə, ağacişləmə, misgərlik, dadbağlıq, xalçaçılıq və s. geniş tədqiq olunmuşdur. 

     Tarixçi-etnoqraf alim, akademik Teymur Bünyadovun “… Qız var oğuldan qeyrətli” kitabı tarixi öyrənənlər üçün bir töhfədir. Alimin digər sanballı kitablarında olduğu kimi bu kitabında da tarixi dövrləri, tarixi şəxsiyyətləri əks etdirən maraqlı və yeni faktlarla zəngin məlumatlar var. Hər bir oxucu buradan özünə lazım olan məlumatları Hər bir azərbaycanlı oxucu buradan özünə lazım olan məlumatları əldə edə bilər. Tarixdə özünə qəhrəmanlıq səhifəsi yazmış Azərbaycan qadınlarının əksi bu kitabda təcəssüm edilmişdir.  Teymur Bünyadovun kincə “qadınlıq ilahi qüvvə, ulu varlıq, alilik, adilik, yaradan, yaşadan, qoruyan varlıqdır”. Qadın eyni zamanda “bəşərə zinnət, insanlığa şöhrətdir, ucalıq, ülvilik timsalıdır. Gözlərə işıq, qəlblərə yaraşıqdır”. Bu ideya baxımından çıxış edən akademik Azərbaycan tarixində özünə əbədi şöhrət məbədi ucalmış tarixi şəxsiyyətlər-qadınlar haqqında yığcam, ancaq kifayət qədər məlumatlı bir əsər kimi yaratmışdır. Onu istərsə yaşlı nəsil, istərsə də gənc nəsil, məktəblilər heç bir çətinlik çəkmədən bir nəfəsə oxuyub yaddaşlarına həkk edəcəkdir. Çünki əsər çətin ibarələrdən, qaranlıq mətləblərdən uzaq, anlaşıqlı bir dildə yazılıb. Lap Teymur müəllimə xas olan bayatı dilində, xalq dilində…

    İnsan ruhunun müqəddəs yazısı olan kitab bir nəslin o biri nəslə mənəvi vəsiyyətidir. Bu kitabın qəhrəmanları müxtəlif həyat yollarına malik olsalar da onları bir amal, bir məqsəd birləşdirir. Doğma Azərbaycanımıza layiq bir ölad olmaq xalqımızın əsrlərdən bəri qoruyub saxladığı milli-mənəvi dəyərlərinə sadiq olmaq. İnanırıq ki, əsl vətəndaşlıq mövqeyi ilə seçilən, yaşayan və xalqına ləyaqətlə xidmət göstərən ziyalı şəxsiyyətlərin həyatından bəhs edən, gələcək nəsillərə mənəvi yadigar olan bu kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır. Geniş oxucu kütləsinin faydalanacağı bu kitab hər bir oxucunun rəğbətini qazanacaq.

      Gəlin, bu gün Azərbaycan etnoqrafiyasını sırf görkəmli şəxsiyyət, dahi insan Teymur Bünyadov qəlbi ilə sevək və bu gün akademikin gözüylə bir daha, bir daha məftun olaq. Axı varlığının ilk günündən təbiət insanın evi, yaşamaq üçün qida mənbəyi olmuşdur. İllər keçdikcə, insanlar təbiətin isti, soyuğunu dərk etdikləri kimi, onun flora və faunasından istifadənin səmərəli yollarını da müəyyən etmiş, özlərinə lazım olan nemətləri qorumuş nəsildən-nəslə ötürmüşlər. Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm də bütövlükdə yer planetinin sakinidir. Amma adi insanların çoxu ölkə və planet miqyasında deyil, öz şəxsi həyatı, ailəsi, işlədiyi müəssisə miqyasında düşünür və fəaliyyət göstərir. Elm adamını isə nəinki təkcə özü, ölkəsi ya da planet, bütövlükdə kainat və onun bütün onun problemləri-hamısı maraqlandırır.

      Yer zünə milyardla insan gəlib-gedib və dünyanın bu insan karvanı yenə öz gedişindədir. Hərəyə bir ömür bəxş edilib. Uzun, qısa və s. fərq həmin ömrü necə yaşamaqdadır. Ömür var ki, günü əsrə bərabər. Belə ömür cild-cild kitaba sığmaz. Mənalı ömür sürən insanlardan biri də elmimizin elimizin ağsaqqalı Teymur Bünyadov. O özünün dəst-xətti, yaradıcılıq üslubu, elmi istiqaməti, şəxsi mövqeyi, nüfuzu ilə seçilən alimdir. O, bütöv bir şəxsiyyətdir. Onun cildlərə sığmayan ömür kitabının hər səhifəsi ləyaqətlə, şərəflə yazılıb.  ….Akademikin istedadı kimi maraqları da çoxcəhətlidir. Tale Teymur Bünyadova gəncliyində acılar yaşatmışdır. Yeniyetmə yaşındaykən anası dünyasını dəyişmiş, bir il sonra atası Əmiraslan Bünyadov 1937-ci ilin qara repressiya küləyinin qurbanı olmuşdur. Həyatın yollarına tək-tənha düşən Teymur Bünyadovun yeniyetməlik və erkən gənclik illəri, ta orta məktəbi qızıl medalla bitirənə qədər inadkar bir yaşam mücadiləsində keçmişdir. “Göz yaşları” avtobioqrafik romanından oxuduğumuz kimi, doğmalarını itirməsi, məşəqqətlər, müharibənin özü ilə gətirdiyi məhrumiyyətlər onu sındıra bilməyib. Bu ağır mücadilə, xarakterindəki inadkarlıq, aydın məqsədyönlülük, əksinə, onun iradəsini daha da mətinləşdirmiş, ömür yolunda addımlarını daha inamla atmışdır.

    Əlbəttə, dünya yaxşılardan xali deyil. Həyatda qarşısına çıxan işıqlı insanların orbitində uğurlu bir elm yolu tutmuşdur. Bu insanları, onların dəyərli məsləhətlərini Teymur müəllim kitablarında ehtiramla yad edir. Teymur Bünyadov 1955-2012-ci illərdə yazdığı mindən çox monoqrafiya, kitab, elmi-publisistik məqalə ilə milli etnoqrafiya elmində özünəməxsus elmi dəsti-xətt formalaşdırmışdır. Yorulmaz tədqiqatçı, xeyirxah insan, yenilikçi alim, respublika pedoqoji içtimaiyyəti arasında dərin hörmət qazanmış, mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etməklə kifayətlənməmiş, gərgin əməyi və elmi fəaliyyəti ilə pedaqogika elminin inkişafına yeni töhfələr vermişdir. Öz həyat kredosunu insanlara yaxşılıq etməkdə görən akademik Teymur Bünyadov şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək Azərbaycan təhsilinin inkişafını ləyaqətlə yüksəklərdə qaldırmaq istiqamətində səmərəli fəaliyyətini davam etdirir.

      Yazdığı əsərləri, həyata keçirdiyi ideyaları, həyatı boyunca dözdüyü əzab-əziyyətləri sayəsində halal şan-şöhrət qazanmış müqəddəs Azərbaycanımızın şərəfini uca zirvələrə qaldırmış nadir şəxsiyyətlərlə xalqımız həmişə fəxr edir. Tarix dəfələrlə təsdiqləyib ki, qüdrətini ana vətəndən və doğma xalqdan alan dəyərli şəxsiyyətlər ulu torpaq, qədim millət qarşısında göstərdikləri misilsiz xidmətlərə görə bir nəslin deyil, özündən sonra bir-birini əvəz edən bütün nəsillərin həmişəyaşar örnəyinə çevrilir, bütövlükdə bəşəriyyətin inkişafı və cəmiyyətin tərəqqisi naminə çalışan saysız-hesabsız zəkaları nurlandırır. Yaşadığı zamanın fövqündə dayanmağı, tapdanmamış, yeni iz açmağı, yaddaşlara həmişəlik yazılan təzə-tər söz deməyi uca Tanrı hər kəsin qismətinə yazmır. Yalnız ürəyi od-alovlu, təfəkkürü açıq-aydın, məntiqi iti və möhkəm olan seçilmiş adamlar, istedadlı şəxslər, nadir insanlar müdriklik və aqillik zirvəsinə yüksələ bilir, həm özlərini, həm də mənsub olduqları xalqı şərəfləndirməyi və şöhrətləndirməyi bacarırlar. Gözəl bir deyimimizdə olduğu kimi: “Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar axtarın ki, mütailəsi filosoflarla söhbətə dəysin”. Ömrünü, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsinə həsr edən görkəmli akademik Teymur Bünyadovun kitabları məhz belə kitablardandır.

       Teymur Bünyadovun yarım əsrdən çox elmi yaradıcılığını təhlil etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun əsasının qoyulduğunu aydın şəkildə görürsən. Onun hər bir əsəri, monoqrafiyası, kitabı, çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə araşdırılmalıdır. Çünki, onun əsərlərində Azərbaycanın qədim tarixi, arxeologiyası, etnoqrafiyası, eləcə də Teymur Bünyadovun özünün görə-görə, gələ-gələ yazdıqları əksini tapır. Bir əsərin üzərində xüsusi olaraq, dayanmaq istəyirik. XX əsrin ortalarında, Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası inkar ediləndə Teymur Bünyadov 1955-ci ildə “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tarix elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1957-ci ildə onun “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” monoqrafiyasının rus dilində çap olunması Azərbaycan elmində inqilabi bir addım idi, bu kitab keçmiş SSRİ-nin elm həyatında ciddi müzakirələrə səbəb olmuşdu. Keçmiş SSRİ-də azərbaycanlıların “köçəri” olduğu haqqında “elmi ideyalar” ın meydan suladığı bir dövrdə Teymur Bünyadovun bütün əks iddiaları darmadağın edərək, o dövrdə yenilik sayılan iddia ilə çıxış etmiş, Azərbaycan tarixinin qədim plastını tədqiq edərək, Qafqazın əkinçiliyin vətənlərindən biri olduğunu sübuta yetirmişdir. Əsərdə əkinçiliyin tunc dövrünün aparıcı təsərrüfat sahəsi olduğu sübuta yetirilir, eyni zamanda, maldarlıq təsərrüfatının əhalinin həyatında mühüm rolu araşdırılır. Teymur müəllimin 1960-cı ildə nəşr edilən “Azərbaycan arxeologiyası oçerkləri” bu gün də müxtəlif elm sahəsi mütəxəssislərinin, o cümlədən arxeoloqların stolüstü kitabıdır. Teymur müəllimin 1964-cü ildə çap olunan “Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair”, 1969-cu ildə işıq üzü görən “Azərbaycanda maldarlığın inkişaf tarixindən” monoqrafiyaları Azərbaycan etnoqrafiya elminin möhtəşəm özülləri sayılır. Bu əsərlər keçmiş SSRİ zamanında böyük əks-səda doğurmuş, Teymur Bünyadovun gəldiyi nəticələr o dövrdə çap olunmuş, etnoqrafiyaya dair ümumittifaq səviyyəli dərsliklərdə də əksini tapmışdır. Müxtəlif millətlərdən olan böyük bir etnoqraf nəsli Teymur Bünyadovun tədqiqatlarını, gəldiyi nəticələri öyrənmişdir. Həmin nəticələrdə isə Azərbaycan xalqının qədim və yüksək mədəniyyəti, inkişaf yolu əksini tapır.

      Ömrünü elmi fəaliyyətə həsr etmiş T.Ə.Bünyadov bədii yaradıcılıqla da məşğul olmuş, onlarla hekayəsini oxuculara təqdim etmişdir. Onun bədii yaradıcılıq fəaliyyətində 1991-ci ildə çap edilmiş “Göz yaşları” romanı ayrıca qeyd edilməlidir. Romanda sovet hakimiyyətinin ilk illərində, eləcə də repressiya illərində, müharibə və ondan sonrakı illərdə bir nəslin üzləşdiyi faciələr xalqımızın iztirabları bir böyük ailənin timsalında realistcəsinə təsvir olunmuşdur.

     Akademik Teymur Bünyadov çox böyük və bir o qədər də yaradıcı həyat yolu keçmişdir. Teymur Bünyadov Azərbaycandan kənarda, o cümlədən Qafqazda, Şərq ölkələrində, xüsusən də əski Sovetlər Birliyinin ayrı-ayrı bölgələrində, dünyanın məşhur elm və təhsil mərkəzlərində görkəmli tarixçi alim kimi çox yaxşı tanıyırlar və həmkarları arasında onun həqiqətən böyük nüfuzu var. Teymur müəllim olduqca sadə, səmimi, mehriban, istiqanlı bir insandır. Özündən yaş, vəzifə, elmi dərəcə və təcrübə baxımdan aşağı olan insanlara qarşı xüsusilə həssas və qayğıkeş olması ilə fərqlənir. Onun xasiyyəti də, dili də, qələmi və yazıları da olduqca şirindir. O, bütüntitulları ilə yanaşı, bəlkə də onların hamısından daha öncə ömrünün müdrik çağlarını yaşamaqda olan görkəmli xalqşunas alimdir. Onun öz tədqiqatlarında, yaxud da rəhbərliyi ilə aparılan tədqiqatlarda Azərbaycan ailəsinin ənənələri, mənəvi-psixoloji və mədəni-məşiət problemləri elmi-nəzəri cəhətdən araşdırılaraq, öyrənilərək geniş ictimaiyyətə təqdim olunub. Teymur müəllimi həmkarlarından fərqləndirən başlıca xüsusiyyətlərdən biri odur ki, onun elmi-əməli fəaliyyəti akademiya divarları arasında məhdudlaşıb qalmır. O, vaxtaşarı mətbuatda, radio və televiziyada çıxışlar edir, rayon və şəhərlərə gedərək ictimaiyyətlə bilavasitə təmasda olur. Məhz bu səbəbdən onun özü də, imzası da geniş ictimaiyyətə çox yaxşı tanışdır.

       Deyirlər ki, insanlara sağlığında qiymət verin. Biz bu kəlamı eşitdikdən sonra daim ətrafmızdakılara, xüsusi ilə respublikamızda ziyalı şəxsiyyətlərə xüsusi diqqət yetiririk. Bilindiyi kimi el gözü tərəzidir. Deməli, hər hansı bir şəxs yaşadığı mühitdə onu tanıyanlar arasında öz layiqli qiymətini alır. Alimin elmi yaradıcılığına, vətənpərvərliyinə, xalqa göstərdiyi qayğıya, öz insanı keyfiyyətləriini yüksəkdə saxlamaqla, böyüklə böyük, kiçiklə kiçik olmasına, beləliklə, hamının qəlbinə yol tapmasına ətrafdakılar çox böyük həssaslıqla qiymət verirlər.  Alimin xalqa ünsiyyətinin ən ali göstəricisi, xalq arasında deyildiyi kimi, alçaqkönüllülükdür. Öz şəxsiyyətini layiq olduğu zirvədən endirən sadə insan milləti tərəfindən sevilir. El məhəbbəti insan ömünü xeyli uzadır, yaşamını asanlaşdırır və onu mümkün olacaq bir  çox xəta-bəladan uzaqlaşdırır. Ömrünün bütün mərhələlərində öz  şəxsiyyətini qoruyub saxlaya bilən, mərdliyə, obyektliyə, qayğıkeşliyə  yaxın olan insan şəxsiyyətini ucalıqdan enməyə qoymur.

     Ömrünün bu müdrik çağında bir gənclik şövqü ilə zəhmətdən yorulmayan, elmi və bədii yaradıcılıq işlərini davam etdirən, şəxsiyyətinə dərin hörmət bəslədiyimiz səmimi insan, görkəmli alim Teymur Bünyadovun gördüyü bu işlər bizim gözümüzdə ən müqəddəs işdir. Mənəvi mədəniyyətin aşınmağa meyilləndiyi, maddi mədəniyyətin sürətlə dəyişdiyi dünyada Teymur Bünyadov özünün geniş spektrli yaradıcılığı ilə milli ruhumuzun istinadgahını yaratmış, bizi qürurlandırmışdır. Bu istinadgah Azərbaycan xalqını özünə tanıdır, millətimizdə keçmişə hörmət, rəğbət və gələcəyə inam hissi oyadır. Qarşıdan gələn 90 illik yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu ürəkdən təbrik edirik, ona uzun ömür, can sağlığı arzulayırıq.

 

Aynurə Əliyeva

 

F.Köçərli adına Respublika

Uşaq Kitabxanasının metodisti

 

Türküstan.- 2018.- 20-29 yanvar.- S.14-15.