Məzarlıqda bitən yovşan

Çox qəribədi... Gördüyüm bütün kəndməzarlıqlarında yovşan bitir.Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər ayrılıq əlamətidir.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

Əlim qoynumda gəlmişəm,

Əfv et, hönkürüb ağlasam;

Öz qəbrim üstə qoyacam,

Sənnən bir dəstə bağlasam,

Məzarlıqda bitən yovşan.

 

Sən arxasız, mən kimsəsiz,

Sənnən axır göz yaşlarım;

Burda daşlar daş deyil ki,

Bacılarım, qardaşlarım,

Məzarlıqda bitən yovşan.

 

Bu son bahar da ölmədim,

Ölmədim, yaz, yaz günaha.

Mən öz tabutundan tutub,

Dönən bir ölüyəm daha

Məzarlıqda bitən yovşan.

 

Məni dərd deyil, adamlar,

Adamlar öldürdü; sən, sən...

Baş daşıma qoyulacaq

Çiçəklərdən gözəlsən,

Məzarlıqda bitən yovşan.

 

Vədə tamamdı, dönəcəm,

Gəlim qarışım tüstünə.

Gələcəm dua oxuyaq,

Ölən bir şairin üstünə,

Məzarlıqda bitən yovşan.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

Bu qapı

 

Tanrım, bu payız gecəsi,

Küləklər oyur qapımı.

Gözlədiyim adam deyil,

Ölümdü döyür qapımı.

 

Bu payız sözdən də yuxa

Dözməz ki, dönər çarmıxa.

Kimdi, gözüm baxa-baxa

Ağac tək soyur qapımı.

 

Sizi də döyən tapılar,

Qapımdan özgə qapılar.

Toz basmış bir pəncərə var,

Səhərdən döyür qapımı.

 

Bayırdan səs gəlir, aç, aç,

Adama oxşayan ağac.

Açacam, olan, olacaq,

Basdı ot-çayır qapımı.

 

Tanrım, dışarı, içəri,

Açılan, dönən, köçəri.

Dəstəyi məndən içəri

Qapıdan ayır qapımı.

 

Yazıq mənim tək bir devə,

Öldürdülər sevə-sevə.

Kimdi, günahkar bir evə

Çıxarıb qoyur qapımı.

 

Bitməz bu düzən, bu yapı,

Bitməz, bəs Tanrım yapır?

Min ildi acdı bu qapı,

, Tanrım doyur qapımı.

 

Rüstəm Behrudi

 

Türküstan.- 2019.- 3-9 dekabr.- S.23.